Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Milli dəyərlərin təcəssümü - Elçibəyim

Məndən xöşbəxt olan insanlar Elçibəyi canlı görüb onunla ünsiyyət quran insanlardır


Elçibəy mənim üçün ideal insandır. Bu ideal insan obrazı mənim beynimdə hələ uşaq vaxtlarından formalaşmışdı. İlk dəfə Elçibəyin şəklin görəndə, sanki onda bir doğmalıq, yaxınlıq, qayğıkeşlik hiss etdim. Bəlkə də bu hissləri insana onun gözündə olan məna verirdi. Düzdür, onun prezidentliyi illərində uşaq olmuşam, amma düşünəndə özümü xöşbəxt hiss edirəm ki, uşaq belə olsam, onun qısa hakimiyyəti dövründə yaşamışam. Məndən xöşbəxt olan insanlar da Elçibəyi canlı görüb onunla ünsiyyət quran insanlardır.

Mən 2-3 aydan bir Bəyin qəbrini ziyarət edirəm. Onunla söhbətləşirəm. Elə hiss edirəm ki, o, olan hər şeyi görür, bilir və qiymət verir. Onu ziyarət etmək belə insanı mənəvi rahatlıq verir. Bir insanın məzarını ziyarət etmək bu qədər gözəl ola bilərmi?

Başqaları üçün bəlkə də ola bilməz, amma mənim üçün gözəldir. Hərdən fikirləşirəm ki, mən Bəyi canlı görsəydim nə edərdim… Onun üzündəki o ifadəni canlı görməyi çox istəmişəm. Və Bəyin köməkçisi olmuş Oktay Qasımovla müsahibə zamanı mən xəyalən elə bilirdim Bəyin özü ilə söhbət edirəm. Çünki Oktay bəy ilk adam idi ki, Elçibəyi canlı görən, onun işçisi olan, əsas da ona sadiq olan bir adamla ünsiyyətdə olurdum. Sualların, alacağım cavabların həyəcanı deyil, Elçibəy adının həyəcanı məndə vardı.

Və nədənsə, mənim üçün həmişə maraqlı məqam Bəyin əsəbi olan vaxtları olub. Görəsən o cür insan əsəbi olanda yenə o səbrini, təmkinini qoruya bilirmiş?

Elçibəy haqqında çox oxusam, hər bir kəlamını bilsəm də yenə elə bilirəm heç nə bilmirəm. Çünki mənə görə o insan özünü tam ifadə edə bilmədi. Elə bilirəm Bəyin gizli tərəfləri çoxdur, amma onun zamanı olmadı bu gizlinləri göstərməyə. Bəlkə də hansısa məqamda istəyib, amma zamanının olduğun düşünüb. Və o zaman çox təəssüf ki, onun üçün olmadı.

Az vaxtda olsa belə yaxşı ki, o, bizim Elçibəyimiz olub. Ondan sonra yetişən hər bir nəsil onu unutmaycaq. Mən bundan əminəm. Necə ki, mən hər gün onu yad edirəm, onun hansısa bir sözün xatırlayıram.

Mənim tanıdığım siyasətçilər içərisində Bəy yeganə adam olub ki, Azərbaycan xalqı üçün həyatda hər şeyini qurban verməyə hazır olub. Nə qədər axtarsam da, bu fədakarlığın zərrəsi heç bir siyasətçidə görmürəm.

Elçibəy xalqının, vətəninin vurğunu olub. Bu vurğunluğu, fədakarlığı xalqına çatdıra bildirdiyinə görə də heç zaman yaddaşlardan silinməyəcək. Bəy az zamanda xalqı üçün çox işlər görüb. Bu işlərdən ən önəmlisi də onun bütün mənəvi dəyərlərə sadiq qalan bir adam kimi tanınmasıdır.

Bildiyim qədəri ilə Elçibəy həmişə insanlara hədsiz inam bəsləyib. O inanırmış ki, insanlar mahiyyətcə yaxşı keyfiyyətlərə malikdirlər, onlara yaxşı şərait yaradıldıqda ağıllı hərəkət edəcək, təmiz yaşayacaq, doğru işlər görəcəklər. Bəzi insanlar isə onu sadəlövh adlandırır. Amma başa düşmürlər ki, Elçibəyi Elçibəy edən elə onun xüsusiyyətləri olub. O demək deyil ki, çox zamanda hakimiyyətdə qalasan. Bəy sevimli bəndələrdəndir ki, az zamanda bu qədər xalq sevgisini ala bilib və almaqda da davam edir.

Elçibəy inanırdı ki, yeni müstəqil Azərbaycan dövlətində hamı ümumi rifah naminə çalışacaq. Amma Bəy hamını bu amal uğrunda çalışan görə bilmədi. Çünki mənim Elçibəyim güvənsizilik nə olan hissdir, bilmədiyi halda çox güvənsizliklər gördü.

Hər bir insan vicdanlı, düz olmağa meyllidir. Düşünürəm ki, Bəydə bu keyfiyyətlərə meyillik deyil, keyfiyyətin tam özü olub. Hər bir xalqa yaşamı dövründə heç olmasa bir dəfə onu qeyd-şərtsiz sevən və ona güvənən bir liderinin olması qismət olmur. Buna görə də hansı səhvləri olub-olmamasından asılı olmayaraq yaxşı ki, Elçibəyimizi seçmişik. İnanıram ki, bayaq sadaladığım keyfiyyətlərdən az da olan hər kəs bu seçimə görə heç vaxt peşman olmayıb.

Elçibəyin Azərbaycanla, dövlətçiliklə bağlı ideyaları olub. Bəy bu ideyaların çoxun həyata keçirdə bilmədi, amma inanıram ki, Elçibəy ideyaları nə vaxtsa həyata keçəcək. Bütün həyatı boyu həm tələbə, həm də müəllim olan bu liderin ideyalarının həyata keçməməsi səhv olardı.

Elçibəy Azərbaycanı sevdiyi qədər mən də onu sevirəm. Bəy deyib ki: “Mən bilirəm ki, öldükdən sonra mənim məzarımın üstündən keçən uşaq-böyük hər kimsə, ən azından bir salavat verib gedəcək. Çünki mənim heç vaxt xalqımın pulunda gözüm olmayıb. Düzdü, mən xalqım üçün böyük işlər də görə bilmədim, amma eyni zamanda nə həkimimin, nə professorumun, nə fəhləmin, nə müəllimimin 1 qara qəpiyini də yemədim, buna görə içim rahatdır”.

Sağlığında belə bu cür rahatlığının olacağını bilən insan olduğuna görə onu sevməmək olmaz. Bəy bu qədər yad edildiyi, sevildiyini bildiyinə görə ruhu şaddır. Ruhun şad olsun Elçibəyim! Azərbaycan adına…

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim olunur

Nərminə Umudlu
pia.az
Etiket:
loading...