Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman olmağın çətinliyi


Yaxın günlərin söhbətidir. İnternetdə özüm üçün “eşələnirdim” - bəli, artıq bu sözə də alışmaq lazımdır, baxmayaraq ki, indiyədək “Kitabların içində eşələnirdim” demək dəbdə idi...


Qərəz, gözüm bir yəhudi şairinin şeirinə sataşdı. Bir misrası məni çox tutdu. Məğzi də bu idi ki, yalnız Göylə Yer arasında qalan quşlar bir vətəndə yaşayıb digərinin həsrətini çəkməyin nə demək olduğunu başa düşər...

Əksər azərbaycanlılar kimi mən də son 20-25 ilə qədər düşünürdüm ki, iki vətənim var - biri Quzey, digərisə Güney adlanır...

Amma bir də ayılıb gördüm ki, iki dönüb üç olub - bu cərgəyə Türkiyə də daxil olub. Elə bir az əvvəldəki misra da məni daha çox elə buna görə tutdu.

Bəli, indi cəmi azərbaycanlılar kimi mənim də qulaqlarım üç tərəfdən gələn səsləri tutmaqdadır - hər gün öz Azərbaycanımızdan, daha sonra İrandan (təbii, Güney Azərbaycan görə...), bir də ki, Türkiyədən xəbərləri izləyirəm...

Bədbəxtlikdən hər üç tərəfdən gələn xəbərlər dərddir, ağırıdır. Hərəsi də bir səbəbdən... Quzey Azərbaycanın siyasi eybəcərlikləri məni üzür, əldən salır - gündə bəlkə min kərə ölüb-dirilirəm... Cənubi Azərbaycan da məlum məsələdir - heç əsarətdən də böyük dərd olarmı? Etiraf edirəm ki, son vaxtlara qədər Türkiyə tamam başqa məsələ idi - güvənc və qürur yerimiz idi...

Amma son illərdə bu ölkə ətrafında və içində elə müdhiş hadisələr baş verir ki, adam tamamilə üzülür, bilmir ki, nə etsin, kimləri qınasın, kimi lənətləsin, kimdən imdad diləsin?..
Təbii ki, bütün bunları deyəndə ilk növbədə Türkiyədəki terrorları nəzərdə tuturam... Başınızı çox ağrıtmayacam... Bütün bu proseslərin təfərrüatlarını bəlkə də məndən də yaxşı bilirsiniz...

Üstəlik, baxıb görürsən ki, proseslər hətta bir millətin, bir etnosun sərhədləri ilə məhdudlaşmır. Bilirsiniz, burada nə deyəcəm? Deyəcəm ki, qardaşlar, bu dünyada müsəlman olmaq getdikcə çətinləşir...

Mən hələ də özümün bu qənaətimlə barışmaq istəmirəm, daim ona əks arqumentlər axtarıram. Di gəl, özüm də görürəm ki, bizim bütün dırnaqarası “günahlar”ımızın sırasında bir “günah”ımız da var -  bu, da müsəlman olmaq “günahı”dır...

Bəli, Türkiyə cəmi müsəlman ölkələrinin hamısından fərqlidi, Qərbə və demokratik dəyərlərə daha açıq idi. Amma bu, azacıq da olsa, anlaşıqla qarşılandımı?..

Bir daha deyirəm ki, dünyanı qara rəngdə görmək istəmirəm. Amma bir az əvvəldəki sualıma “hə” cavabını da verə bilmirəm...

Demirəm biz müsəlmanlar hamılıqla mələyik... Yox, bütün ümmətlər, cəmiyyətlər kimi hər cürümüz vardır - pisimiz də, yaxşımız da, hətta çox pisimiz də... Hətta elələrimiz var ki, onlar haqda özümüz də “Filankəs kəndə-kəsəyə qoyulası deyil!” - deyirik... Amma belələri harada yoxdur və yaxud da harada olmayıb?.. Hamılıqla yaxşı olan, mələk cəmiyyətlər və ya ümmətlər olmur...

Di gəl, bəzi əcnəbilər haqqımızda elə danışırlar ki, sanki heç islah olunmaq şansımız da yoxdur... Nə edək? Belə münasibətə nə cavab verək? Bəlkə müsəlmanlığımızdan əl çəkək? Bəlkə onlar bizdən elə bunu istəyirlər?..

Bilmirəm və heç bilmək də istəmirəm - bildiyim odur ki, mənə bir müsəlman olaraq yaşamaq daha xoşdur... Bəli, çətindir. Bir az əvvəldə ərz etdim ki, bütün bu mürəkkəb dünya proseslərinin içində bir din amili  də var. Amma nə etmək olar?..

Burada bir filmdən detal düşür yadıma... Bir yəhudi digərinə deyir ki, heç olmasa, bir-iki saatlığa özünü yəhudi kimi apar və yəhudi olmağın nə demək olduğunu anla...
Bizim də başqa yolumuz yox... Düzdür, valideynləri kimi insanlar əksər hallarda dinlərini də seçmir - biz də müsəlman kimi dünyaya gəlmişik...

Amma yaşa dolduqca bütün hallarda insanlar dinə, xüsusən də öz dinlərinə münasibətlərini müəyyən edirlər - biri daha çox dindar olur, o birisi mötədil yol seçir, bir başqası ayinləri icra etmir, amma Allahına və peyğəmbərinə sayğı ilə yanaşır...

Çox az, bəlkə də hər yüz mindən bir nəfər tapılır ki, doğma dinindən tamam imtina edib başqa inanclara üz tutur - fəqət, bir daha deyirəm ki, belələri çox az olur...

Ona görə də dinimizdə qalmalı və yaşamalıyıq. Digərlərini isə inandırmalıyıq ki, kimsə üçün təhlükə deyilik - hamı kimi Allahın yaratdığı və Allaha bağlı bəndələrik...

Hüseynbala SƏLİMOV
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar