Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəlbəki sunamisi


Bizim ölkədə köhnə tikililərə münasibətdə qəribə bir həssasiyyət var


Əslində dünyanın çox yerində, xüsusilə Avropa ölkələrində də belədir, amma onların qədim tikililəri ilə bizimkilər arasında ciddi fərq var.

Avropa ölkələrində əsrlərlə yaşı olan məbədləri, qədim tikililəri göz bəbəyi kimi qoruyub saxlayırlar. Elə olmasaydı, bu gün nə Kolizey qalardı, nə Notrdam kilsəsi, nə Piza qülləsi, nə də Romadaki, Milandakı, Vyanadakı, Parisdəki başqa möhtəşəm tikililər.

İstənilən Avropa ölkəsində yaşı 500-ü, 1000-i aşan nəhəng tikililər, arxitektura abidələri var. Bu günün prizmasından baxanda insan heyrətlənir ki, 500-700 il əvvəl, inşaat texnikasının ən primitiv dövründə bu qədər əzəmətli binaları necə tikib başa gətiriblər.

Bizdə o qədər möhtəşəm tikililər olmasa da, əlimizdə olanların çoxunu qoruyub saxlamışıq və yəqin ki, bu sona qədər davam edəcək. Təbii ki, uçulub-dağılanlar da olub və bəzi tikililəri qoruyub-saxlamaq mümkün olmayacaq.

Bununla belə, ölkəmizdə heç bir tarixi əhəmiyyəti olmayan, memarlıq abidəsi sayılmayan, artıq öz ömrünü başa vurmuş, restavrasiyası belə mümkünsüz görünən tikililər də var ki, onların sökülməsinə də həssas münasibət var.

Məsələn, bir neçə il öncə “Sovetski”də başlayan söküntü işlərinə həddən ziyadə sərt münasibət vardı. Bir çoxları bu məhəllənin tarixi əhəmiyyətindən danışırdılar.

Söz yox, hansısa bir yaşayış məntəqəsində doğulub-böyümüş, oralarda yaşayıb qocalmış adamlar üçün öz doğma məhəlləsinin hər evi, hər tini, hər döngəsi xatirələrlə doludur və bu, onun üçün əvəzi olmayacaq qədər dəyərlidir. Ancaq sökülən məhəllələrdə tarixi-memarlıq əhəmiyyəti olan qədim binalar yox idi, əksəriyyəti köhnə-köşkül, müasir dövrün tikililəri ilə müqayisədə yastı-yapalaq adlandırıla biləcək evlər idi.

O cür köhnə evlərdən ibarət məhəllələr şəhərin bir çox yerlərində var və onları qoruyub saxlamaqla nə bir turisti maraqlandırmaq, təəccübləndirmək olar, nə də o tikililər “qədimi bina” adlandırılacağı dövrə qədər yaşaya bilər. Artıq hər baxımdan köhnəlmiş evlərin divarları uçulub tökülməyə məhkumdur.

Ötə yandan, şəhərin yeniləşməsi, abadlaşması, gözəlləşməsi zəruridir, zamanın tələbidir. 80-100 ilin dar-düdük küçələri genişlənməlidir, kanalizasiya, kommunikasiya xətləri yenilənməlidir, yoxsa şəhər böyük kəndə oxşayar, yaşanmaz hala gələr.

Ona görə də bu tikinti-söküntü məsələlərinə bir qədər soyuqqanlı yanaşmaq, emosional ovqata qapılmamaq, olayı nostaljiyə daşımamaq, hər tikinti-söküntüyə siyasi rəng verməmək lazımdır.

Bu baxımdan paytaxtda sökülməsi nəzərdə tutulan məscidin ətrafında yaranan ajiotajın yeri yox idi və bunu dövlətin dinə basqısı kimi yozmaq düzgün deyil.

Son illərdə paytaxtda və əyalətlərdə yüzlərlə məscid tikilib və ya bərpa olunub. Hətta onların içində bütün Qafqazda ən böyük ibadət evi sayılan tikililər də var.

Bunu görməzliyə vuraraq, ömrünü başa çatdırmaqda olan bir tikilinin müdafiəsinə qalxmaq ölkədə ictimai-siyasi gərginlik yaratmağa xidmət edir.

Zatən, ortalıq qarışıqdır. Ölkəmizi məzhəb savaşına çəkməyə, Yaxın Şərq bataqlığına sürükləməyə çalışan qüvvələr var. Belə dönəmlərdə qızışdırıcı mövqe tutaraq “din əldən gedir”, “dinə basqı var” ritorikası ilə ortalığı qarışdırmaq, nəlbəkidə sunami yaratmaq istəyənlər mütləq tapılır.

Bu məscid zamanında gözəl tikinti nümunəsi olub, uzun illər insanlara xidmət edib, amma köhnəlib, onun yerində daha əzəmətlisini tikmək, yaxud onu kardinal şəkildə restavrasiya etmək daha faydalı olar.

Avropa və Amerikada ibadət evlərini müşahidə etmiş dostlar danışır ki, onlar zahiri əzəməti ilə seçilən, əsrlərin sınağından çıxmış müvafiq tikililərin fasadını dəyməsələr də, interyerinə müasir dizayn verməyi üstün tuturlar. Hətta elə kilsələr var ki, içərisində tennis kortu, basketbol meydançası, 250-300 nəfərlik banket salonu (həm nikah, həm də vida mərasimləri üçün), ayrıca brifinq zalı və xor kapellası üçün zallar olur.

Köhnəliyə qapanıb qalmaq olmaz, hər zaman yenilənmək, lazımdır, bir də dəyərləri qoruyub saxlamaq.

 Xalid KAZIMLI(musavat/com)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar