Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəlbəcərli girovların məsələsi ATƏT PA-da qaldırılacaq


Azərbaycan parlamentinin vitse-spikeri: “Beynəlxalq ictimaiyyətin də qorxduğu ondan ibarətdir ki, münaqişənin bir gün aktiv fazaya keçməsi mümkündür...”


ATƏT Parlament Assambleyasının (PA) iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində “dondurulmuş” münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb. 

Bu barədə APA-nın yaydığı məlumatda deyilir.ATƏT PA-nın rəsmi saytına istinadən verilən məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə “Cənubi Qafqazdakı münaqişələr” adlı hissə yer alıb.

Qarabağda hərbi əməliyyatların başlanacağı ilə bağlı davamlı informasiyaların yayılması fonunda beynəlxalq qurumların məsələnin dinc yolla çözülməsi istiqamətində hansısa addımlar atmağa nəhayət ki, qərar verəcəyi məntiqlə gözləniləndir. Xüsusilə də ATƏT-in Minsk Qrupunun ölü quruma çevrilməsindən sonra Azərbaycanda dinc yolla tənzimlənməyə ümidsizliyini ifadə etməsi beynəlxalq təşkilatlara da yaxşı bəllidir. Ancaq belə görünür ki, hələlik hansısa ciddi addımı gözləməyə dəyməz.  

 Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova “Yeni Müsavat”a bildirdi ki, növbəti illik sessiyada qətnamə layihələri komitələrdə müzakirə olunacaq və sonda əlavə bəndlər nəzərdə tutulmaqla ümumi Helsinki bəyannaməsi qəbul olunacaq: “ATƏT regionunda və dünyada gedən proseslər, çoxsaylı problemlər və bu problemlər ətrafındakı müzakirələr burda üstünlük təşkil edəcək. Son illərin əsas mövzusu Ukrayna ilə bağlıdır. Ukrayna məsələsinin müzakirəsi kontekstində ATƏT regionundakı digər münaqişələrlə bağlı da təbii ki, müzakirələr olacaq. Konkret olaraq Qarabağ məsələsi ilə bağlı ayrıca bir sənədin qəbulu gözlənilmir. 

Amma biz bütün beynəlxalq tədbirlərdə müzakirə olunan məsələlərə məhz bu kontekstdən yanaşırıq və bizi narahat edən məqamları gündəmə gətiririk. Əsas olan odur ki, həm qətnamə layihələrində ərazi işğalı ilə nəticələnən münaqişələrə münasibətdə əsas formalaşmış mövqe - hansı ki, bir neçə il əvvəl bu mövqeyi söyləyən və sənədlərə daxil etmək istəyənlərin sayı o qədər də çox deyildi - ondan ibarətdir ki, bəli, ölkələrin ərazi bütövlüyü və güc yolu ilə ərazilərin dəyişdirilməsi, dövlətlərin ərazi bütövlüyünün pozulması mümkün deyil və bunu qəbul etmək olmaz. 

Bu məsələlər Helsinki Yekun Aktının və beynəlxalq hüququn prinsipləri əsasında həllini tapmalıdır. Qəbul ediləcək sənədlərdəki müsbət məqam bundan ibarətdir. Əvvəllər bəziləri bunu yalnız bizim mövqeyimiz kimi qəbul edirdi və bu tələbləri bir çox hallarda biz irəli sürürdük. Amma Ukrayna hadisələrindən sonrakı proseslərdə ölkələr anlamağa başladı ki, beynəlxalq hüququn əsas aparıcı, fundamental prinsipləri pozulduqda dünyanın bütün nizamı pozulur və bu təhlükəni artıq hər kəs hiss etməyə başlayıb”.

B.Muradova qeyd etdi ki, Qarabağ məsələsi ilə bağlı hətta hansısa sənədin qəbulu ilə bağlı təşəbbüs göstəriləndə beynəlxalq təşkilatlarda onunla bağlı ciddi problemlər yaranır: “Elə bugünlərdə AŞ PA-da məruzənin qəbulu zamanı Dağlıq Qarabağ probleminin sənəddəki əksi bir çox dəyişikliklər təklifi ilə müzakirə olundu. Orda neytral ”formulirovka" seçildi ki, bəli, Avropa Şurası Dağlıq Qarabağ probleminin mövcudluğundan məlumatlıdır. Bu, münaqişənin həllinə nə dərəcədə kömək edə bilər, aydındır, çox böyük şübhə doğurur. Bu mənada mən ATƏT PA-da bununla bağlı hansısa bir ifadənin olub-olmamasının məsələyə elə ciddi təsir göstərəcəyini düşünmürəm. Əksinə, prinsipial yanaşma olaraq ərazi bütövlüyünün vurğulanmasının özünü müsbət məqam kimi qeyd etmək olar". 

Son vaxtlar davamlı şəkildə müzakirəsi gedən müharibə ehtimalına toxunan vitse-spiker bunları bildirdi: “Biz əgər müharibə vəziyyətində yaşayırıqsa, gündəlik təmas xəttində insidentlər olursa, insanlar həyatını itirirsə, Azərbaycan əraziləri getdikcə daha artıq tar-mar edilirsə, nə vaxtsa sülh yolu ilə həllə nail olunmadığı təqdirdə müharibənin qaçılmaz olduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyətin də çəkindiyi, qorxduğu ondan ibarətdir ki, heç də dondurulmuş olmayan, hər gün qurbanlarla və insidentlərlə müşayiət olunan bu münaqişənin bir gün aktiv fazaya keçməsi mümkündür. Bu ehtimalı hər kəs qəbul edir, bu, yalnız Azərbaycan vətəndaşlarının düşüncəsi deyil. ATƏT PA-da da belə düşünənlər çoxdur”. 
B.Muradovanın sözlərinə görə, ATƏT-in Minsk Qrupunun fəaliyyətini analiz edəndə gəlinən əsas qənaət ondan ibarət olur ki, qurumun işi yenidən döyüşlərin bərpa olunmasının və məsələnin müharibə fazasına keçməsinin qarşısını almaqdan ibarətdir: “Yəni onlar məsələnin həllindən daha çox, buna səy göstərirlər, bu da bizi narazı salır. Ona görə də Minsk Qrupunun fəaliyyətindən imtina barədə Azərbaycan cəmiyyətində haqlı olaraq fikirlər səslənir. Amma Minsk Qrupundan imtina etdikdən sonra yerində nə olacaq, bu məsələni də düşünmək lazımdır. Qrupdan imtina etməkdənsə, onun fəaliyyətini artırmasını və qurumun fəaliyyətinə yeni mexanizmlərin daxil olmasının tərəfdarıyam. Bu imkanlardan istifadə ediləcəyi təqdirdə məsələni həll etmək olar”. 

Vitse-spiker sessiyada kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı da məsələ qaldıracaqlarını söylədi: “Orda təqdim olunan layihə sənədlərində Rusiya ərazisində Ukrayna vətəndaşının konkret ad çəkilməklə saxlanılması məsələsinin qəbulolunmazlığı fikri əksini tapır, onları girov hesab edirlər. Nədənsə həmin qüvvələr öz ata yurduna gedən Azərbaycan vətəndaşlarının Azərbaycan ərazisində girovluğu məsələsində susqunluq nümayiş etdirirlər. Bununla bağlı əlbəttə ki, məruzənin və qətnamənin müəllifinə mövqeyimizi açıqlayacağıq. Ukrayna nümayəndəsinin adının qalacağı təqdirdə digər adların da ora daxil edilməsini təklif edəcəyik. Lakin qərar çoxluq tərəfindən qəbul edilir. Ona görə də bəribaşdan nəticə haqda qəti söz deyə bilmirəm”.

Xatırladaq ki, ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyev 1 ildir ki, terrorçuların əlindədir. Qardaşı Sahib Əsgərovun dediyinə görə, D.Əsgərov ailəsinə son məktubunda  bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktubda D. Əsgərov Şuşa şəhərində olduğunu qeyd edib: “Hər kəsə salam deyin. Vəziyyətim yaxşıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tomas mənə gəlib baş çəkdi. Həftədə bir dəfə hamam olur. Gündə bir saat gəzinti olur. Köhnə tanışlarıma salam deyin. Hazırda Şuşadayam. Kamerada yanımda su kranı var. ”Məhkəmə"lərim tamamlanıb. Yuxumda meşəçi Əlləddini görmüşəm. Vəziyyəti necədir?"

Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar