Yaradıcı yenilikləri ilə öz tamaşaçılarını sevindirən Azərbaycan Dövlət Musiqili Teatrında oktyabr ayının 25-də əsl bayram yaşanacaq
Belə ki, teatrın kollektivi tamaşaçılarına eyni gündə iki yeni tamaşa təqdim edəcək. Günorta saat 12:00-da balaca tamaşaçılarını “Düyməcik” tamaşası ilə sevindirən yaradıcı heyət axsam saat 19:00-da dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını yeni quruluşda təqdim edəcək.
Hazırda teatrda paralel şəkildə hər iki tamaşanın son məşqləri aparılır. Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, məşhur Danimarka yazıçısı Qans Xristian Andersonun “Düyməcik” nağıl-tamaşasının rejissoru əməkdar artist Boris Qrafkindir. Tamaşada rəqslərə Zakir Ağayev və Yelena Ağayeva quruluş verib. Qeyd edək ki, tamaşada teatrın sevilən aktyorları Yuliya Heydərova, Svetlana Bulax, Nadejda Povelisina, Emil Heydərov, Gülnarə Əzizova, Firuz Məmmədov və başqaları iştirak edir.
Dahi Ü.Hacıbəylinin “O olmasın, bu olsun” operettasının quruluşçu rejissoru isə Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli Cənnət xanım Səlimova, drijoru Fəxrəddin Atayev, konsertmeystri Zülfiyyə xanım Sadıxovadır.
Bu dəfə Məşədinin üç namizədi var: əməkdar artistlər Çingiz Əhmədov, Ələkbər Əliyev və Şövqü Hüseynov! Bundan başqa, operettanın daha bir əsas qəhrəmanını Gülnazı iki xanım ifaçı, əməkdar artist Səidə Şərifəliyeva və Gültac Əlili təqdim edecəklər. Xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Naidə Orucova və gənc aktrisa Gülnarə Abdullayeva Sənəm obrazını, əməkdar artist Əkbər Əlizadə və Elxan İsmayılov İntelligent Həsəni, əməkdar artist Novruz Əliyev və Ziyadxan Cəbrayılov Məşədi Qəzənfəri, Möylə Mirzəliyev Rüstəmi, Elvin Əliyev və Amil Məmmədov Sərvəri, Əzizağa Əzizov Qoçu Əsgəri, Nadir Xasiyev, Səmədzadə Xasiyev Həsənqulu bəyi, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov Qəzetçi Rzanı, Hüseyn Əlili və Ağaxan Şərifov isə Hambalı oynayacaqlar.
Bəli, bir gündə iki premyera. Gəlin, görün, gülün!