Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lombardlar əhalini necə soyur, yaxud lisenziyasız talan...


-Verilmiş müddət ərzində pulu və ya faizləri geri qaytarmayan müştərilərin girov qızılları necə satılır?


-Pulu ödəməyənlərin qızıllarını satırıq. Qızılları mağazalara və ya başqa birisinə sata bilərik. Bunun müştəriyə aidiyyəti yoxdur...

...Bunu metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən lombardın əməkdaşı Əli Məmmədov deyir.

Əli Məmmədovun sözlərinə görə, müştəriyə pulun qaytarılması ilə bağlı xəbərdarlıq edilir. Xəbərdarlıqdan dərhal sonra qızıllar satılır: “Biz əlavə bir-iki gün də gözləyirik. Müşrəti pulu qaytarmırsa, ona güzəşt edə bilmərik. Qızılları satıb pulumuzu götürürük”.

Əslində Əli Məmmədov kimi düşünənlər çoxdur. Daha dəqiq ifadə etsək, indi lombardların əksəriyyəti bu prinsiplə işləyir. Pulu gecikdirən müştəriyə qızılların satıldığını, geri qaytarmağın isə mümkünsüz olduğunu söyləyirlər. Müştəri qızıllarının harada və neçəyə satıldığından xəbərsiz olur. Necə deyərlər, it də gedir, ip də...

Halbuki Mülkü Məcəllənin 295-ci (girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi əsasları), 296-cı (girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası), 297-ci (girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) və 298-ci (girov qoyulmuş əşyanın satışından götürülmüş məbləğin bölüşdürülməsi) maddələrində lombardlarda girov qoyulmuş qızıllarla bağlı məsələ əksini tapıb. Bu barədə bir qədər sonra...

Virtualaz.org saytının müxbiri lombard kreditləri və girov qoyulmuş qızıllarla bağlı araşdırma aparıb.

Əhali necə aldadılır...

Fevralda baş vermiş devalvasiya, ardından isə problemli kreditlərin həcminin artması səbəbindən banklar kredit verilməsi şərtlərini dəyişdi. İndi banklardan girov müqabilində belə kredit götürmək çətindir. Buna görə də əhali kredit (əsasən də az məbləğdə istehlak krediti) üçün lombardlara üz tutmaq məcburiyyətində qalıb.

“44 qram qızıl girov qoymuşam. Əvəzində isə 700 manat veriblər. Qızılın bir qramını 16 manatdan hesablayıblar. 700 manat üçün ayda 50 manat 40 qəpik ödəyirəm” - bunu virtualaz.org saytına açıqlamasında Bakı şəhər sakini Ramilə Abbasova deyir.

R.Abbasova söyləyir ki, onunla müqavilə bağlanılsa da şərtlərdən xəbərsizdir: “Mənə təcili pul lazım idi. Pulu tez almaq üçün bütün şərtlərlə razılaşacaqdım. Buna görə də müqaviləni oxumadan imzaladım. Artıq 9 aydır faiz ödəyirəm”.

İradə Məmmədova isə 96 qram qızılın müqabilində cəmi 1200 manat alıb: “Qızılı bazar qiymətindən iki dəfə aşağı hesabladılar. 1200 manat aldım. İndi ayda 86 manat ödəyirəm”.

İ.Məmmədova deyir ki, faizləri yubatdığı üçün qızılı satmaq istəyiblər: “6 aydır faiz ödəyirəm. Ötən ay faizi yubatdığım üçün qızılların satılacağını dedilər. Lombarda getdim, bir-iki gün də möhlət istədim. Qızıl əşyaların arasında bacımın üzüyü, sırğaları var. Buna görə də çıxılmaz durumdayam”.

Lombarddan pul götürərək ödəyə bilməyən Asim Allahverdiyev də müqavilənin şərtlərini oxumadan razılaşıb: “Qardaşım yol qəzasına düşmüşdü, əməliyyatı üçün təcili pula ehtiyacımız vardı. Həyat yoldaşımın, anamın, bacımın qızıllarını girov qoyub pul götürdüm. 60 qramlıq qızıla görə mənə 850 manat verdilər. 4 ay faiz ödədim. Amma sonradan faizləri ödəyə bilmədiyim üçün qızıllarımızı satdılar”.

Lombarda gedən A.Allahverdiyevə qızılların satıldığını deyiblər: “Dedilər ki, faizi gecikdirdiyim üçün qızılları satıblar. Yəni 60 qram qızılı məndən cəmi 850 manata aldılar. Halbuki həmin zinət əşyalarının qiyməti 3 min manatdan yuxarı idi. Heç yerə də şikayət edə bilmədim”.

Lombardların iş prinsipi belədir. Qoyulan qızıllar bazar qiymətindən iki dəfə aşağı hesablanır. Məsələn, 750 əyarlı qızılın 1 qramının real bazaar dəyəri 38-40 manat olduğu halda 16-20 manatdan hesablanır.

Müştərilər faiz məsələsində də aldadılır. Kreditin 3-5 faizlə verildiyi göstərilsə də faizlər 8-14 faiz arası hesablanır. Bir sözlə, lombardlara nəzarətin zəif olması müştərinin soğan kimi soyulması ilə nəticələnir.

Müştərilərin qarşılaşdığı daha bir problem isə lombardın bağlanması, ərazidən köçməsidir. Lombard köşklərinin istənilən vaxt bağlanması mümkündür.

Bankların lombard kreditləri

Qeyd etdiyimiz lombard kreditləri bank olmayan kredit təşkilatlarının təklif etdiyi kreditlərdir. Bəs banklar nə təklif edirlər?

“Rabitəbank” qızılın 100 faizi dəyərində kredit təklif edir. Dollarla kredit 3-24 aya 30-31 faizlə, manatla isə 3-12 aya 29 faizlə verilir.

“Unibank” təkrar müştərilərə qızılın öz qiymətində və yaxud 100-110 faiz həcmində kreditlər təklif edir.

Bankın lombard kreditləri ilə bağlı təkliflərinə nəzər salaq: “Misal üçün siz bankdan 1000 manat kredit götürmək istəyirsiniz. Bu zaman siz banka dəyəri 1500-2000 manat olan qızıl təqdim etməlisiniz. Bank təqdim etdiyiniz qızılı zərgərə verərək onun tam qiymətini öyrənəcək. Daha sonra isə sizə verilən kreditin məbləğini müəyyən edəcək.

Siz əgər bankdan 1000 manat lombard krediti əldə etmək istəsəniz, 1 il ərzində sizin bankda aylıq  ödəyəcəyiniz məbləğ 93-120 manat olacaq. Banka ödəyəcəyiniz əlavə məbləğ isə 120-150 manat olacaq”.

Hesablamalardan bəlli olur ki, bank olmayan kredit təşkilatlarında, lombardlarda aylıq faiz 5-7 faiz ikən illik 60 faizdən yuxarı olur. Banklarda isə illik faiz dərəcəsi 26-34 faizdir.

“Unibank” lombardların əhaliyə yalan söylədiyini də təsdiqləyir: “Aylıq kreditin 4-7 faiz olduğu göstərilsə də realda heç kim 4 faizlə pul vermir. Brilyant girov qoyulanda məbləğ az olur, uzunmüddətli borcları isə 3 faizlə verirlər. Lakin əksər lombard sahiblərinin təklifləri 4 faizdən başlayır”.

“Parabank”ın ötənilki təklifində illik 29,9 faizlə 36 aylıq lombard kreditləri verildiyi göstərilir.

“AGBank” girovun dəyərinin 80 faizinədək aylıq 2,25 faizə 24 aya qədər lombard kreditləri təklif edir.

“Muğanbank”ın təkliflərində isə deyilir ki, 5000 dollara qədər, 24 ayadək illik 30-36 faizə lombard kreditləri verilir. Komissiya haqqı 1 faizdir.

“NBS bank” qızılın dəyərinin 80 faizinə qədər 10 min manatadək 12 aylıq illik 30 faizlə lombard kreditləri təklif edir. Komissiya haqqı 4 faizdir.

“Turanbank” qızılın üzərindəki brilyantın dəyərinin nəzərə alınmadığını açıqlayır.

Qızıl-zinyət əşyalarının lom qiyməti əsas götürülməklə kreditin təminat səviyyəsi kreditin müddətindən asılı olaraq belədir:

Kreditin müddəti 12 ayadək olduqda təminat səviyyəsi - 110 faiz;

Kreditin müddəti 18 ayadək olduqda təminat səviyyəsi - 115 faiz;

Kreditin müddəti 24 ayadək olduqda təminat səviyyəsi - 120 faiz; 

Hər ay yalnız faiz borcu ödənilməklə əsas borcun ödənilməsinə 3 ay möhlət verildikdə lom qiyməti əsas götürülməklə kreditin təminat səviyyəsi 120 faiz təşkil etməlidir.

Ümumiyyətlə, bankların qayda və şərtləri müxtəlifdir. Bəzi banklar qızılın 50, bəziləri 80, bəzisi isə 100 faizi həcmində kredit təklif edir. Amma banka müraciət edəndən sonra bəlli olur ki, banklar tam 100 və ya ondan yüksək həcmdə kredit təqdim etmirlər.

Amma lombardlardan fərqli olaraq banklarda əmanət və ya girov müştərinin razılığı və ya məhkəmə qərarı olmadan açılmır. Lombardlarda isə qızıl müştərinin razılığı olmadan satışa çıxarılır.

Amma həm banklarda, həm də lombardlarda qızıl alış qiymətinə hesablanmır. Yəni siz 3000 manata aldığınız dəstin 1500 manatdan aşağı qiymətləndirilməsinə təəccüblənməyin. Bank və ya lombardlar qızılı lom qiymətindən aşağı hesablayırlar. Bu zaman qızılın dünya bazar qiymətinin artıb-azalması nəzərə alınır.

Qızılı su qiymətinə satmamaq üçün nə etməli?

Uzun illər bankda kredit mütəxəssisi kimi çalışmış Səməd Məmmədov deyir ki, lombard kreditlərinin yeganə üstünlüyü kreditin asan əldə edilməsidir: “İstehlak və ya digər kreditlərdən fərqli olaraq lombard kreditlərini tez əldə etmək mümkündür. Qızıl-zinət əşyası zərgər tərəfindən qiymətləndirilir. Bundan sonra bazar qiymətindən aşağı məbləğ müəyyənləşdirilir.

Lombardlarda da qızılın qiymətləndirilməsində bazar qiymətləri nəzərə alınmır. Amma banklardan fərqli olaraq lombardlarda əmanətin, girovun qorunması problemlidir. Üstəlik faiz dərəcələri çox yüksəkdir”.

S.Məmmədov hesab edir ki, lombardlara nəzarət zəifdir. Buna görə də əmanətçilərin hüquqları pozulur: “Onsuz da kredit faizləri yüksəkdir. Əhalinin 80-85 faizi banklardan asılı vəziyyətdədir. Bundan istifadə edən lombardlar isə əhalini soymaqla məşğuldur. Lombard fəaliyyətini dayandırarsa, girovu geri qaytarmaqda problem yaranır. Bu gün istənilən şəxs lombard aça, faizə pul verə bilər. Vətəndaş aldadıldıqda məhkəməyə müraciət edə bilər. Amma banklar və ya lombardlarla bağlı neçə məhkəmə işi olub, neçə nəfər dəymiş zərəri geri ala bilib?”

Mütəxəssisin sözlərinə görə, lombardların fəaliyyətinə nəzarət edilməlidir: “Nəzarətin zəif olması isə problemlərin yaranmasına, vətəndaşların aldadılmasına yol açır. Amma məsələ yalnız bununla da yekunlaşmır. Bu gün əhali olduqca məlumatsızdır. Banklaradan kredit götürülür, amma müqaviləni imzalamadan əvvəl heç kim şərtləri oxumur. Nəticədə bank şərtlərdən öz xeyrinə istifadə edə bilir. Biz dolların manata nisbətən bahalaşmasında bunun şahidi olduq. Lombardlarla da müqavilə bağlanır, amma müştəri müqavilədə yazılanlara diqqət yetirmir. Lombard qızılı istənilən vaxt satışa çıxara bilməz. Amma müştəri qızılın satılacağı ilə qorxudulur, qızıl satışa çıxarılmadan lombardlar tərəfindən mənimsənilir. Məsələ burasındadır ki, bu gün aldadılan müştərilər arasında məhkəməyə müraciət edənlər çox azdır”.

Qeyd edək ki, deputat Vahid Əhmədov da lombardların fəaliyyətini tənqid edib. Amma V.Əhmədov mətbuata açıqlamasında lombardlarla bağlı hər hansı qanunun qəbul edilməsinə ehtiyac görmədiyini deyib.

Bəs qanun nə deyir?

Lombardların fəaliyyətini tənzimləyən xüsusi qanun qəbul edilməyib. Yalnız Mülki Məcəllənin 295-298-ci maddələrində lombardların fəaliyyətinə toxunulur. Lombardlara girov qoyulmuş qızılın yalnız açıq hərracda satışına icazə verilir.

Amma müraciət etdiyimiz lombardların heç birində qızılların açıq hərracda satılması ilə bağlı sualımıza müsbət cavab ala bilmədik. Elə internetdə də açıq hərraclarla bağlı elan və ya məlumatlarda lombardlar tərəfindən qızıl-zinət əşyalarının satışa çıxarılmasına rast gəlmədik.

Vəkil Əkrəm Həsənov deyir ki, Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə girov predmeti dərhal “batır”. Halbuki bu, qanunvericiliyə ziddir: “Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan, yəni borc alan özü də onu açıq hərracdan əldə edə bilər. Lakin bizdə lombardlar açıq hərrac təşkil etmir. Sadəcə müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayırlar. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Mülki Məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır”.

Vəkil deyir ki, lombardların qanunsuz əməlləri bununla da bitmir: “Belə ki, məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə isə lombardlar bu vəzifələrini bir qayda olaraq icra etmirlər.

Ümumiyyətlə isə Azərbaycanda lombardların fəaliyyəti qanunsuzdur. Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir.

Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı, başqa sözlə, öz vəsaiti gülünc məbləğ - 2 manatdan 200 manatadək - təşkil edir. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb digərinə yüksək faiz dərəcəsi ilə kredit verir. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olur”.

Hüquqşünas Natiq Əliyev isə deyir ki, lombardlar qızılı açıq hərracda satandan sonra pulun yerdə qalan hissəsini müştəriyə geri qaytarmalıdır: “Mülki Məcəllənin 298-ci maddəsində göstərilir ki, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Lombard sistemindən yararlanan əksər ölkələrdə bu belədir.

Məsələn, Rusiyada lombardların fəaliyyətini tənzimləyən qanun mövcuddur. Həmin qanunla girov qoyanların hüquqları tənzimlənir. Azərbaycanda isə lombardlar lisenziya əsasında fəaliyyət göstərməlidir. Mülki Məcəllə istisna olmaqla digər qanunlarda lombard fəaliyyəti ilə bağlı xüsusi maddə yoxdur. Girov qoyanın hüquqları təmin faktiki olaraq olunmur. Bu sahə diqqətdən kənar qalıb. Nəticədə isə lombardlar öz istədikləri kimi fəaliyyət göstərirlər”.

Vəkil indiyədək təcrübəsində lombardların fəaliyyəti ilə bağlı məhkəmə iddiasına rast gəlmədiyini deyir: “Bəlkə də ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər edilib. Lakin məhkəmə işləri ilə bağlı illik hesabatlarda rast gəlməmişəm. Şikayətlər çox olsa da vətəndaşlar məhkəməyə müraciət etmək istəmirlər. Əhali arasında belə bir düşüncə var - faiz gecikirsə və ya pulu ödəyə bilmirəmsə, lombard qızlı istədiyi kimi sata bilər. Buna görə də lombardlar əhalinin məlumatsızlığından istifadə edir”.

***

“...Lombarddan zəng vurdular. Dedilər ki, qızlıllarınızı satırıq, istəyirsiniz siz özünüz alın. Təklif edilən məbləğ mənə verilən 700 manatın iki qatından çoxdur. Mən indiyədək 454 manat faiz vermişəm. Kredit götürməyə də imkanım yoxdur. Mən nə edə bilərəm?” - bunu deyən Ramilə Abbasova məhkəməyə müraciət etməyə tərəddüd edir.

Onun “qızıllarımı geri ala biləcəyəmmi” sualına cavab verməkdə də çətinlik çəkirik. Səbəb aydındır...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar