Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korifeylər



İlqar Rəsul yazır


Bu günlərdə APA Holdinqin qapısında aktyor Vidadi Həsənovla qarşılaşdım. O Vidadi Həsənovla ki, ekranda yaratdığı adi epizodik rolu da baş qəhrəman qədər sevdirə bilir tamaşaçıya. O Vidadi Həsənova ki, özündən çox, obrazlarına oxşayır səhnədə. Elə həmin Vidadi Həsənovdu. Adi vətəndaşdan fərqlənməyən görkəm, sadə və xeyli təvazökar. Sadəliyini qoyuram bir kənara. Amma təvazökarlığı...
 
Məsələ burasındadır ki, belə insanlar, xüsusilə də sənətkarlar bəzən aşırı təvazökarlıqları ilə özləri özlərini hamının, hətta bəzən sənətdə təsadüfi adamların belə kölgəsində qoyurlar. O qədər “mən nə etmişəm ki” - deyib öz zəhmətlərini, əməklərini, fəaliyyətlərini və ən başlıcası yaradıcılıqlarını adiləşdirirlər ki.... 
 
Salamlaşdıq, ayaqüstü söhbət etdik. Vidadi Həsənov mənə öz şeir kitabını bağışladı ("Qum dənələri"). Mən də fürsətdən istifadə edib minnətdarlığın ardınca təvazökarlıqla bağlı bəzi iradlarımı dedim ona. Əslində bu mənim Vidadi Həsənov, Əbdül Mahmudbəyov və digər öz sözünü demiş sənətkarlar haqqında xeyli vaxtdır gəldiyim qənaətimdir.
 
İş ondadır ki, bu nəsil sənətkarlarla nə vaxt söhbət edirsən, onlar Ədil İsgəndərov, Ələsgər Ələkbərov kimi böyük sənətkarlardan dərs aldıqlarını, bir sözlə korifeylərlə bir səhnəni, ekranı bölüşdüklərini ağızdolusu deyirlər. Əlbəttə, bu adamlarla işləmək belə sənətkarların həyatının unudulmaz dönəmidir. Və bu barədə yeri gələndə danışmaq da olar. Niyə də yox. Amma daha addımbaşı "onlar korifeydilər" (yəni korifey onlar idilər) demək və bu fikri hətta dərs dediyin tələbələrə də aşılamaq o qədər də məntiqli hərəkət deyil. Təsəvvür edin ki, müəllim tələbəyə, yaxud artıq sənətdə öz sözünü demiş aktyor, rejissor gənc nəslə Ələsgər Ələkbərovu (və b.) o qədər tərifləyir ki, tələbə, yaxud gənc aktyor (aktrisa) psixoloji olaraq (və haqlı olaraq) xəyalən öz ustadının üzərindən aşıb başlayır köhnə nəslə valeh olmağa, onlardan başqa kimsəni görməməyə və dəyərləndirməməyə.
 
Əzizlərim, bilirik, xəbərimiz var, indi də o vaxtın filmlərinə baxanda Ədil İsgəndərovun, Ələsgər Ələkbərovun, Şəmsi Bədəlbəylinin, Yusif Vəliyevin və b. nə qədər böyük sənətkar olduqlarını görürük və siz desəniz də, deməsəniz də onlar unudulası şəxslər deyillər. Amma imkan verin sizin də yetirmələriniz sizi korifey hesab etsinlər (özü də haqlı olaraq). Onların da gələcəkdə özlərindən sonrakılara danışmağa sözləri, misallar çəkməyə həyatda gördükləri, çiyin-çiyinə çalışdıqları korifeyləri olsun...
 
Təsəvvür edirsiz, Əbdül Mahmudbəyov söhbət edəndə korifeylərdən ağızdolusu danışır. Halbuki, o korifeylərin hansını gətirsəydin, nə "Yeddi oğul istərəm"dəki Qasımı, nə də deyək ki, "Nəsimi" filmindəki dərvişi ondan artıq yaratmayacaqdılar (Yəni ondan artığına heç ehtiyac da yoxdu. Olsaydı, Əbdül bəy özü yaradardı). 
 
Həqiqi sənətkarların özlərinə bu cür laqeyd, aşırı təvazökar yanaşmalarının nəticəsidir ki, Hamlet Xanızadə kimi nəhəng bir aktyor dünyadan gedəndən sonra onun korifey olduğunu anladılar, amma yenə də Ədil İsgəndərov, Ələsgər Ələkbərovun adları bu faktı tam etiraf etməyə imkan vermədi (O korifeylərin bu işdə günahı yoxdu, əlbəttə). Halbuki, Hamlet Xanızadənin, heç başqa rollarını demirəm, “Babək” filmində yaratdığı xəlifə obrazı dünya kino tarixində əvəzsiz bir işdir (dünya bilməsə də). Belə misalları Həsənağa Turabov, Şahmar Ələkbərov, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Rasim Balayev haqqında da çəkmək olar...
 
Əlbəttə, ortada olan sənətkarlarımızın korifeyliyinin hələ ki etiraf edilməməsində, kölgədə qalmalarında cəmiyyətin də günahı olmamış deyil. Loru dildə desək, a kişilər, ay cəmiyyət, görürsünüz ki, adam təvazökarlıq edir, özünü hər yerdə irəli soxmur, küncdə-bucaqda dayanıb, gözə girmir, bir sözlə, çoxları kimi canfəşanlıq etmir, heç olmasa siz təvazökarlığı qiymətləndirin, siz gözünüzə girənlərin arxasına da baxın...
 
Əlbəttə, əsil sənətkar heç vaxt özünü gözə soxmayacaq, əsil sənətkar özünü tərifləməyəcək, əsil sənətkar özünə korifey deməyəcək. Sözsüz ki, belə də olmalıdı. Amma əsil cəmiyyət də, səlahiyyət sahibləri də sənətkarları qiymətləndirməkdə sənətkar, korifeyləri görməkdə korifey olmalıdır axı...              
 
Əks halda, bu işi indiki korifeylərin ümidinə buraxsaq, onlar korifey olmayacaqlar. Və onlardan sonrakı nəsil də özlərindən sonrakılara yenə Ədil İsgəndərov və digərlərindən danışacaqlar. Ekranda gördüklərindən. Öz gördüklərindən yox... (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar