Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəzi Banka ayrılan vəsait ölkənin maliyyə bazarında sabitlik yarada biləcək?

Qubad İbadoğlu: “Bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir”


Natiq Cəfərli: “Bu vəsaitin Mərkəzi Banka ayrılması bir müddət Azərbaycanda manatın xarici valyutalara qarşı məzənnəsinin daha kəskin aşağı düşməsinin qarşısın ala bilər”.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilib. Həmçinin Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il Azərbaycan Mərkəzi Bankına (AMB) 7,5 mlrd. manatadək məbləğdə transfert həyata keçirəcək.

Mərkəzi Banka ayrılan vəsait ölkənin maliyyə bazarında və bank sektorunda sabitlik yaratmaq üçün yetərli olacaqmı? Bu fərmandan sonra manatın tam üzən məzənnəyə keçməsini təmin etmək mümkün olacaqmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna və Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib. 



Qubad İbadoğlu: “İlk dəfə olaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub”.


Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qeyd edib ki, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, Fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq:

“Yanvarın 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman verib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat məbləğində təsdiq edilib. 
ARDNF-nin 2017-ci il üçün büdcəsi ilə əlaqədar aşağıdakı məqamlara diqqət çəkmək istərdim. 

1) Fondun büdcəsinin təsdiqi proseduru pozulur. Bu il üçün də ARDNF-nin büdcəsi 1 ay 10 gün gecikdilərək təsdiq edilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”. Təəssüf ki, qanunvericiliyin bu tələbi ARDNF yaranandan bu günədək heç vaxt yerinə yetirilməyib. 

2) Fondun büdcəsinin kəsiri kəskin artır. İlk dəfədir ki, ARDNF-nin büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu i il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da xərclərin 42,2 faizinin Fondun aktivləri hesabına maliyyələşdiriləcəyinə deməyə əsas verir. Bu il ilk dəfədir ki, o Fondun illik gözlənilən gəlirləri onun planlaşdıırlan xərclərinin 57,8 faizini örtə biləcək. 

3) Fondun mədaxilinin təminatında tükənən və azalan gəlirlər üstünlük təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri əsasən Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər hesabına formalaşacaq. Bu il üçün proqnoza görə, bu mənbədən Fondun büdcəsinə 7 milyard 550 milyon 705,3 min manat vəsait daxil olacaq ki, bu da ümumi gəlirləri 90,2 faizini təşkil edəcək. Bu məbləğ neft və qaz hasilastının səviyyəsidən və dünya bazar qiymətlərindən asılı olaraq dəyişə bilər. 

4) Fondun aktivlərinin idarəolunmasından gəlirləri manatla artır. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, Fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq. 

5) Böhranın xərcləri Fonddan maliyyələşdirilir. İlk dəfə olaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub. Onun yuxarı həddi 7,5 milyard manat müəyyən edilib ki, bu da Fondun cari ildə proqnozlaşdıırlan gəlirlərin 90 faizə qədərini təşkil edir. Halbuki, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”nın qüvvədə olduğu dövrdə “daimi real xərclər” prinsipi əsasında müəyyənləşdirilmiş xərc hədlərinə riayət olunmalıdır. Bu qayda yenə də pozulub. Strategiyaya görə, ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə (neft sektoru istisna olmaqla, ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərqə) əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır. Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və nəzərə almaq lazımdır ki, qeyri-neft kəsiri belə sürətlə ani dəyişə bilməz.

Qubad İbadoğlu: “Neft Fondu bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək”.


6) Fiskal qaydalar olmadan Fondun gəlirlərinin dördə üçündən çoxu xərclənir. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununun tətbiqi barədə fərmanda ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb. Bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Lakin, hətta bu qaydalar bu il hazırlansa da növbəti ildən qüvvəyə minəcək, bu isə o deməkdir ki, bu il də nəzərə alınmaqla hökümət fiskal qaydalrı Fondun gəlirlərinin 80 faizə qədərini xərcləyəndən sonra tətbiq edəcək. Bu isə o deməkdir ki, indiyə qədər qaydasız xərclənən neft gəlirləri tənzimlənməyib. Təbii sərvətlərdən gəlirlərin idarə olunmasında fiskal qaydalar və fiskal çərçivə çox vacib olsa da bununla əlaqədar olaraq, hökümətə dəfələrlə təkliflər versək də indiyə qədər nəzərə alınmayıb. Tərəfimizdən sonuncu belə təklifi 2012-ci ildə Maliyyə Nazirliyinə təqdim olunub. Hazırda yenə də aşağıdakı suallar açıq qalır:

- Hər il Fonddan gəlirlərin neçə faizi çıxarıla bilər?
- Uzun müddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə idarə olunur?
- Hansı xərc maddələri Fonddan maliyyələşdirə bilər, hansılar maliyyələşdirilə bilməz?

7) Fondun büdcəsinə Hesablama Palatası rəy vermir. “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə görə, Hesablama Palatası Neft Fondunun büdcəsi ilə bağlı rəy verməlidir. Belə ki, Nizamnamənin 4-cü bəndinin 12-ci maddəsində qeyd olunur ki, “Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (institutlarının) büdcə layihələri ilə bağlı rəy vermək. Bu, Hesablama Palatasının əsas öhdəliklərindən biridir. Bundan əlavə, 29 dekabr 2000-ci il tarixli 434 saylı Prezident Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 1.3-cü maddəsində qeyd olunur ki, “Fond büdcədənkənar institutdur”. Ona görə də Hesablama Palatası Neft Fondunun büdcəsinə dair rəy verməlidir. Hesablama Palatası tərəfindən Neft Fondunun budcəsinə rəy verilməməsi, eləcə də ali audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçılı rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.

Fondun fəaliyyətinə ictimai nəzarət yoxdur. Dövlət Neft Fondunun Əsasnaməsinin 5.4-cü maddəsində deyilir: “Müşahidə Şurası” Fondun fəaliyyəti üzərində ümumi rəhbərliyi təmin etmək üçün müvafiq dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılır.” (Fondun Müşahidə Şurasında vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsinin təmsil olunması) əməl olunmadığı üçün onun idarə olunmasında vətəndaş iştirakçılığı və ictimai nəzarət imkanları məhdudlaşdırır və bu da Müşahidə Şurasının formal fəaliyyətini şərtləndirir.

Yekun olaraq onu qeyd etmək istərdim ki, bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir. Eyni zamanda, Hesablama Palatasını, parlamenti və vətəndaş cəmiyyəti təşkilatlarını bu prosesdən kənarda qoymaqla bir tərəfdən xərcləmələrlə bağlı qərarların qəbul edilməsini icra hakimiyyətinin inhisarında saxlamağa səbəb olur, digər tərəfdən isə şəffaflığın və ictimai nəzarətin təmin olumamasına yol açır”.













Natiq Cəfərli: “Mərkəzi Bankın vəsaitinin artırılması gələcəkdə kredit danışıqlarında girov rolunu oynamaq məsələsin daha da gücləndirəcək”.


İqtisadçı ekspert isə qeyd edib ki, prezidentin verdiyi qərar sadəcə olaraq qısa zaman da olsa, manatın məzənnəsinin kəskin dəyərədən düşməsinin qarşısın alacaq:

“Bu vəsaitin Mərkəzi Banka ayrılması bir müddət Azərbaycanda manatın xarici valyutalara qarşı məzənnəsinin daha kəskin aşağı düşməsinin qarşısın ala bilər. Bundan başqa bu qərarın altında başqa bir məsələ də durur. İndi Azərbaycan digər beynəlxalq qurumlarla çox ciddi şəkildə kredit anlaşmaları üzrə danışıqlar aparır. Mən hesab edirim ki, Mərkəzi Banka bu qədər vəsaitin ayrılmasının bir səbəbi də bu amildir. Çünki hər bir ölkənin Mərkəzi Bankı xarici partnyorlarla, xarici banklarla, maliyyə qurumları ilə danışıqlarda alınacaq kreditlərin girovu rolun oynayır. 

Azərbaycanın Mərkəzi Bankı isə son zamanlar kifayət qədər ərimişdir. Mərkəzi Bankda cəmi 4 mlrd. dollar vəsait var idi. İndi Mərkəzi Bankın vəsaitinin artırılması gələcəkdə kredit danışıqlarında girov rolunu oynamaq məsələsin daha da gücləndirəcək. Yəni ayrılan vəsait kredit danışıqlarda Azərbaycan hökumətinin əlin gücləndirəcək. Amma 7,5 mlrd. manat vəsaitin ayrılmasında təbii ki, əsas məsələ manatın məzənnəsi ilə bağlıdır. Ayrılan vəsaitə görə bir müddət manatın kəskin dəyərdən düşməsinin qarşısın almaq mümkün olacaq. 

Natiq Cəfərli: “İqtisadiyyatdan ayrı maliyyə bank sisteminin stabilləşməsi və inkişaf etməsi mükün deyil”.


Amma bu o demək deyil ki, Azərbaycanda maliyyə stabilli yaranacaq. Maliyyə stabilliyi institusional anlayışdır. Yəni bütün iqtisadiyyatda ciddi dəyişikliklər olmalıdır ki, maliyyə bank sistemində də bir stabillik yaransın və irəliyə doğru addımlar atılsın. İqtisadiyyatdan ayrı maliyyə bank sisteminin stabilləşməsi və inkişaf etməsi mükün deyil. Buna görə də verilən qərar çox qısa dövrü əhatə edəcək  qərardır. Sadəcə olaraq bu qərar qısa zaman da olsa manatla bağlı problemləri həll edəcək. Sonra hökumət bu sahədə ciddi addımlar atmağa məcbur olacaq. 

Manatın tam üzən məzənnəyə keçməsi ümumiyyətlə mükün olmayacaq. Çünki manatın tam üzən məzənnəyə keçməsi üçün heç olmasa onlarla şirkətlər lazımdır ki, birjaya çıxa bilsin. Birbaşa valyuta sata bilsin və yaxud da valyuta ala bilsin. Azərbaycanda da belə bir imkan yoxdur. Məzənnə yenə stabil olacaq. Yenə qeyd edim ki, bu qərar sadəcə olaraq qısa zaman da olsa, manatın məzənnəsinin kəskin dəyərədən düşməsinin qarşısın alacaq”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Ən çox oxunanalar