Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maştağa Psixi Xəstəxanasında anarxiya


Pul gücünə “dəli olanlar”la tanışlıq: ümumiyyətlə “dəli” olmaq neçəyədir?


O gün qonşum bizə gələrək “anamın vəziyyəti pisdir,ona kömək et”- deyə məndən xahiş etdi. “Nə olub?”-deyə maraqla soruşdum. Yazıq dil-dodağı qurumuş halda : “Anam özün bilirsən ki, uzun müddətdir ki, Maştağadakı psixi xəstəxanadadır. Artıq onun oradakı halı ən dözülməz vəziyyətdədir. Kimin pulu var,onun xəstəsinə xüsusi qulluq gedir və onu xüsusi otaqda saxlayırlar. Mən də adi mağaza satıcısıyam. Onlar istədiyi pul məndə yoxdur. Odur ki,anam da orada çox pis vəziyyətdə saxlanılır”.

Vəziyyəti dəqiqləşdirmək, baş həkimlə görüşmək üçün “ağıllı dəli”lərlə dolu Maştağa psixi xəstəxanaya üz tutdum. Baş həkim mənim jurnalist olduğumu bilib, qəbul etməkdən imtina etdi. Sən demə, onun jurnalistlərə mənfi münasibəti varmış. Odur ki, baş həkimin müavininin otağına üz tutdum.Onun qapısında o qədər adam var idi ki, adamda belə təəssürat yaranırdı ki, şəhərin yarıdan çoxu dəlidir və yığışıb bura. Amma maraqlısı budur ki, burada duranların heç biri dəliyə bənzəmirdi. Baş həkimin müavininin qəbuluna düşmək üçün düz üç saata yaxın gözlədim. Bura dəlixanaya yox, lap hərbi komissarlığa bənzəyirdi.

Valideynlərlə söhbətləşən zaman öyrəndim ki, yox, bura həqiqətən də Maştağadakı psixi xəstəxanadır, hərbi komissarlıq yox. Qapıda durub baş həkimin müavinini gözləyənlər isə ağıllıdırlar, sadəcə dəli olub dəlilik kağızını almaq və əsgərliyə getməmək üçün bura üz tutublar. Xəstəxanada bu “ağıllı dəli”ləri 8,9,10-cu şöbəyə yerləşdirir, 10 – 15 gün saxlayır, sonra əlinə “dəlilik kağızı”nı verib göndərirlər Bakıya. Baş həkimin müavini məhz bu məsələlərlə məşğul olur. Yuxarıda da qeyd etdiyim kimi, mənim bu xəstəxanaya getməyimdə məqsəd qonşumun şikayətini araşdırmaq idi. Lakin baş həkimin müavini ilə söhbət o qədər maraqlı oldu ki...

Əlqərəz, Maştağa Psixi xəstəxanasının baş həkiminin müavini Rauf həkimdir. O, rəhmətlik Ağabəy Sultanovun dost-doğmaca qohumudur. Azərbaycan mətbuatında da pəpə deyəndən məmə deyənə kimi, özünün dediyi kimi hamı onu sevir və qohumudur. Amma buna baxmayaraq Rauf həkim jurnalistləri heç sevmir. Buna da səbəb jurnalistlərin burunlarını onun işinə soxmalarıdır.
Ən maraqlı məqam isə budur ki, mən qonşumla içəri keçəndə Rauf həkimin yanında hərbi komissarlıqdan bir nəfər də var idi. Onun bura niyə gəldiyini bilməsək də, əsgərlikdən qaçmaq üçün “ağıllı dəli”lərin keçdikləri yollarla biz yaxından tanış olduq. Belə ki, rayondan bura gələn və əlində “dəlilik kağızı” olan bir gənc yüksək səslə haqsızlıqdan şikayətlənirdi. Deyirdi ki, əlində dəlilik kağızı var, lakin hərbi komissarlığa yenisini təqdim etməlidir. Dəlilik kağızı olan gənclə Rauf həkimin çox maraqlı mübahisəsi yaranmışdı. Heç də dəliyə oxşamayan bu gənc Rauf həkimə gerçəklikləri deyib, olanları elə ağılla izah edirdi ki, kimin ağıllı, kimin dəli olması məndə təəccüb yaratmışdı:

- Rauf həkim, sən Allah, bu kağıza qol çək gedim. Mən burda qala bilmərəm. Rayondan gəlmişəm. Yeməyimi, içməyimi kim verəcək?

- Biz verəcəyik.

- Bəs dərman, müalicə nə olacaq?

- Özümüz hər şey edəcəyik.

- Keçən dəfə də məni yalandan 10 gün burda saxladınız, nə yemək, nə də dərman verdiniz. Qol çəkin gedim də. İstədiyiniz pul yoxdur. Ona görə məni burda saxlamayın.

Bu zaman hərbi komissarlığın nümayəndəsi bu “ağıllı dəli”yə prezidentin fərmanını oxumağa başladı. Yazıq oğlan onların hər ikisi ilə o qədər sakit və aramla, mədəniyyətlə söhbət edirdi ki, gördüklərimə çaşmışdım. Nəhayət oğlan dözə bilməyib Rauf həkimə dedi:

- Mən başqa psixi xəstəxanaya gedəcəm. Oralar burdan qat-qat ucuzdur.

Oğlana baxanda yadıma Kefli İskəndər düşdü. Bu gəncin vəziyyətini görüb fikrə daldım. Dəhlizə çıxanda ağıllı övladlarına dəlilik kağızı almaq istəyən valideynlərə ürək ağrısı ilə baxdım. Söhbət zamanı öyrəndim ki, Maştağadakı psixi xəstəxanada dəlilik kağızı almaq istəyən və orada yatmaq arzusunda olmayanlar gününə 250-300 manat ödəməlidirlər. Bunu biz ən azı 5 günə vursaq, bu edəcək 1250 və ya 1500 manat. Kağızın özünün qiyməti isə 3-4 min manatdır. Bəzi “ağıllı xəstələr” əsgərlikdən tam azad olunurlar və müharibə olsa belə onlar əsgərliyə getməyəcəklər. Bəzilərinə isə elə təşxis qoyulur ki, onlar müharibədə arxa cəbhədə olacaqlar.

Biz Rauf həkimdən baş həkimin nə vaxt gələcəyini soruşsaq da, ondan: “Baş həkim icra hakimiyyətindədir” – sözündən başqa bir cavab ala bilmədik. Övladına dəlilik kağızı almaq üçün gələn Adil kişidən bunun səbəbini soruşanda, o, bizə çox qəribə bir cavab verdi: “Nədən məmur övladları getmir, mənimki getsin? Gündə dağ cüssəli bir oğulumuz şəhid gedir. Amma məmur balalarının burnu belə qanamır. Əksinə, onlar harınlamış atalarının pulları ilə Dubayda kef edirlər. Mənin bir oğlum,bir də qızım var və mən onun hansı yolla olursa olsun sağ qalmasını istəyirəm.”

Söhbət zamanı Adil kişi dedi: “Bu gün acınacaqlı olsa da, nə biz, nə də məmurlar övladlarımızı əsgərliyə getməyə qoymuruq. Bu gün bir çox nazirlərimizin övladları əsgəri xidmətdə olmayıblar. Ya da bu məmur balalarının övladlarının adları müxtəlif hərbi hissələrə yazılır, özləri isə getmirlər. Bəzi məmurlar isə işlərini daha möhkəm tutur, sonradan bununla bağlı problemlər yaşamamaq üçün adı hərbi hissənin şəxsi heyətinin siyahısında olsa da sübh tezdən axşam saatlarına qədər evdə və əyləncə məkanlarında kef edir, gecəni övladlarını kazarmalarda yatmasını təmin edirlər. Məmur övladlarının müharibədən qorunmasının daha bir yolu onların xarici ölkədə təhsil alıb, sonradan oranın vətəndaşlığını qəbul etməsidir. İndi məmurlar övladlarını belə qoruyur, biz də balalarımızı qorumaq üçün dəlilik kağızı almaq məcburiyyətindəyik.”

Adil kişi ilə danışanda yadıma nədənsə hamımızın sevə-sevə izlədiyimiz “Bala başa bəla” televiziya tamaşası düşdü. Fikirləşdim ki, Vətəni qorumaqdan övladını qaçıran bu valideynlər həmin tamaşaya baxıblar. Onlar bu xəstəxanada 5 gün yatmaqla balalarının psixikasında fəsadlar yaranmasından qorxmurlarmı? Onlar qorxmurlar ki, bir gün gələcək və evlərinin qapısı döyüləcək. Əsgərlikdən gizətdikləri oğulları: “Şizik, şizik, bu mənəm, doqquz b deyə onlara hücum etməyəcək?” Sonra yadıma bir tələbəm düşdü. İndi bilmirəm,onun atası həmin vəzifədədir,ya yox,amma mən dərs deyəndə tələbəmin atası Səbael rayon ekspertizasının sədri idi. Oğlunun adı əsgərlik xidmətində olsa da,oğlan bütün günü şəhərdə kef edir,qızlarla gəzir,sədası bahalı restoranlardan gəlirdi. Bir dəfə onu şəhərdə görəndə təəccüblə: °Sən əsgərlikdə deyilsən?”-deyə soruşanda tələbəm gülərək : “ Müəllimə,mən gör kimin oğluyam,əsgərlikdə nə işim var. Adım orada gedir,bəsdir”.

Bəs bu gənclərə saxta dəlilik kağızını satanlara nə ad verəcək? Yaxşı, Hipokrat andını onlar saymırlar, Bəs Vətən duyğuları, sevgisi onların qəlbində heçmi yoxdur? Onların vətənpərvərlik anlayışı dəlilik kağızından gələn gəlirlərə qədərdirmi?

Məhəlləmizdə dəli Səməd var. Cəmi 4 ay Məştağadakı psixi xəstəxanada yatdı, sonra anası çıxartdı. Səməd əslində əsl dəlidir, özü də böyüyündən. Əsəbi tutdu gözünə heç doğma anası belə görünmür. Anasından oğlunu dəlixanadan niyə çıxartdığını soruşanda o dedi ki, ayda məndən 120 manat tələb edirdilər. O pul məndə olmadığı üçün Səmədi çıxarıb atdılar. Səmədin azadlıqda olması da ərazi polisinə sərf edir. Belə ki,dəli Səməd polislə iş birliyindədir. O,dava salır,söyüş söyür. Elə olur ki,onun ana-bacı söyüşünə heç kim dözmür və Səmədi döyür. Həmin an polisimiz sanki Simurq quşunun lələyini yandırırmış kimi,orada peyda olur və təhqir olunan adamı : “ Səmədi niyə döydün”-deyib bölməyə aparır.

Fikirləşdim ki, deyəsən Maştağadakı ruhi xəstəxana elə bir yerdir ki, hamının gözündən kənar qalıb. Odur ki, buranın başbilənləri dövlət tərəfindən verilən fərmanların özündən belə pul çıxarmaqdan çəkinmirlər.

Burada öyrəndiyim digər ilginc fakt buranın bəzi şöbə müdirləri ilə bağlı idi. Belə ki,adı çəkilənruhi xəstəxananın bəzi şöbə müdirləri kənar yerlərdə xəstə qəbulu edirlər. Bir seans qəbulun məzənnəsi 50 manatdır. Lakin ən acınacaqlısı budur ki,buranın həkimləri qəbuluna gələn xəstələrə elə ağır dərmanlar verirlər ki,sonradan həmin xəstədə dərmana bağlılıq yaranır. Nəticədə xəstə tam dəli dərmanlarına öyrənir və həkimdən asılı vəziyyətə düşür. Burada bir məqam da var. Belə ki, xəstəyə verilən reseptlər cəmi həftəlik olur. Bir həftədən sonra isə xəstə məcburi şəkildə həkimə getməli olur.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar