Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kremlin Bakıya qəzəbinin 3 səbəbi...


Rusiyanın növbəti qaz şantajı: Moskva narahatdır; Rusiyanın ölkəmiz əleyhinə silsilə demarşlarının ardınca “Qazprom”dan TAP-ın səmərəliliyini şübhə altına alan minnətli bəyanat gəldi; Azərbaycanın yeni oyunçu kimi güclənməsi Kremli qıcıqlandırır...


Rusiya-Azərbaycan münasibətlərdə sərinlik davam edir. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi bu sərinliyin yalnız növbəti bir təzahürü idi. Əksər siyasi müşahidəçilərə görə, Moskva əslində Bakıdan narazıdır və o üzdən bu kimi demarşların davamını gözləməyə dəyər.

Belə bir iddia üçün zəmin və motivlər az deyil. Onlardan biri əlbəttə ki, rəsmi Bakının hələ də Qərblə Rusiya arasında uğurla balanslı siyasət yürütməkdə davam eləməsidir. Belə bir siyasət isə istər-istəməz Kremlin Azərbaycanla bağlı orta perspektivdəki maraqlarına uyğun gəlmir, onun Bakıdan umduğu əsas hədəflərə əngəl yaradır, MoskvaABŞ-la münasibətlərdə yaşanan hazırkı gərginlik fonunda xüsusilə qıcıqlandırır. 
Putinin Azərbaycanla bağlı istəklərindən biri isə ölkəmizi Avrasiya layihələrinə qoşmaqdır. İllərdir bu səylər nəticə vermir, çünki Bakının məsələ ilə bağlı prinsipial və haqlı mövqeyi var: işğalçı Ermənistanla eyni iqtisadi birlikdə təmsil olunmazdan öncə işğal edilən ərazilərin heç olmasa bir qismi boşaldılmalıdır - özü də qeyd-şərtsiz. Buna isə Moskva həvəsli görünmür.

Yeri gəlmişkən, son vaxtlar təmas xəttində Azərbaycanın işğalçı tərəfi mütəmadi şəkildə canlı və texniki itkilərə məruz qoyması da Kremlin xoşuna gəlmir. Bunu həmin insidentlərlə bağlı Moskvanın verdiyi açıqlamalardan da açıqca görmək olardı.

Eyni zamanda Bakının durmadan öz hərbi və döyüş bacarığını artırması üçün müstəqil şəkildə hərəkət eləməsi, o sırada NATO üzvü Türkiyə və Gürcüstanla vaxtaşırı birgə təlimlər keçirməsi rəsmi Moskvanı qıcıqlandırır (İndinin özündə Tiflis yaxınlığında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrin “Qafqaz qartalı” ortaq hərbi təlimləri davam edir).

Nəhayət, Rusiyanın Bakıya qəzəbinin başqa - üçüncü bir motivi var ki, bu da əlbəttə, enerji məsələsidir. Daha doğrusu, Avropa enerji bazarı uğrunda mübarizəyə Azərbaycanın getdikcə daha fəal qoşulmasıdır. Bu da Rusiya üçün həssas sahələrdəndir, nədən ki, Moskvanın Qərbə, Avropa Birliyinə qarşı güclü təhdid üsullarından biri qaz inhisarçılığıdır, qaz şantajıdır. Azərbaycan qazı, tikilməkdə olan Cənub Qaz Dəhlizi (TANAP, TAP) isə bu asılılığı azaldaraq, minimuma endirəcək.

***

Bu arada Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədr müavini Aleksandr Medvedyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini və effektivliyini şübhə altına alan təxribatçı bəyanatla çıxış edib (virtualaz.org). Rusiya qazının gələcəkdə TAP kəmərinə vurulması imkanlarından danışan Medvedyev öncə bildirib ki, TAP-ın dolmamaq riski var, çünki onun nəzərincə, “Azərbaycan əsas neft yataqlarında hasilatı saxlamaq üçün laylara getdikcə daha çox qaz vurmağa məcburdur”.

Yada salaq ki, “Qazprom” şirkəti TAP-a faktiki rəqib sayılan qaz dəhlizinin yaradılması üzərində işləyir. Bura Rusiyadan Türkiyənin Yunanıstanla sərhədinə qədər “Türk axını” qaz kəmərinin çəkilməsi, həmin kəmərin daha sonra “Poseidon” kəmərinə birləşdirilməsi planları daxildir. “Türk axını” kəmərinin tikintisi artıq başlayıb. TAP kəməri isə TANAP-la Türkiyənin Yunanıstanla sərhədinə qədər nəql olunacaq Azərbaycan qazını (ildə 10 milyard kubmetr) Avropanın cənubuna çatdıracaq.

Image result for gasprom

Lakin indi A.Medvedyev iddia edir ki, TAP kəmərinin dolması mümkün deyil. Onun sözlərinə görə, “Poseidon” layihəsinin icrası zamanı TAP kəmərinin gücündən istifadə mümkün ola bilərdi. “Ancaq biz bu məsələdə heç bir halda xahiş edən tərəf olmayacağıq. Burada TAP kəmərinin sahiblərinin başı ağrımalı olacaq” - o bildirib.

Qazprom”un idarə heyətinin sədr müavini yada salıb ki, TAP kəməri üçün mənbə Azərbaycan qazıdır. Sitat: “İndiki situasiyada Azərbaycanın qaza tələbatı artır, çünki əsas neft yataqlarında hasilatın aşağı düşməsini dayandırmaq üçün laylara getdikcə daha çox qaz vurulur. Bu, zarafat məsələ deyil-zərurət məsələsidir. Neft Azərbaycan iqtisadiyyatı üçün əsas büdcə gəliri mənbəyi olaraq qalır”.

Image result for azerbaijan GAS

Medvedyev onu da deyib ki, onlar bu mərhələni başqa ölkələrdəki digər layihələrdə keçiblər. “Bu, Azərbaycan tərəfinin seçimi məsələsidir. Və əgər bu situasiyada TAP kəməri boş qalacaqsa, onların seçimidir ki, kəməri boş saxlasınlar və ya hansısa qarşılıqlı anlaşmaya getsinlər. Məsələn, bizimlə. Nəzəriyyə nəzəriyyədir, praktika praktikadır. Biz Avropada biznesin istənilən inkişaf variantına hazırıq və hesab edirik ki, əməkdaşlıq ideal olardı. Ancaq heç kimi buna məcbur etmək fikrində deyilik”, - deyə o əlavə edib.

***

Müşahidəçilərə görə, Avropanın qaz təchizatı bazarında inhisarını əldən vermək istəməyən Rusiya Cənub Qaz Dəhlizinə qarşı qəzəbini ilk dəfə bu cür açıq büruzə verir. Bəs səbəb? Medvedyev TAP kəmərinin boş qalacağı haqda eyhamlarla çıxış edərkən nəyə əsaslanır? Axı kəmərə vurulacaq qazın hasil olunacağı “Şahdəniz” yatağının sübut olunmuş ehtiyatlarına dair rəqəmlər məlumdur. BP-nin başçılıq etdiyi beynəlxalq konsorsium isə məhz sübut olunmuş ehtiyatlardan çıxış edərək, “Şahdəniz-2"nin işlənilməsi də daxil olmaqla, Cənub Qaz Dəhlizinə on milyardlarla dollar investisiya qoyub.

Əgər həqiqətən də TAP kəməri ilə bağlı risk varsa və layihə kommersiya baxımından rentabelli olmayacaqsa, o halda BP kimi bütün riskləri ölçüb-biçən şirkət bu investisiyaları yatırmağa razı olardımı? Təbii ki, yox. Əksinə, “Şahdəniz”dən hasil ediləcək qazın proqnozlaşdırılandan çox olacağı gözlənilir.

Digər tərəfdən, mütəxəssislərə görə, Azərbaycanın qaz ehtiyatları təkcə “Şahdəniz”lə yekunlaşmır. Bugünlərdə Bakıda keçirilən neft-qaz sərgisi zamanı açıqlandı ki, Azərbaycanda qaz hasilatı gələcəkdə yeni kəşf olunmuş və işlənməkdə olan yataqların ehtiyatları hesabına daha da artacaq. Yəni Azərbaycanın TAP kəmərini doldurmaqla bağlı problemi yoxdur, olmayacaq. Belədisə, o zaman “Qazprom”un bu açıqlaması, qəribə və bir qədər də təəccüblüdür. Gerçəkdə isə Rusiyanın Cənub Qaz Dəhlizindən necə narahat olduğunu ortaya qoyur.

***

Image result for Aleksandr Medvedyev

Medvedyevin bəyanatı İtaliyanın cənubunda TAP kəmərinin tikintisini əngəlləmək üçün törədilən təxribatların arxasında kimin dayandığına dair təxminləri də doğrultmuş olur. Bu, əlbəttə ki, Rusiyadır. Söz düşmüşkən, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev çıxışı zamanı TAP kəmərinə qarşı təxribatların arxasında dayanan qüvvələrə eyham vurmuş, layihəni əngəlləmək üçün böyük paraların sərf olunduğunu söyləmişdi.

Bununla belə, prezident əminlik ifadə etmişdi ki, Cənub Qaz Dəhlizi reallaşacaq və Azərbaycan Avropaya qaz təchiz edən ilk alternativ mənbə olacaq. “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Bu gündən sonra bu rol daha da artacaq”. Bunu da ölkə başçısı demişdi.

Görünür, bu mesajlar hədəfə dəyib. Çünki Rusiya artıq açıq formada təlaşlanmağa başlayıb ki, o, Avropa qaz bazarına yeni, müstəqil oyunçunun - Azərbaycanın daxil olmasından narahatdır.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar