Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat 25 oktyabrda mitinq keçirəcək


Mirmahmud Mirəlioğlunun namizədliyi qeydə alınmadı; Tənzilə Rüstəmxanlı seçkidən geri çəkildi; deputatlığa iddialıların sayı 1054-ə çatdı


Oktyabrın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK sədri Məzahir Pənahov məlumat verib ki, indiyə qədər 1054 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

MSK sədri Məzahir Pənahov indiyə qədər namizədliyin qeydə alınması ilə bağlı MSK-nın 10 nəfərin müraciətinə mənfi cavab verdiyini açıqlayıb: “Mən fəxrlə deyirəm ki, MSK-nın çıxardığı hər hansı qərara heç bir məhkəmə irad tuta bilməz. Azərbaycanda demokratik, plüralist cəmiyyət mövcuddur.  MSK namizədləri qeydə almağa çalışır. Ola bilər ki, kiminsə kiminləsə şəxsi münasibəti pis olsun. Ancaq MSK-ya müraciətlərə və çıxarılan qərarlara baxsaq, tənqidə meylli istənilən şəxs də danışanda ehtiyatlı olmalıdır. 10 qərar mübahisə predmentinə çevrilirsə, DSK-ların peşəkarlığının mübahisə mövzusuna çevrilməsi düzgün deyil. Biz imkan tapanda, ən radikal müxalif namizədi də qeydə almağa çalışırıq”.

MSK üzvü Qabil Orucov isə bildirib ki, 64 saylı Sabirabad ikinci seçki dairəsindən “Azadlıq-2015" siyasi partiyalar bloku tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Xalq Partiyası sədrinin müavini Qiyas Sadıqov müvafiq DSK tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK İşçi Qrupunun apardığı araşdırma zamanı imza təqdim etmiş şəxslərin sonradan müraciət etdikləri və aldadılaraq imzalarından imtina etdikləri üzə çıxıb. 

MSK üzvü Akif Qurbanov isə imzaların geri götürülməsi prosesinin DSK-lar tərəfindən təşkil olunduğunu iddia edib. İclasda iştirak edən Q. Sadıqovun səlahiyyətli nümayəndəsi, AXP sədri Pənah Hüseyn DSK-nın təqdim edilən imzalardan 197 imzanı etibarsız saydığını nəzərə çatdırıb. P. Hüseyn MSK tərəfindən DSK-nın qərarının ləğv edilməsini istəyib. Məsələ səsverməyə çıxarılıb və Q. Sadıqovun şikayəti əsassız sayılıb.

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılması isə oktyabrın 9-da başlanacaq, 31 oktyabr saat 8.00-da dayandırılacaq.

Hazırda deputatlığa iddiaçıların qeydiyyatı prosesi gedir.

Oktyabrın 5-də Müsavat Partiyası Divanının iclasında parlament seçkiləri məsələsi müzakirə edilib. Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə ətraflı məlumat verib. Seçki dairələri üzrə vəziyyət analiz edilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə 6 oktyabr saat 14.00-da partiyanın VIII Qurultayından sonra partiyanın bir illik fəaliyyəti və parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirəcəyi barədə məlumat verib.

Divanda 25 oktyabr 2015-ci il tarixdə saat 15.00-dan 17.00-dək Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) “Azad seçki!” şüarı ilə mitinq keçirmək qərara alınıb.



Partiyanın rəhbər orqanları tərəfindən 1 noyabr 2015-ci ilə təyin edilmiş parlament seçkilərində namizədlikləri irəli sürülənlərdən başqa digər partiya üzvlərinin namizədliklərinin irəli sürülməsinin, Müsavat Partiyasının Nizamnaməsinə görə yolverilməz olduğu Divan tərəfindən qeyd edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasına məlumat verilməsi və qeydiyyatdan dərhal sonra həmin partiya üzvlərinin partiya məsuliyyəti məsələsinə baxılması qərara alınıb. 

Oktyabrın 10-u saat 12.00-da seçki prosesini müzakirə etmək üçün Divanın növbədənkənar iclasının çağırılması barədə qərar qəbul edilib.

Divan son günlər ölkənin bəzi yüksək vəzifəli şəxslərinin və televiziya kanallarının ölkəmizin Avrasiya İttifaqına qoşula biləcəyi ilə bağlı apardığı kampaniyanı kəskin pisləyərək, bunun Azərbaycanın Müstəqillik Aktına, Konstitusiyasına və Təhlükəsizlik Konsepsiyasına zidd olduğunu qeyd etməklə bu təbliğata son qoyulmasını hakimiyyətdən tələb edib.



KXCP sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınmayıb. Bu barədə məlumatı aznews.az-a 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin sədri Həsən Məmmədov verib. O bildirib ki, Mirmahmud Mirəlioğlunun dairəyə təqdim etdiyi sənədlərdə bir çox problemlər olub və bu səbəbdən onun namizədliyi qeydə alınmayıb. 

Qeyd edək ki, Mirmahmud Mirəlioğlu “Azadlıq 2015" seçki blokunun həmin dairədən vahid namizədidir.  

Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası həmin dairədən hazırkı deputat Muxtar Babayevin namizədliyini verib. 

KXCP Mirmahmud Mirəlioğlunun qeydə alınmaması məsələsinə aydınlıq gətirib. Partiyanın sədr müavini Xəzər Teyyublu bildirib ki, hazırda 43 saylı Sumqayıt üçüncü seçki dairəsində bu məsələ araşdırılır: “Məsələ hüquqi cəhətdən araşdırılır. Bu məsələ ilə bağlı məhkəmələrə müraciət edəcəyik. Mirmahmud Mirəlioğlunun bütün imzaları doğrudur, amma niyə qeydə almayıb, onu bimirik”. 

Azər-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə 1 noyabr parlament seçkisindən geri çəkilib. Yada salaq ki, T.Rüstəmxanlı namizədliyini 42 saylı Sumqayıt seçki dairəsində irəli sürsə də Dairə Seçki Komissiyası onun namizədliyini qeydə almamışdı. Məsələ MSK-da baxılma mərhələsindəydi. Ancaq Tənzilə xanım MSK-nın qərarını gözləmədən facebook sosial şəbəkəsindən seçicilərinə müraciət edərək prosesdən uzaqlaşıb.



T.Rüstəmxanlının bir neçə gün öncə DSK-nın qərarından MSK-ya etdiyi şikayətə isə dünən MSK-da baxılıb. MSK üzvü Ramiz İbrahimov MSK iclasında deyib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı məlum olub ki, T. Rüstəmxanlı namizədliyinin qeydə alınması üçün 550 imza təqdim edib, 42 saylı Sumqayıt II DSK-ya 183 seçici ərizə ilə müraciət edərək aldadılaraq imzalarının alındığını, T. Rüstəmxanlıya imza vermələrindən xəbərlərinin olmadığını bildiriblər. Eyni zamanda T. Rüstəmxanlının səlahiyyətli nümayəndəsinin də DSK-nın iclasında iştirak etdiyi məlum olub. Buna görə də MSK-nın İşçi Qrupu T. Rüstəmxanlının şikayətini əsassız sayıb. MSK məsələni səsverməyə çıxarıb və T. Rüstəmxanlının şikayətini əsassız sayıb, T. Rüstəmxanlı deputatlığa namizəd kimi qeydə alınmayıb.



“125-lər” blokunun üzvü, siyasi şərhçi Yeganə Hacıyevanın namizədliyini isə 26 saylı Sabunçu Dairə Seçki Komissiyası qeydə almayıb. Yeganə Hacıyevanın verdiyi məlumata görə, Dairə Seçki Komissiyası 129 imzanın komissiya üzvlərində şübhə doğurduğunu əsas göstərərək namizədliyinin qeydə alınmaması barədə qərar çıxarıb. Bundan başqa, qərarda qeyd olunub ki, imza toplayanların adlarının səlahiyyətli nümayəndələrin siyahısında olmaması, imza vərəqələrində komissiya üzvlərinin verdiyi rəyə oxşar imzaların olması, məntəqə seçki komissiyasının seçici siyahısında adları olan vətəndaşın vəsiqəsinin göstəricilərində Bakıxanov qeydiyyatı olsa da icra hakimiyyətinin verdiyi  rəyə görə hazırda orda yaşamayan şəxslərin mövcudluğu əsas gətirilərək Yeganə Hacıyevanın namizədliyinin qeydə alınmasından imtina edilir. 

Y.Hacıyeva ilk gündən ona qarşı qərəzin olduğunu da qeyd etdi: “Sentyabrın 1-dən sənədlərimi verməyə çalışsaq da bunu DSK-nın yubandırmaları nəticəsində sentyabrın 9-da edə bildik. 

Sənədləri 9 sentyabrda versək də imza vərəqələrini bizə ayın 17-də verdilər. Oğurlanmış imza vərəqələrinin əvəzinə yenisini almaq üçün 21 oktyabrda müraciət etsək də 29 sentyabrda yeni imza vərəqələri ilə təmin olunmuşuq. Əvvəldən görünürdü ki, mənə qarşı qərəzli, ədalətsiz münasibət var və mənim seçkidə iştirakımı kimlərsə özlərinə problem sayırlar".

Yeganə Hacıyeva DSK-nın qərarından Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyini bildirdi.

Deputatlığa namizədin öz imzasını saxta çıxardılar



Müsavat Partiyası Məclisinin sabiq sədri Arzu Səmədbəylinin qardaşı Pərviz Səmədbəylinin də namizədliyini 19 saylı Nərimanov dairə seçki komissiyası qeydə almayıb. Pərviz Səmədbəylinin “Yeni Müsavat”a verdiyi xəbərə görə, 5 il öncə keçirilən seçkilər zamanı ona qarşı tətbiq olunan qanunsuzluq yenidən təkrarlanıb: “Bu il seçkiyə qatılmaq fikrim yox idi. Bizim ərazidən olan insanlardan çoxsaylı təkidlər oldu, həm də dedilər ki, DSK-nın sədri dəyişib, namizədliyini ver. Namizədliyimi verdim. 11 imza vərəqəsini seçicilərim qısa müddətdə imzaladılar. Sentyabrın 28-də imza vərəqələrini  və sənədləri DSK-ya təqdim elədim. Əmlakım barədə bəyannamədə qeyd etmişəm ki, Göygöl rayonunda 3 sot torpaq sahəm, Nərimanov rayonu Məmməd Arif küçəsindəki evim xaricində mənim heç bir mülküm yoxdur. Oktyabrın 4-də məni DSK-ya dəvət edib dedilər ki, imzalarda problemlər var. Əslində isə bir iki texniki problemdən başqa heç bir ciddi problem yoxdur. Mənim öz imzamı saxta çıxarmışdılar, deyirdilər ki, bu imzan o biri sənəddəki imzana oxşamır. Namizədliyimi qeydə almamaq üçün 2010-cu ildəki növbəti gülünc əsassız bəhanəni yenidən ortaya atdılar. Belə ki, dedilər ki, sənin adına Abşeron rayonunda ev olduğu üzə çıxıb. Təəccübləndim, dedim ki, vaxtıilə başqasına məxsus, lakin sənəddə mənim adıma 6 sot torpaq olub. Həmin torpaq sonradan satılıb və çıxarış adlanan sənədlə mənim adımdan başqa adamın adına keçirilib. Mənim adıma əlavə də iki mənzilin olduğunu bildirdilər, dedilər ki, guya mən həmin evləri bəyannamədə göstərməmişəm. Mən bir daha bəyan etdim ki, bunlar uydurmadır, mənim bəyannamədə göstərdiyim bir mənzildən başqa evim yoxdur. Mən DSK-da da bəyan etdim, buradan da edirəm ki, mənim namizədliyimi qeydə almırlarsa, mənim adıma çıxdıqları həmin evləri mənə versinlər. Ya o evlər mənə verilməlidir, ya da o saxta sənədləri verən BT-nin rəhbərliyi haqqında cinayət işi qaldırılmalıdır.

Mən MSK-ya rəsmi şikayət hazırlayıram".

Vətəndaş Həmrəyliyi Partiyası isə dünən seçki prosesində qanunsuzluqlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Qusar rayonunun İmamqulu kənd icra nümayəndəsi Abdurahman vətəndaşların evini gəzərək, hamıdan VHP-nin 51 saylı Qusar seçki dairəsindən namizədi Şəfi Şəfiyevə verdiyi imzadan imtina etməsi barədə ərizə alır. Ərizə verməyənlər həbslə hədələnir. Belə təzyiqlərdən bezən şəxslərdən bəziləri Rusiyaya və digər rayonlara qaçıblar: “Hətta iş o yerə çatıb ki, imzalarda heç bir ”əngəl" tapmadıqları üçün onun qeydə alınmamasına hüquqi don geydirmək məqsədilə məntəqə seçki komissiyasının həlledici səs hüquqlu üzvü olan şəxslərdən də imza kampaniyasında iştirak etdiyi haqda zorla ərizə almaq istəyirlər. Həmçinin 32 saylı Suraxanı 3-cü DSK-dan namizəd Əliyev Çingiz Dilavər oğluna imza vermiş şəxslərdən də imtina ərizələri alınır. Vətəndaş Həmrəyliyi Partiyası olaraq bu qanunsuzluqları qətiyyətlə pisləyir və müvafiq qurumlardan bu qanunsuzluqlara dərhal müdaxilə etməyi, seçkinin şəffaflığına ciddi şəkildə kölgə salan bu cür halların qarşısının alınmasını tələb edirik". (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar