Bazar ertəsi, 20 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Manyak Dermotun unuda bilmədiyi epizod


Bu günlərdə oxuduğum bir kitabda qəribə bir detalla rastlaşdım, çox tanış gəldi. Əsərin personajının psixoloji ovqatı bizim bir sıra siyasi fəalların psixoloji ovqatı ilə müəyyən mənada üst-üstə düşür


Sözügedən əsər Con Verdonun “Fikrində bir ədəd tut” romanıdır.

Əsərin personajı uşaq vaxtı psixoloji travma alıb: onun işki düşkünü olan polis atası uşağın gözünün qarşısında anasına zor tətbiq edib, çiliklənmiş viski şüşəsi ilə onun boynuna ardıcıl zərbələr endirib, nəticədə qadın hərəkət qabiliyyətini itirib, iflic olub. Aradan 24 il keçib, uşaq böyüyüb 30 yaşlı, Dermot soyadlı gənc olub, amma psixikasını zədələyən həmin epizodu unuda bilmir, qisas almaq istəyir. Adam artıq manyaka çevrilib və öldürmək istədiyi qurbanına 24 il öncəki  “zorakı ata” rolunu oynatmaq, amma bu dəfə zamanı durdurmaq, “zorakılıq etməyə hazırlaşan şəxs”ə mane olaraq onu öldürmək istəyir. Çünki 24 il öncə o, zəif olub, qəddar atasına gücü çatmayıb, indi isə güclüdür və özünü həmin “ədalətsizliyi aradan qaldırmaq” gücündə hiss edir.

Belə bir psixoloji ovqat zaman-zaman istər 4 iyun 1993-cü il hadisələrinə münasibətdə, istərsə də 15-16 oktyabr (2003-cü il) hadisələri xüsusunda bizi çulğayır və biz indiki ağlımızla, indiki informasiyalarımızla (“indiki gücümüzlə” də demək olardı, sadəcə “hansı gücdən söhbət gedir” sualı çıxacaqdı) 18 və 25 il öncə baş verən tarixi hadisələrə qiymət verməyə çalışırıq. Hətta bu, qiymət verməkdən daha çox, zamanı durdurmaq, “tarixi ədalətsizliyi” aradan qaldırmaq cəhdinə bənzəyir. Biz o illərdə ilişib qalmışıq, hər dəfə o hadisələrin ildönümündə söhbət hərlənir-fırlanır, “faciədən necə qaçmaq olardı” mövzusunda uzun-uzun polemika aparırıq.

Eyni söhbət 15-16 oktyabr hadisələrinə də aiddir. Sadəcə, bu məsələ təkcə hər iin oktyabrında aktuallaşmır, ölkəmizdə istənilən seçki olanda yada düşür. Hətta təkcə öz ölkəmizdə yox, qonşu ölkələrdə seçki və ya hansısa inqilabi hadisələr olanda da mütləq xeyli özünü ekspert rəyi bildirməyə hazır hesab edən adamlar tapılır ki, o ölkələrdə gündəmin əsas simasını mütləq İsa Qəmbərlə müqayisə edirlər və yazırlar: “Filankəs İsa Qəmbərdən fərqli olaraq xalqı müqavimətə çağırdı”, “O, İsa Qəmbərdən fərqli olaraq xalqdan aldığı səsi müdafiə etməyə çalışdı” və s.

Hazırda bu müqayisə Türkiyədə 30 faizdən artıq səs almış, ancaq məğlubiyyətini etiraf etmiş Məhərrəm İncəylə İsa Qəmbər arasında aparılmaqdadır.

Əslində bütün müqayisələr qüsurlu olduğu kimi bu da qüsurludur. 2003-ün oktyabrında ölkəmizdə olan durumla bu günün Türkiyəsindəki durumun arasında yüzlərlə həlledici fərq var. Üst-üstə düşən məqamlar isə demək olar ki, yoxdur. Türkiyədə keçirilən seçkilərlə Azərbaycanda keçirilən seçkilər heç vəchlə müqayisə oluna bilməz. Oxşar cəhətlər yalnız o ola bilər ki, hər iki durumda hakimiyyətdə olanlar müxalifətdə olanlardan bütün həlledici parametrlərdə güclü çıxdılar və öz hakimiyyətlərini qoruyub saxladılar.

Bu iki hadisənin fərqlililkləri, təfərrüatları barədə cild-cild kitablar yazmaq olar. Amma heç ərinmədən, sıxılmadan rahatca müqayisə aparanlar və ciddi-ciddi nəticələr çıxaranlar var.

Əslində bu ciddi təhlillərin predmeti deyil. Məqsəd ya Türkiyədəki müxalifət liderini aşağılamaq, ya da növbəti fürsətdən istifadə edərək “anti-Qəmbət” demarşını davam etdirməkdir.

Bəzi adamlar hələ də 2003-ün oktyabrında qalıblar, çevirib-çevirib eyni şeyləri yazır, deyirlər: “İsa Qəmbər oktyabrın 16-da meydana gəlsəydi...”.

Nə olacaqdı? Sanki hər şey bundan asılıymış. Həmin gün İsa Qəmbər meydana gəlsəydi də, gəlməsəydi də, nəticə dəyişməyəcəkdi. Məgər son 18 ildə ölkəmizdə baş verən hadisələr, gedən siyasi proseslər bu çılpaq həqiqəti hər kəsə göstərməyəibmi? İsa Qəmbər meydana gəlsəydi, daha doğrusu, müqaviməti davam etdirməyə çağırsaydı, daha çox adam döyüləcək, tutulacaqdı. Və bütün bu hadisələrin məsuliyyətini daşıya bilməyən İsa Qəmbər (və yaxud bir başqası) siyasi karyerasını bitirməli olacaqdı.

Deyəsən, bir çoxlarına məhz bu lazım imiş. Hamı sıradan çıxsın, meydan birinə qalsın.

Yoxsa “Fikrində bir ədəd tut” romanındakı manyak kimi eyni epizodu unuda bilməməyin başqa bir izahatı yoxdur.

P.S. Türkiyəli futbolçuların məğlub olduqları oyunlardan sonra tez-tez təkrar etdikləri bir ifadə var: “Önümüzdəki oyunlara baxacağıq”. Onların sözü olmasın, keçmişlə əlləşməkdən qurtarıb, önümüzdəki seçkilərə, oyunlara baxmaq lazımdır.(musavat.com)

 Xalid KAZIMLI

pia.az
Etiket:

loading...