Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotacirlərin qənimi olan qəhrəman köpəklər... - Kinoloji Mərkəzdən Fotolar


Çamadanı yerə qoyub, qapağını açır: Seçin!


Əyilib çamadanın içindəkilərə baxıram. Hər növ narkotik var: heroin, tiryək, marixuana və s. O birilərin adları yadımda qalmadı.

Qərarsız olduğumu görüb deyir:

- İyləyin. İyinə görə seçə bilərsiniz.

- Ən güclüsü hansıdır?

- Onun üçün fərqi yoxdur. Siz hansını istəyirsiniz, seçin.

Yuxarıda sadaladığım narkotiklər haqda çox eşitsəm də, üzünü ilk dəfə görürdüm. Hansını seçəcəyimlə bağlı qərar verməyə çətinlik çəkirəm.

Düzü, hərəsini bir dəfə iyləmək ağlabatan da gəlmir. Ya qoxusu təsir edərsə? Çünki çamadandan qapağı açılar-açılmaz ətrafa kəskin qoxu yayıldı. Bir-ikisini iylədikdən sonra qətiyyətlə imtina edirəm:

- Yox, özünüz seçin! Mənim üçün fərqi yoxdur.

- Onda heroin olsun.

- Olsun!

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin təlim meydançasındayıq. Divarda üstü rəqəmli müxtəlif oyuqlar var. Heroini bunlardan birinə yerləşdirməliyəm. 35 saylı qutunu seçir və maqqaşla sellofana bükülmüş heroini ora qoyuram.

1-2 dəqiqə sonra Arçi (it) içəri girir və kinoloqunun başla əmri ilə oyuqları bir-bir iyləyir. Gah əyilir, gah hoppanır. Və nəhayət, 35 saylı oyuğun qapısını cırmaqlayır. Bu yolla sahibinə narkotik maddənin orada olduğunu xəbər verir. Axtarış itlər üçün oyundur. İt axtardığı predmetin anlamını bilmir. Prosesi oyun olaraq görür. Predmeti tapır və sonda topla mükafatlandırılır.

 

*****

DGK-nin Kinoloji Mərkəzi 2003-cü ildə istismara verilib. 2015-ci ildə Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında imzalanmış memoranduma əsasən Regional Kinoloji Təlim Mərkəzi statusu alıb.

Mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim keçmək mümkündür. Mərkəzdə həmçinin, cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması həyata keçirilir.

Mərkəzin bazasında təcrübəli kinoloqlar tərəfindən narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların - döyüş sursatının axtarışı, bütün növ obyektlərin mühafizəsi və s. istiqamətlər üzrə axtarış itləri yetişdirilir.

Maştağa-Zabrat şosesində yerləşən Kinoloji Mərkəzlə bizi DGK Kinoloji Mərkəzinin rəisi, Gömrük Xidməti polkovnik-leytenanti İlkin Osmanov tanış edir.

O, deyir ki, xidməti itlərin əldə olunması üçün 2009-cu ildən damazlıq və dölçülük işi təşkil olunub: “Xidmətə yararlı itlərdən bala alınır və bu balalar 7-8 ayına qədər bəslənilir, ondan sonra təlimə yönəldilir. İtlərin xidmət dövrü ortalama 8-9 ildir. Təliminə başlanılan it narkotik axtarışı üzrə 3-4 ay, silah-sursat, partlayıcı maddələrin axtarışı üzrə 5 ay, pul əskinasları və tütün məhsulları axtarışı üzrə 2.5-3 ay təlim keçir. Bir itə 5-6 iy öyrədilir. Narkotik vasitələrdən çətənə, həşiş, həşiş-qətranı, heroin və marixuanaya əlavə olaraq, eyni itə tütün məhsullarının iyi də öyrədilə bilər. Elə it var, ona sadəcə tütün və pul əskinaslarının iyi öyrədilir. Bütün itlər xidmətə yaralı olmur. Doğulan hər 100 itdən 12-15-i xidmətə yararlı olsa, böyük nəticədir. Xidmətə ancaq 99 faiz yaralı olacaq itlər seçilir.

Əsasən xidmətdə alman çoban itləri, golden retriver, ispaniel, labrador, malinoa - Belçika çoban itlərindən istifadə olunur. Bu cins itlər həm itaət etmədə, həm axtarışda, həm iybilmədə, həm də insanlarla ünsiyyətdə özlərini daha güvənli göstərirlər. Tarixən ən güvənli itlər alman çoban itləri olub. Professional olaraq onlar xidmətə daha çox yarayırlar. Ancaq son 5 ildə Belçika çoban itlərinə üstünlük verilir. Onlar Avropanın özündə də daha hərəkətli, daha yaxşı axtarış edən və daha ünsiyyətcil hesab edilirlər.

Xidmətin balansında 69-dan çox it var. Onların 30 faizi Belçika çoban itləri, 40 faizi alman çoban itləri, geri qalanları isə müxtəlif cins itlərdir. 50-yə yaxın it sərhəd-keçid məntəqəsində xidmətdədir. Mərkəzin ən məşhur iti Reksdir. Alman çoban itidir. Hazırda Astara Gömrük məntəqəsində xidmət göstərir. Bu ilin ilk 6 ayı ərzində gömrük sərhəd-keçid nəzarət məntəqələrində 8 narkotik faktı üzrə 525 qram tiryək, 568.290 qram heroin, 9 həb buprenorfin, 4 həb tramadol və s. narkotik vasitələr aşkar edilib. Nəticələrin 70 faizi Reksə aiddir”.

İ.Osmanov 2009-cu ildən başlayaraq hər il beynəlxalq və daxili yarışlarda iştirak etdiklərini də qeyd edir: “Əsasən sərhəd-keçid məntəqələrində narkotik vasitələrin aşkar olunmasında bilavasitə rolumuz var. 14-dən çox dövlətin Gömrük Orqanlarının Kinoloji Xidmətləri bizdə təlim kursu keçib. Bu dövlətlərin hər birinə axtarış üzrə təlim keçmiş itlər təhvil vermişik. Makedoniyaya verdiyimiz itlərin biri 2012-ci ildə 20 kiloqrama yaxın heroin aşkarlayıb”.

Növbəti nümayiş avtomobilə yerləşdirilmiş narkotik vasitənin tapılması olur. Bu dəfəki qəhrəmanımız Ançar adlı itdir. Ançarın işini çətinləşdirmək üçün heroini arxa oturacağın söykənəcəyinə yerləşdiririk. Lakin heç iki dəqiqə çəkmir ki, Ançar heroini tapır. Təlimçisi deyir ki, itlərdə iybilmə insanlarda olduğundan dəfələrlə çoxdur.

İylər haqqında elm var: Odorologiya. Bəşəriyyətdə canlı-cansız hər şeyin öz iyi var. Mərkəzdə onun elmi araşdırmasını aparırlar. İndiyə qədər mətbuata bu haqda məlumat verilməsə də, İlkin Osmanov araşdırmanın bəzi nailiyyətlərini musavat.com-un oxucuları üçün açıqlayır: “İtlərdə iybilmə lampası var. Ona müəyyən inqridiyentlərlə təsir etmək istəyirik ki, daha da aktivləşsin. Dünyada bu işi aparan yoxdur. Fenomen deyilən kimyəvi maddə var. Bu maddə itlərdə iybilmə qabiliyyətini daha da gücləndirir. Sovet dövründə axtarış itlərinə verirdilər. Sonradan itlərdə asılılıq yaratdı deyə istədikləri nəticəni ala bilmədilər. Sovetlər Birliyi dağıldı və proses yarımçıq qaldı. Bizim hazırladığımız dərmanın 90 faizi təbii inqridiyentlərdəndir. Hazırda onun faktiki praktikasını aparırıq. Dərman itin yağ-piy qatlarını əridir, ondan enerji alıb, itin hərəkətinə verir. Bu, birinci etapdır. İkinci və əsas etapın üstündə işləyirik”.

- Bəs, bu dərman itin sağlamlığına mənfi təsir etmir?

- Təcrübəni zəif itlərin üzərində aparırıq. Dərmanın tərkibini tam açıqlamayacağam. Qoz, qaragilə, buğda, maqnezium, fol turşusu, qara zirə, toyuq yumurtası, balıq yağı və buğda... Bunlar 17 inqridiyentdən əsaslarıdır.

Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası da fəaliyyət göstərir ki, burda itlərin müayinə və müalicəsi üçün hər cür imkanlar var. Bundan başqa itlərin mətbəxi, hamamı da var. 6 ay əvvəl isə burada qrumer, loru dildə desək, itlərin bərbəri də açılıb. Gürcüstanda bu sahə üzrə təlim keçmiş Həlimə Məmmədova mərkəzin itlərinin tüklərini darayır, baxımına diqqət yetirir.

Kinoloji Mərkəzin muzeyi də var. Mərkəzin qalib itləri bu muzeyi kuboklarla “bəzəyib”. Hazırda mərkəzin 3 qəhrəman iti - Oskar, Ançar və Ledi sentyabrda Bakıda keçiriləcək MBD Gömrük Orqanlarının çoxnövçülük üzrə 8-ci yarışına hazırlaşırlar. Ölkəmizi təmsil edəcək hər 3 itdən yüksək nəticələr gözləyirik.(musavat.com)

 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar