Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kritik Antalya sammiti – Bakı üçün də mühüm gözlənti var


Putinin “Böyük səkkizliy”ə möhtəşəm qayıdış planı; Rusiya Türkiyədə ya təklənəcək, ya da güclənəcək; Azərbaycan prezidentinin də qatılacağı gözlənilən “G20” zirvəsində Ərdoğanla Putin yenidən bir araya gələcək; Suriyaya dair bazarlıqda Moskva Ankara və Qərblə anlaşa biləcəkmi?


Rusiyanın sentyabrın 30-da başlayan Suriya əməliyyatının gerçək hədəfləri yavaş-yavaş üzə çıxır. 

Rus qırıcılarının aviazərbələrinin müstəsna olaraq Bəşər Əsəd rejiminə müxalif olan mötədil qüvvələrin mövqelərinə, arada da İŞİD-çilərə endirilməsi göstərir ki, Kremlin başlıca hədəfi qürub dövrünə girmiş Suriya rejimini (Əsəd rejimi ilə qarışdırmamalı) xilas edib, ABŞ başda olmaqla Qərbi, Türkiyəni fakt qarşısında qoymaq, özünü Amerikaya bərabər fövqəlgüc kimi təsdiqləməkdir.

Rusiya rəsmiləri nə qədər bəyan eləsələr ki, Suriyaya müdaxilə sırf terrorizmlə mübarizə ilə bağlıdır və hətta “rusiyalıları terrordan qorumaq niyyəti güdür” (Dmitri Medvedyev), artıq aydındır ki, bu kimi bəyanatlar əsas niyyəti kamifulyaj eləmək məqsədi ilə verilir. Əsas hədəf isə odur ki, Bəşər Əsədin ABŞ və Türkiyə tərəfindən himayə edilən qorxulu rəqibləri sıradan çıxdıqdan sonra Rusiya Suriya məsələsində söz sahibinə çevriləcək və Moskva Qərblə böyük bazarlıqda öz maraqları naminə istəsə Əsədi “xərcləyə” də bilər. Təki onun derjava (imperiya) imici hamı tərəfindən qəbul edilsin. 

***
Bəs özünü supergüc qismində təsdiqləmək Moskvaya ilk növbədə nə üçün lazımdır? Birinci ona görə ki, dünyada SSRİ kimi əsas söz sahibliyini, dünya siyasətində qütblüyü özünə qaytarmaqdan ötrü. 

İkincisi, Rusiyaya qarşı beynəlxalq sanksiyaların effekt vermədiyini, Rusiyanı təkləmək və izolyasiya eləmək planının puç olduğunu nümayiş etdirib ABŞ üzərində mənəvi qələbəsini elan eləmək üçün. 

Üçüncüsü, iqtisadi durumu ağırlaşmaqda olan rusiyalıların diqqətini xaricdəki “hərbi qələbələrə” yönəltməkdən ötrü. 

Dördüncüsü, Yaxın Şərqdə, Güney Qafqazda, digər strateji əhəmiyyətli bölgələrdə, ələlxüsus Ukraynada, Donbas məsələsində Qərb qarşısında daha əlverişli mövqelərə çıxmaq, möhkəmlənmək üçün. 

Beşincisi, Krımın işğalını həmişəlik unutdurmaq və dünya gündəmindən birdəfəlik çıxarmaq, yeni Krımların işğalına zəmin yaradacaq “kart-blanş”lar əldə eləməkdən ötrü. 

Altıncısı, enerji (qaz tranziti) məsələsində son iki ildə üzləşdiyi əngəlləri aradan qaldırmağa bəs edəcək şəraiti yetişdirmək üçün. 

Nəhayət, qovulduğu “Böyük səkkizlər” klubuna möhtəşəm qayıdışdan ötrü. 

***
Rusiya ondan ötrü qürur məsələsi olan “G8"dəki təmsilçilikdən ötən il qovulmasını hələ də həzm edə bilmir və sadalanan səbəblər arasında, böyük ehtimalla, bu məsələ öncül yerlərdən birində dayanır. Kreml, heç şübhəsiz, qayıdışı möhtəşəm eləmək istəyir. Ancaq ”Böyük yeddilər"in (Rusiyasız) zirvə toplantısından qabaq Türkiyənin ev sahibliyi ilə Antalyada gələn ay “Böyük iyirmilər”in sammiti keçiriləcək. 

Məsələ də ondadır ki, Putin “G8"ə kimi hələ ”G20" sınağından keçməlidir. Çünki hazırda ABŞ başda olmaqla, “G7"yə daxil olan aparıcı dövlətlərin hamısı ”G20"də də təmsil olunub. Yada salaq ki, “G20"lərin bundan öncəki, ötən ilki Avstraliya sammitində Rusiya lideri Vladimir Putin Krım məsələsinə görə təklənmiş, hətta bufetdə tək-tənha qalmışdı. Məhz bu səbəbdən Putin sammiti yarımçıq tərk eləmişdi. 

Putin, əlbəttə ki, bu rüsvayçılığın təkrarlanmasını arzulamır. Əksinə, belə görünür, Suriyadakı tarixi uğur hesabına Türkiyə sammitinə güclü mövqe ilə qatılmağı planlaşdırır. Bunun ardınca isə Putinin planlarına görə, “G8"ə böyük qayıdış reallaşmalıdır. Suriya əməliyyatları sözsüz ki, həm də buna hesablanıb. Hərçənd, əməliyyat başlayan kimi 7 ölkənin liderləri - hansı ölkələrdən ki, 6-sı ”Böyük iyirmiliy"ə daxildir (ABŞ, Fransa, Türkiyə, Böyük Britaniya, Almaniya və Səudiyyə Ərəbistanı) Rusiyaya qarşı birgə sərt etiraz bəyanatı qəbul ediblər.

Ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayrıca avizərbələrlə bağlı Rusiyaya açıq etirazını bildirib. “əl-Cəzirə” telekanalına müsahibəsində Ərdoğan sərt tonda deyib ki, Rusiyanın Suriyadakı hərəkətlərini Putinlə müzakirə edəcək. 

Sitat: “Mən Suriyadakı situasiyanı müzakirə eləmək üçün mütləq onunla görüşəcəyəm və öz narahatlığımı ona çatdıracağam. Rusiya İŞİD-ə qarşı hərəkətə keçəcəyi barədə məlumat verdiyini bildirsə də, ancaq Əsəd rejiminə qarşı mübarizə aparan müxalif qüvvələrə qarşı əməliyyatlar aparacağını bildirməmişdi. Bu, təəssüf doğurur. Çünki regionda əziyyəti çəkən bizik. Rusiyanın Suriya ilə sərhədi yoxdur. Bizimsə 911 kilometrlik sərhədimiz var. Bundan narahatam. 2 milyon insan bizə gəldi, Rusiyaya yox. Nə üçün belə müdaxiləyə ehtiyac duydu? Biz dost ölkələriksə, mən ondan tələb edəcəyəm ki, Rusiyanın Suriyadakı davranışını bir daha nəzərdən keçirsin. Putinlə daha əvvəl Moskvada keçirdiyim görüşdə danışılanları və bundan sonra gözlənilənləri müzakirə edəcəyik. Bu məsələdəki narahatlığımı xüsusi vurğulayacağam, məyus olduğumu bildirəcəyəm”.

***
Onu da qeyd edək ki, bəzi təhlilçilərə görə, Rusiyanın Suriyadakı hərbi əməliyyatları nəticəsində Suriya kürdləri güclənə bilər ki, bu da indiki məqamda Türkiyə üçün əsl təhlükədir. Bu barədə axar.az-a danışan politoloq Zərdüşt Əlizadə Rusiyanın Suriya siyasətinin arxasında duran Türkiyə ilə bağlı bəzi məqamların üstünü açıb: “Rusiya bir növ Yaxın Şərqə qayıtmağa çalışır. Kreml keçmiş təsir dairəsini bərpa etməkdən ötrü ən münasib fürsəti dəyərləndirir. Əsədi dəstəkləyən Moskvanın əsas hədəfi Azad Suriya Ordusudur (ASO). Bu işdə İraqİranla müttəfiq olan Rusiyanın Suriyadakı hərbi əməliyyatları Türkiyə dövlətinin əsaslarını sarsıda bilməyəcək. Ancaq çox önəmli bir məqam var ki, Suriya kürdlərinin silah əldə etməsi və ordu yaratması Türkiyə üçün əsl təhlükədir. Çünki silahlı İraq, Suriya kürdləri və  PKK birləşib, Türkiyəyə böyük təhdid yarada bilərlər”.

Ərdoğan, təbii ki, bu və başqa aktual məsələləri Putinlə  Antalya sammitində tet-a-tet danışmağı nəzərdə tutur. Bu tədbirin favoriti Türkiyə olmaqla yanaşı, öz arxasında o, sözsüz ki, Rusiyaya qarşı böyük güclərin dəstəyini də hiss edəcək.
 
Bəs Ankara-Moskva anlaşması baş tutacaqmı? Hələlik söyləmək çətindir, çünki Kremlin Suriya avantürasının nə ilə bitəcəyi dəqiq deyil. Bir şey dəqiqidir ki, Putini yenə gərgin müzakirələr gözləyir. O, sammitdə ya yenə təklənəcək, ya da ondan güclənmiş çıxacaq. Kreml başçısının xüsusən də Ərdoğanla müzakirələri regionun, Azərbaycanın taleyi baxımından həlledici əhəmiyyət kəsb edə bilər. 
***
Xatırladaq ki, “G20" sammitinin iştirakçıları aşağıdakı dövlətlərdir: Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa Birliyi. Onların da mütləq əksəriyyəti, göründüyü kimi, Rusiya ilə isti münasibətlərdə deyil. 

Beləliklə, zənn eləmək olar ki, Antalyada Putini həm ikitərəfli (Türkiyə), həm də çoxtərəfli formatda gərgin müzakirələr, hətta sürprizlər gözləyir. Barak Obama başda olmaqla dünya liderlərinin iştirakı ilə keçəcək bu müzakirələrin yekunu ilə bağlı gözləntilərdən isə təbii ki, Azərbaycana, bölgəmizə də “pay” düşəcək. 

Yeri gəlmişkən, qaydaya əsasən, “G20"yə ev sahibliyi edən dövlət bu quruma üzv olmayan bir ölkəni qonaq qismində sammitə dəvət edə bilər. Bəllidir ki, Türkiyə Azərbaycanı seçib. Prezident İlham Əliyevin belə yüksək səviyyəli sammitdə hətta qonaq statusunda iştirakının özü isə gözləntilərə əlavə siyasi rənglər qata bilər. Hansı rəngləri? Bunu, yəqin ki, zamanında biləcəyik.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar