Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Şuranın mitinqi ilə bağlı bədbin proqnozlar


Tanınmış siyasətçilər və neytral ekspert kütləviliyin olacağına inanmırlar; “Təbii ki, aksiya sosial sifariş olmadığı üçün mitinqdə az sayda insan iştirak edəcək”


Milli Şura 15 marta təyin etdiyi mitinqə hazırlaşır.


“Talançılığa son!” şuarı ilə keçiriləcək mitinqdə kütləviliyin təmin edilməsi üçün sosial şəbəkədə qurum üzvləri çağırışlar edirlər. Mili Şura mitinqi “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirmək istəyindədir. Mitinqdə kütləviliyin necə olacağı ilə bağlı müxtəlif proqnozlar və fikirlər irəli sürülməkdədir.

Məsələn, eks-spiker Rəsul Quliyev moderator.az-a açıqlamasında deyib ki, mitinqə 10 mindən az adam çıxsa, bu, hakimiyyətin xeyrinə işləyəcək: “Moskvada 10 milyon adam yaşayır, Nemtsovun qətli ilə bağlı aksiyaya 100 mindən az olmayan insan kütləsi qatılıb. Bunu bütün nüfuzlu təşkilatlar, o cümlədən xarici agentliklər yazır. Bakıda isə 3,5 milyon insan yaşayır, deməli, Moskva səviyyəsinə çatmaq üçün mitinqə 35 min adam çıxmalıdır.

Əgər Moskvadakı aksiyanı bütün Rusiyaya (143 milyon əhalisi var) aid edib Azərbaycanla (9.5 milyon əhalisi var) müqayisə etsək? Azərbaycanda 6300 adam çıxmalıdır. Və ya Azərbaycanı bütövlüklə Moskva ilə müqayisə etsək həmin 100 min mitinqə çıxmalıdır. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar qiymətlərin qalxması əleyhinə mitinq keçirmək istəyənlər böyük bir məsuliyyəti üzərlərinə götürürlər. Ola bilər bu məsuliyyətin nədən ibarət olduğunu başa düşmürlər, mən məcburam bir daha izah edəm. Keçirəcəkləri mitinqə 10 mindən az adam gəlsə, bu, hökumətə ”qorxma, bu siyasətini davam etdir" mesajını göndərmək olacaq. Və sözsüz, hökumət qiymətləri qaldırmaq, manatın məzənnəsini aşağı salmaq siyasətini daha inamla həyata keçirəcək. Əgər mitinqə 1000 adamdan az çıxsa, qiymətlərə dəyişiklik mitinqin sabahı günü başlaya bilər. Hökumət camaatın onun siyasətini dəstəkləyir illüziyasına özünü inandıracaq və xalq müxalifəti dəstəkləmir faktorunu bir tərəfə qoyacaq. Bu isə reallıqdan uzaqlaşmaq deməkdir. Bu da lokal çaxnaşmalara yaxınlaşmaq anlamına gələcək".

Milli Şurada dominant rolunu oynayan AXCP-nin sədri Əli Kərimli isə 15 mart mitinqinə qatılmaq üçün çağırış edib. Facebook səhifəsində xalqa ünvanlanan çağırışda deyilir ki, Milli Şura mitinqi insanların suallarına və tələblərinə əsaslanıb təyin ediblər: “Çoxunuz haqlı olaraq sual etdi ki, bu əsrin soyğunçuluğuna yalnız yazmaq və danışmaqlamı etiraz edəcəyik? Bəs meydanlara çıxmayacağıqmı?”

Biz hökumətin gecə qarətindən yazdıq. Manatı ucuzlaşdırmaqla evlərimizə, ciblərimizə, bank hesablarımıza girib hər birimizi 33 faiz kasıblatmağını sərt sözlərlə qınadıq. Sizlərin bir çoxu da haqlı olaraq sual etdi: Bu əsrin soyğunçuluğuna yalnız yazmaq və danışmaqlamı etiraz edəcəyik? Bəs meydanlara çıxmayacağıqmı? Biz yazırıq, tənqid edirik, ittiham edirik, izahat istəyirik. Hökumət susur, heç bir izahat vermir. Sizin də xeyliniz sual verirsiniz ki, xalqımıza qarşı bu təhqiramiz münasibətədəmi etirazımız yalnızca kompüter monitorları arxasından olacaq? Etiraz mitinqi keçirməyəcəyikmi? Bu qarətə, talana, xalqa qarşı etinasızlığa hamılıqla etiraz etməyin vaxtı deyilmi? İndi də etiraz etməyəcəyiksə, bəs nə zaman edəcəyik?"



ADP sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bu, populizmdir. Son zamanlar ölkədə müəyyən iqtisadi proseslər yaşanır: “Bundan istifadə edərək aksiya keçirmək istəyirlər. Təbii ki, aksiya sosial sifariş olmadığı üçün mitinqdə az sayda insan iştirak edəcək. Sadəcə, Milli Şura mitinq keçirməklə özünün varlığını sübuta yetirmək istəyir. Bundan başqa bir şey deyil. Bu, əslində özünün mövcudluğu üzərində bir mübarizədir. Müxalifətdə birincilik uğrunda mübarizə ola bilməz. Hansı keyfiyyətə görə deyilə bilər ki, mən birinciyəm, sizdən öndəyəm? ”Mənim 10 min üzvüm var" deməklə deyil. Siyasət odur ki, sən xalqın taleyi ilə bağlı düzgün qərarlar verə biləsən, siyasi gündəmi müəyyən edəsən. İndi bunlar manatın devalvasiyasına görə mitinq edir. Ancaq nəzərə alın ki, manatın devalvasiyasını hökumət həyata keçirib. Başqa sözlə, situasiyanı və gündəmi hökumət yaradıb. İndi hökumətin yaratdığı gündəmlə bağlı mitinq keçirməyin müxalifətçiliyə nə dərəcə ciddi əhəmiyyəti var?  Hesab edirəm ki, Milli Şuranın mitinqinə maksimum 1500 nəfər qatılacaq. Kütləvilik üçün aksiyanı yaxşı təşkil etmək və pul qoymaq lazımdır".  

Bəs neytral siyasi ekspert bu barədə nə düşünür, mitinqdə kütləvilik hansı həddə ola bilər?




Siyasi ekspert Natiq Miri hesab edir ki, əhalinin bahalaşmadan narazılığı kütləvi olsa da indiki vaxtda keçiriləcək aksiyada yetərli kütləviliyin olacağı gözlənilmir. Bu da səbəbsiz deyil:

“Manat qəfil ucuzlaşdırıldıqdan və bahalaşma başlandıqdan sonra hakimiyyət KİV-də əhalinin narazılığını sakitləşdirməyə hesablanan təbliğat apardı. Müxalifət həmin vaxt ortaya çıxmadı. Müxalifət yenə də gecikdi. Hakimiyyətin təbliğatı və bir sıra addımları insanlarda bir sakitlik yarada bilib. İnsanların mitinqə kütləvi qatılmasını əngəlləyən amillərdən biri əhalinin şüurlu hissəsinin 85 faizə qədərinin bu gün bankların girovunda olmasıdır. Hər bir ailəyə banklar vasitəsilə hakimiyyətin təsir etmək imkanları var. Bunu siyasətçilər və sosioloqlar nədənsə ciddi faktor olaraq nəzərə almırlar. Bu gün hər bir ailə bilavasitə müəyyən banklara kredit borcu altındadır. Mitinqlərə kütləvi qatılımın olmamasında üçüncü faktor əhalinin siyasi partiyalara artıq etimad limitinin tükənməsi, dəyişikliklərə inamının olmamasıdır.

Xalq müşahidə edir ki, müxalifət təşkilatları bir-biri ilə vuruşur, müxalifətdə birinci olmaq uğrunda mübarizə önə keçib. Ona görə də etimadı itirmiş hər hansı bir siyasi qüvvənin çağırışı ilə 10 minlərlə insanın meydana tökülüşəcəyini gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan xalqı son 20 ildə siyasi enerjisini tükətmiş bir xalqdır. Bu enerjinin yenidən yaranması üçün çox ciddi siyasi faktorlar lazımdır. Bu gün o faktorlar hər hansı bir müxalif güc mərkəzində varmı? Əlbəttə, hazırda yoxdur. Bu gün xalqa öndərlik edə biləcək hər hansı siyasi qüvvə varmı? O da yoxdur”.

N.Miri sonda vurğuladı ki, belə bir vəziyyətdə keçirilən mitinqlərə on minlərlə adamın qatılması ehtimalı sıfıra yaxındır.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar