Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənim üçün bənövşə


Adi bayram günlərindən biriydi. “Adi” deyirəm, çünki mənim üçün bayramlar adi günlərdən heç bir özəlliyi ilə seçilmirdi


Xüsusilə də 8 Mart. Qadınlar günü. Düzü cəmiyyətdəki, ailədəki yerimi doğru-dürüst müəyyənləşdirə bilməmişdim. Kimlərin sırasına qoşula biləcəyimi də. Eləcə yerlə göy arasında idim. Siluetim özümə də görünməz olurdu bəzən. Fikirlərin dumanında özümü axtara-axtara qalırdım.
 
Həyatda da facebook qruplarına oxşayan qruplar var; bu qrupların da öz aktivləri... Onların da zaman-zaman “heyəti” dəyişir. Kimlərsə qruplara daxil olur, kimlərsə silinir, kimlərsə könüllü özünü təcrid edir. Mən yəqin ki, könüllülərdən idim.
 
Bu halda 8 Mart adi günlərdən biri idi. Yan-yörəmdən qadınlar keçirdi - qucağında gül dəstələri və bağlamalar olan, üz-gözündən nəşə yağan qadınlar. Mən bütün bu təmtərağa adi bir laqeydliklə baxır, fikrimdə bu gün görəcəyim işləri sadalayır, hamısını çatdırıb sahmana salmağı düşünürdüm.
 
Mart gələn kimi səhhətimlə bağlı narahatlıqlar üzə çıxır, elə bil yaz məni sıxır, şaxtalı-boranlı qışdan çıxa bildiyimə inanmır bəlkə də, bir də sınayır, bərkə-boşa salır məni.
 
Belə bir sıxıntılı yaz günüydü. İçimdəki “dağıntılarla” gəlmişdim əslində yaza. Heç nəyə yox, bir çöl çiçəyinə ümidim vardı. Məni yaza inandıracaq bir çöl çiçəyinə.
 
Şirkətə gələr-gəlməz işə başladım. Ssenarimi hazırladım, studiyaya qaçdım, qadın dinləyicilərin 8 Martını təbrik etdim (bunu edərkən bacardığım qədər təbii olmağa çalışdım) və s. Yəqin ki, dinləyiciləri bayram ovqatına inandıra bildim, çünki məni dinləyən hansısa bir tənha qadının yaz ümidini, o ümidin enerjisini hiss etdim.
 
Redaksiyaya gələndə çox yorğun idim. Səhhətimdəki xəfif nasazlıqlar özünü büruzə verirdi. Bayram ovqatlı qadınlara baxdıqca arada özümə də nəzər yetirirdim. Yox, əyin-başım elə adi günlərdəki kimiydi.
 
Masaların üstündə şokolad qutuları diqqətimi çəkdi. İş yoldaşlarım sual dolu nəzərlərimi görüb “rəhbərlik gətirib” dedilər. “Hər bir xanımı bircə-bircə təbrik etdilər. Təəssüf ki, sən yoxuydun...”
 
Köksümü ötürüb bər-bəzəkli qutulara baxdım, gözəl idilər, yəqin ki, dadı da yaxşıdır, görəsən həyatın turşməzə tamını unutdurmağa yetərmi?
 
“Səni rəhbərlik çağırır”, - qəfildən zəng gəldi.
 
Yorğun addımlarla rəhbərimizin otağına üz tutdum. Qəbul otağında xeyli əməkdaşımız və şirkətin qonaqları vardı. İnsanların üzündən təbəssüm yağırdı. Ya da mənə elə göründü. Belə vaxtlarda adama elə gəlir ki, bayram ovqatı hamının paltarına, çöhrəsinə, saçlarına qonmağa, hamıyla qaynayıb-qarışmağa hazırdır, təki səndən, sənin tənhalığından qurtulsun.
 
Bu qarışıq fikirlər Allah bilir nə qədər davam edəcəkdi, əgər rəhbər gəlib çıxmasaydı. Məni görüb gülümsədi:
 
“İş başındaydın, səni görə bilmədik. Amma hədiyyən, bax, pəncərənin önündə boynunu büküb yolunu gözləyir”.
 
Və köməkçisinə işarəylə - “Günelin bənövşələrini ver”, - dedi.
 
Və bir qom bənövşəni mənə verdilər.
 
Mən çaşqın-çaşqın əlimdəki güllərə baxırdım.
 
Bu, mənim həyatım boyu aldığım ən gözəl hədiyyəydi.
 
Mən əlimdəki çəhrayı çiçəklərə baxa-baxa fikrə getmişdim. Mən çiçəklərə, hamı isə mənə baxırdı.
 
Mən bütün həyatımı, ağrılarımı, yaralarımı düşünürdüm.
 
Mən gülümsəyirdim - içimdəki dağıntılara, yalançı ümidlərə, göz yaşlarına, insanlara, həyata, günəşə.
 
İnadla gülümsəyirdim.
 
Adamlar nə düşünəcəklərini bilmədən mənə baxırdılar.
 
Həyat gözəl idi. Yaşamaq gözəl idi. Mən bənövşəni sinəmə sıxdım və heç nə demədən otaqdan çıxdım...
 
Hər bayram gününün təmtəraqlı “libasından” pəncərənin önündə yolumu gözləyən həmin o bir qom bənövşənin ətri gəlir.
 
Və mən inadla gülümsəyirəm...
 
Günel Natiq(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar