Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövlud yuxuma girmişdi


Günel Natiq: “Mövludsuzluq”


Mövlud Mövlud haqqında yazmaq istəsəm də, onunla az qala bir həyat paylaşmış qələm dostları ola-ola mənim nəsə yazmağım doğru olmaz deyə düşünürdüm. Amma bir neçə gün öncə gördüyüm yuxunun təsirindən sarsıntıyla oyananda özümü yazmağa borclu hiss elədim.
 
Mənə elə gəldi ki, bu, Mövludun məndən ilk və son istəyidir. Və düşündüm ki, ancaq bu yazını yazarsam yüngülləşərəm. Bir də xatırlamaqdan başqa onun üçün artıq nə edə bilərik ki?
 
Ayxan Ayvazın kitabının imza günündən bir gün qabaq idi. Bəlkə bunun da gördüyüm yuxuya bir aidiyyatı vardı. Ayxanla Mövlud yaxın dost idilər. Ayxan Mövludun ölümünü ağı kimi yaşamışdı.
 
Elə hamımız o kökdəydik. Mövluda dost olanlar, ya onu sadəcə tanıyanlar, ya da adını eşidib üzünü görməyənlər. Hamımızın yaddaşında Mövluddan nəsə vardı; onu tanımayanlarda belə. Qəribə oğlan idi. Öz izlərini getmədiyi yolda belə qoya bilirdi.
 
Bu elə bil hər birimizin intiharıydı – Mövludu tanıyanların və tanımayanların. Hamımız özümüzü əzgin, bezgin, yorğun, tərki-dünya hiss edirdik. Mövlud ölərək özüylə bərabər içimizdəki “mən”i də bir az öldürmüşdü. Yaxşı ki, bir az öldürmüşdü. Yaxşı ki, bir az sağ qalıb onun ölümünə ağlaya bilirdik. Axı Mövlud balaca qardaş kimiydi. Onu son mənzilə səssiz yola salmaq olmazdı. Bu ifadə ağlıma gələr-gəlməz Məlikməmməddəki kiçik qardaşını xatırladım. O da gedər-gəlməzə getdi. Amma Mövluddan fərqli olaraq geri döndü.
 
Ayxan Ayvazın imza gününə getdiyim yollar Mövludun özündən, içindən keçirdi elə bil. Təngnəfəs idim. Gördüyüm yuxu bütün əzalarıma hopub məni o xəbəri eşitdiyim ilkgünkü vəziyyətə salmışdı. Fəvvarələr bağı, sonra Torqovı küçəsi, təsadüfən rast gəldiyim tanışlar, yaddaşımı təzələmək üçün girdiyim mağazalar... Həyəcanım keçmək bilmirdi. Üstəlik indi tövşüyürdüm.
 
Gerçək həyatda Mövludu cəmi iki dəfə görmüşdüm. İki il qabaq Kənan Hacı və Səfər Alışarlı ilə bərabər kitab təqdimatıma gəlmişdi. Bir də keçən il yay aylarının birində avtobusda rastlaşmışdıq. Cəmi iki dəfə görsəm də min il idi tanıyırdım elə bil. Sosial şəbəkədə hansısa yazıları bəzən müzakirə edirdik. Yazı qıtlığı olanda “Ay bacı, çap olunmuş yazılarından bir-ikisini yolla” -  deyirdi. Mövlud elə bil köhnə kişilərdən idi, adama elə gəlirdi, o daha əvvəl də dünyaya gəlib.
 
70-ci, 80-ci illərin ədəbi nəslini yaxşı tanıyırdı, xarakterlərinə qədər bələd idi hər birinə. Elə mənimlə tanışlığının səbəbi də atam Natiq Səfərovla bağlı idi. Onun haqqında xatirə-reportaj hazırlamaq istəyirdi. “Salam böyük kişinin qızı” - ilk dəfə mənə bu sözlərlə üz tutmuşdu.
 
Mövlud ölən günü işə necə getdiyim, daha doğrusu getməyə çalışdığım yadımdadır. Həmişə söz verirəm ki, özümü nə qədər pis hiss eləsəm də, geri dönməyəcəm. Kaş Mövlud da yolu axıra kimi gedərdi. Bəlkə də çatmışdı mənzilbaşına, kim bilir.
 
Mən də çoxları kimi günahsız günahkarlardan idim, düşünürdüm ki, yəqin bizlər Mövluda yaxşı dost, yoldaş ola bilmədik, dərdlərini bölə bilmədik. Laqeydlik özü də bir suçdur. Bəlkə də onun üçün yaxşı oxucu ola bilərdik. Yazıdan zövq alırdı, yaxşı hekayələri vardı, kim bilir, hekayələrinə bəlkə daha çox maraq göstərsəydik, yaşamaq üçün bir stimulu olardı. Lənət şeytana, axı onun üçün nəsə edə bilərdik!
 
...Adətən yuxuları xatırlamıram. Bu yuxudan tövşüyərək ayıldım.
 
Mövlud yuxuda necə öldüyündən danışırdı. İzah eləməyə çalışırdı. Qəribə bir soyuqqanlılıqla başqa çıxış yolu olmadığını deyirdi. Sonra yenə nələrsə demişdi, dəqiq xatırlamıram. Amma yuxuda ürəyimdən daş asılmışdı elə bil. Mövludla söhbət etdiyim yerdə qarşıma nabatlar, konfetlər çıxırdı, amma düşünürdüm ki, bu boş şeydi, əksinə bir sadə həqiqəti dərk edirdim ki, biz Mövludsuzuq.
 
Sonra ağladım, heç ağlamadığım qədər. Düzü, Mövlud üçün bu qədər ağlayacağım ağlıma gəlməzdi. Sonra yuxu boyu ümidsizlik və ruh düşkünlüyü məni müşayiət elədi, heç cür təsəlli tapa bilmirdim. Arada hansısa bir qoca satıcıdan nə üçünsə kibrit oğurlayırdım və elə yuxudaca düşünürdüm ki, bunun da mistik mənası var, çünki biz MÖVLUDSUZUQ.
 
Yuxudan qan-tər içində ayıldım. Yuxunun təsiri zərrə qədər də keçməmişdi. Ürəyimdən daş asılmışdı. Dərman içmək istədim, nədənsə düşündüm ki, bu da kömək etməz. Çünki sadə bir həqiqət var. Biz...
 
Bir adam gedəndə onunla bərabər ətrafımız gedir, aramızda yaxşı-pis nə varsa, onlar gedir və biz yavaş-yavaş həmin kiçik “pis”lərlə bərabər böyüklü-kiçikli “yaxşı”ları da itiririk. Mövludla da elə oldu.
 
85 yaşında ölən rus şairi Yevtuşenkonun xatirəsinə həsr olunmuş yazıda bir şeirini oxudum. Təxmini belə idi ki, insan öləndə onunla birgə onun ilk qarı, ilk döyüşü, ilk öpüşü də ölür. İnsan yox, dünya ölür - yazır şair. Və mən Mövludu xatırladım.
 
Folknerin dediyi həqiqət onu da haqlamışdı: “Hər şey yalandı, bir gerçək var ki, sən qapısız-pəncərəsiz bir yerdəsən və başını boş qalmış divarlara vurursan.”
 
Uzun zaman idi ki, sosial şəbəkədə aramızda yox idi və bu olaydan bir-iki gün qabaq bu haqda düşündüm, profilini yoxladım və “tezliklə dönər”, - deyə düşündüm. Çünki elə bilirdim ki, Mövlud Məlikməmməddəki kiçik qardaş kimi gedər-gəlməzdən də dönə bilərdi.
 
Və çünki o köhnə kişilərdən idi, elə bil, bir yox, bir neçə həyat yaşamışdı. “Ağsaqqallığına” yaraşdırmazdı tərk etməyi.
 
Bəlkə də “dönəcək”, kim bilir. Yaddaşımızın hansısa anında, xatirələrimizin hansısa ovqatında, yuxularımızın hansısa izində geri dönəcək. Bəlkə də indiki kimi ağlatmayacaq.
 
Amma bir sadə həqiqəti biləcəyik ki, Mövludsuzuq...(kulis)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar