Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mətləb müəllimin hücum taktikası


Qarabağ müharibəsinə dair yazılara tez-tez belə şərhlər gəlir: “Basıb getmək lazımdır”; “Fürsət yaranmışkən torpaqları azad etmək gərəkdir”; “Heç kəsdən qorxmaq lazım deyil, hücuma keçməliyik” və sair və ilaxır


Bəzi qəzet və saytlarda ciddi-ciddi ziyalıların, politoloq və ekspertlərin də içində bu kimi çağırışlar olan açıqlamalarını tez-tez oxuyuruq. 

Açığı, bilmirəm onlar nə dərəcədə ciddidirlər və fikirləri hansı dərəcədə faydalıdır, amma “basıb getmək” söhbəti yadıma kəndçimiz Mətləb müəllimin şahmat oynamağını salır. 
Əzəl başdan qeyd edim ki, uzun illər öncə şahmat oynayanlar (15-20) hər gün kəndimizin parkında toplaşar, çay içə-içə oynayardılar. İçində hər peşədən adam vardı: şair, həkim, müəllim, mühəndis, sürücü, poçtalyon və b. 

Mətləb müəllim də onlardan biri idi. Onun yaxşı domino oynamağı da vardı, amma şahmat oynamağı özgə aləmdi.

Mətləb müəllim riyaziyyatçıydı, savadlı adam idi, amma şahmatçılığının bir minusu vardı: həmişə hücumda oynayırdı. Elə ki, fiqurlar taxtaya düzülürdü, Mətləb müəllim ilk gedişi edərək rəqibinə deyirdi ki, Çivadze-zad deyiləm, müdafiədə oturam, basıb gedəcəm qabağa. Elə də edirdi. Özü də çox fikirləşməzdi, gedişləri tez-tez edir, fiqurları cəmləyib qabağa gedirdi. Bir də görürdük ki, müəllim “bakk” elədi, demək, fiqurunun birini əldən verib. Amma bu, onu basıb qabağa getməkdən saxlamırdı, ta piyada və fiqurlarının hamısını qırdırana qədər.  Ondan sonra rəqibi Mətləb müəllimin şahını küncə qısnayıb mat edirdi. Müəllim yüngülcə konfuz keçirər, gülümsəyər və deyirdi: “Eybi yox, təzədən oynayaq, amma heç kəs qarışmasın”. 

Bir dəfə şahmat oynayarkən Mətləb müəllim elan etdi ki, istəsə, o da Yaşar müəllim kimi oynayar, hamını udar. Yaşar müəllim yaxşı şahmatçıydı, ehtiyatlı oynayar, heç vaxt hücum etməzdi, hövsələ ilə rəqibin səhvini gözləyərdi. O oynadığı 10 oyunun 9-nu udurdu. Mətləb müəllim gerçəkdən də həmin gün bir oyunu Yaşar müəllim kimi oynadı və uddu. Sonra yenə “basıb gedəcəm qabağa” taktikası seçdi və ... aydın məsələdir, necə oldu. Aydın demişkən, belə edəndə Mətləb müəllim hətta poçtalyonumuz Aydın kişiyə də uduzurdu. Daha dəqiqi, o biri şahmatsevərlər Aydın kişiyə düzgün gedişləri deyirdilər, o da ağına-bozuna baxmadan hücuma keçən müəllimin fiqur və piyadalarını bir-bir sıradan çıxarır, qalib gəlirdi. 
Ona niyə belə oynadığını irad tutanda Mətləb müəllim deyirdi: “Oyundur da, müharibə-zad deyil ki. Əsas odur ki, kefiköklük olsun”. Doğrudan da onun şahmat oynaması çox əyləncəliydi. 

Amma müharibə əyləncəli peşə deyil. Onu Mətləb müəllimin taktikası ilə aparmaq olmaz.  
Tarixdə belə edənlər olub. Məsələn, II dünya müharibəsində general Vlasov da eynən bizim Mətləb müəllim kimi topu-piyadanı cəmləyərək, basıb qabağa gedirmiş. Elə olurmuş ki, general bir diviziyanı qırdırıb gəlirmiş Stalinin üstünə. Stalin də Mətləb müəllim kimi deyirmiş, eybi yox, təzədən oynayarıq. Və Vlasova yeni bir diviziya verirmiş. Axırda Vlasov həmin yeni diviziyanı da götürüb keçib faşistlərin tərəfinə, ağsaqqalların sözü ilə desək, başlayıb o tərəfdən bəri vuruşmağa. 

Deyilənə görə, möhtəşəm sərkərdə kimi tanınan Jukov da elə olub. Adam milyonlarla əsgəri labüd ölümə göndərib, Pirr qələbələri qazanıb, müasir tarixçilər də elə bilirlər ki, kişi dərin strateq, iti ağıllı analitik olub, qələbə üşün mürəkkəb planlar qurub. Xeyr. Sadəcə, o, SSRİ-nin bütün kənd-kəsəklərindən səfərbər olunmuş saysız-hesabsız əsgərlərə “basın gedin qabağa” əmri verirmiş, onlar da gedib ölürmüşlər. Belə anlaşılır ki, sadəcə, almanların sovet əsgərlərini qırıb-qurtarmağa güllələri, mərmiləri çatmayıb.

Ona görə də, açığı, müharibədən söz düşəndə eyzən “basıb getmək lazımdır” deyənlərə acığım tutur. Çünki hələ adi şahmat oyununda “basıb qabağa gedənlər” çox vaxt uduzursa, görün, real müharibədə nələr ola bilər. Ağıllı olmaq, hissə qapılmamaq, hərb elminin incəliklərini dərindən əxz edərək savaşmaq lazımdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar