Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənnilər Novruzda da bizi maarifləndirməkdə davam etdilər


Etibar Əliyev, fəlsəfə doktoru


(Ürəkbulanmanın şən tarixçəsi)

Novruz Bayramının bizə bəxş etdiyi qeyri-iş günləri başa çatır. Dostlarımızın bəziləri bu günlərdə kitab oxuyacaqlarını, bəziləri rayona gedəcəklərini, bəziləri isə elə evdə dincələcəklərini demişdilər. Ev demişkən, Ezopun bir təmsili yadıma düşdü: “Zevs bayram təşkil edib bütün heyvanlar üçün yemək-içmək düzəldir. Qonaqlığa təkcə tısbağa gəlmir. Tısbağa fikirləşir ki, qonaqlıq yaxşıdır, ancaq ev ondan da yaxşıdır. Zevs buna hirslənir və onu öz şəxsi evini kürəyində çəkməyə əbədi vadar edir.”

Bizim evi kürəyimizdə çəkmək imkanımız olmasa da, evin yükünü çəkməyə məcburuq. Yük isə get-gedə ağırlaşır…
Bayram günlərində daha bir yükü daşıyacağıma – bir neçə kitab oxumağa söz vermişdim. Ancaq böyük fransız yazıçısı, Nobel mükafatı laureatı Jan Pol Sartrın “Ürəkbulanma” romanından başqa heç nə oxuya bilmədim. Roman bu günümüzlə çox uzlaşır.

Bu əsər insanlardan aralı gəzən Antuan Rokantenin gündəliyindən ibarətdir. Yaşadığı Buvil şəhərinin sakinləri ilə onun arasında heç bir təmas yoxdur. Rokantenin monoloqu: «Mənə elə gəlir ki, başqa bir cinsə məxsusam. Onlar iş gününün axırında işlədikləri idarələrdən çıxır, məmnunluqla evlərə və şəhər bağçalarına elə baxırlar ki, sanki bu gözəl burjua mərkəzi onlarındır. Bu insanlar özlərindən çox razıdırlar. Axmaqlar. Onların hər dəfə dolu və sakit sifətlərini gördükdə mən dəhşətə gəlirəm. Yəni bu insanlar artıq başa düşürlər ki, mövcudluq heç nə ilə özünü təsdiqləmir? Onda onlara nə qalır? Seyretmə? Bu, heç nədir və ürəkbulanma duyğusu yaradır. Ürəkbulanma təkcə insanlara və əşyalara yox, hər şeyə nifrətdir. Bu vəziyyətdə bütün əşyalar ona sanki heç bir məqsədi və mənası olmayan kimi təqdim olunur. Başqa tərəfdən, biz öz mövcudluğumuza və düşünə bilməyimizə mane ola bilmərik».

İnsanlığın taleyini düşünməyə başlayan Rokanten onu metafizik bir qorxu bürüdüyünü hiss edir. Finalda əsərin qəhrəmanı belə qərara gəlir ki, mövcudluğuna məna vermək üçün nəsə yaratmalıdır. Çünki yaradıcılıq hansısa məzmun kəsb edən məşğuliyyətdir.

Sartr romanda «bəs insanı necə xilas etmək?» sualına cavab axtarır. O bunu maddi varlığa malik olmayan musiqidə tapır. Məsələ burasındadır ki, bayram günlərində hiss etdim ki, təkcə məndə yox, çox adamda ürəkbulanma yaradan elə musiqidir. Bütün kanallarda səhərdən-axşama çal-çağır oldu. Arada bir köhnə filmləri verirdilər. Müğənnilərin oxuması bir yana onlardan müsahibələr götürür, dindən tutmuş, qənaət iqtisadiyyatına qədər onların fikirlərini öyrənirdilər. Ürəkbulanma…

Azərbaycanda televiziya rəhbərləri tamamilə yaradıcılıqdan məhrum insanlardır. Bayramla bağlı yeni məzmun kəsb edən bir verilişə rast gəlmədik. Deyəsən bunlardan heç yaradıcılıq tələb edən də yoxdur. Verilişlər ya hansısa xarici telekanalların verilişlərinin imitasiyası, ya da 70-80 -ci illərdən qalma lentlərdir.

Kanalların hansısa birində Qəzənfər Paşayev danışırdı: Kifayət qədər tanınmış bu yazıçı deyirdi ki, əvvəllər Yevlaxdan keçəndə elə bil ki, bataqlıqdan keçirdin, indi isə elə bil ki, cənnətdən keçirsən. Yazıçının dərdinə baxın. Onun baxış bucağı budur. Yaxşı ki, onun fikirlərindən sonra müğənnilərdən biri ortaya düşdü.

Novruz bayramında dostlarımızdan biri ürək əməliyyatı keçirdi. Kasıb bir insanın cərrahiyyə xərcləri 10 min manata yaxın hesablandı. Tibbi sığorta hələ ki, yoxdur. Xəstəxanada gördüm ki, xəstələr də aqressivdir, həkimlər də. Bunun başında isə para durur, para. Yazıçı isə hansısa rayona bahalı maşında gedib-gəlməyin rahatçılığından danışır.

Konsertlərin ardı-arası kəsilmir. Müğənnilər bizi maarifləndirməkdə davam edirlər. Sabah iş günüdür. Arzu edirəm ki, Qaraçuxurun da yolları düzəlsin və biz də cənnəti görək. Fəlsəfə və Hüquq İnstitutunda nisbi sakitlikdir. Gələn Novruzda görüşənədək.



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Paşinyan Araiki Azərbaycana verəcək - Şok iddia

Nobel paradoksları: Bizdə yazıçı oğlunun yazıçı olduğu kimi…

Müğənnilər Novruzda da bizi maarifləndirməkdə davam etdilər

Ən çox oxunanalar