Müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, bu il də müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək, amma bəzi dəyişikliklər gözlənilir.
E. Bağırov deyib ki, müəllimlərin işə qəbul qaydaları ilə bağlı ediləcək dəyişikliklər təhsilə xidmət edir və müəllimlərin xeyrinə olacaq: “ Bildiyiniz kimi, 2010-cu ildən etibarən müəllimlərin işə qəbulu müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirilir. 2013-cü ildə proqram təminatı dəyişdirilib və daha da təkmilləşdirilib. Bu il də müəllimlər müsabiqə yolu ilə işə qəbul olunacaq, amma bəzi dəyişikliklər nəzərdə tutulub. Yəni texniki baxımdan mərhələlərin azaldılması, daha asanlaşdırılması, onlara daha geniş imkanların yaradılması nəzərdə tutulub. Bir sözlə, müəllim olmaq istəyənlərin seçim imkanlarını genişləndirən bir dəyişikliklər olacaq”.
E.Bağırov onu da əlavə edib ki, imtahanın keçirilmə prosedurunda və məzmununda da bir neçə dəyişikliklər olacaq və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
pia.az