Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəqliyyat nazirinin və qohumunun Göyçayda özbaşınalıq faktları - Video


Göyçaylı sahibkar Ziya Məmmədovun qohumu olan icra başçısına, bələdiyyə sədrinə və digər qurumlara ödədiyi xəracın məbləğini açıqladı


Göyçayda sahibkarlara qan uddurulması ilə bağlı yeni faktlar üzə çıxıb. Bu özbaşınalıqlarda isə yenə də rayona kuratorluq edən nəqliyyat naziri Ziya Məmmədov, onun yaxın qohumu olan icra başçısı Mənsur Məmmədov və nazirin adamlarının adı hallanır. 

Belə ki, nəqliyyat şefinə yaxın şəxslərlə əlaqəsi olan “Modern-Servis” və “Ruslan-Montaj-Demontaj” adlı firmaların rəhbəri Çingiz Səlimov Göyçayda tikdirdiyi, milyonlarla dəyəri olan istirahət mərkəzinə görə dövlət orqanlarına külli miqdarda rüşvət ödəyib. 

Rayonun Potu-Hüngütlü bələdiyyəsi ərazisində köhnə restoranı alaraq özəlləşdirən Ç.Səlimov nazirə yaxın adamlara “hörmət” etməklə “Göygöl”  istirahət mərkəzi salıb. Ç.Səlimov layihəni həyata keçirmək üçün Göyçay Rayon İcra Hakimiyyətinə, Potu-Hüngütlü bələdiyyəsinə, Dövlət Reyestr Xidmətinin regional şöbəsinə, Göyçay İşıq İdarəsinə, ekologiya idarəsinə, vergilər idarəsinə böyük məbləğdə xərac verib.  

“Ziya Məmmədov prezidentimizdir”

Hətta Potu bələdiyyəsinə verilən “haqq”dan icra başçısına çatmadığı üçün istirahət mərkəzinin inşası bir müddət dayandırılıb. Sonra icra başçısı “haqqı”nı alıb və tikintiyə icazə verilib. Sahibkar Göyçay Vergilər İdarəsinə də rüşvət ödəyib. İdarənin rəisi Polad müəllim nazirin qardaşının qudasıdır. “Göygöl” restoranının tikintisini həyata keçirən, bu işlərə öz hesabından vəsait ayıran Ç.Səlimovun keçmiş şəriki, yaxın qohumu Ağalar Səlimovun sözlərinə görə, obyektin tikintisi üçün aidiyyəti qurumlara pulu o özü verib. 

Onun sözlərinə görə, Ç.Səlimovun göstərişi ilə dövlət orqanlarına tələb olunan “hesab”ı çatdırıb, yalnız bundan sonra tikintiyə sərəncam verilib.  

A.Səlimov “Yeni Müsavat”a bildirdi ki, “Göygöl”ü  Ç.Səlimova təhvil verənə qədər o, əraziyə gəlməyib: “Çingiz mənə zəng edib tapşırıqlar verirdi və iş gedirdi. Göyçayın Potu - Hüngütlü bələdiyyə ərazisində köhnə restoran var idi. Mən həmin yerin sahibi olan Teyyub adlı şəxsə 65 min dollar ödəyib, yeri özəlləşdirmişəm. Tikinti düz yolun kənarında aparılıb. Buna bütün orqanlar göz yumdu. Halbuki onlar həmin yoldan gündə azı bir dəfə keçirlər. Sonra bu ərazini Çingiz Səlimovun adına rəsmiləşdirmişəm. Bu gün də bütün sənədlər onun adınadır, amma mənim imzamla rəsmiləşdirilib. Mən tikinti aparmaq üçün 10 min manat Hüngütlü bələdiyyəsinə vermişəm. Ondan sonra 20 min manat Göyçay Rayon İcra Hakimiyyətinə vermişəm. 

Əvvəlcə, rayonun baş arxitektoru İntiqam Süleymanov 50 min manat istəyirdi. Onun dəfələrlə qəbulunda olmuşdum. Ancaq deyirdi ki, bu işin xərci 50 min manatdır. Mən də ona söylədim ki, prezidentə müraciət edəcəm. İntiqam Süleymanov mənə dedi ki, bir halda, bu iş pulsuz həll oluna bilər; gərək nazir Ziya Məmmədov tapşırsın. Deyirdi ki, buranın sahibi, “bizim prezidentimiz” Ziya Məmmədovdur, ondan başqa kim nə tapşırıq versə, bizi maraqlandırmır. Bildirirdi ki, biz ancaq ona tabeyik, hara yazsan xeyri yoxdur. Ancaq bir gün icra hakimiyyətindən hüquq şöbəsinin müdiri Ruslan Əlizadə mənə zəng etdi ki, gətir pulu ver, bu işə mən baxıram, həll edəcəm. Biz görüşüb danışdıq, 50 min yox, 20 min manata razılaşdıq. Ruslana bu pulun 10 min manatını restoranın həyətində verdim. Sonra daha 5 min manatını yenə restoranın həyətində ödədim, 5 min da başqa vaxt rayonda verdim. Ruslan Əlizadə də deyirdi ki, bizim rəhbərimiz Ziya Məmmədovdur. Bu pulu verəndən sonra bizə işləməyə imkan verdilər. Mən deyilən məbləği ödəyəndə bilməmişəm ki, bu, rəsmi ya qeyri-rəsmi ödənişdir. Mənə Çingiz Səlimov tapşırırdı ki, pulu bu yerə çatdır, vəssalam". 
 
A.Səlimovun sözlərinə görə, dövlət qurumlarına “haqq” çatandan sonra ərazidə min kvadratlıq şadlıq evinin bünövrəsi qoyulub, 250 kvadratlıq banket zalı tikilib, istirahət mərkəzi və göl yaradılıb: “Gölün ərazisinin sənədini həll etmək üçün də ayrıca Potu bələdiyyəsinin üzvü Nizami Vəliyevlə 1500 manata danışdıq. İşin yekununda dedi ki, bu işi təzə tarixə yaza bilməyəcəm. Mənə 1500 manatı qaytarıb, sonra 3 min istədilər. Mən də deyilən pulu verdim, gölün sənədini köhnə tarixə yazdılar, yəni 2007-ci ilin sənədini verdilər”. 

Müsahibimiz bu məqamda onu da qeyd edir ki, ərazidə içməli su arxı da var. Bu arxdan Göyçayın 7 kəndi içməli və suvarma suyu kimi istifadə edir: “Bu dəqiqə restoranın həyətindəki arx rayonun Mallı-Şıxlı, Xəlitli, Yeni Arx, Müsgürlü, Qəbələ-Müsgürlü kəndlərinin suvarma və içməli su mənbəyidir. Həmin arxda qaz, ördək saxlanır, restoranın kanalizasiyası arxa axıdılır, kənd sakinlərinin də bütün bunlardan xəbəri yoxdur”...

A.Səlimov bildirir ki, restoran bir il fəaliyyət göstərdikdən sonra onu aldadıblar. Ç.Səlimov ona qarşı dələduzluq edərək 50 min manatını mənimsəyib. Obyekt sahibinin şəriki qeyd edir ki, restoranın tikilməsi üçün öz cibindən 50 min manat xərc çəkib: “Mən hələ cibimdən xərclədiyim pulu deyirəm. Bizim aramızda centlmen sazişi olmuşdu, şifahi şəkildə razılaşmışdıq. Çünki yaxın qohum idi, yaxşı tanıyırdım, ona inanırdım. Dedi ki, gəl işləyək, bir yerdə iş quraq. Çingiz Səlimov özü Bakıda olurdu, firmalarının işi ilə məşğul olurdu. Ona görə də Göyçayda bu restoranın həm sənəd işlərinin həllini, həm tikintisini mənə tapşırmışdı. Mən də ona inanırdım, bu gün də sənədlər onun adınadı, imza isə mənimdir. Və bu işlərə görə 50 min manat xərcim çıxıb. Mənə tikinti materiallarının pulunu göndərirdi. Ancaq elə olurdu, tapşırırdı ki, burdan özüm pul verim, sonra göndərəcək. Məsələn, 25 min manat lazımdır, 15 min manat göndərirdi, qalan 10 min özüm düzəldirdim, deyirdi ki, sonra həll edərik. Bax, belə-belə Çingizin mənə 50 min manat borcu yaranıb”. 

“50 min manatlıq dələduzluq edilib”

A.Səlimov bildirir ki, ona olan borc qaytarılmayıb: “Restoranın tikintisi 2010-cu ildə başlanıb. 2012-ci ildə restoranın bir hissəsini açmışıq, gölü hazırlamışıq. Tikinti işlərinə restoranın gəlirindən pul da qoyulub. 2013-cü ilin sentyabrında isə Çingizlə yollarımız ayrıldı. Mənə deyirdi ki, obyektə bax, nəzarət elə, pulunu verəcəm, 50 min manatını da ödəyəcəm. Bizim ayrılmağımıza səbəb bu oldu ki,  işlərimizdə mənə pay çatmadı. Ona görə Çingizə dedim ki, 4 il işləmişəm, restoran hazırdır, halal xoşun olsun, amma tikintiyə qoyduğum pulu geri qaytar. Lakin 50 min manatı qaytarmaq bir ay uzandı, 2013-cü il dekabrın 20-nə kimi məsələ çəkdi və axırda dedi ki, borcunu verməyəcəm. 

Konkret belə dedi ki, pulu qaytarmıram, hara istəyirsən şikayət elə. Amma mən bu günə kimi yaxın adam olduğu üçün nə məhkəməyə, nə polisə müraciət etmişəm. Sənədlər hamısı bu gün də məndədir. Çünki bütün sənədlərin həllində özüm iştirak etmişəm. Çingiz Səlimov 50 min manatımı mənimsəyib və mənə qarşı dələduzluq edib". 

Şikayətçi korrupsiya faktları ilə bağlı prezidentə, milli təhlükəsizlik nazirinə, daxili işlər nazirinə, baş prokurora müraciət edəcəyini deyir. Bütün bu qanunsuzluqlarla bağlı A.Səlimov hüquq müdafiəçisi Vidadi İsgəndərliyə müraciət edib. Hüquq müdafiəçisi məsələ ilə bağlı qəzetimizə geniş məlumat verəcəyini açıqladı. 

Göyçay Rayon İcra Hakimiyyətindən isə ittihamları cavablandırmaq istəmədilər. 

Qeyd: Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar