Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmur qızının “Love story” klipinin əks-sədası


Bu ölkədə öz eqo və davranışlarıyla, şövq və intriqalarıyla vəzifəli valideynlərinə problem yaradan övladlar vaxtaşırı gün işığına çıxırlar


Amma beləsi olmamışdı. Əvvəlkilərin hamısı kişi cinsindən idi, yüksək mənsəbli atalarının hesabına müxtəlif cür qudurğanlıqlar, harınlıqlar edir, valideynlərinin adlarını hallandırırdılar.

Bu dəfə ictimaiyyətin diqqətinin öz məmur atasının üzərinə yönəldən övlad xanımdır, həm də atası o qədər də yüksək mənsəbli dövlət adamı deyil, şəhər təsərrüfatı sahəsində orta ranqlı bir vəzifə yiyəsidir.

Di gəl, ortadakı görüntülər böyük cah-cəlaldan, hüdudsuz zənginlikdən xəbər verir.

İstər-istəməz adamlarda belə bir qənaət yaranır ki, ortabab bir nazirliyin orta səviyyəli idarəsi qədər olan bir müəssisənin rəhbərində bu cür ayaqlar altına səpilən, adi toya israf edilən bu qədər pul-para varsa, görün, adı çıxmış oliqarxlarda, nazirlərdə nə boyda sərvət var.
Peşəkar mediada, sosial şəbəkədə istifadəçilər tərəfindən təkrar-təkrar paylaşılan “love story” səciyyəli videoklipdəki görüntülər isə gerçəkdən də ərəb şeyxlərinin, Avropanın kral sarayları cəmiyyətlərinin həsəd aparacağı təmtəraqdadır.

Dünya üzərində yüzlərlə milyarder, minlərlə milyonçu var ki, övladlarına toy büsatı quranda təntənəyə, dəbdəbəyə, təmtərağa bu qədər pul xərcləmirlər, bunu israf sayırlar və təvazö çərçivəsini aşmırlar.

Bu hərəkət görməmiş, günortadan sonra görmüş cəmiyyətlərə xas davranışdır.

Qədimlərdə də belə görməmişliklər, şöhrətpərəstlik tutmaları olub. “Filankəs qızına (oğluna) bir toy elədi ki, sorağı yeddi mahala yayıldı”, “Filan adam qırx gün, qırx gecə toy vurdurdu”, “Bəhmənkəs oğlunun toyunda quş südünəcən, hər şey verdi” kimi ifadələr hələ də dillərdədir.

Bir neçə il öncə övladının toyuna dünya musiqisinin ulduzlarını, Rusiyanın, Türkiyənin ən məşhur müğənnilərini gətirən və bununla toyun dəbdəbəsini daha da artırdığını düşünən, övladının toyunda bahalı maşınlardan ibarət toy karvanı təşkil edən imkanlı adamlar da vardı. 
Son illərdə o trend bir az zəifləmiş kimi görünürdü, amma hiss olunur ki, hələ də öz zənginliyini gözlər önünə sərməklə başqalarında həsəd oyatmağa çalışmaq, öz varidatı ilə qürur duymaq mərəzi öləziməyibmiş.

Əlbəttə, maddi zənginliyi aləmə görk eləmək qanunla qadağan deyil, bu daha çox mənəvi-psixoloji kriteriyalarla tənzimlənən məsələdir. İnsanların təvazökarlığı və lovğalığı şəxsi məziyyətləridir.

Ancaq Azərbaycan kimi yazılmış və yazılmamış qayda-qanunların total şəkildə pozulduğu ölkədə bu cür zənginlik nümayişləri başqa kateqoriyaya girir, insanlarda təkcə həsəd və paxıllıq, qürur və qibtə doğurmur, həm də nümayiş olunan sərvətlərin qaynağı haqda şübhələr doğurur.

İnsanlar haqlı olaraq düşünürlər ki, aylıq məvacibi 500 (lap olsun, 1500) civarında olan bir dövlət məmurunun bir milyonluq villada yaşaması, 100-200 minlik maşınlardan ibarət qaraj saxlaması, ildə bir neçə dəfə 10-15 minlik səyahətlərə çıxması hansı pullarla başa gəlir. 
Hamının ağlına ilk növbədə dövlət və xalq malının külli miqdarda oğurlanması versiyası gəlir və onlar yüzdə doxsan doqquz halda düz fikirləşirlər.

Bu ölkədə heç bir məmurun maaşı villa tikdirməyə, “Mercedes Galendevagen” almağa yetəcək qədər çox deyil. Bundan ötrü onlara ya ABŞ-da, İngiltərədə ölmüş xalalarından milyonluq miras qalmalıdır, ya da korrupsiya və rüşvətxorluq qazanında öz çömçələri olmalıdır. 
Məmləkət əhli belə varidatların qaynağını, toplanma mexanizmini əla bilir. Heç kimi aldatmaq mümkün deyil. Hər kəs bilir ki, dövlət büdcəsindən gələn sızqa krant belə idarə və müəssisə rəhbərlərinə milyonlar qazandırır. Elələri var, acgöz və tamahkardırlar, əllərinə düşən imkandan maksimum istifadə edir, çox sürətlə varlanırlar. Elələri də var, xımır-xımır yeməyi və dalda-bucaqda gizlənməyi üstün tutur, adının hallanmasını istəmir.

Bu dəfə isə ikinci evliliyinə dair görüntülərin bütün ölkəyə yayılmasını istəyən xanım ölkədə çox az adamın tanıdığı atasını dilə-dişə saldı. İndi o kişinin əmək fəaliyyəti ilə maraqlananlar mütləq olacaq.

Ali mənsəblilərə baxmayın, belə məsələlərdə orta ranqlıların başı ağrıyır.

Xalid KAZIMLI
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar