Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət müharibə başlayarsa, nə edəcəyini açıqladı


“Əgər qaynar faza başlasa, fəaliyyətimizi dondurmağa qədər bütün addımlara hazırıq, təki torpaqlar azad edilsin”


Son günlər Qarabağ cəbhəsindən döyüş xəbərləri gəlməkdədir. 

Ermənistan ordusunun hücumlarına sərt cavablar verilir və düşmən daha çox itkilərə məruz qalır. Ötən həftəsonu Ermənistan üçün “qara təqvim” kimi yadda qalacaq: iki gündə işğalçı 6 hərbçisini itirdi.

Qarabağla bağlı sülh danışıqlarının dalana dirənməsi, cəbhədən gələn xəbərlər, regionda gedən proseslər, Azərbaycan xarici işlər nazirinin son bir həftədə iki dəfə “status-kvo ilə barışmayacağıq, torpaqlarımızı azad edəcəyik” bəyanatı verməsi Qarabağ müharibəsinin yenidən başlanmasının yaxınlaşdırmaqda olduğu mənzərəsini yaratmaqdadır.

Bu arada cəmiyyətin müxtəlif təbəqələri tərəfindən müəyyən təşəbbüslər, təkliflər irəli sürülür. Bir çoxları Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasını, bəziləri bütün ölkə vətəndaşlarının, iqtidarlı-müxalifətli hər kəsin birlik, həmrəylik nümayiş etdirməsini zəruri sayır. Bəs görəsən, müxalifət partiyaları bu barədə nə düşünürlər, hərbi əməliyyatlar başlansa, onların mövqeyi necə olacaq?

KXCP sədri Mirmahmud Mirəlioğlunun cavabı belə oldu: “Mən xarici işlər nazirinin və onun kimi məmurların ”status-kvo ilə barışmayacağıq, torpaqlarımızı azad edəcəyik" tipli bəyanatlarının səmimiliyinə inanmıram. İstər nazirin özü, istər sözçüsü belə bəyanatlar versin, yalan danışırlar, sizi də, bizi də aldadırlar. Adama deyərlər barışmırsansa bəs nəyi gözləyirsən?! Bu cür bəyanatlarla indi də bizə “nömrə” gəlirlər. Bizim bəzi müxalifətdəki dostlarımız deyir ki, xarici siyasət uğurludur. Mən isə deyirəm heç bir uğur yoxdur. Hansı uğurdan danışmaq olar ki, danışıqlar yolu ilə bir millimetr torpağı geri almayıblar. O ki qaldı əgər müharibə başlanarsa müxalifət olaraq bizim davranışımızın necə olacağına, nə vaxt real müharibəyə başladılar ki, biz dəstəkləmədik?!"

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, vətənin müdafiəsi siyasi mövqenin necə olmasından asılı məsələ deyil. Azərbaycan Konstitusiyasında Azərbaycan vətəndaşlarının hüquq və öhdəlikləri müəyyən olunub. Vətəni qorumaq öhdəliklərə daxil olan əsas öhdəliklərdəndir: “Əgər müharibə başlarsa, hər birimiz vətənin müdafiəsinə qalxmalıyıq, siyasi mövqeyi bir kənara qoymalıyıq. Müxalifətin bu məsələdə mövqeyi belədir. İndiki geopolitik vəziyyətdə, Rusiyanın Ermənistana açıq dəstək verdiyi bir vaxtda, dünyanın beynəlxalq hüquqa zidd ədalətsiz bir mövqe tutduğu dövrdə Qarabağ münaqişəsinin hərbi yolla həll variantına getmək elə də asan məsələ deyil. Bu və digər şərtlər dəyişməyincə biz müharibənin başlanmasını düzgün hesab eləmərik. İlk növbədə xalqı həmrəy etmək və xaricdən ciddi dəstək almaq lazımdır, sonra müharibə variantını seçmək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlamasına üzərinə götürdüyü bir sıra beynəlxalq öhdəliklər imkan vermir: “Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə öhdəlik götürüb, Azərbaycan Avropa Birliyi ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq proqramı çərçivəsində üzərinə öhdəlik götürüb, ATƏT-in Minsk Qrupu qarşısında öhdəliklər var. Bu öhdəliklər müharibəyə başlamağın qarşısını alır. Diqqət edirsinizsə, Minsk Qrupu həmsədrlərinin bütün çağırışlarında, o cümlədən dünyada beynəlxalq təşkilatlarla aparılan danışıqlarda birinci çağırış atəşkəsi pozmamaq məsələsi qoyulur. Böyük dövlətlər də, beynəlxalq təşkilatlar da bu məsələdə israrlı mövqe tutur. Hələlik yerli konstitusiyalar beynəlxalq hüquq normalarından üst deyil və Azərbaycanın qoşulduğu konvensiyalar, üzərinə götürdüyü öhdəliklərdə də qeyd olunub ki, ölkə konstitusiyası ilə beynəlxalq hüquq arasında hər hansı anlaşılmazlıq olarsa, beynəlxalq hüquq əsas götürülür. Bu, məsələnin birinci tərəfi. Əgər beynəlxalq konyuktura imkan verərsə, regionda və dünyada baş verən hadisələr imkan verərsə ki, Qarabağ məsələsinin həllini danışıqlar yolu ilə deyil, güc yolu ilə həyata keçirək, o zaman təbii ki, biz torpaqlarımızın azad edilməsi istiqamətində xalq olaraq bütövük, tamıq, burada iqtidar-müxalifət bölgüsü yoxdur. Bunu hər kəs bilməlidir və bilir. Azərbaycanda bundan fərqli mövqe tuta biləcək kimsə də yoxdur”.

Müsavat Partiyası Divanının üzvü Razim Əmiraslanlı bildirdi ki, işğal olunmuş ərazilərimizin azad edilməsi həmişə bir nömrəli məsələ kimi Müsavat Partiyasının gündəliyindədir. Hətta 2000-ci ilin əvvəlində münaqişə ilə bağlı qəbul olunan qərarları var. “Uğur paketi” adlanan bu sənəddə münaqişənin nizamlanmasının bütün mərhələləri əks olunub: “Müsavat Partiyası keçən il aprelin 2-də başlayan hərbi əməliyyatları anlayışla qarşılamış, hərbçilərimizin göstərdikləri şücaət və vətənpərvərlikdən məmnunluq və qürur hissini ifadə etmişdi. Eyni zamanda başqan Arif Hacılı Azərbaycan ordusuna mümkün ola biləcək hər cür dəstəyə hazır olduğumuzu bəyan etmişdi. İstər ön cəbhədə, istər arxa cəbhədə əsgərlərimizə dəstək olacağımızı ifadə etmişdi. Bu gün də düşünürəm ki, ordumuz Qarabağda aktiv hərbi əməliyyatlara başlasa, biz yenə də bu mövqeyimizdə qalacağıq. Ordumuza istənilən dəstəyi verəcəyik”.

AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, Qarabağ məsələsinin dalana dirənəcəyi Minsk Qrupunun həmsədr dövlətlərinin tərkibinə baxanda əvvəldən məlum idi. Belə ki, orada təmsil olunan Rusiya və Fransa bu məsələdə heç zaman obyektiv olmayıblar, əksinə, hər fürsətdə erməni işğalçılarının mövqeyini müdafiə ediblər. Amerikanı isə bu mövzuda Qarabağ münaqişəsinin ədalətli həllindən daha çox regiondakı sabitlik narahat edib. Odur ki, bu danışıqların imitasiya xarakterli olduğu və heç bir nəticə verməyəcəyi hər kəsə bəlli idi. Hərbi yol qaçılmazdır: “Son zamanlar cəbhə bölgəsində vəziyyət gərgindir. Biz AĞ Partiya olaraq Qarabağ məsələsini hər zaman bütün siyasi maraqlarımızın üzərində tutmuşuq və bu belə olaraq da davam edəcək. Hələ keçən il aprel döyüşlərində biz bu məsələdə istisnasız hakimiyyətin və ordumuzun yanında olduğumuzu bildirdik. Bu xətdən irəli gələn bütün öhdəliklərimizi də istər bir siyasətçi, istərsə də bir vətəndaş kimi tam yerinə yetirdik. Bu mövqeyimiz istər siyasi bəyanlarımızda, istərsə də sosial şəbəkələr və informasiya siyasətimizdə davam etdirildi. Bizim üçün hər şeydən öncə vətəndir, istər siyasət, istər şəxsi maraqlar olsun”.

VİP sədri Əli Əliyev dedi ki, Qarabağ məsələsi ətrafında proseslərin gərgin olduğu bir faktdır. Mövcud status-kvo Azərbaycan milli maraqları və xalqından savayı hamını qane edir: “Biz dəfələrlə bildirmişik ki, Qarabağın işğalı, düşmənə münasibət məsələsində müxalifliyimiz yoxdur. Bizim üçün düşməni kimin əzəcəyinin heç bir təfavütü yoxdur. Bu yolda istənilən addımı atmağa hazırıq. Əgər qaynar faza başlasa, fəaliyyətimizi dondurmağa qədər bütün addımlara hazırıq, təki torpaqlar azad edilsin”.

AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu da dedi ki, Qarabağ məsələsində iqtidar-müxalifət anlayışı ola bilməz: “Əgər müharibə başlayarsa, qısa müddətdə ordumuzun düşməni yuvasına qovacağına qətiyyən şübhəm yoxdur. Son günlər cəbhə xəttində atəşkəsin mütəmadi pozulması və düşmən tərəfin təxribatçı hərəkətləri müharibə anonslarını verir. Bu, həm də pərdəarxasında böyük güclərin region uğrunda apardıqları mübarizənin gərgin həddə çatmasının göstəricisidir. Cəbhə xəttində yaşananlar, sadəcə, görə bildiklərimizdir. Bunun daha dərin siyasi səbəbləri var. Təbii ki, siyasi gücü artırmağın ilk şərti ordunun döyüş gücü və hərbi qüdrətlə bilavasitə bağlıdır. Hesab edirəm ki, Azərbaycan ordusu regionda ən peşəkar, ən güclü ordudur. Belə bir ordunun qarşısında isə düşmənlərin duruş gətirə biləcəyi inandırıcı deyil. Azərbaycan istəsə, qısamüddətli geniş hərbi əməliyyatlar nəticəsində beynəlxalq güclərin də münaqişəyə münasibətini kökündən dəyişə bilər. AMİP həmişə milli və dövlət maraqlarını hər şeydən üstün tutub. Mən deyərdim ki, yeganə müxalifət partiyasıdır ki, döyüş təcrübəsi və ərazi bütövlüyümüz uğrunda savaşan qazilərimiz burada daha çox təmsil olunurlar. Dəfələrlə bəyan etmişik ki, Ali Baş Komandan müharibə əmri versə, AMİP-çilər öndə olacaqlar. Bu məsələdə müxalif mövqe yoxdur”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar