Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvaya 48 rublla gedib, orada milyarder olan soydaşımızın hekayəsi



Fərhad Əhmədov: “Uğur qazanmağın heç bir hazır formulu yoxdur”


Azərbaycandan qonşu ölkələrə gedərək, var-dövlət toplayan, dünyanın ən varlı insanları cərgəsinə qoşulan şəxslər onlarladır.

Onların arasında taleyini Rusiyaya bağlayıb, SSRİ dağılan ərəfədə yaranan əlverişli mühitdən istifadə edərək biznes quranlar daha çoxdur. Belə soydaşlarımızdan biri də adı (bu yaxınlarda açıqlanan) ABŞ-ın “Putin siyahısı”na salınan milyarder Fərhad Əhmədovdur. 

“Forbes” jurnalı 2017-ci ildə Rusiyanın 200 ən varlı iş adamının siyahısında F.Əhmədova da yer verib – 1,3 milyard dollar sərvəti ilə 67-ci yerdə qərar tutub. F.Əhmədovun adının ABŞ-ın qara siyahısına düşməsinin səbəbi kimi onun Rusiya hakimiyyəti, şəxsən prezident Vladimir Putinlə yaxın münasibətlərini qeyd edirlər. Lakin siyahıya, sadəcə, “Forbes”in hesabatında sərvəti 1 milyardı keçən Rusiya mənşəli iş adamlarının ucdantutma salındığını iddia edənlər də az deyil. Hər bir halda, fakt faktlığında qalır və yaxın zamanlarda azərbaycanlı milyarderin dünyada sərbəst hərəkətinə maneələrin yaradılacağı ehtimalı böyükdür.

Amma məsələ burasındadır ki, hətta ABŞ siyahısı olmasaydı da, F.Əhmədovun ən azı Avropaya gediş-gəlişində problemlərin yaranması gözlənilən idi. Buna onun keçmiş xanımı Tatyana Əhmədovadan boşanmasına dair London məhkəməsində çıxarılan qərar səbəb ola bilər. Belə ki, Britaniya məhkəməsinin qərarına əsasən, azərbaycanlı oliqarx keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (təxminən 600 milyon ABŞ dolları) həcmində təzminat ödəməlidir. Yerli nəşrlərin yazdığına görə, bu boşanma prosesi Birləşmiş Krallıq tarixinin ən bahalı boşanmalarından biri olacaq.

Proses zamanı F.Əhmədov təkidlə bildirirdi ki, ailənin rifahında məxsusi payı olub, lakin məhkəmə həyat yoldaşlarının paylarının bərabər olduğu qərarına gəlib. Nəticədə, təzminatın məbləği ailə aktivlərinin 41,5 faizi həcmində dəyərləndirilib.

F.Əhmədov hələki keçmiş arvadına bir qəpik də ödəməyib. İş üzrə apellyasiya şikayəti verilib. Hazırda bu işə Londondakı Kral Məhkəməsinin üç apellyasiya hakimi baxır. 20 ildir ki, evli olan Əhmədovlar boşanmayadək İngiltərənin Surrey qraflığındakı mülklərində yaşayırdılar.

Göyçaydan Moskvaya aparan yol

Fərhad Teymur oğlu Əhmədov 1955-ci ildə anadan olub. Deyilənə görə, vaxtilə Göyçayda zavod direktoru olan atası Teymur Əhmədov iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib. Sovet dövründə məhkəmə əmlakı müsadirə olunmaqla onu güllələnməyə məhkum edir. Fərhad Əhmədovun böyük qardaşlarından biri partiyadan, digəri isə institutdan qovulur. Atasını itirən Fərhad Əhmədov 1969-cu ildə məktəbi ataraq Moskvaya yola düşür.

Özü bu barədə deyir: “15 yaşından Bakıdan getdim, cibimdə 48 rubldan başqa heç nəyim olmayıb. Sonra iki il dəniz piyada qüvvələrində hərbi xidmət keçdim, evə dedim ki, mənə bir qəpik də pul göndərməyin, heç şəkərbura da, nar da göndərməyin, vəssalam, ancaq özüm. Çünki insan psixologiyası belədir ki, havayı gələndə düşünür ki, elə həmişə belə olmalıdır. Əgər Moskvada hansısa azərbaycanlı öz dilini doğrudan da öyrənmək istəyirsə, buna imkan tapacaq. Mən ingilis dilini öyrənmək istəyirdim, öyrəndim. Rus dilini bilmirdim, onu da özüm öyrəndim. Yaşamaq, var olmaq sistemi belə olmalıdır.”

Moskvada texnikumu və 2 illik hərbi xidməti bitirdikdən sonra F.Əhmədov 1977-ci ildə Skryabin adına Baytarlıq Akademiyasına daxil olur. Burada əmtəə və əmtəəşünaslıq ixtisası üzrə təhsil alır.

Dostluğa yer olmayan biznes həyatı

Dəri biznesində böyük savada malik olan F.Əhmədov tezliklə Moskvadakı Xarici Ticarət Nazirliyindən asılı olan şirkətlərlə əlaqəyə girərək Qərbi Avropa ölkələrinə dəri ixracı ilə məşğul olmağa başlayır. 1986-cı ildə bu sahədəki təcrübəsini artırmaq üçün Fərhad Əhmədov Londona gedir, xəz birjasında treyderlik edir. İki il sonra biznes sahəsini dəyişir. SSRİ vətəndaşı olan Əhmədov mürəkkəb şəraitdə çox tez düzgün istiqaməti seçir və neft sahəsində fəaliyyətə başlayır. 1987-ci ildə yaratdığı “Tansley Trading” şirkəti SSRİ hökuməti ilə Qərbin iri neft şirkətləri arasında vasitəçi rolunu oynamağa başlayır. Rusiyadan Avropaya neftin çatdırılmasını təmin edən şirkət əks istiqamətdə müasir neft avadanlıqlarını və qurğularını idxal edir. Bu biznesdə onun əsas tərəfdaşı “Qazprom” şirkəti olur. Londonda şirkət rəhbəri kimi gərgin qrafikə malik olsa da, təhsilini artırmaq üçün də vaxt tapır.

1990-cı ildə F.Əhmədov dünyanın ən nüfuzlu təhsil müəssisələrindən sayılan London Ali İqtisadiyyat Məktəbini bitirir. 

15 yaşındaykən tərk etdiyi Azərbaycanı da unutmayan Fərhad Əhmədov 1989-cu ildə Azərbaycan Beynəlxalq Neft Konsorsiumunun yaradıcılarından biri olur. Bu layihəyə o, “Amoco Euroasia” və “McDermott” şirkətlərini də cəlb edə bilir. 1991-ci ildə SSRİ-nin süqutu Fərhad Əhmədov üçün yeni imkanlar açır. Artıq bu vaxt üçün onun şirkətlərinin ticarət dövriyyəsi 10 milyon dollarla ölçülürdü. SSRİ neft və qaz sənayesində dərin böhran yaranmışdı. Belə şəraitdə F.Əhmədovun “Tansley Tarding” şirkəti “Qazprom”a və onun törəmə şirkətlərinə xarici avadanlıqların satılmasını əldə edə bilir.

1993-cü ildə Sibirin Şimal Buzlu okean sahilində böyük qaz ehtiyatlarına malik yataq aşkar olunur. “Şimali Urenqoy” adlandırılan yataqdakı 335 milyard kubmetr qaz ehtiyatını ABŞ-ın “Bechtel Energy” və “Urenqoyqazprom” şirkətləri ortaq istismar etmək üçün müştərək “Nortqaz” şirkəti təsis edirlər. Çətin hava şərtlərində yatağın istismara verilməsi uzanır. 1998-ci ildə Rusiya iqtisadiyyatındakı defolt amerikalı tərəfdaşların layihədən çıxması ilə nəticələnir. F.Əhmədovun “Farko Qrup Limited” şirkəti amerikalıların payını sərfəli qiymətlə satın alır.

“Nortqaz”ın səhmlərinə sahib olmaq ideyası Fərhad Əhmədovun ən uğurlu biznes sövdələşməsi kimi tanınır. Məhz “Nortqaz” kifayət qədər zəngin olan azərbaycanlını milyarderə çevirir və uzun müddət Rusiya neft bazarında “Qazprom”un inhisarına qarşı dayanır. 1999-cu ildən 2004-cü ilə qədər “Nortqaz”ın prezidenti səlahiyyətlərini icra edən Fərhad Əhmədov 2004-cü ildə Krasnodar vilayətindən Rusiya Federasiya Məclisinə senator seçilməsi ilə əlaqədar vəzifəsini könüllü tərk edir.

Təzyiqlərə dözməyərək 2005-ci ildə o, “Nortqaz”ın əsas səhmlərini “Qazprom”a satır. 2012-ci ilin noyabrında Fərhad Əhmədov “Nortqaz”da qalan səhmlərini yəni 49 faizini “Novateka” şirkətinə 1,375 milyard dollara satır. Əldə etdiyi gəlirin bir hissəsini “Qazprom”, “Lukoyl”, “Sberbank” və “Norilsk Nikeli” kimi Rusiyanın maliyyə bazarı nəhənglərinin səhmlərinə yatırır.

Azərbaycanda biznes - ata yadigarı

F.Əhmədovun Azərbaycandakı biznesi “AzNar” müəssisəsi ilə təmsil olunur. Şirkət Göyçay rayonunda geniş nar bağlarına sahibdir. Milyarderin mətbuata verdiyi müsahibədən aydın olur ki, bu müəssisəni atasının xatirəsini əbədiləşdirmək üçün alıb: “Bu zavodun əsasını atam qoymuşdu. Çox bacarıqlı təsərrüfatçı olan atam 1966-cı ildə burda müxtəlif çeşiddə nar məhsulları emal, istehsal edən sex də yaradır. 2006-cı ildə mən atamın xatirəsini, yarımçıq qalmış arzusunu başa çatdırmaq üçün “AzNar” MMC yaradıb bu müəssisəni aldım. Bu işə yardımçı olanlar arasında vaxtilə atamla birlikdə çalışmış insanlar da var. Qarşıya qoyduğum məqsəd-100 faiz natural “Grante” Göyçay nar şirəsini dünyanın 1 nömrəli brendinə çevirməkdir. Yenə deyirəm, bu mənim üçün hobbi və borcdur. Atamın xatirəsi üçün bundan artıq nə isə etməyi tapa bilmədim…”

F.Əhmədovun dediyinə görə, “AzNar”ın məhsulundan hətta Kuba lideri Fidel Kastro da dadıb. 

Evli və üç övlad atası olan Fərhad Əhmədov, deyilənə görə, nərd oynamağı və ov etməyi hər şeydən çox sevir. Onun sovet rəssamlarına məxsus, 60-cı illərə aid və sosart janrında çəkilən böyük rəsm kolleksiyasının da olduğu deyilir. 

2004-2009-cu illərdə Krasnodar vilayəti administrasiyasından Rusiya Federasiyasının federal şurasına üzv-Senator seçilib. Avropa Ölkələri Parlament Assosiasiyasının, Rusiya Federasiyası və Azərbaycan Milli Məclisi parlamentlərarası komissiyanın üzvü olub.

Özü deyir ki, uğur qazanmağın heç bir hazır formulu yoxdur: “Yəni o cür hazır verilənlər mövcud deyil ki, riyaziyyatda olduğu kimi onu formulda yerlərinə yazıb nəticə əldə edəsən. Bu, müxtəlif şərtlərdən, fərqli situasiyalardan, hər bir insanın şəxsi keyfiyyətlərindən, taleyindən və digər məsələlərdən asılıdır. İstənilən halda insanın bu dünyada qoyduğu iz heç də onun maddi imkanları ilə ölçülmür, bu iz həyatda insanın gördüyü işlər nəticəsində yaranır. Hansı ki, həmin işlərə qiyməti də xalq və tarix verir”.

Dostluğu və dostları

F.Əhmədov kimlərlə dostluq etdiyini açıqlamağı sevmir. Lakin dostluğa sədaqəti ilə seçilir. Bir müddət əvvəl Azərbaycanın sabiq energetika naziri Natiq Əliyev vəfat edəndə o, çox sarsılmışdı. Sosial şəbəkədə N.Əliyevlə birgə fotolarını paylaşmış, hətta yaxın dostunun ölümündə həkim səhlənkarlığının rol oynadığını bildirmişdi.

Biznesdə isə F.Əhmədov heç kimlə dostluq etmir, bunu normal da saymır: ““Deməyim düzgün olmaz mən kiminlə dostam. Çalışıram hamı ilə bərabər, eyni zamanda məsafəli münasibətlər saxlayım. Biznesdə dostluq olmur, bu – istisnadır”.

Qeyd edək ki, F.Əhmədov Azərbaycanda bir sıra qeyri-ordinar xeyriyyəçi fəaliyyəti ilə də tanınır. Məsələn, 2015-ci ildə manatın kəskin devalvasiyası zamanı onun “AzNar”da çalışan işçilərin kredit borclarını bağladığına dair məlumatlar yayıldı, heç kim tərəfindən də təkzib edilmədi…

Ötən il isə anası vəfat edərkən dəbdəbəli yas mərasimi əvəzinə yüzlərlə ailəyə 1 aylıq ərzaq məhsulları alıb paylamaqla böyük səs-küyə səbəb olmuşdu…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar