Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kafkanın öpdüyü azərbaycanlı qız


Ayxan Ayvaz yazır


Bizim saqqalı, saçı uzun, keşişlərə oxşayan kitab satan Qurban danışıb bu əhvalatı mənə. Qurbanı yəqin çoxunuz tanıyırsınız? Tanımayanlara deyək: Qurban gah görürsən əlində kitab kafelərə girib kitab satır, gah da əlində mikrofon o küçə sənin, bu küçə mənim düşüb pranklar çəkir.
 
Qurbanın enerjisi məni həmişə heyrətə gətirib. Bu adam heç yorulmurmu, İlahi? Onun girdiyi istənilən məkanın ovqatı dəyişəcək. Buna tam əminəm. Bir yerdə səhərə qədər içib, sonra onun kitab dükanında kitabların üstündə yatmışdıq. Oyananda gördüm ki, Qurban əlində noutbuk İran mahnısına qulaq asır.
Gülmək tutdu məni.
 
- Ağa, dur gedək şəhərə gəzək.
 
Gecə səhərə qədər iç, hələ günün işığı təzəcə şəhərə düşüb, Qurban da deyir, gəzək.
 
Adamları çox istəyir Qurban. İstəyir ki, hamı onun kimi olsun: azad, rahat. Buna görə ondan küsənlər olur. Deyirlər ki, çox bezdirir adamı. Məsələn, bir dəfə metroya minəndə Qurban qışqırıb ki, niyə belə kədərlisiniz, bir az gülün, nolub dünya dağılmayıb ki. Adamlar da onu dəli zənn ediblər, sözsüz. Ancaq Qurban bundan inciyən deyil, təbii.
 
Nəsə, Qurbandan danışsaq çox uzun çəkəcək. Gələk onun danışdığı əhvalata.
 
Deməli, Qurban yenə əlində bir torba kitab girib kafelərin birinə. Üç-dörd gəncin oturduğu masadan onu səsləyiblər.
 
- Buyurun, bacı. – Gülməyin, Qurban qızların hamısına belə deyir.
 
- Mənə Kafkanın kitabı lazımdı.
 
Qurban torbasını axtaranda məlum olub ki, Kafkanın kitabı yoxdur. Amma müştərini də əldən buraxmaq olmaz.
 
- Bacı, Kafkanın əsl adını bilirsiniz?
 
- Frans? – qız bir az içkiliymiş, bunu deyəndə dəxilsiz yerə gülüb.
 
- Yox, bacı, Şopenhauer. El arasında Kafka deyirlər ona. – Qurban yenə həmişəki zarafatını işə salıb. Həm də kitabı satmaq lazımdır axı.
 
- Heç eşitməmişəm. – qızın sual dolu baxışları Qurbanı sevindirib.
 
- Bacı, onun əsərləri Kafka adında idi. Amma əsl adı Şopenhauerdi. Bu kitaba baxın, əladı. Götürün, 5 manat verin, bəsdi.
 
Qız fikirləşib, fikirləşib, barmağı çənəsində, qarşısında pivə... Birdən ayağa durub:
 
- Mən Kafkanı yuxuda görmüşəm.
 
Qurban deyir ki, bunu deyəndə kafedəki səs-küy xırp kəsildi, ofisiant əlində podnos keçəndə donub qalıb, yan-yörəsindəki dostları şaşqınlıqla ona baxıblar.
 
Qarşı masalardan bu vaxt suallar gəlib:
 
- Siz Kafkanı görmüsünüz?
 
- Kafka ölməyib ki?
 
Qız içkinin təsirindən yerində bir balaca yırğalana-yırğalana danışmağa başlayıb:
 
- Mən Kafkanı yuxumda görmüşəm. Canlı-canlı. Onu hiss etmişəm. Mənə toxunub, öpüb məni.
 
Qurban deyir ki, qızın sevgilisi bunu eşidən kimi onun qolundan tutub yerində oturdub.
 
- Biabır eləmə, özünü. Sənə demişdim, çox içmə.
 
Qız eyni sakitliklə:
 
- Kafkanı çox sevirəm. Hər gün yuxularıma gəlir.
 
Dostlarından biri söz atıb:
 
- Yəqin səni Milena bilib.
 
Qız əsəbi onu sözünü kəsib:
 
- Milena qələt eləyir. Mən onu sevirəm.
 
Qurban bunu danışanda Milenanın Kafkanın özü kimi məşhur dostu Maks Broda yazdığı məktub yadıma düşdü. Milena yazırdı:
 
“Frans yaşaya bilməz, yaşamağa gücü olmadığından yaşaya bilməz. O,  rahatlığa qovuşmayacaq. Görəcəksiniz, çox keçməyəcək ki, öləcək. Hamımızda bir yaşam gücü var, görünənə qapılarıq, yalana sığınarıq, çox şeyə göz yuma bilərik, optimist, yaxud da pessimistliyə qapılarıq zaman-zaman, bir fikri müdafiə edərik heç olmazsa. Amma o əsla sığınmaz bu cür mühafizəedici şeylərə. Yalan danışmaq da əlindən gəlməz, bacarmaz … Sərxoş olmağı da bacarmaz”.
 
Mən Kafkanı sevən qadınlar görəndə qəribə hislər keçirirəm. Kafkanı yuxusunda görən bu qız görəsən, nə qədər acı çəkib? Ona həmişə güləcəklər, lağa qoyacaqlar, ancaq o, həmişə Kafkanı yuxusunda görəcək. Milenanın yazdığı məktubda olduğu kimi, bu qız da eynən Kafka sayaq heç bir insanı ləkələməmək üçün təkliyi seçib. O da Kafka kimi təkdir, özü də adamların içində. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ən çox oxunanalar