Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisdə növbəti qalmaqal


Siyavuş Novruzov İqbal Ağazadənin amnistiya təşəbbüsünə qarşı çıxdı


Milli Məclisin parlamentin aprelin 18-də keçirilən növbəti plenar iclası 1-ci vitse-spiker Ziyafət Əsgərovun sədrliyi ilə keçirildi.

Deputat Zahid Oruc ölkə prezidentinin son müşavirədə qeyd etdiyi tezislərə diqqət çəkdi. “Nə üçün Ermənistan indiyə qədər sanksiyalara məruz qalmayıb? Obama 8-ci dəfədir Krım hadisələri ilə bağlı Putinə telefon açıb. Siz indiyə qədər eşitmisinizmi ki, Obama Dağlıq Qarabağ məsələsi ilə bağlı Putinə telefon açsın. Nə üçün Ermənistan bu günə kimi sanksiyalara məruz qalmayıb?

Ona görə ki, Azərbaycanın əhəmiyyəti Ukraynadan aşağıdır? Ona görə ki, Xəzər dənizi resursları Qara dənizinki kimi əhəmiyyət kəsb etmir?”

Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərlə bağlı təkliflərini səsləndirdi: “Bu kəndlərdə yaşayan insanlar qəhrəmandır. Ermənilər insanlıqdan kənar hərəkət etmələrinə baxmayaraq, kənd camaatı öz evlərini tərk etmir, ordumuzun yanındadırlar. Mən onların bir neçə xahişini səsləndirmək istəyirəm. Ön cəbhədə yerləşən kəndlərdəki uşaqların ali məktəbə qəbulunda, kommunal xərclərdə güzəştlərin olması, iş yerləri açan insanların tamamilə vergidən azad olunması, dağıdılmış evlərin bərpasının sürətli aparması, düz hədəf altında olan evlər üçün divarların tikilməzi çox önəmlidir”. Q.Paşayeva sosial yardımların edilməsində də bu camaata yardım edilməsinin zəruri olduğunu dedi.

Fazil Mustafa həbsdə saxlama müddəti üçün bir günün iki gün hesablanması barədə qanuna dəyişikliyi təklif etdi. Deputat daha sonra mühüm bir məsələyə diqqət çəkdi. Deputat AŞ PA Bürosunda Sərsəng Su Anbarı ilə bağlı ciddi bir sənədin qəbul olunduğunu dedi. O zonanın millət vəkillərinin də bu məsələyə həssaslıq göstərilməsini təklif etdi. Dedi ki, may ayında Kiprdə bu məsələ ilə bağlı məruzəçi təyin olunacaq: “Odur ki, məruzəçinin ciddi məlumatlandırılmasına ehtiyac var.

Sərsəngin hündürlüyü 120 metrdən yüksəkdir. Orda bir qəza baş verərsə, 400 min əhali məhv olmaq təhlükəsi ilə üz-üzə düşəcək”.

Vahid Əhmədov Ukrayna krizisinə Azərbaycanın rəsmi münasibətindən bəhs etdi: “Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mövqeyi doğrudur və təqdir olunmalıdır. Türkiyə ordusunun baş qərargah rəisi və baş nazir Ərdoğanın Azərbaycan səfəri də bu prosesin tərkib hissəsi kimi qəbul olunmalıdır”.

YAP-çı deputat: “Soruşun ki, niyə xalqın uşaqlarını bədbəxt edirsiniz, onları ağac əkməyə, ali təhsil almağa yox, polisin üstünə yönəldirsiniz?”

V.Əhmədov belə bir məqamda Azərbaycan daxilində ölkənin milli təhlükəsizliyini təhdid edən məsələlərə qarşı mübarizəni də vacib saydı: “Bütün bu meyllər dövlət içində dövlətin yaranmasına gətirib çıxara bilər. Bunun qarşısının alınmasını doğru hesab edirəm”.
İqbal Ağazadə ölkənin müxtəlif regionlarında siyasi məhkəmələrin getdiyi barədə danışdı: “İstər İlqar Məmmədov, Tofiq Yaqublu, istər Qurban Məmmədov, istər Yadigar Sadıqovun məhkəmə işini araşdıranda məlum olur ki, bunlar siyasi sifarişlə həbs edilib. NİDA-çıların hökmünə baxanda dəhşətə gəldim: 8 il, 7 il, 6 il. Bu məhkəmə prosesini izləyənlər gördülər ki, bu məhkəmə söz oyunundan, şahidlər isə sifarişli şahidlər olmaqdan başqa bir şey deyil. Nə vaxta qədər bu kimi proseslər davam edəcək? Nəhayət, Milli Məclis bununla bağlı optimal qərar qəbul etməlidir. 28 may Cümhuriyyət günü ərəfəsində Milli Məclis amnistiya haqqında qanun hazırlamalı, bu insanlar həbsdən azad olunmalıdır. Adam təəssüf edir ki, 21-ci əsrdə bu cür məhkəmə prosesləri qurulur. NİDA-çı gənclərə bu qədər ağır həbs istəmək prokurorluq orqanları üçün də utancdır”.
Z.Əsgərov dedi ki, Azərbaycanda siyasi məhbus yoxdur.

Siyavuş Novruzov isə amnistiya təklifinə cavab olaraq əks-arqumentlərlə çıxış etdi: “Bu sualı o uşaqları öyrədib ”Molotov kotleti" - “Molotov kokteyli” verən adamlara vermək lazımdır. NİDA-çı uşaqları öyrədib əlinə “Molotov kokteyli”, dəmir parçası verən, öz övladlarını qoruyub başqalarının övladının başını dolduran, qızışdıranlar məhz polisin üzərinə və iğtişaş törətməyə göndərirlər. Vaxtaşırı görüşdüyünüz adamlardan soruşun ki, niyə xalqın uşaqlarını bədbəxt edirsiniz, onları ağac əkməyə, ali təhsil almağa yox, polisin üstünə yönəldirsiniz. Azərbaycanda siyasi məhkəmə yoxdur. Bu termin haradandır? Məhkəmənin hökmü verilməmiş indidən məhkəmənin çıxaracağı qərarın üzərinə kölgə salmaq olmaz. Hər bir məhkəmədən sonra başqa instansiya məhkəmələri var. Əgər bu məhkəmənin qərarından razı deyilsənsə, digər yerlərdə araşdırıla bilər. Hətta Avropa Məhkəməsinə kimi gedib çıxa bilər".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun illik hesabatını parlamentə təqdim etdi. O bildirdi ki, 2013-cü ildə Hesablama Palatası xeyli miqdarda vəsaitin dövlət büdcəsində və müvafiq qurumlara qaytarılmasına nail olub. V.Gülməmmədovun sözlərinə görə, Hesablama Palatası ötən il 75 audit yoxlaması həyata keçirib.  Bu zaman aşkarlanan pozuntuların əksəriyyəti  büdcə qanunvericiliyinin pozulması, mühasibat uçotunun yanlış aparılması ilə əlaqədar olub: “Büdcədən vəsaitlər smetada göstərilməyən xərclərə yönəldilib, satınalma aparılmayıb, bəzi hallarda isə satınalmanın nəticələri nəzərə alınmayıb. Tikintilər zamanı layihə-smeta sənədlərinin ekspertizadan keçirilməməsi, lisenziya olmadan fəaliyyətlə bağlı  nöqsanlar aşkarlanıb”. Hesablama Palatası ötən il büdcə qanunvericiliyinin pozulması nəticəsində aşkarlanan 4,3 milyon manat, 38 min avroluq vəsaiti dövlət büdcəsinə ödətdirilməsinə nail olub. Dövlət Sosial Müdafiə Fonduna 196 min manat köçürülüb. 232 min manata yaxın vəsait bərpa edilib. Vergilər Nazirliyi ilə birlikdə 2,5 milyon manatlıq əlavə vergilər hesablanıb. 1,7 milyon manatlıq əlavə iş və xidmət müəyyənləşdirilib. 1,2 milyon manatlıq inventar avadanlıq və dərman vasitələri alınaraq dövlət orqanlarına verilib. Uçotdan kənarda qalan 49,5 milyon manatlıq vəsait uçota alınıb.

Deputatlar Hesablama Palatası sədrinin illik məruzəsinə “hə” dedilər

Hesabat dövründə Hesablama Palatası 132 təqdimat hazırlayıb ki, bunların 25 faizi nazirliklər, dövlət komitələrinə göndərilib. Görülən işlərlə əlaqədar 254 nəfər məsul şəxs intizam tənbehinə məruz qalıb.  V.Gülməmmədov bildirdi ki, ümumilikdə büdcəyə qaytarılan, bərpa edilən vəsaitlərin miqdarı Hesablama Palatasının saxlanmasına sərf edilən vəsaitlərdən qat-qat çoxdur.

Hesabatdan sonra çıxış edən S.Novruzov dedi ki, yeni sədrin ilk hesabatıdır və ona görə də deputatların bunu nəzərə almasını xahiş edir.

Elmira Axundova bildirdi ki, hesabata görə Azərbaycan rəqabət qabiliyyətinə görə dünyanın 148-ci, MDB-nin birinci ölkəsi olub. “Audit zamanı aşkar edilən qüsurlar, məmurların mənimsəmə halları gizlədilməyib ki, bu da korrupsiyaya qarşı mübarizənin əlamətidir”deyə, bildirdi. Deputat texniki peşə təhsilinin yox dərəcəsində olduğunu vurğuladı. E.Axundova kənd yerlərində məktəbəqədər təhsilə ciddi diqqət yetirilməsini də təklif etdi. Deputat hesabata istinadən “belə görünür ki, problemlər ildən-ilə ötürülür” deyə, bildirdi.

Zahid Oruc Hesablama Palatasının ştat cədvəlində dəyişikliyə və səlahiyyətlərinin artırılmasına ehtiyac olduğunu bildirdi. Deputat məktəblərin təmir-tikintisinin keyfiyyətsizliyinə də diqqət çəkdi. Z.Oruc XİN-in auditi ilə bağlı sənəddəki məqamlara da toxundu.

Z.Əsgərov isə deputatın bəzi fikirlərinə öz iradını bildirdi: “Hesablama Palatası Azərbaycan Milli Məclisin orqanıdır. Bu qurumu heç kim qovmayıb və qova da bilməz, xahiş edirəm ifadələrinizdə diqqətli olun” deyə bildirdi.

Vahid Əhmədov isə qurumu daha iradəli, qətiyyətli olmağa çağırdı: “Hesabata baxanda görünür ki, qanun pozuntuları həddən artıq çoxdur. Səfirlik və diplomatlarla bağlı aparılan yoxlamaların demək olar ki, hamısında qanun pozuntusu var. Yaxud təhsil sistemində də ciddi problemlər ortaya çıxarılıb”. V.Əhmədov da Hesablama Palatasına ibtidai istintaqı aparmaq üçün əlavə səlahiyyətlər verməyə çağırdı. Deputat Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklərdə cəzalandırmadığını bildirdi.

Onun sözlərinə görə, 2013-cü ildə Təhsil Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi sistemində müəyyən qanun pozuntularına rast gəlib: “Bu gün yeni layihələrə 1 milyard dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesablama Palatası nəzarət etsin”. Deputat satınalmalarla bağlı qanuna yeni təklif də irəli sürüb. “Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir. Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm və səs verirəm”.

Əli Məsimli hesabatın “yaxşı formalaşmış peşəkarlardan ibarət” qurumun hazırlandığını deyib təqdir etdi. Deputat bir sıra təkliflərini də irəli sürdü. Ə.Məsimli qeyd etdi ki, qurum səfirliklərdə maliyyə yoxlamalarını həyata keçirməklə yanaşı, bir sıra səfirliklərin - məsələn, Gürcüstandakı Azərbaycan səfirliyinin peşəkar kadrlarla möhkəmləndirilməsi məsələsinə baxması yaxşı olardı.

Fərəc Quliyev bölgələrə səfərlər etmək üçün deputatlara imkan yaradılmamasına, nəqliyyat probleminin həll edilməməsinə etiraz etdi. Deputat ölkədə benzinin qiymətinin Tarif Şurasının qərarı olmadan qaldırılmasına etiraz etdi: “Bu, qanunlara ziddir. Qanuna görə, kimin istehsal etməsindən asılı olmayaraq Azərbaycan ərazisində satılan yanacağın qiymətini dövlət tənzimləyir.

Hesablama Palatası bu məsələyə də münasibət bildirməlidir”.
Qənirə Paşayeva Azərbaycanda məktəbəqədər təhsillə bağlı 2007-2010-cu illər üçün ayrılan vəsait üzrə proqramın yerinə yetirilməməsi barədə hesabatda əksini tapan məqama diqqət çəkdi: “Bu vəsait büdcədə olduğu halda niyə proqram icra edilməyib?” Q.Paşayeva ölkədə bir sıra ağır xəstəliklərin olduğu halda dərmanların bazada saxlanılması faktlarına etiraz etdi, bunun səbəbləri barədə sual verdi.
Z.Əsgərov dedi ki, belə görünür hesabata yekdil münasibət var. Odur ki, hesabat səsə qoyuldu və qəbul edildi.

Daha sonra Cinayət Prosessual Məcəlləyə (CPM) dəyişiklik müzakirə edildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, CPM-yə əsasən şübhəli şəxs qismində tutulan şəxs indiyədək 48 saatdan çox saxlanıla bilməzdi: “48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı ya da barəsində həbs-qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama anlayışı genişdir. Məsələn, Danimarka və Norveçdə bu 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın”.

Deputat Qüdrət Həsənquliyev dedi ki, 148.7 maddəsi ilə razı deyil: “Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Bu insan və vətəndaşın əleyhinə olan cinayətlər fəslinə aiddir. Hesab edirəm ki, sözügedən maddə çıxarılmalıdır. Bu məsələyə görə cinayət məsuliyyətinin nəzərdə tutulması absurddur, doğru deyil. Bu, beynəlxalq qurumlara, bizim radikallara da Azərbaycanı tənqid etməyə bəhanə verir. Toplantını keçirən şəxslər İnzibati Xətalar Məcəlləsi əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını ümumiyyətlə mən başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılsın. Bəlkə 4 gündən sonra məhkəmə şəxsi cərimə edib buraxacaq. Fikrimcə, alternativ cəzalar məsələsi varsa, şəxsin barəsində həbs-qətimkan tədbiri seçilməlidir”.

Deputat Çingiz Qənizadə isə dəyişikliklərə münasibətinin müsbət olduğunu bildirib. Onun fikrincə, müddətin uzadılması təqsirləndirilən şəxslərin marağındadır: “Bəzən müstəntiqlərin icraatında 18-20 iş olur. Yaxud bəzən 48 saat şənbə-bazara düşürdü, nə tərcüməçi, nə vəkil tapmaz mümkün olurdu. Bundan sonra təqsirləndirilənin geniş imkanları olacaq.

Onlar istədikləri şəxs ilə müdafiə naminə müqavilə bağlaya biləcəklər. Əslində, bu dəyişiklər ağır və xüsusilə ağır cinayətlərə şamil edilir, hansı ki orada işin yükü daha çox ağır olur. Bəzən inzibati xəta törədən çoxlu adam olur, onların hamısının sənədləşməsini qısa müddət ərzində aparmaq mümkün olmur. Bu baxımdan, müddətin 96 saata qədər uzadılması müsbət haldır”.

Fazil Mustafa Cinayət Prosessual Məcəlləsinə şəxsin saxlanılmasının 48 saata qədər uzadılmasına etiraz etdi:  “Qısa müddətdə vətəndaş hüququ pozulmasın deyə, onun 24 saat saxlanılması daha normal olardı”. F.Mustafa “yol polisi sürücülər vəzifəli şəxslərə radiocihaz vasitəsilə məlumat verməklə təqib edə bilər” müddəasının icra olunacağına şübhəsini ifadə etdi: “Bu məlumatvermənin bir sənədi olmalıdır”.

Çingiz Qənizadə isə müstəntiqlərin icraatında bəzən 18-20 işin olduğunu qeyd etdi. Bildirdi ki, vaxtın 48 saat uzadılmasını işin obyektiv araşdırılması baxımından təqdir etmək lazımdır: “Bəzən 48 saat şənbə-bazara düşürdü, nə tərcüməçi, nə vəkil tapmaz mümkün olurdu. Bundan sonra təqsirləndirilənin geniş imkanları olacaq”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar