Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavatın müşavirəsi gərgin keçdi


Qubad İbadoğlunun barışıq təklifi birmənalı qarşılanmadı; İsa Qəmbər “net” mövqe sərgilədi, “Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavat arasındadır” dedi...


Dünən Müsavat Partiyası qərargahında partiyanın ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə 300-dən yuxarı partiya üzvü iştirak edirdi. Zal tamamilə dolduğundan dəhlizdə toplaşanlar monitor vasitəsilə tədbiri izləyirdilər. 

Toplantını açan Müsavat başqanı Arif Hacılı çıxışında son aylar keçirilən zona müşavirələrindən söz açdı və bu tədbirlərin davamlı olacağını vurğuladı. İlin sonunda keçiriləcək bələdiyyə seçkilərinə mövzusuna toxunan partiya sədri dedi ki, Müsavat artıq qərar verib və iştirak məsələsini rayon təşkilatlarının öhdəsinə buraxıb. 

Ardınca o, Müsavatın sonuncu qurultayı və qurultaydan sonrakı proseslər haqda danışdı. O bildirdi, narazılıq edənlərin bəzilərinin davranışı partiyanın maraqlarına zidd olmaqla yanaşı nizamnamə pozuntusu ilə müşayiət olunub: “Müsavata heç bir rəğbət bəsləməyən, Müsavatı istəməyən çevrələr bundan istifadə edir. Hakimiyyətin tam nəzarəti altında olan televiziya kanalları Müsavat Partiyasında gedən prosesləri şişirtmək və Müsavatı nüfuzdan salmaq üçün bu proseslərdən yaralanmaqdadır”. O, başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiyadan çıxarılma səbəbini açıqladı: “Səxavət Əlisoy mənim saxtakarlıqla seçildiyimi, Məclisin, Divanın, MNTK-nın legitim olmadığını və seçkilərin də saxtakarlıq şəraitində keçirildiyini iddia edib. Nizamnaməyə zidd davranaraq, partiya strukturlarının qərarlarına məhəl qoymayıb. Müsavat Partiyasının qurultayının legitimliyinin şübhə altına almağa heç bir əsas yoxdur. Bu proseslər durdurulmalıdır. Qeyri-müəyyənliyə son qoyulmalıdır”.

A.Hacılı Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlunun qurultay ərəfəsindəki pozuntularla bağlı MNTK-ya təqdim etdiyi arayışdakı iddialara da münasibətini bildirdi: “Arayış MNTK tərəfindən araşdırılıb və cavab verilib. Ancaq mən bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Burada iddia olunur ki, qurultaydan əvvəl partiyanın rayon təşkilatları qeyri-qanuni olaraq buraxılıb. Bu, belə deyil. Bir neçə rayon təşkilatının sədri vəfat etdiyindən Divanın qərarı ilə yeni sədr təyin olunub. Başqa bir iddia var ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsində Arif Hacılının adamları çox olub. Halbuki Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi təşkil ediləndə mən həbsxanada olmuşam. Belə qeyri-ciddi məsələləri qaldırmaq Müsavat üzvlərinin mənafeyinə ziddir”.

Müsavat başqanının müavini Elman Fəttah isə çıxışında partiyadaxili məsələlərdən danışdı. O, qeyd etdi ki, partiyada bütün qərarlar kiminsə təsiri ilə deyil, konsensus yolu ilə qəbul olunub: “Başqanlığa və ya partiya strukturlarına namizəd olan heç kəsə təzyiq, aqressiya olmayıb. Yalnız müəyyən məsələlər sosial şəbəkələrdə qaldırılıb. Seçkidən sonra da bəzən haqsız ittihamlara cavab vermişik. Partiyanın bütün üzvləri bilməlidir ki, Müsavat əleyhinə olan qüvvələrin sistemli şəkildə qarayaxma kampaniyası aparması partiyanın parçalanmasına gətirib çıxara bilər”.

Başqanlığa sabiq namizəd Tural Abbaslı isə çıxışında Müsavat üzvləri bir-birinə qarşı emosional davranmamalı olduqlarını bildirdi: “Bizim hər birimizin məqsədi rejimin dəyişməsinə nail olmaqdır. Bunun üçün Müsavatın güclənməsinə çalışmalyıq. Qurultayın nəticələri ilə bağlı etirazımız yoxdur. Ancaq mən haqsız yerə təhqir olunan insanlardan biriyəm. İndi biz bir-birimizə qarşı vuruşuruq. Mənim iradım Müsavat rəhbərliyinədir. Çünki qalib tərəf səbirli olmalıdır. Bu şəraitdə narazılıq edənlərə qarşı tədbirlərin görülməsinin əleyhinəyəm. Biz fraksiya yaradaraq öz sözümüzü deməliyik”.

Başqanlığa sabiq namizəd Qubad İbadoğluna isə çıxış üçün reqlamentdən 4 dəfə artıq vaxt ayrıldı.  Q.İbadoğlu qeyd etdi ki, Müsavatın bu günə gəlməsinin bir neçə səbəbi var: “Səbəblərdən birincisi ondan ibarətdir ki, Müsavat dəyişməlidir. Qurultaydan qabaqkı Müsavat yoxdur. O Müsavat İsa Qəmbərə sevgi üzərində qurulmuşdu. Müsavatda yeni dönəm artıq İsa bəyin o xarizması ilə idarə olunan dönəm deyil. Onu xəyallarda saxlamaq olar. İndiki dövr Müsavatın qaydalarla, şəffaf şəkildə kollegial idarə olunması dövrüdür. İndi keçid dövrünü yaşayırıq. Bu dövrdə baş verənlər onu göstərdi ki, Müsavatda daxili demokratiya problemi var. Biz bunun üzərində düşünməliyik. Müsavatçılar Azərbaycanı demokratik görmək üçün ilk növbədə partiyadaxili demokratiyadan başlamalıdır. Təəssüf ki, idarəetmədə aqressiya önə çıxdı, bəzi müsavatçılar partiyadan çıxarıldı. Ən böyük problem ondan ibarətdir ki, qərarlar birtərəfli verildi. MNTK-nən qərarları gərginliyin artmasına xidmət elədi”.

Bu zaman Q. İbadoğlunun çıxışına yerdən replikalar atıldı, narazılıq edildi. A.Hacılı zaldakıları sakitliyə çağırdı. Q.İbadoğlu çıxışına davam edərək qeyd etdi ki, Müsavat rayon təşkilatlarının qəbul etdiyi bəyanatlar partiyanın parçalanmasına xidmət edir: “Gedənləri xəyanətkar adlandırmaq təhqirə bərabərdir. Arif Hacılının ailə üzvləri mənim əleyhimə yazılar yazıblar. Vaqif Hacıbəylinin sosial şəbəkələrdə yazdığı fikirlərin əksəriyyəti mənim əleyhimə yönəlib. Partiya demokratik üsulla idarə olunmalıdır. Arif Hacılı İsa Qəmbər deyil. Arif Hacılı İsa Qəmbər kimi idarə edə bilməyəcək. Yeganə yol ədalətli MNTK qərarlarının verilməsindən keçir. Bu barışığa gətirib çıxara bilər. Biz Müsavatdan heç vaxt getmək niyyətində olmamışıq”.

Qubad İbadoğlu özünün Barışıq Naminə Təkliflər Paketini də açıqladı: “MNTK tərəf ola bilməz. MNTK sədri ilə bağlı məsələyə yenidən baxılsın, MNTK ədalətli qərarlar qəbul eləsin, partiyadan çıxarılanlar Müsavata bərpa olunsun. Ağsaqqallardan ibarət etimad komitəsi yaradılsın. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin protokolları dərc olunsun. Müsavat qurultayı öz işini tam şəkildə başa çatdıra bilmədi. Nizamnamədəki normalar nəzərə alınaraq uzun bir müddətdə növbədənkənar qurultay çağırılsın və Müsavatın proqram və Nizamnaməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə baxılsın, həm də strukturların yenidən seçilməsi məsələsi qoyulsun”.

Müsavat qurultayında say komissiyasının sədri olmuş Mirbaba Babayev isə qurultayın demokratik keçirildiyi, seçkilərin demokratik olduğunu bəyan etdi. O, geniş və hər kəsin rəğbətini qazanan çıxışında onu da dedi ki, Nizamnamədə fraksiya yaradılması nəzərdə tutulmayıb: “Mən yenidən qurultay keçirilməsinin də tərəfdarı deyiləm. Partiyanın bütün seçkili orqanları legitimdir. Biz Qubad İbadoğlu və Vurğun Əyyub kimi insanları itirməməliyik”.

Müsavat Məclisinin üzvü İkram İsrafil Q. İbadoğlu və tərəfdarlarını Müsavat əleyhinə fəaliyyət göstərməməyə çağırdı. O qeyd etdi ki, Q. İbadoğlunun tərəfdarları İsa Qəmbərin əleyhinə yönəlmiş, onu təhqir edən fikirləri dəstəkləyir ki, onlardan biri də Müsavat Qadınlar Təşkilatının sədri Ellada Məmmədlidir. 

Göyçay rayon təşkilatının sədri Namiq Hacıbəyli çıxışında partiyadan gedənləri ögey qardaş adlandırdı.

Partiya fəalı Yusif Süleymanlı çıxışında facebook-da A.Hacılıya yaxın şəxslərin yazılarına etirazını ifadə etdi.

Düyaxanım Cahan isə Müsavat Qadınlar Birliyinə olan iradlara etirazını bildirdi. Məclis üzvü Valeh Hümbətoğlu isə barışıq tərəfdarı olduğunu dedi.

Məclis üzvü Fəzli Mehdiyev isə Arif Hacılının Müsavatın başqanı və deməli simvollarından biri olduğunu deyərək, ona qarşı təhqirlərə son verməyə çağırdı. Ellada Məmmədli isə İ. İsrafilin çıxışına etiraz edərək, onu mövqesiz adlandırdı: “Mən İsa Qəmbərlə artıq 25 ildir eyni yoldayam. Öz fikrimdə müstəqil biriyəm, başqaları kimi qul deyiləm. Bu gün mənim siyasi tələblərimi ödəyən lider kimi Qubad İbadoğlunu görürəm. Bunun üçün məni öldürməlisiniz? Biz düşmənik?”
Müsavat başqanının müavini Nüşabə Sadıqlı isə qeyd etdi ki, A. Hacılını dəstəkləyənlərə qarşı da kampaniya aparılır. O, E. Məmmədlini nəzərdə tutaraq, Müsavat rəhbərliyini ittiham etməməyə çağırdı: “Siz Arif Hacılını dəstəkləyənləri niyə təhqir edirsiniz? Niyə qəbul etmirsiniz? Mən Müsavat daxilində fraksiya yaradanlara da etiraz edirəm. Pozuntular olmuşdusa niyə Qubad İbadoğlu qurultayda tribunada demədi?” Q. İbadoğlu isə yerindən “Orda desəydim, vəziyyət bundan da pis olardı”, - deyə etiraz etdi.

Arif Hacılı yekun çıxışını edərək bildirdi ki, bütün fikirlərin açıq şəkildə deyilməsindən çəkinmək lazım deyil. O, narazılarla görüşdən imtina etməsi barədə iddiaların əsassız olduğunu söylədi: “Hər zaman bildirmişəm ki, hər kəslə dialoqa hazıram. Heç vaxt heç kimin arxasında gizlənməmişəm. Ancaq mənim əleyhimə həmişə kampaniya aparılıb. Heç kəs mənə qarşı çox ciddi təhqir və böhtanlarına görə partiyadan azad edilməyib. Ancaq hər hansı bir xanıma, onun ailə üzvlərinə qarşı təhqir və böhtan olan yerdə Nizamnamə qaydaları işə düşməlidir. Mən hər kəslə müzakirələrə hazıram. Bizim hədəfimiz Müsavatın içində deyil, hədəfimiz hakimiyyətdir. Burada haqlı olaraq deyildi ki, Arif Hacılı İsa Qəmbər deyil. Müsavatda İsa bəyin rəqibi yox idi. Mən bilirəm ki, mənim başqanlığımı qəbul etməyən müəyyən insanlar var. Ancaq bu, o demək deyil ki, partiya daxilində qarşıdurma yaranmalıdır. Kim bu gün mənə etimad göstərmir, üç ay, 6 ay sonra göstərəcək. Çünki mən özümü tanıyıram, nə cür fəaliyyət göstərəcəyimi bilirəm. Əlavə bir üstünlüyüm də var. Çünki mənim arxamda, Müsavat Partiyasının arxasında İsa Qəmbər kimi lider durur”.

Daha sonra Müsavatın sabiq başqanı İsa Qəmbər bələdiyyə seçkiləri, siyasi məhbuslar və partiyada yaranmış vəziyyətlə bağlı çıxış etdi: “Biz müsavatçı siyasi məhbusların və digər siyasi məhbusların azad olunması istiqamətində iş aparmalıyıq. Lakin qurultay sonrası araqarışdırmalarla üzbəüz qalmışıq. Mən oktyabrın 11-də Məclisdə çıxış edərkən bu məsələyə toxunmuşam. Mövqeyim dəyişməyib. Həmin vaxtdan bu günədək bu məsələlərlə bağlı çıxış etməmişəm, yalnız bir cümlə yazmışam. Narazıların bir qrupu deyir ki, seçkinin nəticələrindən narazı deyillər, ancaq partiyadaxili demokratiya olmalıdır. Ən böyük qismi isə deyir ki, seçkilərdə ədalət prinsipi pozulub. Ən kiçik qrupu isə saxtakarlığın olduğunu bəyan edib. Kimlərinsə partiyanı saxtakarlıqda ittiham etməsini necə normal qəbul edə bilərik? Hakimiyyət üçün Müsavatın saxtakarlıqda ittiham olunmasından gözəl nə ola bilər? Problem partiyanın içində deyil, hakimiyyətlə Müsavat arasındadır. Biz söz azadlığından danışırıq, bəziləri isə söyüş azadlığı istəyir. Bu şəkildə bizə demokratiya dərsi keçməyə cəhd edirlər”. 
O, partiya daxilində fraksiya yaratmaq istəyənlərə də cavab verdi: “Hər birimiz Müsavata daxil olanda Nizamnamənin tələblərini yerinə yetirəcəyimiz barədə öhdəlik götürmüşük. Partiyanın strukturlarına legitim qurum yaradıla bilməz. Təəssüflər olsun ki, Müsavatda məğlub tərəf MNTK-nı tərəf saxlamaqda ittiham edir. Qurultaya qədər MNTK tərəfsiz idi, qurultaydan sonra tərəfə çevrildi? Burda bildirdilər ki, MNTK tərəfsiz olmalıdır. Çox maraqlı tezisdir. Amma nədənsə, seçki dövründə MNTK-nın tərəfsiz olması zərurəti haqqında danışmırdılar”.

Qubad İbadoğlu isə buna etiraz edərək: “Qurultaya qədər MNTK tərəf olubsa, bu yanaşma ilə yenə tərəf olmalıdır” - deyə sual ünvanladı. Bu zaman İsa Qəmbər Qubad İbadoğluna qəzəbli şəkildə səsini ucaldaraq, “sadəcə, prinsipial olmaq lazımdır, Qubad bəy, ”Bu mənim xeyrimədirsə, olmalı, xeyrimə deyilsə, olmamalıdır" - deyə bir şey yoxdur" cavabını verdi.
Q. İbadoğlu İ. Qəmbərə “Niyə əsəbləşirsiz” dedi. A. Hacılı isə Q. İbadoğluna yerdən danışmamağı məsləhət gördü.

İ.Qəmbər çıxışına davam edərək, yenə üzünü Qubad İbadoğluan tərəf tutaraq əsəbi şəkildə hər şeyin aydın göründüyünü bildirdi. O, yeni qurultay tələbinin partiyanın əleyhinə yönəldiyini vurğuladı və qeyd edlədi ki, belə olduğu halda narazıların fəaliyyətləri gec, ya tez, Nizamnamə ilə ziddiyyət təşkil edəcək: “Hər kəs nə istədiyini ayrı şəkildə müəyyənləşdirsin. Yeni qurultay ideyası partiyaya qarşı yönəlmiş ideyadır. İmza toplamaqdan danışılır. Cəhd edə bilərsiniz, başlayın görək bacarcaqsınızmı? Partiyanı hədələmək, xəyanətdir. Bunun başqa adı yoxdur. Mən Müsavat Partiyasının başqan seçdiyi Arif Hacılı ilə bir yerdəyəm. Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin”.

Bundan sonra zalda bir qadın “İsa Qəmbər qurultaydan öncə Arif Hacılıya dəstək vermək üçün üzvlərə təzyiq edib” replikası atdı. İsa Qəmbər əsəbi şəkildə “bəsdirin, bu qədər yalan olmaz, yalan danışmayın. Mən təzyiq etsəydim, Arif Hacılı 228 yox, azı 350 səs toplayardı” cavabını verdi...

Müşavirə partiya himninin oxunması ilə yekunlaşdı.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar