Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirmahmud Mirəlioğlu: “Bu prosesdə gizli və güclü bir əl var”


“İlk dəfə idi ki, hansısa gizli qüvvələr axşam saat 8-ə mitinq təyin edib, buna çağırışlar etdilər”


KXCP sədri Mirmahmud Mirəlioğlu son günlərin aktual mövzuları və partiyasındakı durumla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.

- Mirmahmud bəy, müxalifət olaraq Gəncə şəhərində baş verən hadisələrə münasibətiniz necədir?

- Gəncədə baş verən hadisə cinayətdir. Bu cinayəti törədənlər cəzasını çəkməlidir. Bu məsələni dini müstəviyə gətirmək yolverilməzdir. İstər sünnilik, istər şiəlik olsun, dəxli yoxdur, dini müstəviyə gətirmək zərərlidir. Bu hadisə olmamalı idi. Bu, Mingəçevir hadisəsindən başlamış, icra başçısı Elmar Vəliyevin vurulması, sonra isə iki polis zabitinin qətlə yetirilməsi ilə davam edən prosesdir. Məncə, bu prosesdə gizli və güclü bir əl var. Prosesi həmin gizli əl idarə edir. Həmin gizli əlin harada olduğu da əslində bilinir. Bunu tam məsuliyyətlə deyirəm. Azərbaycanda 25 ildir axşam saat 8-ə mitinq təyin edilməsi faktı olmayıb. İlk dəfə idi ki, hansısa gizli qüvvələr axşam saat 8-ə mitinq təyin edib, buna çağırışlar etdilər. Müxalifət qüvvələri olaraq bizlər yerlərdə olan üzvlərimizə müraciət edirdik ki, bu mitinqdə iştirak etməyin. Məncə, heç kim də iştirak etməyib. Çünki ortada çox suallar var idi.

- Onda belə çıxır ki, Azərbaycanı daxildən hansısa əllər qarışdırmaq istəyir və bu əllərin uzantıları həm də xaricə gedib çıxır?

- Ola bilsin ki, belədir. Gəncədə ölkə kənarından hansı qüvvələrin təsir güclərinin olduğunu bizdən yaxşı hakimiyyət orqanları, hüquq-mühafizə orqanları bilir. 

- Yerli məmurların, xüsusən də rayonların icra başçılarının davranışlarının da bu cür arzuolunmaz hadisələrə təsir göstərdiyini hətta hakimiyyətə yaxın adamlar da etiraf edir. Siz bu barədə hansı fikirdəsiniz?

- Bir çox rayonların başçıları özlərini feodal kimi aparırlar. Şübhəsiz ki, belə məmurlar yerlərdə əhalidə ciddi narazılıq yaradırlar. Niyə icra başçısı qanunları heçə saymalıdır?! Niyə sakinləri özünün rəiyyəti hesab etməlidir?! Belə olanda əlbəttə ki, nə zamansa bir əks-təsiri də ortaya çıxır. İnsanları o həddə gətirib çıxarmaq lazım deyil ki, güc yoluna əl atmaqdan başqa yol qalmadığı qənaətinə gəlsinlər. 

“Təəssüf ki, müxalifət kimi bizi dinləmirlər, bizi görmək istəmirlər, bizə qulaq asmırlar”


- Siyasi partiyaların, cəmiyyətin mövqeyini qənaətbəxş saymaq olarmı?

- Yaranmış vəziyyətdə təbii ki, siyasi qüvvələr, media, cəmiyyət öz vəzifəsini yerinə yetirir. Sadəcə olaraq, bəziləri bilməlidirlər ki, bu ölkədə qatı radikal şiəlik məsələsini ictimai rəyə sırımaq, belə bir süni rəy yaratmaq olmaz. Bunu iddia edənlər zəhmət çəkib Azərbaycanda qatı radikal şiəliyin olduğunu göstərsinlər. Azərbaycanda radikal şiəlik yoxdur. Azərbaycanda bu, mümkün olan deyil. Kənardan ola bilsin ki, belə olmasını istəyənlər var, bu, başqa şeydir. Azərbaycan dövləti bu məsələlərdə bizim fikirlərimizə, mövqeyimizə məhəl qoyarsa, sözümüzü daha geniş müstəvidə deyərik. Təəssüf ki, müxalifət kimi bizi dinləmirlər, bizi görmək istəmirlər. Bizə qulaq asmırlar. Belə vəziyyətdə biz bir-iki media orqanının verdiyi suallara bir neçə cümləlik cavabdan başqa nə də bilərik? Lakin onu da buradan bəyan edirəm ki, dövlətçilik bizim üçün birincidir, hakimiyyət gəldi-gedərdi. Dövlətçiliyimizlə bağlı təhdid yaranarsa, təbii ki, çox ciddi addımlarımız olacaq.

- Mirmahmud bəy, bir qədər partiyanızla bağlı danışaq. Sanki xeyli vaxtdır siyasi meydandan bir qədər kölgəliyə çəkilmiş kimi görünürsüz. Partiyanız hazırda nə işlə məşğuldur, qarşıdakı planlarınız nədir?

- Ölkə və dünya anomal istilərdən əziyyət çəkir. Daldalanmağa kölgə yoxdur, siz də deyirsiz mən kölgəyə çəkilmişəm. Kölgəyə çəkilməyə yer yoxdur (zarafatla verdiyi cavaba özü də gülür.E.S.) Hazırda qurultayımızla bağlı işlərimiz gedir. Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı xeyli işlər görüldü. Yəni fəaliyyətsiz deyilik. Ola bilsin ki, bir çoxları kimi sosial şəbəkədə fəal deyilik. Bu da elə təəssürat yaradıb ki, kölgəyə çəkilmişik. Bizdən jurnalistlər müsahibə alanda danışırıq. Öz-özümüzə danışmağı düzgü saymırıq. Biz öz işimizi görürük, partiyada fəaliyyətimizi davam etdiririk. İctimai rəyə təsir eləmək imkanlarımızı hökumətin yürütdüyü siyasət azaldıb. Siyasi partiyaların hamısı olaraq bir yerdə bir şeyə təsir eləyə bilmirik. Yəni başqa qeyri-adi nə isə yoxdur. Azərbaycanda hətta adam öz intiharı ilə belə, yeni qeyri-adi bir şey göstərə bilmir.

- Partiyaların bəziləri yay aylarında məzuniyyətə çıxdıqlarını elan ediblər. Siyasi partiyanın məzuniyyətə çıxması məntiqlidir?

- Bizim partiyada belə hal olmayıb. Adama deyərlər nə işləmişik ki, nə də istirahət edək. Bir neçə günlüyə rayonlara səfərlər olur, bu səbəbdən iclas gününü dəyişdiririk. Bu isə məzuniyyət sayılmır. Bu yay üçün də istirahət-filan planlarımız yoxdur. Partiyada toplantımızda belə bir təklif olub, amma qərarlaşmayıb.

- Partiyanızın qurultayının vaxtı bəllidir?

- Qurultayı, inşallah, bu il keçirəcəyik. Təşkilat komitəmiz işini görür. Hələ qurultaya hazırlıqla bağlı rayon, şəhər şöbələrində konfransların keçirilməsi faizi 50 faizə yaxınlaşmayıb ki, qurultayın gününü təyin edək. 50 faiz olanda yəqin ki, gününü təyin edəcəyik.

Azərbaycanda hətta adam öz intiharı ilə belə, yeni qeyri-adi bir şey göstərə bilmir”


- Partiya sədrliyinə namizədliyinizi irəli sürəcəksiniz?

- KXCP-nin Azərbaycan Xalq Cəbhəsindən qalma bir ənənəsi var. Sədrliyə namizədlik qurultayda irəli sürülür. Öncədən namizədlik irəli sürməklə bağlı indi bəzi təzə təşəbbüslər var. Yəni bir az “xaric səslər” gəlir. Bunu da normal qəbul edirik...

- “Xaric səslər” deyərkən kimi və nəyi nəzərdə tutursuz?

- Sizin bildiklərinizi və nəzərdə tutduğunuzu.

- Mənim eşitdiyimə və sosial şəbəkədən oxuduğuma görə, KXCP sədrliyinə namizədliyini Oqtay Gülalıyev irəli sürüb. Hətta bu barədə qurultaya hazırlıq üzrə təşkilat komitəsinə də müraciət edib. Oqtay Gülalıyevin sədrliyə namizədliyini irəli sürməsini necə qiymətləndirirsiniz? Bunu bir partiya üzvünün hüququ kimi, yoxsa sizə qarşı çıxması kimi qəbul edirsiniz?

- Növbəti suallarınıza böyük məmnuniyyətlə cavab verərəm.

- Sədrliyə başqa iddiaçılar da var?

- Ola bilər ki, olsun. Problem yoxdur.

- Sanki partiya sədrliyinə namizədliyinizin verilməsi barədə qəti qərarda deyilsiz. Tərəddüd edirsiz, yoxsa təcrübəli siyasətçi kimi bütün kartların açılmasını gözləyirsiz?

- Bizim bu təşkilat çox ağır bir yol keçib. AXC qurulub, Xalq Cəbhəsinin fəaliyyəti nəticəsində bir milli hökumət qurulub və biz 4 iyun qiyamının nəticələrindən sonra Azərbaycan Xalq Cəbhəsinin bərpası ilə məşğul olmuşuq. Bu yolu keçmişik və bu yolda bizim bir-birimizə böyük inamımız olub. Azərbaycan Xalq Cəbhəsi, həm də sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası iki dəfə bərpadan keçib. Buradakı insanlar bir-birinə qarşılıqlı inamla gəlib bu günə çıxıblar. Biz bu inamın nəticəsi olaraq qurultaylarda səs almışıq, namizədliyimiz irəli sürülüb. İndi o inamın hamısını qırmaqmı lazımdır, yoxsa inamın nəticəsi olaraq yolumuzu davam elətdirməliyik? Məncə, yolumuzu davam etdirməliyik. Ona görə də deyirəm ki, qurultayda məsələlər həll olunacaq. İndidən konfranslar başa çatmamış, hətta qurultayın günü təyin edilməmiş, bəzilərinin də sədrlik iddiasında olaraq özlərini qorumaq instinkti ilə bu işə girişməsi bizi mövqelərimizdən çəkindirə bilməz və indiyə qədərki təcrübəni də pozmağa vadar eləyə bilməz. Bu məsələlər qurultayda həll olunur. Mən hesab edirəm ki, mənim taktikam doğru taktikadır.

- Bu yaxınlarda partiyanızdan istefalar da oldu. Burada insanların artıq mübarizədən yorulması, yoxsa başqa daxili səbəblər rol oynamışdı?

- Bu səbəblər və başqa səbəblər rol oynayırdı. Bu məsələlər də yoluna qoyulmaqdadır. Bir az da zamana buraxanda məsələlər gəlib yerbəyer olur. Mən bütün baş verənlərin hamısını təbii hesab edirəm. Hesab edirəm ki, əgər nə yanlışlıq varsa o da mənlikdir. Yəni hamısı mənim boynuma qoyulsun. 

- Digər partiyalarla əməkdaşlıq nə yerdədir?

- Bizim Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzində beş partiya ilə birlikdə fəaliyyətimiz var. Bu fəaliyyət davam edir. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü var. O təşəbbüsə dəstəklə bağlı iki toplantısında iştirak etmişik. Yəni əməkdaşlıqlar mövcuddur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar