Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millitarist Tramp, “izqoy” Putin...

At izinin it izinə qarışdığı geosiyasət və havada oynayan “savaş baltaları”...

Artıq dörd-beş ildir ki, Rusiya Qərbə qarşı açıq qarşıdurma müstəvisinə keçib və demək olar ki, Kreml dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, Qərbin siyasi-iqtisadi maraqlarına qarşı hibrid müharibə aparır və bu hibrid müharibə hər gün öz sərhədlərini daha da böyüdərək qlobal səviyyəyə çatıb. 
 
21-ci əsrin hazırda yaşadığımız zaman kəsiyiində bəlkə də planetin ən böyük geosiyasi çalxantılarından biri yaşanır və bu çalxantının nəticələri təbii ki, planetin ən azı 100 illik gələcəyini müəyyənləşdirəcək. 
 
Bu gün baş verənlərlə, 20-ci əsrdəki oxşar olayların fərqi yalnız ondadır ki, ötən əsrdə iki dünya müharibəsinin səhnəsinə çevrilən Avropa yeni müharibədən qorxur və hər vəchlə müharibəni özündən uzaq tutmaq istəyir. Avropalıların müharibədən qaçmaq cəhdlərinin isə nə qədər uğurlu ola biləcəyi barədə indilik heç nə demək mümkün deyil. Çünki Avropadan fərqli olaraq ABŞRusiya müharibədən qorxmur. Daha doğrusu, Obama dövründə ABŞ müharibədən qaçmağa cəhd göstərirdi və bu cəhd heç də uğurlu alınmadı. Krımı ilhaq edən, Donbası və Suriyanı qismən nəzarəti altına alan Rusiya, “qorxaq” ABŞ-ı küncə sıxışdırdı. Və Vaşinqtonda yaxşı anladılar ki, Rusiyanın “savaş baltasını” havada oynatmasını eləcə seyr etmək, əslində ABŞ-ın dünya üzərində hegemonluğunu sarsıdır. Bəlkə də bu üzdən ABŞ siyasi istibleşmenti “Qüdrətli Amerika” şüarı ilə ortaya çıxan cırtqoz, dəmdəməki və beynəlxalq siyasətdən bixəbər əmlak və tikinti maqnatı Donald Trampın seçilməməsinə elə də həvəs göstərmədi.
 
Obamadan fərqli olaraq seçki dönəmində Rusiyaya simpatiyasını gizlətməyən və hazırda məhz bu simpatiyaya görə davamlı olaraq təzyiqlərə məruz qalan Tramp müharibədən qorxmur və elə Putin qədər və bəlkə də ondan daha çox dünyanı müharibə ilə təhdid edir. Lakin dünyanı müharibə ilə təhdid edən və beynəlxalq siyasətdə şantaj yolu ilə at oynatmaq istəyən təkcə Putin və Tramp deyil. İndi müharibə şantajı yoluyla öz mövqelərini möhkəmləndirmək istəyən ölkələr arasında İsrail, İran, Türkiyə, Şimali Koreya, Səudiyyə Ərəbistanı və hətta Çin kimi bir sıra güclər də yer alır. Yəni faktiki olaraq hər kəs ikinci dünya müharibəsindən sonra torpağa basdırılan “savaş baltasıını” çıxarıb başı üzərində silkələyir. 
 
Bunların arasında təkcə Çin “savaş baltasıını” əlində tutsa da başı üzərində silkələmir. Daha doğrusu, Çin öz maraqlarından bir addım da olsa geri çəkilmir, lakin heç kimin üzərinə də kükrəmir.
 
Müharibə şantajının əsasə hədəfi isə “köhnə dünya” dır. Yəni Avropa Birliyi. Avropa Birliyi “savaş baltasıını” hələ də torpağın altından çıxarmaq istəmir. Lakin təkcə Rusiya tərəfindən təhdid olunmur. Eyni zamanda Tramp da Avropa Birliyini və bu birliyin siyasi-iqtisadi dəyərlərini Putin qədər təhdid edir. 
 

“Maraqların ortaq nöqtələrini tapmaq artıq diplomatlar üçün imkansız hala gəlməkdədir. Bu halda təbii ki, maraqların təmin olunması üçün güc faktoru önə çıxır”.

 
Artıq demək olar ki, beynəlxalq aləmdə sabitlikdən danışmaq mümkün deyil. Əslində baş verənlər böyük müharibənin getdiyindən xəbər verir və hər gün aldığımız xəbərlər bütün planetin savaş içində olduğunu göstərir. Çünki heç bir dövlətin maraqları digər subyektlərin, daha doğrusu, beynəlxalq aktyorların maraqları ilə üst-üstə düşmür və bütün maraqlar, hətta geostrateji müttəfiq olan dövlətlərin maraqları belə, çarpaz kəsişir. Bu maraqların ortaq nöqtələrini tapmaq isə artıq diplomatlar üçün imkansız hala gəlməkdədir. Bu halda təbii ki, maraqların təmin olunması üçün güc faktoru önə çıxır və artıq bu amil öndədir.
 
Doğrudanmı bizi qlobal müharibə təhlükəsi gözləyir və demək olarmı ki, üçüncü dünya müharibəsi, daha doğrusu nüvə müharibəsi qapının kəndarında dayanıb?
 
Soyuq savaş dönəminin bitməsindən, yəni SSRİ-nin süqutundan sonra çoxumuz düşünürdük ki, artıq nüvə müharibəsi təhlükəsi arxada qalıb. Lakin beynəlxalq siyasətin indiki mənzərəsinə baxılarsa, hazırda nüvə müharibəsi ötən əsrin 70-ci illərindən daha real və yaxın görünür.
 
Hələ ki, nüvə müharibəsinin kəndarda olduğunu söyləmək mümkün olmasa da, təhlükənin hər gün daha da böyüdüyü göz önündədir. Təkcə Putinin Federal Məclisə müraciətində yeni silahlardan bəhs etməsi onu göstərir ki, dünya yeni silahlanma yarışına qədəm qoyub. Burada Rusiya prezidentinin “Rusiya olmazsa, dünya bizə lazım deyil”, fikrini də xatırlatmağa ehtiyac var. Yəni dünya güclərinin qarşıdurması çərçivəsində artıq taktiki və strateji nüvə silahlarından istifadə olunacağını nə Rusiya, nə də ABŞ gizlətmir.
 
Okeanın o tayında ənənəyə uyğun olaraq silahlanma yarışınında Rusiyanın məhdud iqtisadi resurslarını tükətməyə çalışırlar. Rusiya öz növbəsində yeni silahlarla dünyanı qorxu içində saxlamağa və bu yolla fövqəldövlət statusunu bərpa etməyə çalışır. Lakin maraqlısı odur ki, istər Rusiya, istərsə də ABŞ “izqoy ölkə” adlandırdıqları Şimali Koreya kimi davranırlar və nə Putin, nə də Tramp bunun fərqinə varmırlar. 
 
Nüvə təhlükəsini böyüdən faktorlardan biri isə bu gün ABŞ-ın başında duran Donald Trampın Barak Obamadan və hətta kiçik Corc Buşdan fərqli olaraq intellektual səviyyəsinin çox aşağı olmasıdır. 
 

“Putin düşünür ki, ancaq “izqoy ölkələrin” lideri olaraq Rusiya Qərb dünyası ilə, daha doğrusu, ABŞ-la bərabər statusda çıxış edə bilər”. 

 
Putinin intellektual səviyyəsindən isə danışmağa dəyməz. Çünki RF prezidentinin intellekti dünyanın sivil yolla inkişafına deyil, nəyin bahasına olursa olsun, Rusiyanın fövqəldövlət statusunu bərpa etməyə köklənib və bu intellekti başqa istiqamətə yönləndirmək faktiki olaraq mümkün deyil. Elə buna görə də Putin belə demək mümkündürsə, “izqoy ölkələrlə” ittifaq yaradaraq (daha doğrusu, bu ittifaqı yaratmağa cəhd edərək), aparıcı iqtisadiyyata və texnologiyaya sahib olan Qərb dünyasına qarşı antiliberal cəbhə formalaşdırmağa can atır. 
 
Yəni artıq Rusiyadan bir Avropa dövləti olaraq bəhs etmək mümkün deyil. Əgər SSRİ özünün ideoloji və idarəetmə prinsiplərində Şumer və İnklərin, həmçinin qədim yəhudilərin kazarma sosializmi prinsiplərinə dayanaraq, həm Avropa, həm də Şərq dəyərlərini özündə birləşdirə bilirdisə, indiki Rusiya sadəcə avtoritar Şərq dəyərləri üzərində formalaşmaqdadır. İndiki Rusiya SSRİ-dən ideoloji təmələ sahib olmaması ilə fərqlənir və tək ehtiva etdiyi dəyər (hətta bütün planet bu məqsədin qurbanı olsa belə) Rusiyanın dünyada aparıcı mövqeyə sahiblənməsinə nail olmaqdır. 
 
Putin Avropa dəyərlərinin bir hissəsi olmaqdansa, inkişafdan geri qalmış və avtoritar dəyərlərə tapınan ölkələrin lideri olmağa üstünlük verir. Putinin dünyanın tarazlığını və sabitliyin təmin olunmasını bu şəkildə anlayır. Yəni Putin bir lider olaraq heç də Kim Çen İndən fərqli düşünmür və fərqli bir intellektə də sahib deyil. Yəni Kim Çen İn qədər “izqoy” olan Putin Rusiyanı da sürətlə “izqoy” dövlətə çevirməkdədir. Daha doğrusu, o, buna nail olub. Putin özü bilərəkdən Rusiyanı Qərb dünyasından təcrid edir. Çünki Qərb dünyasında Rusiyanın lider olması imkansızdır və düşünür ki, ancaq “izqoy ölkələrin” lideri olaraq Rusiya Qərb dünyası ilə, daha doğrusu, ABŞ-la bərabər statusda çıxış edə bilər. 
 
Məhz Rusiya siyasi elitasının bu düşüncə tərzi və Rusiyanın arsenalında olan hərbi resurslarla aparılan hibrid savaş hazırda dünyada gedən geosiyasi müharibənin çalarlarını müəyyənləşdirir. Bu fonda artıq Qərb dövlətləri də Rusiyanın maraqlarını özləri üçün təhlükə olaraq dəyərləndirir və hətta Rusiya ilə siyasi-iqtisadi əlaqələri belə tədricən qoparıb atırlar. Bu isə dünyada qütbləşmənin nə qədər sürətlə getdiyinin göstəricisidir. 
 
Baş verənlərə görə isə Moskva hər şeydən əvvəl ABŞ-ı və Avropanı təqsirli hesab edir. Halbuki Kremldə oturanlar özlərinin nə qədər qeyri- səmimi və yalançı olduqlarını, həmçinin hibrid savaşın mənbəyini təşkil etdiklərini yaxşı bilirlər. Son olaraq Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın və qızının kimyəvi silahla zəhərlənməsini buna sübüt olaraq göstərmək mümkündür. Bu hadisə əslində Rusiyanın Avropada qorxu mifi yaratmağa çalışmasının adi nümunələrindən biridir. Lakin bu hadisə nəticəsində Rusiyanın Avropadakı maraqları da ciddi təhlükə altına girib ki, bunun nəticələrinin Kremlə necə təsir edəcəyini zamanla görəcəyik. Hazırda isə Kreml gəözləmədiyi bir vəziyyətlə rastlaşıb. Qərb ölkələri heç bir zaman göstərmədikləri birliyi “Skripal məsləsi”ndə Rusiyaya qarşı sərgiləməkdədirlər. Dünən ABŞ başda olmaqla 22 Qərb dövləti Rusiya diplomatlarını ölkələrindən çıxarmaq haqqında qərarlarını elan etdilər. Belə bir həmrəylik və diplomatların belə kütləvi şəkildə persona non-qrata elan olunması hələ heç yerdə görünməmişdi və görünən odur ki, “Skripal məsləsi” illə Qərb Rusiya münasibətləri yeni fazaya qədəm qoydu. Böyük ehtimalla Kremldə hesab edirdilər ki, Avropa kimyəvi silah hücumuna qarşı sadəcə bir neçə kəskin bəyanatla cavab verəcək və diplomatik qalmaqallar bir müddətdən sonra unudulacaq. Lakin Avropada Putinin xofu qalmaqda davam edəcək. Hazırda yaranmış vəziyyət isə Kreml üçün doğurdan gözlənilməz versiya olaraq ortaya çıxıb. Hər halda Putin vəziyyətdən daha böyük müharibə şantajı ilə çıxmağa cəhd göstərəcək. 
 

“Putin Rusiyanı da sürətlə “izqoy” dövlətə çevirməkdədir. Daha doğrusu, o, buna nail olub”.

 
Rusiyadakı mövcud vəziyyəti isə ən mükəmməl şəkildə bir neçə gün əvvəl tanınmış rus yazıçısı Dmitri Bıkov “Sonuncu seçkilər” məqaləsində ifadə edib: “Krıma qədər müxtəlif variantlar vardı, amma Krımdan sonra ya Çueşusku variant var, ya da bəşəriyyətin məhv olması”. Daha sonra fikrini davam etdirən məşhur rus yazıçı qeyd edir ki, bundan sonra faşizm Rusiyada heç vaxt olmayacaq. O, ya indiki siyasi kursla yox olacaq, ya da Rusiya və dünya ilə birlikdə məhv olacaq.
 
Putin Rusiyasının dünya üçün yaratdığı təhlükəni bir rus yazıçı belə görür və burada ciddi şişirtmə yoxdur. Çünki qarşısına çıxan hər kəsi faşist olmaqda ittiham edən Putin çoxdan, bəlkə də özü də hiss etmədən, Rusiyada faşizmi dövlət səviyyəsinə qədər yüksəldib. 
 
Lakin dünya üçün təhlükə yaradan tək tərəf Rusiya deyil. Eyni zamanda təkqütblü dünyanın lideri olan ABŞ-ın da izlədiyi siyasət dünya üçün əsas təhlükə mənbəyidir və bu təhdid Rusiyanın yaratdığı təhlükədən heç də kiçik deyil və demək olar ki, daha qlobaldır. Çünki hazırda Tramp adminstrasiyasının izlədiyi militarist siyasət birbaşa dünyanın mövcud nizamını dağıtmaqdadır. Bu təhlükənin əsas mənbələrindən biri isə son onillikdə ABŞ-ın öz ənənəvi və strateji müttəfiqlərinin geosiyasi və geoiqtisadi maraqlarını tapdalamağa can atmasıdır. 
 
Diqqət yetirilərsə, hələ Obama dönəmindən başlayaraq ABŞ istər əsas və ənənəvi müttəfiqləri olan Avropa Birliyi ölkələri ilə (hətta ABŞ-ın ən strateji və tarixi müttəfiqi olan Böyük Britaniya ilə) ciddi geosiyasi və geoiqtisadi fikir ayrılığı içinə girb. Yaxın Şərqdə baş verən prosseslər çərçivəsində isə regionda əsas müttəfiqlərindən biri olan Türkiyə ilə münasibətlərindən danışmağa belə dəyməz. Obama dönəmində Avropa Birliyi ilə pisləşən münasibətlər Trampın hakimiyyəti dövründə demək olar ki, cığırından çıxıb. Tramp və Adminstrasiyasının yürütdüyü siyasət əsasən daxildə olan ciddi təqiblər fonunda daha çox Amerika xalqının “sosial maraqları”nın qorunmasına fokuslaşıb. 
 
Məhz bu populizm hazırda dünyada gedən qlobal geosiyasi prosseslər fonunda ABŞ-ın sürətlə təklənməsinə yol açır. 
 
Bu gün Yaxın Şərqdə baş verən prosselərə belə ani nəzər salsaq, görərik ki, ABŞ-ın Yaxın Şərqdəki regional güclərlə münasibətləri çox bərbad vəziyyətdədir və bir neçə ildən sonra Türkiyə kimi digər ölkələr də, o cümlədən sünni ərəblər də ABŞ-a asi olacaq. Çünki ABŞ-ın bölgədə yürütdüyü siyasət İsrailin milli maraqlarını təmin etməyə fokuslanıb və artıq əminliklə demək olar ki, qısa müddət sonra Yaxın Şəqrdəki Rusiya-Türkiyə-İran triosuna İraq da qoşulacaq. 
 
Bu gün ən böyük gərginlik ocağı, daha doğrusu geosiyasi zəlzələnin epsentri Suriya olduğunu hamımız bilirik. Hazırda Suriya üzərindən bütün Yaxın və Orta Şərqin yenidən şəkillənməsi prossesi gedir və buna görə də yaxın 10 il (bəlkə də onilliklər) müddətində Suriyada vətəndaş müharibəsinin bitməsi və sabitliyin yaranması gözlənilmir. Yəni Suriyada müharibə ona görə uzanır və uzanacaq ki, İran və Türkiyə Yaxın Şərqin ABŞ və İsrailin arzu və istəyinə görə şəkillənməsini istəmir. Eyni zamanda təbii ki, Rusiya da sözügedən məsələdə İran və Türkiyə ilə həmrəydir və regionda lider duruma gələ bilmək üçün adı çəkilən iki regional müsəlman dövləti ilə işbirliyi içində çalışır, bunun üçün özünün hərbi üstünlüyündən maksimum yararlanmağa çalışır. Sünni ərəblərin də ayrı-ayrı maraqları var və sünni ərəblərin lideri olaraq çıxış edən Səudiyyə Ərəbistanı da hər nə qədər Vaşinqtonun buyruq qulu olaraq görünsə də əslində öz strateji maraqlarını təmin etməyə can atır.
 

“Yaxın Şərqdə ABŞ-ın iki əsas müttəfiqi var. Bunlar İsrail və kürdlərdir ki, bu ittifaq regionun bütün dövlətlərində qıcıq yaradır”.

 
Artıq demək olmaz ki, Avropa Birliyi Yaxın Şəqrdə ABŞ-ın müttəfiqi olaraq çıxış edir. Sadəcə bunun görüntüsü var və həmin görüntü istənilən sitiuasiyada dəyişə, ya da itə bilər. Hazırda demək olar ki, Yaxın Şərqdə ABŞ-ın iki əsas müttəfiqi var. Bunlar İsrail və kürdlərdir ki, bu ittifaq regionun bütün dövlətlərində qıcıq yaradır.
 
Trampın geoiqtisadi siyasəti də bütün dünya üçün ciddi təşviş yaradır. Təkcə onu demək kifayətdir ki, Trampın ABŞ-ın daxili bazarını qorumaq adı altında yürütdüyü siyasət dünyada ticarət savaşının yaranmasına və dünyanın nizamını pozmağa yol açdığı kimi, ABŞ-ın müttəfiqlərini də Vaşinqtondan sürətlə uzaqlaşdırmaqdadır. Bu geoiqtisadi siyasət eyni zamanda ABŞ-ın hərbi gücündən qat-qat çox, dünyaya nüfuz edən dolların nüfuz dairəsinin zəifləməsinə də yol açır. Dolların dünya iqtisadiyyatı üzərində birbaşa hakimyyəti və nüfuzu olmadan ABŞ-ın təkqütblü dünyada liderlik etməsi mümkün deyil. Lakin Trampın itisadi siyasəti dolların dünya hakimiyyətini kəskin zəiflətməyə yönələn siyasətdir. Sözügedən tendensiya bu gün kəskin hiss olunmasa belə, bir neçə onillikdən sonra ortaya çıxan mənzərə tamam fərqli ola bilər və yəqin ki, olacaq. Hər şeydən əvvəl yeni başlayan ticarət savaşından dolların qalib çıxması sual altındadır. Dolların hegemonluğunun itirilməsi isə Vaşinqtonun dünya üzərində ağalığının itirməsinə düz mütənasibdir. Trampın başlatdığı ticarət savaşının nəticəsində isə dünyada iqtisadi-siyasi xaosun yaradacağını da istisna etmək olmaz.
 
Artıq demək olar ki, dünyanın iqtisad-siyasi nizamının pozulması Tramp üçün prioritet olaraq görünür. Əgər Putin inkişafdan geri qalmış və avtoritar dəyərlərə tapınan ölkələrin lideri olmaqla Qərbə qarşı antiliberal cəbhə yaratmağa çalışırsa, Trampın yürütdüyü siyasət dünyada siyasi-iqtisadi xaosun yaranmasına istiqamətlənib. Ruisyda siyasi elitanın və sadə xalqın beyni fövəldövlətin bərpa olunmasına fokuslandığı və eyforiya içində Rusiyanın uçruma doğru getdiyini görə bilmədikləri kimi, Trampın ətrafındakılar da “daha qüdrətli Amerika” eyforiyası altında xaosun qapısını açdıqlarını və “cini şüşədən buraxdıqlarını” fərq etmirlər. Bu hazırda dünyanın bir nömrəli problemidir və əgər 2020-ci ildə Trampın populist və yarıfaşist, millitarist siyasətinin qarşısı alınmazsa, onda xaosun miqyasını təsəvvür belə etmək qorxunc görünür. 
 
Trampın xarici siyasəti o qədər populistdir ki və ABŞ-dakı mürəkkəb daxili siyasətə o qədər fokuslanıb ki, Donald Tramp üçün ABŞ-ın yeganə müttəfiqi İsrail olaraq görünür. İsrailin bütün maraqlarını birmənalı olaraq dəstəkləyən Tramp hakimiyyətdə qala bilmək üçün hər şeyi edir və bu zaman ABŞ-ın geosiyasi maraqlarını bütün dünyada təhlükəyə atdığından da xəbərsiz kimi davranır. Halbuki ABŞ-ın Avropa ilə münasibətləri İsraillə olan münasibətlərindən qat-qat üstün, Yaxın Şərqdə ABŞ-ın əsas söz sahibi ola bilməsi üçünsə bir sıra dövlətlərlə, o cümlədən Türkiyə ilə münasibətləri isə İsraillə olan əməkdaşlıq qədər önəmlidir.
 

“Tramp mövcud dünya nizamını dəyişmək üçün bütün mövcud imkanlardan yararlanacaq”.

 
Trampın son kadr dəyişiklikləri isə onun militarist siyasətini daha da genişləndirmək niyyətindən xəbər verir. Söhbət hər şeydən əvvəl Mayk Pompeonun dövlət katibi və Tramp qədər İsrailin yürütdüyü siyasəti birmənalı şəkildə dəstəkləyən Con Boltonun isə milli təhlükəsizlik məsələləri üzrə prezidentin məsləhətçisi təyin olunmasından gedir. ABŞ-ın xarici siyasətinin hər zaman militarist düşüncələri ilə diqqəti cəlb edən bu iki şəxsə tapşırılması bir daha onu göstərir ki, Tramp mövcud dünya nizamını dəyişmək üçün bütün mövcud imkanlardan yararlanacaq. Bu isə hər şeydən əvvəl ABŞ-ın və Avropa Birliyinin gələcəyi üçün böyük təhlükə yaradır. Misal üçün, ABŞ-ın İranla bağlanan nüvə sazişindən birtərəfli olaraq çıxması dünyanın nizamının dəyişməsinin başlanğıcı ola bilər. Çünki Avropa Birliyi İranla olan sazişdən çıxmayacağını açıq şəkildə bildirir və Vaşinqtonun bu addımı ABŞ-la Avropa Birliyi arasında strateji fikir ayrılığına, o cümlədən NATO-da fikir ayrılığına səbəb ola bilər.
 
Xatırladaq ki, bir neçə gün əvvəl yayılan məlumata görə, hələ Davos Forumunda Almaniya kansleri Anqela Merkel İsrailin baş naziri Benyamin Netanyahuya İranla bağlı xəbərdarlıq edib: İranla nüvə sazişinin uğursuzluğa düçar olması qlobal siyasi parçalanmaya səbəb olacaq. Barrikadanın bir tərəfində ABŞ və İsrail, didər tərəfində isə Almaniya, Böyük Britaniya, Fransa Rusiya, Çin və İranla birlikdə qalacaq”.
 
Avropa Birliyinin iradəsini uitimativ qaydada İsrail liderinə çatdıran Merkel bu vəziyyətdə həmçinin böyük müharibəni də qaçılmaz hesab edib. Qeyd edək ki, Almaniya kanslerinin İsrailin baş nazirinə bu qədər açıq şəkildə ultimatum verməsi, eyni zamanda ABŞ prezidentinin İsraildən nə qədər asılı bir lider olmasının göstəricisi olaraq da qəbul oluna bilər. Hər halda Merkelin öz rahatsızlığını Trampa deyil, (ola bilər ki, Tramp Avropadakı tərəfdaşlarının bu rahatsızlığı düzgün qiymətləndirə bilməyib), Netanyahuya ünvanlaması bundan xəbər verir. 
 
Trampın Rusiya ilə münasibətləri də çoxlu suallar yaradır. Hər şeydən əvvəl ABŞ siyasi istiblişmentinin, o cümlədən, Trampın təmsil etdiyi Respublikaçılar partiyasının Rusiyaya qarşı mövqelərinin ortada olmasına rəğmən, Trampın Rusiya ilə bağlı mövqeyinin hələ də formalaşmaması və prezidentin Rusiyaya qarşı çəkingən davranması, Rusiyaya qarşı bütün addımlarını məcburi olaraq atması, hər zaman populist duyğularla yanaşdığı Amerika xalqına qarşı qeyri- səmimi olmasından xəbər verir. Belə görünür ki, Tramp prezidentlik dönəminin sonuna qədər Rusiyaya qarşı sabit mövqeyini ortaya qoya bilməyəcək. Bu isə zaman-zaman ABŞ-ın xarici siyasətində müxtəlif böhranlara yol açacaq və dolayısı ilə Kremlə daha çox manevr imkanları yaradacaq. 
 

“Əgər Müllerin araşdırmasında Tramp “təmizlik kağızı” alarsa, o zaman onun Rusiyaya qarşı daha isti siyasət yürüdəcəyi istisna olunmur”.

 
Yəni Trampın Rusiyaya qarşı “qırmızı xətti” yoxdur və Trampın Rusiya siyasətinin əsas mahiyyət prokuror Pobert Müllerin araşdırmasından sonra ortaya çıxacaq. Əgər Müllerin araşdırmasında Tramp “təmizlik kağızı” alarsa, o zaman onun Rusiyaya qarşı daha isti siyasət yürüdəcəyi istisna olunmur. Bu isə dünya üçün təhlükənin daha da böyüməsinə, yəni Putinin daha inamla Avropanı küncə sıxışdırmağa çalışmasına, Ukraynaya qarşı daha aqrressiv olmasına, həmçinin MDB məkanında və dünyanın bir sıra strateji nöqtələrində daha sərbəst davranmasına yol açacaq.
 
Demək olmaz ki, Rusiyanın Avropada, postsovet məkanında, həmçinin Yaxın Şərqdəki və Sakit Okean hövzəsindəki maraqları hansı bir haldasa ABŞ-ın maraqları ilə üst-üstə düşür. Yuxarıda da qeyd etdiyimiz kimi, geosiyasi savaşın qlobal və regional oyunçularının hər birinin maraqları digərlərinin maraqlarından kəskin fərqlənir və faktiki olaraq diplomatiya hazırda bu maraqların tənzimlənməsində gücsüzdür. Lakin Trampın dünyanı Putinlə müəyyən mənada bölüşməyə meyl etməsi də açıq-aşkar görünür və bu təbii ki, xaosun ABŞ daxilində böyüməsi üçün belə, fitil rolunu oynayır. 
 
Zamanında orta səviyyəli bir şoumen olan Tramp özünün siyasi kursu ilə tək dünyaya deyil, həmçinin ABŞ cəmiyyətinə də xaos toxumları əkir. Psixoloji olaraq Trampdan sonrakı dönəmdə belə bu toxumun cücərməsi və artması mümkündür. Hər halda Trampın militarist siyasəti ABŞ-da uzun müddət təsir gücünə sahib olacaq. Bunu tarixi təcrübə deyir...
 
Картинки по запросу azər qaramanlı
Azər QARAMANLI
pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Soçidə rus canfəşanlığı və dəyişməyən mövqelər…

90-cı illərin “bespredel”inəmi qayıdırıq – “fədailərin” arxasında kim, ya da kimlər durur?

İnhisarçı Qərb qüvvələrinin yeni anti-Azərbaycan kartları: Yeni şər qapıları açılır...

Qərb sivilizasiyasının iflasının elanı və “Qərbsizlik” sindromu

Ətli-plovlu ehsanı anladıq, bəs nəzir-ehsanlar nə olacaq?..

Yeni pensiya qaydalarından kimlər qazanır? – Xalq, dövlət, yoxsa kimlərsə...

Gömrük Komitəsi həm xalqın, həm də hakimiyyətin probleminə çevrilir...

Putin üçün “Vətən Müharibəsi” və süqutun üçüncü mərhələsi

İranın iki fərqli sevgisi və iki od arasındakı Bakı - Azər Qaramanlının yazısı

Siyavuş Novruzovun məntiqinin arxa pəncərəsindən görünənlər – Replika

Bizi tükədən parazit psixologiyası - İslahatlar beyinlərə köçürülməlidir...

Ən çox oxunanalar