Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə sensasion çıxışlar



Siyavuş Novruzov bank soyğunçuluğundan, məktəblilərin durumundan sərt danışdı; “Azərbaycanda krediti qaytarmaq üçün... silah alveri ilə məşğul olmaq lazımdır”; “23 ildir eşidirik ki, islahat gedir, biri Boloniya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür”


Yevda Abramov: “Rusiya Qubada beynəlxalq aeroportun tikintisinə imkan verməyib”

19 noyabrda Milli Məclis “2015-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini davam etdirdi.

Deputat Fəzail Ağamalı kommersiya banklarının faizinin həddindən artıq çox olduğunu, əhalinin 5 milyondan yuxarısının banklara kredit ödədiyini xatırladıb təklif verdi: “Əgər bu banklar Milli Bankın tövsiyələrinə məhəl qoymursa, onda qanunvericiliyə müvafiq dəyişikliklər edək və əhalinin yaxasını bu banklardan xilas edək”.

Fərəc Quliyev dedi ki, büdcənin neftdən asılı olması bizi narahat etməlidir. Həmçinin neftin büdcədəki qiymətinin 90 dollar götürülməsini də riskli saydı. F.Quliyev rus rublunun dəyərdən düşməsini də xatırladıb, rublla bağlı siyasətdə də korrektələrə çağırdı. Gəlirlərin xərclənməsinə həssas yanaşmağı zəruri sayan deputat “neft gəlirləri ya ərazilərimizin azad olunması üçün savaşa, ya da azad olunarsa, ordakı bərpa işlərinə sərf olunmalıdır” - deyə, bildirdi. Həmçinin o, kölgə iqtisadiyyatının aradan qaldırılmasını zəruri saydı. Milli Məclisin ehtiyat fondunun yaradılmasını təklif edən F.Quliyev bu istiqamətdə addım atmaq üçün Nazirlər Kabinetinə müraciət etdi. O qeyd etdi ki, Neft Fondunun vəsaitlərinin bir hissəsi ölkəyə gətirilməli və gəncliyin inkişafına, işsizlik, evsizlik probleminin həllinə sərf olunmalıdır. F.Quliyev də müəllimlərin əmək haqqının artırılmasını, Gürcüstanda yaşayan soydaşlarımızın kadrlarla təmin olunmasını zəruri saydı. 

Leyla Abdullayeva Sumqayıtdakı problemlərdən bəhs etdi, xüsusilə də şəhərdə yataqxana probleminin həllinə kömək istədi. 

Milli Məclsiin sədr müavini Bahar Muradova dünyada mütləq ədalətsizliyin hökran olduğu dövrdə Azərbaycana qarşı qaralama kampaniyasının getdiyini vurğulayıb, mümkün təhlükələri dəf etməyin yollarından danışdı. Bugünlərdə QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq haqqında imzalanan memorandumun önəmindən bəhs etdi: “Biz bu düşərgə ilə birgə işləməklə daha böyük işlər görə bilərik”.

B.Muradova xarici QHT-lərin də QHT-lərə Dövlət Dəstəyi Şurasından maliyyə alaraq, Azərbaycan həqiqətlərinin yayılmasına dəstək verdiyini vurğuladı və qurumun sədri Azay Quliyevin təklifini müdafiə edərək, maliyyə vəsaitinin artırılmasını istədi: “Biz düşünməyək ki, 6 milyon şuranın fəaliyyəti üçün çox vəsaitdir. Xahiş edirik ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün quruma ayrılan maliyyənin artırılmasına bir daha baxılsın”. Vitse-spiker Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsaitin də artırılmasını təklif etdi.
Yevda Abramov büdcənin hərbi xərclərinin artırılmasını zəruri saydı: “Biz müharibə vəziyyətindəyik, başqa yolumuz yoxdur. İkincisi, QHT-lərin kənar mənbələrdən asılılığını azaltmaq üçün QHT Şurasına da vəsait artırılmalıdır”.

Y.Abramov seçildiyi Quba rayonunun problemlərindən də danışdı və təkliflərini verdi. Xüsusilə də rayonda yol çəkilişini zəruri saydı. Qubada tikintisi nəzərdə tutulan beynəlxalq aeroportla bağlı işlərin təxirə salındığını deyib, ilginc fikirlər söylədi: “Camaatdan ərazilər dövlət ehtiyacı üçün alınıb. Ancaq əhali çaşqın qalıb. Gətirilən texnika da geri qaytarıldı. Adamlar bilmir ki, oradakı alma bağlarını kəssin, ya saxlasın. Hökumət buna cavab versin ki, xalq da bunu bilsin. Orada şayiələr gəzir ki, Rusiya buna müdaxilə edib, beynəlxalq konvensiyaları əsas gətirərək, sərhəd bölgəsində beynəlxalq aeroportun tikintisinə imkan verməyib. Xahiş edirəm, hökumət buna cavab versin ki, bu, doğrudurmu?” 

Deputat Elmira Axundova rus rublunun durumuna diqqət çəkərək manatın kursunun saxlanmasına görə Mərkəzi Bankın rəhbərliyinin fəaliyyətini təqdir etdi. Səhiyyə sistemini tənqid edənlərlə razılaşmayan deputat bu sahədə böyük işlər görüldüyünü vurğuladı. Ancaq əlavə etdi ki, bir çox kəndlərdəki səhiyyə məntəqələrində kadrlar çatışmır. Bu mənada Tibb Universitetini bitirənlərin bir neçə illik də olsa kəndlərə təcrübəyə göndərilməsinə çağırdı. 
Vitse-spiker Valeh Ələsgərov hökumət üzvlərinə çox ciddi və maraqlı mesaj verdi. 

O, hansısa sahəyə ayrılan vəsaitin büdcəyə gətirəcəyi gəliri əvvəlcədən müəyyənləşdirməyi məsləhət gördü. Eyni zamanda neftin qiymətinin aşağı düşməsini fəlakət kimi qəbul etməməyə çağırdı, bildirdi ki, neft 1999-cu ildə 10, 2009-cu ildə 36 dollara düşdü, “ancaq dünya dağılmadı”. 

Musa Quliyev dedi ki, dövlət sahibkarlara şərait yaratmalıdır ki, sahibkarda sosial evləri tikərək insanlara ipoteka yolu ilə sata bilsin. M.Quliyev tütün məhsullarına aksiz və əlavə dəyər vergisinin artırılmasını tələb etdi: “Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur. Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır”.
Aydın Mirzəzadə 12 noyabrda erməni vertolyotunun vurulmasının qarşılığında Ermənistanın susmasını Azərbaycan ordusunun güclü olması və bunun qarşıdakı illərdə öz bəhrəsini verəcəyi ilə izah etdi. “Mingəçevirin iki böyük problemi var: İşsizlik və mənzilsizlik”. O əlavə etdi ki, təkcə Mingəçevirdə bu gün 10 min ailə mənzil almaq üçün ipoteka almaq arzusundadır. Ancaq gələn il üçün ipotekaya ayrılan vəsaitlə cəmi min nəfər mənzil ala bilər. A.Mirzəzadə Bakının statusu ilə bağlı ayrıca bir qanun qəbul olunmasına ehtiyac olduğunu bildirdi: “Bakının mərkəzində çoxmərtəbəli binaların tikilməsi şəhəri daha da sıxlaşdırır”. 

Qənirə Paşayeva şəhid ailələrinə və əlillərə ayrılan sığortanın ödənilməsi məsələsinin həll olunmasını xahiş etdi: “Məsələnin həll olunmaması narazılıq yaradır. Onlar deyirlər ki, necə olur atəşkəs dövründə şəhid olanların ailələri bunu ala bilir, amma müharibə dövründə həlak olanlar yox?” Q.Paşayeva dedi ki, yeni məktəblər tikiləndə xüsusi seçim edilməlidir, əhalinin sayı və təhsilin göstəricisi yüksək olanlar, həmçinin məktəblərin durumu nəzərə alınmalıdır. Bu mənada xanım deputat Tovuzun konkret kəndlərini sadaladı. O, həmçinin ön cəbhəboyu yerləşən kəndlərdəki məktəblərə xüsusi önəm verilməsini istəyib. Deputat ön cəbhədəki kəndlərdə heç olmasa tibb məntəqələrinin tikilməsini xahiş etdi.

Bəxtiyar Əliyev Təhsil Nazirliyinin səlahiyyətlərinin gücləndirilməsini, elmə rəhbərlik və innovasiyalarla bağlı məsələlərin də bu quruma həvalə edilməsini istəyib. Deputat büdcə vəsaitlərinin düzgün xərclənməsini də zəruri saydı: “Hər il Hesablama Palatasının hesabatını izləyəndə görürük ki, müəyyən qurumlar vəsaiti düzgün xərcləməyib və ya sonradan ödətdirilib”. Deputat bu məsələyə nəzarəti artırmağa çağırdı.

Vahid Əhmədov bir sıra vacib məsələlərdən bəhs etdi: “Azərbaycanda reklamın dövriyyəsi 60 milyon manat olmasına baxmayaraq, gəlir cəmi 26 milyon manatdır. Yəni kölgə iqtisadiyyatı reklamda həddən artıq yoxdur və bunun qarşısını almaq yollarından biri yeni qanunun qəbul edilməsidir və hazırda bunun üzərində iş gedir. 2015-ci ilin dövlət büdcəsi riskli yox, investisiya və soialyönümlü büdcədir. Büdcənin icrasında elə də ciddi problem olmayacaq. Neftin qiymətinin 80 və ya 90 dollar götürülməsi dövlət büdcəsinə o qədər də təsir etməyəcək. Çünki neftin qiymətinin dövlət büdcəsinə təsiri 11 faizdir ki, bu da təxminən 2 milyard manat edir. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinin 67 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Dövlət Neft Fondundan 10.3 milyard transfer edirik. Bütün bunları nəzərə alaraq 6.9 milyard manat əsaslı vəsait investisiya qoyuluşu yatırmağı nəzərdə tutmuşuq. Ən vacib məsələ isə Maliyyə Nazirliyinin, Hesablama Palatasının qarşısında duran xərc siyasətinə nəzarət mexanizminin olmamasıdır. 6.9 milyarda kim qarantiya verə bilər ki, bu məbləğ təyinatı üzrə, məqsədli şəkildə istifadə ediləcək”. 

Deputat neftin qiymətinin müəyyənləşməsi ilə bağlı yaranan polemikalara da münasibət bildirdi: “Çoxları bizə bununla bağlı dərs keçir. Neftin qiyməti 80 dollara düşsə də, Azərbaycanda problemlər yaşanmayacaq. Bu gün ən ciddi məsələ xərc sisteminə nəzarətin olmamasıdır. Hesablama Palatası böyük layihələrin yoxlanılmasına başlamalıdır. Yaxşı olardı ki, Hesablama Palatası kiçik yox, böyük investisiya qoyulan layihələrlə bağlı yoxlamalar aparsın. Niyə böyük layihələr yoxlanılmır? Yoxsa ayrı-ayrı məmurların nəzarətində olan məsələlərdir bunlar? Bu, dövlətin vəsaitidir və nəzarət altında olmalıdır”. 

V.Əhmədov  bankların kredit siyasətini də tənqid etdi: “Mən spiker Oqtay Əsədova da təklif vermişəm ki, bankirləri Milli Məclisə toplayıb onların iştirakı ilə iclas keçirək və problemlərin həlli yollarını axtaraq”. 

Deputat əhalinin mənzil problemi məsələsini də bir daha gündəmə gətirdi: “Azərbaycan hökuməti lazım olan yerlərdə sosial evlər tiksin, sosial ipotekalar verilsin”. O, 2015-ci ilin dövlət büdcəsi layihəsində həkimlərin əmək haqları ilə bağlı yaranan tərəddüddən də bəhs etdi: “Dövlət büdcəsində əmək haqları qrafasında həkimlərin əmək haqlarının 0,6 faiz artırılması nəzərdə tutulub. Bu məsələyə aydınlıq gətirilməlidir”. V.Əhmədov  Azərbaycanın qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirməyə çağırdı: “Sexlər, kiçik müəssisələr açmaqla biz qeyri-neft sektorunun inkişafı ilə bağlı heç nə edə bilmərik”. 

Siyavuş Novruzov Azərbaycanla Ermənistanın müqayisə olunmasını “uğursuz” saydı: “Bu gün Azərbaycan Avropa İttifaqına daxil olan ölkələrlə, ən pis halda Qazaxıstan və Rusiya ilə müqayisə oluna bilər”. S.Novruzov kreditlərlə bağlı təklif verdi: “Kimsə özünə kefindən avtomobil almaq istəyirsə, ona verilən kreditlə əkin əkmək istəyənə verilən kredit fərqlənməlidir. Əkinçi də taxıl əkir, quraqlıqdan məhsul olmur, onda krediti də ödəyə bilmir. Necə deyərlər, kasıbı dəvənin də üstündə ilan vurur”. O, kredit faizləri barədə danışarkən ilginc fikir səsləndirdi: “Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır... 

Bu gün nazirliyin idarə rəisinin əmək haqqı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Elə nəzərdə tutulub ki, kim imkanlı adamdır, ipoteka alsın, özünün kəm-kəsirini düzəltsin”. 

Daha sonra o dedi: “23 ildir eşidirik ki, islahat gedir, biri boloniya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür. Bu gün Azərbaycanda müəllimin sayı Amerikadakından üç dəfə artıqdır. Həm Əli aşından, həm Vəli aşından olur müəllim. Müəllimlərin sayına baxmaq lazımdır ki, normal maaş verilsin”. 

Deputat məktəblilərin fiziki hazırlığı barədə də təklif verdi: “Gedin orta məktəbin qarşısında şagirdlərə baxın, görün bizim uşaqların fiziki hazırlığı hansı həddədir? Bu gün məktəblərdə hərbi və idman dərsləri bərpa olunmalıdır. Biz kişi yetişdiririk, bizə əsgər lazımdır. Sabah İŞİD gələndə bəstəkar axtarmayacaq, onun qarşısına əsgər çıxmalıdır. İki ton kitab çap edirlər, qalın üzlə. Hətta kənardan deyirlər, sizdə kitab buraxmırlar, soyuq silahdır, kimin başına vursan, orda qalar”. 

S.Novruzov QHT Şurasına yardımın artması ilə bağlı təkliflərə toxunub gülərək siyasi partiyalarla bağlı təklif verdi: “Siyasi partiyalara da maliyyə vəsaiti artırılsın ki, onların da qırışığı açılsın”. 

Oqtay Əsədov isə cavab olaraq dedi ki, siyasi partiyalarla QHT-lərin eyniləşdirilməsini qəbul etmir: “Siyasi partiyaların maliyyəsinin artması üçün üzvlərinin sayı artmalıdır”.
Əhməd Vəliyev təhsil kreditləri barədə təklif verdi, həmçinin Qazax rayonunun problemlərindən bəhs etdi. 

Musa Qasımlı qeyri-neft sektoru ilə bağlı təkliflərini səsləndirdi. Xüsusilə də kənd təsərrüfatına diqqətin artırılmasını zəruri saydı. Deputat uşaq televiziyasının yaradılmasını da istəyib.

Məlahət İbrahimqızı Xocalı sakinlərinin problemlərindən bəhs etdi: “Bu gün Xocalı ilə bağlı süjetlər göstərilir və 25 nəfər uşaq var ki, onlar valideynlərindən ayrı düşüb. Həmin uşaqlardan 14-ü evlə təmin olunub, 15-16 nəfər isə evsizdir. Çox istərdik ki, onlar da evlə təmin olunsun”. Deputat kəndlərin əksəriyyətində bankomatın olmadığına da diqqət çəkdi: “Heç olmasa, rayon mərkəzindən müəyyən məsafəyə qədər bankomatlar quraşdırılsın”.
Müzakirələr bu gün davam etdiriləcək. (musavat.com)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar