Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məmməd İsmayıl: “Ad günlәrimi 78 ildir Allahla birlikdә keçirirәm”

Bu gün Məmməd İsmayılın 78 yaşı tamam olur


 PİA.AZ  Kulis.az-a istinadən bu münasibətlə şairlə müsahibəni təqdim edir:
 
- 77 yaşa dostunuz Musa Yaqub qoşa dəryaz deyirdi. Yola saldığınız bu yaşla bağlı sizin təxəyyüldə nə qaldı?
 
- Anadolu türklərinin ömrə sərhəd qoyan amansız bir deyimi var: yeddidən yetmişə! Əlbəttə yeddidən baxanda yetmiş çox uzaq görünür. Gözünü açıb yummağa macal tapmamış yetmişə çatdıqda isə… (Amma ki, bir zamanlar bu 77 yaş elə uzaq görünürdü ki?!) Qəlibləşmiş düşüncəyə görə yetmiş sərhəddir, ölüm sərhəddi! Musa dostumun qoşa dəryazına gəldikdə isə…dəryaz bəllidir ki, qarşısına gələni biçir, amma üzünə üz bağlayıb dəryazın kəskin tiyəsindən qaçanlar da az olmur, yəni 77-dən sonrakı yetmiş səkkizi ölümün kəskin tiyəsindən qaça bilmək kimi də başa düşmək olar. Yetmişdən sonra yaşanan ömür qazancdı, yaradanın insana tale lütfüdür. Ağrılı, acılı, quyruğu tapdanmış bir ilan ömrüdü həm də. Dәrd dә xamır kündәsi kimidir, onu sәbr “oxlovu” ilә yaymalısan ki, nәzilsin, üzülsün. Çinli filosof Konfutsinin dediyi kimi:On beş yaşımda oxumaq istәyimi hiss etdim, 30 yaşımda özümü tәsdiq etdim, 40 yaşımda tәrәddüdlәrimdәn xilas oldum, 50 yaşımda Göylәrin gәrәklәrini anladım, 60-da sözümün tәsiri artdı, 70-də ölçülәri çiynәmәdәn ürәyimin arzusu ilә yaşayıram.
 
Əlavə sözə ehtiyac varmı?
 
- 77 yaş nələrlə yadınızda qaldı. Şəxsi həyatda və yaradıcılıqda.
 
- İnsan sonunda başını yeyə biləcəyini bilə-bilə həyatının inkişaf mərhələlərini arzulara həsr edir. Atalarımızın, “Əvvəlin gəlincə, axırın gəlsin” deyimi birbaşa mənə aiddir. Alın yazımız bizdən daha çoxbilmişdir. Bilənlər bilir ki, həyatımın birinci dönəmi ən ağır, ən acı məhrumiyyətlər içində keçdi, yaşyarımımda atamı, əlimin yenicə çörəyə çathaçatında-otuzumda yer üzünün ən cəfakeş, ən iffətli qadınını-anam itirdim… Hәyat şәrtlәri, sahibsizlik mәni birdәn-birә uşaqdan yaşlı adama çevirdi, gәncliyimi ürəyimcə yaşamadım, yaşaya bilmәdim. Bunları söyləməkdə məqsədim itik itiyi tapar fikrini təsdiqləməkdir, yəni ömrün birinci aşamasındakı itkilərin ömrün ikinci yarısında əvəzlәnәcәyinә inamım hər zaman vardı:
 
Sәhra sәrabında buxarlanar qum
Yağış ümidi var uzaqlardasa...
Boşuna deyil ki, görünәn ilğım,
İlğım var, demәli su var hardasa...
 
Və hər iki mənada beləcə əvvəlim yox, sonum gəlməyə başlamış. Ömrün ikinci yarısında xüsusən yetmişdən sonra ömrün birinci yarısında xəyal etdiklərim, düşündüklərimin bir çoxu gerçəkləşməyə başlamış. Niyyətin haraya mənzilin oraya. Uzun illik təcrübəmə dayanaraq deyə bilərəm ki, nə olur olsun, sabaha olumlu baxmağı, dünyanın harasındansa sənə qovuşmaq istəyən hadisələri özünə çəkməyi bacarmalısan, bunu bacardınmı, dalısı gələcək. “Sirr” kitabında deyildiyi kimi “...Siz dünyadakı әn güclü maqnitsiniz! İçinizdә yaşatdığınız maqnetik güc, yer üzündәki hәr şeydәn daha güclüdür. Bu çәkim gücünü yayan isә yenә sizin öz düşüncәlәrinizdir... İndi yaşadığınız hәyat, keçmiş düşüncәlәrin bu günkü әks-sәdasdır... 78-də bir çox dünya şeir festivallarına dəvət aldım, bu festivallarda sirrin sehrli çubuğu elə ağılagəlməz, gözlənilməz gedişlər baş verirdi. Hadisələr bir zamanlar düşündüyüm plan üzrə gedir, hazırda dünyanın bir çox ölkəsində şeir kitablarım hazırlanır, onlardan ikisi artıq çap olunub, bəziləri isə çap aşamasındadır.
 
- Özünüzü necə hiss edirsiniz?
 
- Yetmiş səkkiz yaşlı bədən özünü necə hiss edirsə elə. Təkrar olsa da deyim ki, hərdən qarışqa kimi bədənimə daraşmağa başlayan xəstəliklərlə qürbət havasıyla danışmağım var, mən onlarla adam kimi söhbət edirəm, deyirəm ki, ev sahibi üzlü qonağın üzünə yox, izinə baxar. Siz də üzlü qonaq olub icazəsiz canıma doluşdunuz, bir söz demədim, qonaq da bir gün, beş gün olar, görmürsünüz, işim başımdan aşır, dəf olub gedin, qoyun qaxılıb işimi görüm. Onlar da bәzәn sözümə baxıb üzü sulu çıxıb gedirlər. Bu işin bir az zarafat tərəfi, amma bir həqiqət də var ki, mən vücudumun ayrı-ayrı üzvləri ilə də hərdən söhbət edirəm: Allah mənə ruhumu ölənəcən daşımaq üçün verdi. Və görürsünüz ki, ruhum dimdik ayaqdadır, o zaman siz də ilahi tapşırığı “adam” kimi yerinə yetirin! Hələ ki, tanrı görəvini əksiksiz yerinə yetirirlər.
 
Siseron “Qocalıq, dostluq və vəzifə haqqında” kitabında yazırdı: Hamı qocalmağı arzulayır, amma qocalandan sonra onu günahlandırmağa başlayır. Antik çağlarda İsokrat ünlü “Panafiney nitqi” kitabını 94 yaşında yazdıqdan sonra daha beş il yaşamışdır, onun müəllimi Qiorqi isə 107 il yaşamış və bir anda olsa məşğuliyyətindən ayrılmamışdır, ondan nədən bir belə uzun yaşlamağından razısan sualına, mənim qocalığı günahlandırmağa heç bir səbəbi yoxdur, cavabını vermişdir. Yanlışlıqlar yaşın çiçəklənən çağına, uzaqgörənlik isə ixtiyar çağına aiddir.Belə bir deyim var; əgər istəyirsən uzun zaman ixtiyar olasan, o zaman tez qocal,amma mən gec qocalıb, az ixtiyarlıq ömrü yaşamaq istəyənlərdənəm. Günahın qaynağı həzzdir! Hansı həzzi illər uzunu qazana bildiyin prestijlə müqayisə etmək olar? Hәr şey maddi dünyanın içinә yerlәşdirilmişdir. Vә bu sınırlara kişinin giriş yolu eyni zamanda da onun bu sınırlardan ayrılma yoludur.
 
- Yubiley olmayan ad günlərinizi necə qeyd edirsiniz? 78 yaşı necə qeyd edəcəksiniz?
 
- Əslində mənim doğum günümü Allahdan başqa kimsə dəqiq bilmir, bilsə anam bilərdi, onun da cavabı o dünyadadır. Ona görədə ad günümə canım bir elə də isinmir, hardasa günlərin də ruhu var və bu günün özü də ad günüm olmadığını bildiyindən məni sevinclәrinə şәrik etmir. Yəqin ki, bu formal doğum günümü Gülzar qızım və nəvələrimlə xudmani bir süfrə başında keçirəcəyik (Doğum günləri Türkiyədə bizdəki kimi bir o qədər də dəbdə deyil).
 
...Hayandan başladın insan ömrünü
Söz verir, sirr vermir alın yazın da.
Nә anan bilirdi doğduğun günü,
Nә doğru yazılıb yaş kağızında...
               
Başına qalmışdı başsız dünya da,
Başı olanlar da başı hayında...
Arpa biçinindә olmuşdun, ya da,
Doğmuşdun payızın orta ayında.
 
...Çöpüklü çağaydın canı cibindә.
Allahın lütfüydü ananın döşü...
Bәlkә dә göylәrin doğum evindә
Bәxtin kiminlәsә dәyişik düşüb.
 
...Möcüzә baş verәr, elә gün gәlәr
Qürbәti vәtәnә köçürәr Allah.
Unudub unutsun yerdә bәndәlәr,
Göydә, ad gününü keçirәr Allah...
 
Bәlkә bir az iddialı sәslənәcәk, mәn ad günlәrimi 78 ildir Allahla birlikdә keçirirәm. “Bilәn söylәmәz, söylәyәn bilmәz…”
 
- İlham pərisi ilə necə dolanırsnız? Sizdən küsmür ki?
 
- İlham dediyimiz bir ağacdı ki,
Meyvəsi varaqda kökü sinəmdə…
 
Ömrün ilk gənclik çağlarında ilhamın nə olduğunu bilmədən içini dağıdan duyğu selləri hara, Aran ovalarında sozala-sozala axmaqda olan ixtiyarlığın qürub suları hara? O səbəbi bilinməyən gənclik coşqularını həyatın kəşməkəşli yollarında qoruyub saxlamağa çalışan, uşaqlıq saflığını yorğun ixtiyarlıq çağlarına ulaşdıra bilən yaradıcıdan ilham heç zaman üz döndərməz, döndərmir də. Amma səni tənbeh etməyi də var: məni boş-boş hərcayi duyğulara xərcləmə! Bu mənada onunla deyəsən hələ ki, aramızda böyük bir problem yoxdur.
 
- Deyirlər, yaş artdıqca şairlik yerini filosofluğa verir. Yəni insan müdrikləşdikcə poetik yox, daha çox rasional düşünür. Sizdə necədir?
 
- Maraqlı sualdır, amma bu suala da bir tərəfli cavab vermək yanlış olardı. Bir tənqidçiyə görə ədəbiyyat çəmənlik yox, ormandır. Ormada isə müxtəlif boylu ağaclar olur. Yəni dünya ədəbiyyatında az yaşayıb Anadolu türkləri demiş, öz yaşayan sənətkarlarla yanaşı, ömrün qürubuna ulaşan sənətkarlar da az olmamışdır. Dünya ədəbiyyatının az ömürlü Bayronları, Puşkinləri, Remboları, Lermontovları, Müşfiqlәri olduğu kimi, çox yaşayıb hətta ömrün qürubunda belə sevgi şeirləri yazan Göteləri, Hüqoları, Buninləri də az deyil. Yəni yaş artdıqca əlbəttə müdriklik də artır və atmosferdən, oxuduğum kitab təcrübələrindən və nələrdən, nələrdən gələn fəlsəfi duyumlar mənə də yad deyil. Amma şairliyi qara sevda olan adama bu fəlsəfi düşüncələr mane olmur, əksinə ona yeni imkanlar sunur, bir şərtlə ki yolçu salama hazır olduğu kimi gələcək ilhammı deyim, sezimi, onu qarşılamağa hazır olasan!
 
- Bəlkə ad günü sualı deyil, ancaq son dövr şeirinizdə irfani məqamlar olduğu üçün soruşuram axirətə inanırsınızmı? Bizdən doğrudan da hesab sorulacaqmı?
 
- Yaşamağa ömrün ardı,
Tapınmağa pirin ola;
Gəlməyə bir yerin vardı,
Getməyə bir yerin ola.
 
Haraya gəldiyimizi bilməyə-bilməyə gəlməyə bir yerimiz vardı, gəldik, bu o deməkdir ki, mütlәq getməyə də bir yerimiz var:
 
Şirinliyi hardan alır bal nә bilsin
Sora bilsәn, gedib soruş, arı bilәr.
Axşam harda yatdığını sәn bilirsәn
Sabah harda oyanarsan Tanrı bilәr.
 
Bu dünyaya gәlişimiz ana bәtninin 9 aylıq yanar tunelindәn keçdiyindәn gәldiyimiz dünyadan gәlәcәyimiz dünyaya xәbәrlәr gәtirә bilmirik. Kim bilir, bәlkә mәzar dedyimiz dә başqa bir ana bәtnidir, o dünyaya, paralel dünyalara keçit üçün. Mәn 70, 80, 90 il yaşayıb bir bu qәdәr dünyagörüşü vә tәcrübәnin yaradan tәrәfindәn torpaq altında boşu boşuna çürüdülәcәyinә әsla inanmıram, ola bilmәz ki, bu dünyada çox şey üzü suyuyla burda ayaqda qalsın, amma onun yetirdiyi insan torpağın altında heçliyә qarışsın. Vә o da ola bilmәz ki, insan bu dünyadakı xoş vәya bәd әmәllәrinin hardasa, haçansa hesabını vermәsin, bu dünyanın dialetik qanunlarına yad bir hal olardı. Ana bәtninә düşәn çağanın, torpağa sәpilәn toxumun, torpaqdan süzülәn suyun elә bil arxasınca qovurlar, harasa tәlәsirlәr. Dünyada olan hәr şey göydәn gәldiyimizi sәssiz, sәdasız hәrәkәtlәri ilә subut etmәklә mәşğuldur. Ağac yerә kök atır, endirildiyi göyә ucalmağa çalışır ki, Allaha bir az da olsa, yaxınlaşsın, su sudur ki, o da qaynayanda aşağı enmәk yerinә buxarlanıb yuxarı qalxır...o zaman dünyasını dәyişәn insan nә etmәlidir?
 
- Gəncliyinizdən sizinlə yoldaşlıq edən və bu yaşda da heyrətinizin ünvanı olan şair varmı?
 
- Olmaz olurmu? Yәqin ki, öz әdәbiyyatımızın tәmsilçisini nәzәrdә tutursunuz. Bu, hәr yönüylә Ә.Kәrimdir.
 
- Türkiyədən və getdiyiniz xarici ölkələrdən Bakıdakı ədəbi mühit necə görünür? Bu günü və sabahı. Ümid eləməyə dəyər?
 
- Hәr әsrin başlanğıcı yeni düşüncәlәrә hamilәdir. Hәlә keçәn әsrin sonlarına doğru mәtbuatda belә bir xәbәr dolaşırdı ki, kosmosdan quyruqlu bir ulduz Yer kürәsinә yaxınlaşır vә özüylә bәrabәr dünya düşüncәsinә tәsir göstәrәcәk yeni bir enerji dә gәtirir. Әslinә baxsan ümumiyyәtlә hәr yeni әsirin әvvәllәrindә eyni proseslәr baş verir. Siz әgәr rus, ya da fransız әdәbiyyatının XIX vәya XX yüzillәrin sürәtli başlanğıclarına baxsanız dediklәrimin gerçәk olduğunu görәcәksiniz. Bakıdakı әdәbi mühit deyәndә mәn bu mühitin daha çox yaşı әlliyә çatmamış şair vә yazıçılarımızın inadlı axtarışlarının varlığını nәzәrdә tuturam. Türkiyәdә, ya da elә getdiyim ölkәlәrdә baş verәn әdәbi proseslәrlә yeni nәsil Azәrbaycan yaradıcı gәncliyin axtarışlarını müqayisә edәndә bizimkilәrin bu gözәgörünmәz yarışda heç dә geri dә qalmadığını düşünürәm. Belә ki, misalım bir az qaba da olacaq, ovcundakı xamırı nә qәdәr bәrk sıxsan barmaqların arasından o qәdәr çıxmağa çalışacaq. Gözәl bir başlanğıc var, başlanğıc isә hәlә çәtin sәfәrin ilk addımıdır. Amma bәzi gәnclәrimiz var ki, özünü bәyәnmişlik, lovgalıq azarına tutulur, tәrәzi ağıllarıyla qapanın yükünü çәkmәk istәyirlәr. Yanlışlığı görmək elə də çətin deyil, əsas olan həqiqəti görməkdir, çünki yanlışlıq üzdə, həqiqət isə dərinliklərdə gizlidir və əsas olan da onu bulmaqdır.
 
Ümumiyyәtlә dünya әdәbiyatları ilә müqayisәdә indiki halda elә dә geridә qalmadığımızı düşünürәm.
 
- Vətənə dönməyi düşünürsünüzmü?
 
- Bitkinin boyu toxumunda gizli olduğu kimi, biz dә atamızdan, anamızdan sonra düşüncәlәrimizin övladıyıq, şuuraltı bir düzәnlә onun layihәsini hәyata keçiririk. Moskvada oxuyarkәn Turkiyә sәfirliyinin binasının yanından keçib gedәndә vә o binaya daxil ola bilmәk imkanlarımın sıfır vaxtında bir anlıq içimә dolmuşdu ki, Türkiyәdә işlәyirәm, qürbətim o ürәyә dammadan başladı yəqin ki. Vәtәnә dönmәk mәsәlәsinә gәldikdә isә ora hәr şeydәn öncә anamın yatdığı torpaqdır vә anamın vә gәlib getmiş bütün anaların ruhlarının dolaşdığı yerdir. Vә bir zamanlar yazdığım bir şeirdә belә misralar vardı:
 
Evinin yanında ev tikdim,ana,
Qәbrinin yanında qәbrim olaydı.
 
Bundan böyük arzu olarmı? Bu gedişdәn öncә qayıdış arzularının başlanğıc işarәti deyildimi? Amma nә yazıq ki, qırılan okean buzlarının arası kimi vәtәnlә qürbәtin arası uzandıqca uzanır, açıldıqca açılır. ”Çıxdınmı bir daha yol yox geriyә, bağışla yumurta qabığı vәtәn!” Vә son olaraq:
 
Ara günlәrini dәrdlә bölüşәr,
Sonra da şәnbәsi, bazarı gәlәr.
Qürbәtә düşәnlәr tarixә düşәr,
Gәlsә dә vәtәnә mәzarı gәlәr...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar