Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət 2018 seçkilərinə hazırlaşırmı?


Siyasi liderlərdən önəmli açıqlamalar


İqbal Ağazadə: “Seçkiləri boykot etmək barədə düşünmürük”.

Tural Abbaslı: “Bu seçkilər növbəti illərdə Azərbaycan siyasi səhnəsinin iştirakçılarının vitrinini müəyyən edəcək hadisə olacaq”

Əli Əliyev: “Mövcud reallıq müxalifətin birləşməsini tələb edir”

Gələn il ölkəmizdə keçiriləcək prezident seçkilərinə 14 ay qalır. Zaman yaxınlaşdıqca seçki prosesindən dolayı siyasi çevrələrdə canlanma müşahidə olunur. Doğrudur, ötən il Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən sonra seçkilərin vaxtından gec keçirilə biləcəyi barədə fikirlər az deyil.

Amma əksər fikirlər seçkilərin vaxtında baş tutacağı ilə bağlıdır. Ölkə müxalifətinin hələ ki, seçkilərə ciddi hazırlığının şahidi olmasaq da, müxalif camiə daxilindən bu istiqamətdə səslənən fikirlərə rast gəlirik. Artıq bəzi siyasi qurumların rəhbərlərinin iddiaçı olacaqları məlum olmağa başlayıb. Yeni Azərbaycan Partiyasının namizədi artıq məlumdur. Hakim partiya seçkilərə hazırkı prezident İlham Əliyevlə gedəcək. MSDM rəhbəri İsa Qəmbər Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayının qərarı ilə qurumun namizədi elan olunub. Vətəndaş və İnkişaf Partiyası ötən ayın əvvəllərində ölkə rəhbərliyinə partiyanın sədri Əli Əliyevin namizədliyini irəli sürüb. Yeni AXCP də gələn ilki seçkilərə sədr Razi Nurullayevlə qatılacaq. Digər siyasi partiyalar da var ki, seçkilərə qatılacaqları gözlənilir.

Картинки по запросу İqbal Ağazadə

Ümid Partiyasının sədri İqbal Ağazadə gələn aydan başlayaraq, rayon konfranslarını davam etdirəcəklərini söylədi: “Yay mövsümi ilə əlaqədar konfransları dayandırmışdıq. Gələn aydan davam edəcəyik. Konfranslarda biz artıq rəyi biləcəyik. Biz yerli təşkilatların, üzvlərimizin rəyini nəzərə almadan mövqe ifadə etmirik. Hər bir partiya zaman-zaman sadəcə seçkilərdə iştirak edir, biz də bu fürsətdən yararlanırıq. Yenə də yararlanmağa çalışacağıq. Amma rayon təşkilatlarının mövqeyi bizim üçün olduqca önəmlidir. Heç bir halda seçkiləri boykot etmək barədə düşünmürük”.


AĞ Partiya başqanı Tural Abbaslı partiyanın idarə heyətinin seçkilərdə iştirakla bağlı qərarının olduğunu qeyd etdi: “AĞ Partiya olaraq bizim idarə heyətinin əgər prezident seçkiləri nəzərdə tutulduğu kimi 2018-ci ildə keçirilərsə, öz namizədi ilə qatılmaq barədə qərarı var. Bu barədə partiya daxilində heç bir fikir ayrılığı yoxdur. Yəni biz düşünürük ki, hər bir seçki siyasi partiyalar üçün yeni siyasi imkanlar yaradır və partiyaların da işi bu imkanlardan istifadə edib, xalqın qarşısına çıxmaq, öz siyasi xəttini, ideologiyasını, baxışlarını onlara çatdırmaq və dövlət idarəçiliyində rol almaqdır. Ən azından bu yolla mövcud hakimiyyətlərə təzyiq edərək, onları bu və ya digər yöndə müxtəlif islahatlar keçirməyə məcbur etmək olur. Bizim üçün seçkilərə qatılmamaq və ya boykot etmək kimi variantlar mövcud deyil. Əminəm ki, biz planladığımız şəkildə bu seçkilərdə iştirak etsək, AĞ Partiya bu prosesdən kifayət qədər siyasi dividentlərlə çıxacaq və bu sonrakı mərhələlər üçün bizə platforma rolu oynayacaq.

Bu yöndə hazırlıqlara biz artıq 2 aya yaxın müddətdir ki, start vermişik. Artıq seçkinin müxtəlif mərhələlərində iştirak edəcəkləri siyahıları, seçkinin ilk mərhələsindən başlayaraq son mərhələsinə qədər olan hissələrdə iş bölgüsü, seçki qanunvericiliyində nəzərdə tutulmuş hüquqi və texniki nüanslarla bağlı hərəkətlər planı və s. üzrə işlərimizi davam etdiririk. Təbii ki, Azərbaycandakı mövcud siyasi, iqtisadi durumu nəzərə alsaq bu işlərin yeni yaranmış və müxalif mövqedə olan bir siyasi partiya üçün nə qədər ağır olduğunu təsəvvür etmək çətin olmaz. Ancaq biz hazırkı şəraiti nəzərə alaraq mövcud imkanlarla maksimum nəticə əldə etməyə çalışırıq. Hazırlıqlar çərçivəsində təbii ki, digər müttəfiq siyasi təşkilatlarla da əməkdaşlıq edir və məsləhətləşmələr aparırıq. Biz AĞ partiya olaraq, müxalifət partiyalarının əməkdaşlığının və səmimi münasibətlərinin tərəfdarıyıq. Amma biz qəti olaraq bu və ya digər mövzularda əməkdaşlıq və birlikdən yayınaraq, ancaq öz korporativ maraqlarını güdən təşkilatlarla əməkdaşlığın tərəfdarı deyilik. Hər şey qarşılıqlı və səmimi şəkildə olmalıdır. İnanıram ki, Allahın izni ilə bu işin öhdəsindən gələcəyik. Partiyamızın yeni olması, üzvlərimizin böyük əksəriyyətinin gənc, enerjili və ambisiyalı olması və ən əsası AĞ Partiya olaraq sahib olduğumuz ideoloji xəttimiz bizi digər siyasi partiyalar önündə güclü edən əsas amillərdir. Hələ ki, partiyada öz namizədindən başqa hansısa namizədin dəstəklənməsi məsələsi müzakirə olunmayıb və yaxın müddətdə də belə bir planımız yoxdur. Yuxarıda da qeyd etdiyim kimi, biz hər seçkini siyasi imkan kimi dəyərləndiririk. Odur ki, seçkilərdə müstəqil şəkildə öz namizədimizlə çıxış etməkdə daha maraqlıyıq. Partiya olaraq bizim üçün xalqın, dövlətin maraqları hər şeydən yüksəkdə dayanır. Yəni əgər biz görsək ki, xalqın və dövlətin maraqlarına görə hansısa namizədə güzəştə getmək lazımdır, o zaman bu müzakirə olunacaq və lazımı qərarlar veriləcək. Amma hələlik belə bir məsələ müzakirə olunmur. Düşünürəm ki, bu seçkilər növbəti illərdə Azərbaycan siyasi səhnəsinin iştirakçılarının vitrinini müəyyən edəcək hadisə olacaq”.


VİP sədri Əli Əliyev seçki hazırlıqlarından danışdı: “Namizədliyim barədə qərar partiyanın qurultay və məclis toplantısında qəbul edilib. Yəni qətidir. Bu səbəbdən bütün işlər seçkiyə indeksləşib. 2013-cü il təcrübəsi əsas götürülür. İndidən imzatoplama kampaniyasına cəlb ediləcək kontingent müəyyən edilir. Seçki kampaniyasının digər işləri görülür, o cümlədən şüar, təbliğat və təşviqat atributlarının hazırlığına başlanılıb. Bir sözlə, imkanımız daxilində çalışırıq. Bu bizim A variantımızdır. Fikrimizcə, fors-major baş verməsə, şərtlər xeyrimizə deyil. Bugünkü dəngə qorunsa, kampaniya tanıtımdan başqa mahiyyət daşımayacaq. Mövcud reallıq müxalifətin birləşməsini tələb edir. Biz məclis iclasında müzakirə zamanı qərarlaşmışıq ki, əgər qarşıdakı dövrdə daha rasional birlik və uğur formulu yaranarsa, o zaman mövqeyimizə yenidən baxa bilərik. Başqa namizədi deyil, platforma və ideyanı dəstəkləyə bilərik. Namizədin o halda personası rəmzi xarakter daşıya bilər”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar