Çərşənbə axşamı, 19 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

NATO gündəliyində Qarabağ - erməni məkri nəyə hesablanıb?


Həsən Ruhani alyansın sammitindən sonra Paşinyanı İrana dəvət edib - səbəb; politoloq: “Qarabağ məsələsi həllini tapmadan Ermənistan üçün ümidverici heç bir layihə reallaşmayacaq...”


NATO-nun dünən Brüsseldə başlayan iki günlük sammiti Azərbaycan üçün də mühüm önəm daşıyır. Söhbət əlbəttə ki, öncəliklə dünyanın ən böyük hərbi-siyasi alyansının Dağlıq Qarabağ məsələsinə yanaşmasından gedir. Azərbaycan prezidenti İlham Əliyev və işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın da qonaq qismində iştirak edəcəyi bu toplantıda növbəti dəfə yekun bəyannamə qəbul olunacaq və orada postsovet məkanındakı etnik-ərazi konfliktlərinin həlli prinsipləri əksini tapacaq.

“Yeni Müsavat” xatırladır ki, ötənilki Varşava sammitində qəbul olunmuş yekun sənəddə Abxaziya, Cənubi Osetiya, Dnestyranı, Dağlıq Qarabağ və Krım məsələləri ilə bağlı Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edilib. O vaxt hələ baş nazir olmayan deputat N.Paşinyan bu yanaşmaya görə o zamankı prezident Serj Sərkisyanı sərt tənqid eləmişdi.

Şübhə yox ki, bu dəfə özünü “qərbyönlü”, “NATO-yönlü” kimi alyansa sırımağa çalışan Paşinyan əlindən gələni edəcək, dəridən-qabıqdan çıxacaq ki, sözügedən yekun bəyannamədə Qarabağ məsələsinə ermənilərin xeyrinə özəl bur yanaşma əksini tapsın. Bu yanaşmasının qayəsində isə “öz müqəddəratını təyinetmə” hüququnun da yer aldığı məlum 3 prinsip durur. Yəni Azərbaycanın beynəlxalq hüquqla, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi isə təsbit olunmuş ərazi bütövlüyü və sərhəd toxunulmazlığının şübhə altına alınması təhlükəsi.

Buna da şübhə yox ki, həm NATO-nun aparıcı üzvlərindən olan qardaş Türkiyənin prezidenti, həm də Azərbaycan prezidenti erməni tərəfinin bu qəbildən məkrli cəhdləri və gedişlərinin qarşısını qətiyyətlə alacaqlar və yenə də Azərbaycanın maraqlarına cavab verən yekun sənəd qəbul olunacaq.

*****

Siyasi təhlilçilər, son vaxtlar, ümumiyyətlə, Nikol Paşinyanın özünü qərbyönlü kimi göstərməklə güddüyü uzaqgedən hədəflərə diqqət yönəldirlər. Təbii ki, işğalçı ölkə üçün “nəfəslik” rolu oynayan, hazırda ABŞ tərəfindən sürətlə sıxışdırılan və ağır sanksiyalara tuş gəlməkdə olan İranla münasibətlərin perspektivi də maraq doğurur. Bəs ABŞ-a, Avropaya yaxınlaşıb ciddi siyasi, maddi, hətta təhlükəsizlik dəstəyi almağa ümid edən Paşinyan hökuməti İranla ənənəvi tərəfdaşlıq münasibətlərini saxlayacaqmı?

Yeri gəlmişkən, bu arada İran prezidenti Həsən Ruhani erməni baş naziri İrana səfərə dəvət edib. Paşinyan dəvəti qəbul edib gedəcəkmi?

Politoloq Tofiq Abbasovun bu xüsusda maraqlı şərhi var (axar.az). Onun sözlərinə görə, Paşinyanın açıq-aşkar qərbyönlü siyasət yürütməsi İranda da təşviş doğurub və bu siyasəti getdikcə bütün qonşu ölkələr üçün ciddi suallar doğurur: “Paşinyan siyasi konyukturanı elə bir tərzdə dəyişmək istəyir ki, Ermənistan staqnasiyadan (durğunluq - red.) çıxa bilsin. Bu prosesdə Ermənistanın əsas ümidi Qərbədir. Ona görə də Paşinyanın qarşıdakı görüş və məsləhətləşmələri bir çox ölkələr üçün əhəmiyyət kəsb edir”.

Ekspert bu ölkələr sırasında əsasən Rusiya, ələlxüsus da İranın adını çəkir: “Çünki İranla Ermənistanın uzun müddətdir münasibətləri var və onlar problemlərini bir-birlərinə söykənərək həll edir, son zamanlar isə tranzit, mal dövriyyəsi ilə bağlı iqtisadi zəmində dividentlər əldə etməyə çalışırdılar. Ancaq Paşinyanın açıq-aşkar qərbyönümlü siyasət yürütməsi İranda da təşviş doğurub. Onun ”məxməri inqilabı"nın zəfər çalması İranda birmənalı qarşılanmayıb. Paşinyan iki ay ərzində ABŞ-ın İrəvandakı səfiri və Avropa İttifaqının sədri ilə görüşlər keçirib və məsləhətləşmələr aparıb. Ona görə də İran Ermənistanın yeni siyasətini, o cümlədən Tehranla münasibətlərdə hansı prioritetlərə üstünlük verəcəyini Paşinyanın dilindən eşitmək istəyir. Ruhani də Nikolu İrana məhz buna görə dəvət edib".

Lakin politoloq hesab edir ki, Ermənistanın İranla yaxın münasibətlərinə baxmayaraq, Paşinyan əsas sirlərini Ruhani ilə bölüşməyəcək. “Ruhaninin sözügedən dəvəti əslində çox planlı bir şəkildə hazırlanıb. Hazırda İran tərəfindən bütün səylər elə bir xüsusi ardıcıllıqla təmin olunur ki, Paşinyan Brüsseldə NATO nümayəndələri ilə görüşlərindən sonra İranla dialoqda baxışlarını açıq-aydın ifadə etsin. Ancaq təbii ki, Paşinyan İranda həmin görüşlərin mahiyyətini açıq-aşkar bəyan etməyəcək. Ermənistan sözsüz ki, Qərblə yürüdəcəyi siyasətin detallarını heç Rusiya və Gürcüstana da bəlli etməyəcək. Paşinyan Qərbin yetirməsi kimi minimum məlumat verməklə daha çox iş görməyə və ölkəsinin Avropa istiqamətində inteqrasiyasını genişləndirməyə çalışacaq. Ancaq Qarabağ məsələsi həllini tapmadan Ermənistan üçün hər hansı ümidverici layihə və ya plan böyük irəliləyiş vəd etmir. Çünki Ermənistanın zəlil vəziyyətinə düşməsinin səbəbi Qarabağ müharibəsinin sona yetməməsidir. Bu baxımdan Avropa İttifaqı, ABŞ və ya başqa ölkələr İrəvana nə qədər vəd versə də, bu, təcrid vəziyyətində olan bir ölkəni xilas edə bilməz. Ermənistan daxildə də böyük risklərlə qarşı-qarşıyadır. Bu baxımdan İran siyasi elitası da Ermənistanın gələcək gedişləri ilə bağlı çox ehtiyatlı mövqe tutur. Həmçinin Rusiya da bu ruhda hərəkət edir”, - deyə o əlavə edib.

*****

Söz yox ki, NATO zirvəsi və orada N.Paşinyana qarşı sərgilənəcək mövqe, ediləcək jestlər, həmçinin Brüsseldə Avropa Birliyi rəhbərliyi səviyyəsində veriləcək mesaj və bəyanatlar, nəhayət, NATO-nun Yekun Bəyannaməsində əksini tapacaq Qarabağ məsələsi bir çox “i”ləri üzərinə nöqtə qoyacaq. Nikol Paşinanın Qərblə bağlı qurmaq istədiyi planların perspektivinə əhəmiyyətli aydınlıq gətirəcək. Əlbəttə ki, Rusiya amili də burada həlledici rol oynayacaq.

Qısası, ehtimal böyükdür ki, Qərb işğalçı ölkəyə real dəstəyin qarşılığında Paşinyana əməkdaşlığın konkret çərçivəsini göstərəcək. Hansı çərçivə ki, Ermənistanın yeni hakimiyyətini faktiki surətdə kritik Rusiya-Qərb seçimi qarşısında qoya bilər və hansı seçimdən ki, Paşinyan od sudan qorxan kimi çəkinir, qaçır...

pia.az
 
Etiket:
loading...
-->