Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mən zorlanmış qadınam


İçimizdə bir qadın var, zorlanmış qadın...

 
Sona Yaqubova yazır

...hər kəsin zaman-zaman zorladığı birini özümüzün də zorla hər kəsdən gizlətməyə çalışdığımız qadın. Üzdə, sözdə güclü, yıxılmamış, mutlu bir qadının içində öləziyən bir qadın.
 
Gəlin, sizə bir sirr açım (etiraf kimi də qəbul edə bilrəsiz). Əslində ən zəif qadın güclü olmaq zorunda qalan qadındı. Hərdən ürəklənirəm, istəyirəm çıxardam içimdən o illər məhbusunu, buraxam azadlığa, bir az yaşaya, nəfəs ala, dincələ. Amma mən bu vicdanının üstünə qoymaq üçün təmiz əlləri olmayan insan sürüsünə yem edib, əzdirərmiyəm onu? Əsla!!! Baxmayaraq ki, ətrafımda hər kəs, xüsusən də kişilər o qadını istəyir. Hər addımda məni kobudluqda, dominantlıqda ittiham edənlər qadını həmişə zəif, məzlum, möhtac görmək istəyənlərdi. Qadın, əslində, göründüyü kimi bir dəfə yaranmır. Taleyininin şərtlərinə görə özünü dəfələrlə yaratmalı olur.

Məsələn, təklənmisənsə, öz gücünə, bacarığına görə yaşamaq istəyirsənsə, əlini-gözünü bağlayıb elə dərinə tullayırsan ki, çox vaxt özün belə unudursan, xatırlaya bilmirsən özünü. Yaşam uğrunda mübarizəyə girdiyin andan etibarən (tək olduğunu anladığın andan) kafanda özünü müdafiə mexanizmi işə düşdümü, vəssalam.
 
Bir də baxırsan ki, çevrilmisən amazonkaya.Yəni bizim kişilərin sevmədiyi tipə. Axı bizim kişilər qadını sevməkdən çox sahiblənmək istəyir. Hə, eləcə mal kimi sahiblənmək. Adi bir misal çəkim. Yəqin ki, öz gücünə yaşayan qadınlar bunu yaxşı bilir. Bir kişiylə sözün bir balaca çəp gələn kimi ilk dedikləri söz: “Sənin yiyən-sahibin var? Get, nəslində kişi varsa, o gəlsin”.
 
Bu, bizim kişilərin həm də ən yağlı söyüşüdü. Guya səni belə alçaldırlar, təhqir edirlər. Onsuz da yanında kişin yoxdursa, cəmiyyət səni alçalmış və təhqir olunmuş hesab edir. Və bunu şapalaq kimi sifətinə vurmaq üçün məqam güdürlər. Cəmiyyət demişkən, bizi bu toplumun vəhşi qanunlarına hazırlayan oldumu? Gəlin, səmimi olaq, əyalətdə, ucqar bir dağ kəndində doğulub böyüyən biri kimi deyirəm.

Biz tərəflərdə qız uşaqlarının əlindən oyuncaqlarını alıb, saçından tutub tullayırdılar həyatın ortasına. “Get baş çıxar”, - deyirdilər. Yadımdadı, ilk dəfə yeddinci sinifdə oxuyanda aybaşı olmuşam. “8 Mart” günü (mistikasını hələ də anlamıram). Məhlədə uşaqlarla oynayırdıq, birdən nəsə baş verdiyini hiss etdim. Qaçdım evə, qorxudan dəhşətə gəlmişdim. Neyləyəcəyimi bilmirdim. Yanlış, ayıb bir şey etmiş kimiydim. Qorxurdum, ailəmdən kimsə bilər deyə. Amma bu lənətə gəlmiş qanı bir şəkildə durdurmalıydım axı...
 
Güc-bəlayla özümü toparlayıb nənəmə deyə bildim. O isə sevincək məni qarşısına qoyub başladı təlimə. “Deməli, artıq sən böyümüsən, ərə gedə bilərsən. Bundan sonra oturuşuğuna-duruşuğuna fikir ver, ərgən qızsan, özünü uşaq kimi aparma". Və... Və əsl fəlakət burdan başlayırdı. Aybaşı müddətində istifadə elədiyin əskiləri mütləq yuyub qüslləməlisən, yoxsa özün də qüsl verə bilməzsən, qalar boynunda. O biri dünyada yumadığın əskilərin, vermədiyin qüsllərin hesabını soracaqlar səndən.
Beləcə, o gündən yay-qış deməyib hər dəfə o əskiləri axşamüstü, küçə-bacadan əl-ayağın çəkildiyi saatlarda utana-utana, kiminsə gəlib görəcəyi qorxusuyla yoldakı su arxında yumağa başladım. Bu aybaşı olayının üstündən çox keçməmiş “yiyə-sahiblərim” saçlarımdan tutub məni ərə verdilər. “Sevib-sevmədiyinin elə də fərqi yoxdu, gedəndən sonra sevəcəksən”, - dedilər. Əsas məsləhəti isə son gunə saxladılar. Toy gecəsi, seks haqqında heç bir anlayışım olmadığı üçün qorxub ağlayırdım. “Evimizə getmək istəyirəm”, - deməyimi eşidən bibim (yengəm idi) içəri girib dedi: “Ağlını yığ başına, bizi biabır eləmə. Atan küçəyə çıxa bilməz. “Evimizə gedirəm” deyərsən, elə bilərlər qız deyilsən. Burda nə var ki, gözünü yum, sıx dişini, vəssalam...”
 
Bəli, bizə həmişə gözümüzü yummağı və dişimizi sıxmağı öyrətdilər. Gözümüzü açan, dişimizi boşaldan kimi isə “yiyəsiz-sahibsiz” qaldıq. Gözüyumulu ortasına düşdüyümüz, anlamaq, baş çıxarmaq üçün çabaladığımız ailə həyatının ortasında bu dəfə də ailələrimiz uşaq tələb etdilər bizdən.

Bəli, məhz tələb, hətta təzyiq elədilər. Biz valideyin olmaq istəyimizdən çocuq yapmadıq. Onların istəyini həyata keçirdik sadəcə.

Növbəti zorlanma. Ana olmağıma sayılı günlər qalmışdı. Anam bir yığın çağa, bələkcə alıb gətirmişdi. Evin ortasında oturub doğulacaq uşağımı necə, nə ilə bələyəcəyimi göstərirdi. Saxlaya bilmədim özümü, hönkürüb ağladım. Anam təəccübləndi. Ana olmağa özümü hazır hiss etmədiyimi, bu uşağı istəyib-istəmədiyimdən əmin olmadığımı, hələ də onun qucağına girib uyumaq istədiyimi dedim. Anam yenə həmişəki etinasızlıqla gülərək: “Kim ana olanadək ana olmağa hazır olur ki? Doğandan sonra hər şey düzələcək”. Belə, bizi böyüməyə, qadınlığa, analığa məcbur buraxdılar. Öhdəsindən gəlməkdən başqa çarəm qalmadı. Necə olsa bu zorakılığa alışmış biri kimi indi əslində necə olduğumuzu çoxdan unudub, yaşam şərtlərinə uyğun bir qadın obrazı yaratmaq əlimizdə su içmək qədər asandı.
 
Bu gün bayram münasibətilə bizi təbrik etmək üçün pul xərcləyib, baş sındırıb, nə hədiyyə edəcəyini düşünən kişilərə demək istəyirəm:
 
"Bu günü bayram eləməyimizi istəyirsinizsə, uydurduğumuz, məcbur olduğumuz kobud, güclü, dominant qadını yox, içimizdə boğub gizlətdiyimiz özümüzü, zərif qadını qorxmadan, rahat yaşaya, yaşada biləcəyimiz bir toplum hədiyyə edin bizə”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar