Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nemət Pənahlı: 25 il öncə və bu gün


Taleyin oyununa baxın, Nemət Pənahlı 25 il öncəki 5 dekabrda da həbsdəydi, bu gün də həbsdədir.

25 il öncə, 1988-ci ilin soyuq dekabr gecəsində Nemət Pənahlını rus-sovet qoşunlarının Bakıdakı kontingenti və rus-sovet milisi həbs etmişdi.

Üç ildir ki, N.Pənahlını müstəqilliyi, azadlığı uğrunda ölüm təhlükəsi yaşamaqdan çəkinmədiyi, arzu və xəyallarının dövləti olan müstəqil Azərbaycanın hüquq-mühafizə orqanları həbs edib.

25 il öncə bu gün N.Pənahlının liderlik etdiyi Meydan hərəkatının sonuncu günü oldu və bir qrup yaxın tərəfdarı ilə onu həbs etdilər.

Bu gün Nemətin yanında, ən azı məhbəsdə heç bir tərəfdarı yoxdur. O, tək-tənha bir dustaqdır.

25 il öncə Nemət Pənahlı mərkəzi hakimiyyətin ünvanına ən kəskin sözlər dediyi, sovet rejimini damğaladığı, Kremlə müqavimət göstərdiyi üçün məhbəsə atılmışdı.

Bu gün Nemət Pənahlı guya ki, bir nəfərlə mübahisə edib dalaşdığı üçün cəzalandırılıb, ancaq hamı bilir ki, onun həbsinin əsl səbəbi yenə dilini dinc qoymaması, indiki hakimiyyətin qarasına danışmasıdır.

25 il öncə Nemət Pənahlının həbsindən sonra onun taleyi ilə bağlı müxtəlif şayiələr yayılır, bədbin proqnozlar verilirdi.

Deyirdilər: “İndi içəridə onu rezin kisəyə salıb döyürlər”;

İddia edirdilər: “Yüz faiz ona ağır işgəncələr verilir”;

Əminliklə bildirirdilər: “İynə vuracaqlar, çıxandan sonra ağlını itirəcək”;

Şübhələnirdilər: “Orqanlarla əməkdaşlığa cəlb edəcəklər, bütün dostlarını satacaq”;

Yekun rəy beləydi: “O, türmədən sağ çıxmayacaq, meyidi çıxacaq”.
Bunların heç biri olmadı. Nemət Pənahlı qısa müddətdən sonra məhbəsdən çıxdı.

Hamının cəllad kimi təsəvvür etdiyi sovet rejimi, ətçəkən maşın hesab edilən DTK “Azadlıq aşiqi”ni məngənədən salamat buraxdı.

Azadlığa çıxandan sonra məlum oldu ki, onu rezin kisəyə salıb döyməyiblər, işgəncə verməyiblər, iynə vurmayıblar, orqanlarla əməkdaşlığa cəlb edə bilməyiblər.

Ancaq DTK, hər halda, N.Pənahlını dörd divar arasından elə belə də buraxmamışdı, onun bədənini yox, reputasiyasını zədələmişdilər.
Dekabrın 5-də həbs edilən Nemət Pənahlı ilə həbsdən buraxılan Nemət Pənahlının ictimai nüfuzu arasında fərq böyük idi. Bir vaxtlar onun başına and içənlər indi onun bir sıra hərəkətlərində, çıxışlarında çoxlu səhvlər tapırdılar.

Üstəlik, o, məhbəsdən iddialı çıxmışdı, özünü hələ də xalq hərəkatının lideri sayırdı. Hərçənd təşəbbüs və liderlik artıq başqalarının əlinə keçmişdi.
Ölkədə Xalq Cəbhəsi kimi mütəşəkkil bir müxalif təşkilat yaranmışdı və N.Pənahlı onun liderlərinin sırasına yalnız Meydan qəhrəmanı olduğu üçün düşə bilirdi.

Bu gün həmin şəxs yenidən həbsdədir.

İndi onun taleyi yenə sual altındadır. Tez-tez məhbəsdən Nemət Pənahlının barəsində bəd soraqlar gəlir: “Nemət Pənahlının həyatına təhlükə var”; “Nemət Pənahlını təkadamlıq kameraya salıblar”; “Nemət Pənahlını zəhərləmək cəhdi olub”; “Dustaq yoldaşının əlini ilə Nemət Pənahlını öldürmək istəyirlər”; “Nemət Pənahlını təxribata çəkirlər” və s.

Bütün bu iddialar onu göstərir ki, Meydan qəhrəmanının türmə həyatı o qədər də sakit və rəvan keçmir, onun həyatı üçün gerçəkdən də təhlükə var.
Bu gün o möhtəşəm günlərdən 25 il keçir. Azadlıq meydanı ondan sonra da qələbəlik, qan-qada gördü, amma 17 noyabr-5 dekabr arasında olan coşqunu heç vaxt görmədi.

Ukrayna xalqının bu gün göstərdiyi dilbirliyi, həmrəyliyi hələ 25 il öncə göstərən xalqımız bu gün başına nə gəlirsə, susur. Xalqın başının üstünü alan heç bir təhlükə onu tərpətmir, heç kim özünü 25 il öncəki kimi xalq yolunda fəda etmək istəmir.

Bəlkə də ona görə ki, bu xalqın fədakar oğullarının taleyi bəd gəldi, heç biri yarımadı: 25 il öncə meydanı dolduran minlərlə cəfakeş oğul şəhid, qazi oldu, yüzlərlə hərəkatçı ölkədən didərgin düşdü, bir o qədəri həbslərdən keçdi. Qalanların da hərəsi bir tərəfdə, bir cinahdadır.
25 il öncə bu gün Nemət Pənahlı “onsuz da qırmızı imperiya çökəcək” deyir, ölkəsinə azadlıq tələb edirdi. Bu gün o, əfv olunacağını gözləyir, özünə azadlıq umur.

25 il öncə hamı deyirdi ki, Nemət Pənahlı siyasi məhbusdur. Bu gün bu adi faktı çoxları demir.

Amma Nemət Pənahlı siyasi məhbusdur.

Xalid KAZIMLI


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar