Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İtalyan Renessansı – Leonardo da Vinçi


Leonardo da Vinçi (1452-1519)


Leonardo vaxtından əvvəl yetişmiş dahilərdəndir. Oğlunun bu yüksək qabiliyyətini görən Ser Piero 1470-ci ildə onu o vaxtkı Florensiyanın ən məşhur sənətçilərindən biri olan Andrea del Verrochio’nun emalatxanasına yerləşdirir. Verrochio emalatxanasında Botticelli, Fiorenzo di Lorenzo, Peruguino və Lorenzo di Credi kimi bir çox tanınmış və dəyərli əsərlər vermiş rəssamlar yetişmişdir.

Buna baxmayaraq, Leonardo bu sənət müridləri arasında və üstündə göz qamaşdıran bir işıq kimi parıldayırdı. O vaxtların akademiyası adlandırıla biləcək bu emalatxanalarda bir çox şey öyrədilirdi. Florensiyanın köhnə dəbinə uyğun bir sənətçi olan Verrochio, eyni zamanda, heykəltəraş, rəssam, zərgər və dülgər idi. Onun emalatxanasında yalnızca rəsm əsərləri hazırlanmır, eyni zamanda, mərmərlər yonulur, tunclar əridilir, bir çox əşya, bəzək-düzəklər, musiqi alətləri, günlük həyatı şənləndirə biləcək gözəl əşyalar da düzəldilirdi. İllər onun əllərinə bir incəlik vermişdi, əllərindən çıxan hər şey gözəl idi və ən uzaq yerlərdə belə axtarılırdı. Budur, Leonardo belə bir sənətçinin emalatxanasında çalışmağa və sənətinin üfüqünü açmağa başladı. Verrochio tələbəsinin dərin qabiliyyətini başa düşmüşdü. Tələbə öz müəllimini aşmaqda gecikmədi.

O zamankı emalatxana qanunlarına görə, tələbələr öz müəllimlərinə təqdim olunan əsərlərin ikinci və ya üçüncü dərəcəli yerlərini özləri doldurardılar. Hansı ki, Verriochio’ya 1479-cu ildə Pistoja kilsəsi üçün təqdim olunan madonnanın böyük bir hissəsi Lorenzo di Credi’nin əlindən çıxmışdı. Eyni surətlə, Vallombroso monastrı papaslan tərəfindən İsanın xaç suyuna salınması (vəftiz) mövzulu bir tablonu öz üzərinə götürən Verrochio rəsm əsərinə qoyulacaq bir mələk fiquru işini də Leonardo’ya vermişdi. Məhz bu anda müəllim iztirab və ümidsizlik saatının zənglərini eşidər və rəsm əsərinə şagirdi tərəfindən əlavə olunan mələk qarşısında sənətinin nə qədər geridə qaldığını acı-acı başa düşər. Vasariyə inansaq : “Bir uşağın onun özündən daha yaxşı rəsm çəkdiyini görən Verrochio, o gündən etibarən, bir daha əlinə fırça almamağa qərar verdi”. Bu gün hələ də Florensiyada Uffizi muzeyində görülə bilən bu diz çökmüş mələk o tərtibli və soyuq tabloda yolunu itirmiş bir günəş işığının bir parçası kimidi. Leonardo’nun başqası tərəfindən edilən bir rəsm əsərinə əlavə etdiyi möhtəşəm bir fiqurla başlayan sənət həyatı daima sürprizlərlə gözlərini əbədiyyətə yumduğu 1519-cu ilə qədər davam etdi. Onun həyatından bəzi səhifələrə baxanlar bu həyatda qəribəliklər görə bilər. Leonardo Florensiya küçələrində qəribə və möhtəşəm geyimlərlə gəzməkdən, minilməsi çox çətin olan atlara minməkdən, pul ilə quşlar alıb onları azadlığa qovuşdurmaqdan zövq alarmış. Leonardo’nun həqiqi şəxsiyyətini başa düşmək üçün dühasının uşaqlığından başqa bir şey olmayan bu təfərrüatı aşmaq lazımdır.



Leonardo’da gözə çarpan ilk şey elmlə sənətin birlikdə irəliləməsidir. Sənətçi sənəti üçün əvvəlcə ətraf aləmi tədqiq etmiş, oradan daxili aləmin labirintlərinə baş vurmuş, sənəti bu bilgilərlə güclənmiş, güclənən sənət yeni elmi axtarışlara ilham vermişdir. Elm və ixtiraçı Leonardo üzərində durmaq mövzudan kənardır. Lakin 13 cildlik, 5000 səhifədən ibarət müşahidələrin və təcrübələrin nəticələri ilə Milan Akademiyasına verdiyi dərslərin xülasəsi olan rəsm haqqındakı əsəri Leonardo’nun modern elm üçün bir öndər olduğu açıqca görünür. “Bütün dəqiq biliyin anası təcrübədir. Təcrübədən yaranmayan elmlər, zənnimcə, boşdur və yanılmalarla doludur”. “Heç bir tədqiqat riyazi isbatdan keçmədən elm adını almağa layiq ola bilməz” – deyən Leonardo Bacon’dan çox-çox əvvəl daha anlaşılan elmi metodun təməllərini formalaşdırdı. Riyaziyyatdan mexanikaya və astronomiyaya qədər elm dənizində dolaşan, tikiş və düymə mexanizmlərindən paraşütləri, təyyarələri və turbini təsəvvür edənə qədər fantaziyasını məcbur edən və bir çox xəyallarını gerçəkləşdirən Leonardo’nun məhz özü tərəfindən Milan Dükü Ludovico Sforza’ya 1483-cü ildə yazdığı məktubdan bir parçada deyilirdi:

“Məşhur şahzadə həzrətləri, hərbi alətləri ixtira sənətində özünə usta deyən bir çox insanların təcrübələrini görmüş və diqqətlə izləmiş olduğum üçün onların ortaya qoyduqları alətləri hər gün görüləndən heç bir surətdə fərqli olmadığını bilirəm və elə buradaca sıraladığım özümə məxsus bəzi sirləri heç kimə hörmətsizlik etmədən zati-alilərinə təqdim etməyə cəsarət edəcəm: çox yüngül və daşınması rahat körpülər inşa etmək üçün bir üsul tapdım ki, bunların hesabına düşmən qovulub darmadağın edilə bilər. Qurulması və qaldırılması asan olmaqla yanaşı, atəşə və hücumlara tab gətirən daha sağlam körpülər inşa edə bilərəm. Düşmən körpülərini darmadağın etməyin yollarını da bilirəm.

Gücləndirilmiş bir ərazinin əhatəyə alınması halında xəndəklərdəki suyun necə boşaldıldığını bildiyim kimi, bir çox dırmanma nərdivanlarını və bunun kimi bir çox vəasitləri düzəltmək də əlimdən gəlir. Yanan maddə ataraq düşmənə böyük zərərlər verən və dumanıyla böyük bir dəhşət saçan, daşınması asan olan bir növ top da düzəldə bilərəm. Mən top daşıyan, təhkükəsiz, qapalı və dağıdılması mümkünsüz olan elə maşınlar düzəldə bilərəm ki, bunlar düşmən xəttləri arasına girərək ən sağlam birlikləri belə dağıdar və piyadalar onların ardınca heç bir müqavimətlə üzləşmədən irəliləyə bilərlər. İstifadə olunanlardan fərqli, gözəl və işə yarayan toplar, mina topları və alov maşınları da düzəldə bilərəm. Xülasə, vəziyyət nə olursa olsun, saysız-hesabsız hücum vasitələri təsəvvür edə bilərəm.



Dənizdə döyüşmək lazım gələrsə, həm hücum, həm də müdafiə baxımından görülməmiş mükəmməllikdə bir çox alətlərim, ən şiddətli atəşə belə müqavimət göstərə biləcək gəmilərim vardır. Sülh zamanında isə gərək ümumi və ya xüsusi binalar inşa edərək, gərək suyu bir yerdən başqa bir yerə köçürərək, memarlıq sahəsində istənilən bir memarla yarışa biləcəyimi hesab edirəm. Mərmərdən, tuncdan, bişmiş torpaqdan heykəllər düzəldə bilərəm. Rəsmdə kim olursa olsun, başqa birinin etdiyini edə bilərəm. Bunlardan başqa, atanızın və şöhrəti cahanı tutan Sforza Xanlığının əbədi şərəf və xatirəsi üçün bir tunc at düzəltməyi öz üzərimə götürməyə hazıram. İşdir, yuxarıda saydığım şeylərdən hər hansı biri sizə mümkünsüz və ya tətbiq baxımından şübhəli görünürsə, bağçanızdakı və ya zati-alilərinin xoşuna gələcək istənilən bir yerdə təcrübə edə biləcəyimi sonsuz hörmətimlə sizə ərz edirəm.”



Bu da məktub. Leonardonun elm və icad hissəsində dayanmayaraq, eskizi hələ də Milanda St. Ambrosio kitabxanasında yer alan məktubla kifayətlənərək, sənətkarın özünə qayıdaq. Leonardo’nun məktubunda bəhs etdiyi Ludovico’nun atası Francesco Sforza’ya aid olan heykəlindən bu gün sadəcə bir neçə qaralama qalmışdır. Lakin sənətkarın bu əsər üzərində tam on il (rəvayətə görə isə 16 il) işlədiyini və yalnız atın maketini düzəltdiyini, bunun da fransız əsgərləri tərəfindən talan edildiyini bilirik. Bunun üçündür ki, Leonardo’dan bəhs edərkən daim rəssam sənətini nəzərə almalıyıq. 1519-cu ildə öldüyünə görə, 67 yaşına qədər yaşamış olan bu sənətçinin sənət həyatı ilə 37 yaşında ölən Raffaello’nun sənət həyatı bir-biri ilə müqayisə olunarsa, böyük fərq gözə çarpar. Raffaello dar çərçivəli bir ömrün içinə saysız əsərlər, böyük kompozisyalar, müxtəlif portretlər, göz qamaşdıran freskalar sığdırdığı halda, Leonardo isə illərini bir əsərinə həsr etmişdir.Sənətin bir ilham və coşğunluq məhsulu olmayıb, bir düşüncə, hesab və səbr məhsulu olduğunu Leonardo’nun sənət həyatından və işləmə tərzindən daha yaxşı heç bir sənətkar göstərə bilməz. Əsl şah əsərlərdən başqa, aşağı səviyyədə əsərlər vermiş böyük sənətkarlar da vardır. Leonardoda isə belə şey görməyə imkan yoxdur. Yorğunluq və ya pul qazanma əzmi ucbatından, onun iş otağından aşağı səviyyəli bir əsərin çıxdığı görülməmişdir. Əsərlərinin bəziləri itmiş, özünün zənn edilən bəzi əsərlərin sonradan başqalarına aid olduğu aşkara çıxmışdır. Bu gün Leonardonun öz əlindən tamamlanmış olaraq çıxan və dövrümüzə qədər gələn böyük şah əsərləri bunlardır: “Qayalıqlarda Məryəm”, Luvr muzeyi, kətan (1,90m – 1,25m). “Sonuncu şam yeməyi”, Milan, Santa-Maria-delle-Grazie’nin yeməkxanasında, freska (0,2m-9m,). “Giocondo”, Luvr muzeyi, taxta üzərinə (0, 77m -0,53m). “Məryəm, uşaq İsa və müqəddəs Anna”, Luvr muzeyi, taxta üzərinə (0, 7 m-1,29m ). “Müqəddəs Jean-Baptiste”, Luvr muzeyi, taxta üzərinə (0,69m -0,57m).

Bu gün Parisdəki Luvr muzeyində olan əsəri demək olar ki, tanımayan yoxdur. Təxminən, hər kəs Giocondo’nın nəhəng bir ədəbiyyata cığır açan məşhur müəmmalı təbəssümünün 1911-ci ildə ana vətəninə geri qaytarılmaq üzrə olan Vincenzo Peruggia adlı vətənpərvər bir italyan tərəfindən Louvre muzeyindən oğurlandığını və nəhayət, iki il sonra Florensiyada tapıldığını və Fransaya geri göndərildiyini bilir. XV və XVI əsrlərin sənətkarlığı haqqında əvəzolunmaz bir mənbə olan Giorio Vasari’yə görə Leonardo Florensiya varlılarından Francesco del Giocondo’nun xanımı Monna Lisa Gherardini’nin rəsmini 1503-cü ildə işləməyə başladığı zaman Monna Lisa 24 yaşında imiş. Rəsm bitdiyi vaxt o, 30 yaşına çatırmış. Belə ağır və davamlı işə hər model dözə bilməz. Rəssam Cezanne rəngin daha gec solması ümidi ilə natürmortları üçün almaları çiçəklərlə əvəz edirdi.



Güllər üçün solub saralmaq nədirsə, insan üçün də ürək sıxıntısı odur. Leonardo da gözəl modelini sıxılmaması üçün musiqi ilə əyləndirmək yolunu tapmışdı. Tabloların qaralamaları olan saysız etüdlər rəssamın necə dəqiq və səbrli bir tərzdə işlədiyini bizə göstərir. 1843-cü ildə Milandakı Confreries de la Conception ondan bir madonna istəmişdi. Bu əsər bir çox dəfə baxılıb ələ alındıqdan sonra 1506-cı ildən 20 il sonra tamamlanacaq və “Qayalıqlarda Məryəm” adını alacaqdır. Leonardo’nun heç bir əsəri Milanda Santa Maria delle Grazie monastrının yeməkxana divarına işlədiyi freska qədər işarə etdiyimiz nöqtəni izah edə bilməz. Cenacolo bir freskadır. “Təzə” mənasını verən bu söz təzə bir suvaq üzərinə qoyulan sulu boya tərzini ifadə edir. Suvaq rəngi əmir, o sürətlə ki, rəsm divarın ömrü qədər davamlı olur. Bu yeni suvaq sönmüş kirəc ilə qumdan təşkil olunduğuna görə, quruyaraq sərtləşir və daş qədər möhkəm olur. Əgər divarın olduğu yer rütubətli deyilsə və işlədilən rənglər suvağın kirəci ilə pozulmazsa, bu rəsm zamanın silib-süpürə bilməyəcəyi bir sağlamlıq qazanır. Raffaello’nun, Mikelanjelo’nun freskaları kimi dəyərli əsərlər verən və ilk baxışdan sadə görünən bu tərz, əslində, çox çətindir və böyük bir cəldlik və ustalıq tələb edir. Tez quruyan suvaq rəsm çəkiləcəyi zaman divara qoyulmalı və qurumadan öncə rənglə örtülməlidir. Suvaq quruduqda rəngini hopduracaq həssaslığını itirdiyindən cizgilərə imkan yoxdur. Bunun üçün rəsmi mümkün olduğu qədər cəld çəkmək lazımdır. Bunları deməkdə məqsədim, zamanın modasına görə, bir freska çəkmək məcburiyyətində qalan Leonardo’nun sənəti ilə bu tərz arasındakı ayrılıqdır. Leonardo ağır işləyən, mükəmməlləşdirmək üçün eyni nöqtə üzərində inad edən, əlini düşüncələrindən ayırmayan, təsadüfə heç bir yer verməyən bir rəssam idi. “Gecənin səssizliyi içində deyirdi ki, gözdən keçirmiş olduğunuz şeyləri xatırlayın. Zehninizdə gündüz vaxtı görmüş olduğunuz fiqurların konturlarını cızın. Zəka ilə əlin birlikdə işləmədiyi yerdə sənətkar yoxdur.”

 

Freska, əksinə, sürəti, düşüncəsizliyi tələb edən bir tərzdir. Bu tərz fırçasını mələklərin idarə etdiyinə inanan, divara çəkilmiş bir rəngin və ya cizginin düzəldilməsini günah sayan Fra Angelico’ya uyğun gəlir.
Bunun üçündür ki, Leonardo suvaq üzərində çalışmağı qəbul etməklə bərabər, texnikasını da dəyişdirmiş, suvaq quruduqdan sonra yağlı boya ilə işləməyi üstün tutmuşdur.
Budur,  Leonardo Santa-Maria-delle-Grazie monastrının freskası  üzərində belə bir texnika ilə gecə-gündüz çalışdıqdan sonra yalnız 3 ilə tamamlaya bilmişdir. Rəssamın çalışdığı monastrda o zamanlar baş rahib olan hekayətçi Matteo Bandelli Leonardo’nun “nərdivana” dırmaşdığını və fırçanı ancaq gün batanda əlindən buraxdığını, bu müddət ərzində yeyib-içməyi tamamilə unutduğunu, sonra günlərcə əlini rəsmə vurmadığını, bəzən əsəri qarşısında saatlarca heç bir şey etmədən dayandığını və bütün ruhuyla onu gözdən keçirdiyini demişdi. Bu rahibin digər ifadəsinə görə, Leonardo bir neçə dəfə monastra qaçar və bir fiqura bir-iki fırça sürtdükdən sonra dərhal uzaqlaşarmış.
Bu xüsusiyyətlərini göz önündə tutsaq, sənətçinin rəsm barədə olan məşhur tərifini daha yaxşı başa düşərik. Leonardo rəsm üçün – La pittura é cosa mentale, yəni -rəsm ağıl işidir- deyərdi. Vinci’nin bütün əsərləri kimi bu əsəri də texniki sahədə olduğu qədər, fikir sahəsində də sonsuz araşdırmaların nəticəsidir. Rəssamın öz naxışına ruh vermək üçün keçirdiyi yuxusuz gecələr və potalarda bir sehrbaz kimi yeni rəng çalarları axtardığı günlər saysız-hesabsızdır. Santa-Maria-Nova xəstəxanası onun fizionomiya araşdırmaları və əməliyyat incələmələri üçün bir təcrübə sahəsi olmuşdu. O, fiqurlarının modellərində belə çox böyük həssaslıq göstərirdi. “Sonuncu şam yeməyi”ndəki Yəhudanın başına model ola biləcək bir baş tapmaq üçün Milanın meyxanalarında həftələrlə vaxt keçirmişdi.



Leonardoya italyan Faust’u deyilməsi də bu səbəbdəndir. Rəssam da Faust kimi yorulmayan bir araşdırma zehniyyətinin simvoludur. Bununla bərabər, onda yaradıcılıq ruhu olan xülyalı tərəfi də çox qüvvətli idi. O qədər idi ki, hətta, tələbəsinə ən gözəl fikirlərin doğulması üçün köhnə divarlarda rütubətdən əmələ gələn ləkələrə diqqətlə baxmağı tövsiyə edirdi.
Leonardo’nun hər sahədəki araşdırmaları sənəti üçün idi. İşığın, rənglərin, kölgələrin, perspektivin xassələrini bu məqsədlə incələyir, insan və heyvan bədəninin ən gizli hissələrini də bu məqsədlə kəşf etmək istəyirdi. Hər kəsin asan əldə olunan şöhrət və pul axtardığı bir zamanda, rəssam gücü axtarırdı. O, sənəti hər mənfəətdən üstün tutmuşdu.
Davamlı müşahidə və təcrübə onun sənətinin ən mühüm xüsusiyyətlərindən biridir. Corco Vazari’yə (Giorgio Vasari) görə Leonardo gördüyü və diqqətini çəkən bir adamın çöhrəsini təsbit etmək üçün onu günlərcə izləyər və xarakterini müəyyən etməyə çalışardı. Çılpaq vücud eskizləri yaratmaq üçün şənbə günləri hamama gedər, bəzən də, kəndliləri qonaq çağırar, zarafatcıl dostları ilə onları nəşələndirər, güldürər və qırışan çöhrələrinin hafizəsində möhkəmləndirilməsi üçün onları mümkün olduğu qədər uzun müddət o vəziyyətdə saxlamağa çalışardı. Sonra ortadan yox olar və gülmədən seyrinə imkan olmayan bir çöhrə təsbit edərmiş.
Lakin təbiəti və insanı bu qədər diqqətlə gözdən keçirən, incələyən bir sənətçi nəinki realist cinsdən olmamış, hətta XV əsrin realizmini yıxan sənətçilər siyahısında ön sırada olmuşdur. Corco Vazari’nin dediyinə görə, Leonardo təkbaşına girdiyi otaqda kərtənkələləri, ilanları, kəpənəkləri, çəyirtkələri, yarasaları və bunlara bənzər başqa cinsdən olan heyvanları toplayar və onların dəyişik tərəflərini birləşdirməklə yeni surət yaradardı.
Budur, Leonardonun realist idealizmi düşüncəsi də buradan yaranmışdı. Rəssam xəyali bir canavar yaratmaq üçün belə öz təxəyyülünə güvənmir, gözü önündə heyvanları və həşəratları tədqiq edir və hər birindən aldığı parçalarla yeni bir məxluq yaradır. Realizm onun ən böyük narahatçılığıdır; əsərinin bütün ünsürlərini təbiətdən alır, fəqət onları təxəyyülünün oyunları ilə birləşdirirdi. Onun sənətinin sirri müşahidə ilə fantaziyanın incə bir qarışığıdır.

Onun xülyası təbiətin çəkdiyi yolda təbiətdən daha irəli getmək idi. Heç bir sənətçi onun qədər göz zövqü üçün edilən surətlərə o cür ruh qoymamışdı. Heç bir sənətçi onun qədər xəyalı düşüncəyə yaxınlaşdırmamışdı.
Leonardo portretlərində və kompozisiyalarında daim ruhdan bədənə gedər və bizə duyğuları hərəkətlərin və çöhrənin dili ilə qüvvətlə hiss etdirir. Rəsmdə insan ruhuna, ruhun işığına ən çox yaxınlaşan sənətçidir Leonardo Da Vinçi.

Leonardonun rəsm sənətindəki böyüklüyünü anlamaq üçün hər şeydən əvvəl iki şey üzərində, əvvəla, kompozisiya üzərində, sonra işıq və kölgə üzərində dayanmaq lazımdır. Onun ən böyük kompozisiyası “Cenacolo” (“Sonuncu şam yeməyi”) olduğu üçün bu əsərdəki üstünlüyü vurğulamaq lazımdır. Santa Maria delle Grazie kilsə və monastrının yemək salonunda yerləşən bu freskanın hər tərəfi aradan yarım əsr keçmədən çatlamış, boyaları tökülmüş, bacarıqsız əllərin təmirləri nəticəsində əsər tamamilə bərbad bir vəziyyətə düşmüşdür. Bugünkü halında onda kölgələrə bənzəyən fiqurlardan başqa bir şey görülə bilməz. Amma bunun əvəzində Leonardonun tələbələrindən biri olan Marco d’Oggione’nin 1510-cu ildə , orijinal şəklinin bütün parlaqlığı üzərində olduğu zamanlarda etdiyi nüsxələri var. Parisdə Luvr (Louvre) muzeyində saxlanan kopya və Londonda incəsənət məktəbindəki kopya bu rəssama ithaf olunub.



Bu məzmun bir çox Renessans (fr. Renaissance, it. Rinascimento – “yenidən doğulma”, “dirçəlmə”) rəssamları üçün mövzu olmuşdur. Bu rəssamlar bir memarlıq dekoru içində 12 həvarini masa ətrafına toplayaraq hər birinin iç dünyasını göstərirdilər. Leonardo isə bu problemi tamam başqa surətdə həll etmək istəyir. O, şəxslərin ruh hallarındakı dəyişiklik ilə hərəkətin şəkil birliyi arasında təmkinlə, fərdi reaksiyaların başqalığı ilə bütünlükdə onlara hakim olan həyəcan arasında ahəng yaratmaq istəyir. Leonardo əsərini təsvir edərkən fikirlərini belə qeyd etmişdir:

“İçki içən biri qədəhi masanın üzərinə qoyur və danışan adama tərəf çevrilir, başqa biri əllərini bir-birinə keçirib qaşlarını çataraq yanındakına nəsə söyləyir, bu tərəfdəki adam əllərini açmış və qabağa uzatmış halda çiyinlərini çəkir və heyrətini göstərir, bir az kənardakı isə ona tərəf dönüb qulaq asır…”

Bu ilk təsvir Leonardo’nun duyğu və düşüncələri necə aydın təsvir etdiyini göstərir. Onu əsas maraqlandıran obrazların fərqliliyi, bir-birindən çox müxtəlif insanlar üzərində eyni sözün cürbəcür təsirlər yaratmasıdır. Rəssam tərəfindən seçilən an İsanın süfrə başında bu sözləri dediyi andır: “Doğrusu, sizə deyim ki, sizdən biri məni ələ verəcək…”

Leonardo bu sözlərin fərqli təbiətli həvarilərin ruhunda oyandırdığı müxtəlif reaksiyaları, üz ifadələri və bədən hərəkətləri ilə göstərmək, sonra hər həvarini xarakterinə uyğun ən gözəl şəkildə canlandırmaq istəyirdi. Leonardo bu kompozisiya anlayışını “Trattato Della Pittura”sında belə xülasə edir:

“Rəsmdə fiqurlar elə surətdə vücuda gətirilməlidir ki, onların duruşlarından nə düşündüklərini, nə hiss etdiklərini asanlıqla anlamaq mümkün olsun.” Rəsmə bir üzv bütünlüyü verən, xaricdən içi görən bu anlayış ilə XV əsrin kompozisiya anlayışı müqayisə olunarsa, aradakı sonsuz üstünlük dərhal ortaya çıxar.

Eyni psixoloji realizmi mövzu dəyişdiyi halda, Leondardonun unudulmaz Məryəmlərində görə bilərik; daima ifadəli tərəfləri təkrarlamaq, dərinləşdirə-dərinləşdirə idealı realdan çıxarmaq sənətini.

Leonardonun kompozisiyada göstərdiyi üstünlüyü kölgə anlayışında da görə bilərik. O, eyni zamanda, plastik şəkli və atmosferi içinə alan, birinci yeri insan təbiətinə verən, lakin onu atmosfer içində təsəvvür edən bir rəsm üslubunun yaradıcısıdır. Bu surətdə o, yalnız bir ünsürə, yəni insana deyil, eyni zamanda, təbiətə də yer verir.

İnsanla içində insanın olduğu təbiəti birləşdirən, boşluğu dolduran və fiquru əhatə edən ünsür nədir? Leonardo’ya görə bu ünsür kölgədir. Rəssam kölgəyə olan sonsuz sevgisini bu sözlərlə bildirir:

“Axşamüstü tutqun havalarda küçələrdən keçən kişilərin və qadınların çöhrələrinə yaxşı bax! Bu çöhrələrdə necə cazibə və şirinlik var, yalnız o zaman görə bilərsən…”

Leonardo’ya görə, ən şirin gözəllik axşamdan gəlir, çünki “şiddətli işıq gözəl deyil, çox kölgə görməyə mane olur, hər ikisinin ortası yaxşıdır.” Gözəllik kölgənin dərəcələnməsindən əmələ gəlir. Kölgə içərisində sərt konturlar yumşalmaqda, şəkil qatı bir cisim olmalı yerdə əriyən bir atmosfer yaratmaqdadır.

Leonado’nun əsərlərinə, xüsusilə də “Qayalıqlardakı Məryəm” əsərinə, “Məryəm, kiçik İsa və müqəddəs Anna” qrupuna baxsaq, bu düşüncələrin canlı əkslərini görərik. Bir dumanın havada əriməyini xatırladan işıqlı kölgə oyunlarıyla bütün şəkillər modelləşdirilir.



Leonardo’nun şəkillərindəki kölgəni bütün həyatında görürük. Əsərlərindəki kölgələr, sanki, həyatına axmışdır. Həyatının xüsusiyyətlərini qısqanclıqla hər kəsdən gizlətməsi, bəlkə də, kölgəyə olan sevgisindən irəli gəlir. Leonardo’nun kölgəyə olan bu sevgisinin əkslərini Cakonda’nın, Anna’nın, Müqəddəs Jan Baptist’in gülümsəmələrində görə bilərik. Bodler’in barmaqla sayılan məşəllərdən biri hesab etdiyi Leonardo bənzərsiz sənəti ilə qaranlıqları aşaraq əsrimizə qədər gəlib çıxıb. Böyüklüyü əsərlərin sayında yox, təsirin dərinliyində axtaranlar üçün Leonardo’nun sənətindən daha böyük sənət ola bilməz. Həqiqi sənət həyatını tükənmək bilməyən maraq, yorulmayan səbr və israr, davamlı oyanıqlıq hesab edənlər üçün də Leonardo’nun həyatından daha çox örnək ola biləcək həyat təsəvvür oluna bilməz.




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar