Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Hüseynov, “Bir az romantika”


“Ən yaxşı hekayəmiz”


“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. İsa Hüseynovun “Bir az romantika” hekayəsini təqdim edirik.
 
Yay qurtarmışdı. Plyaj boşalmışdı. Qum soyumuşdu. Onlar qumun üstünə xalça salıb yanaşı uzanmışdılar.
 
Arada Şərqiyyə başını qaldırıb ağır- ağır gözlərini onun üstündə gəzdirirdi. Murada elə gəldi ki, dənizlə, sahillə birgə bu ala gözlərin dərinliyində də sükut və rahatlıq vardır. O, xəyalən bu gözlərdən öpüb qımışdı.
 
- Şərqi, səssizliyə fikir verirsən?
 
- Mənim fikrim sənin maşınındadır. Ağ " Volqa”dan yaman xoşum gəlir. Bir dön bax. Səncə nəyə oxşayır?
 
Murad yanakı boylanıb çiynini çəkdi:
 
- Məncə, elə " Volqa”ya oxşayır.
 
- Bir də bax.
 
- Baxdım.
 
- Elə yox. Üzünü yerə söykə aşağıdan bax. Bir də gözünü yum. Elə elə ki, maşınla göydən başqa heç nə görünməsin.
 
- Sən mənim başıma oyun açırsan, Şərqi. Kosmik gəmiyə oxşadırsan nədir, sən bu maşını?
 
- Afərin, afərin! – Şərqi sevinclə əlini əlinə vurdu. – Mən bu qənaətdəyəm ki, bir- birinə yaxın olan adamların zövqü də, hissi də, fantaziyası da uyğun gəlməlidir. Doğrudan oxşayır, ya yox, hə, Murad?
 
- Düzünü deyim?
 
- Bıy, əlbəttə.
 
- Düzü, göyü yadıma salmasaydın, kosmik gəmi-zad ağlıma gəlməzdi.
 
Şərqi əvvəlcə elə bil bir az məyus oldu, sonra süni incikliklə dodaqlarını büzdü. Murad ciddiləşib nə isə demək istədi. Şərqi barmaqlarının ucunu onun dodaqlarının üstünə qoydu.
 
- Dayan!.. Bax, tutaq ki, maşının əvəzində bu saat burda doğrudan da kosmik gəmi var, özü də starta hazırdır. Uçarsan?
 
- Yox.
 
Şərqinin qaşları tərpəndi.
 
- Niyə?
 
Murad barmaqlarının ucu ilə onun aypara qaşlarını sığalladı.
 
-Sənə rast gələndən sonra yerdən ayrılmaq istəmirəm.
 
Şərqi bir daha dodaqlarını büzdü.
 
- Kompliment!
 
- Kompliment deyil, Şərqi.
 
- Yaxşı, mənnən bir yerdə necə, uçarsan?
 
- Yox.
 
- Niyə?
 
- Çünki kosmosda sənnən belə sərbəst söhbət eləmək zövqündən məhrum olaram.
 
Şərqi şirin pıqqıltı ilə gülüb onun üzünə yüngülcə bir sillə vurdu.
 
- Neispravimıy realist!
 
Murad ciddiləşdi.
 
- Şərqi, səndən bir xahişim var.
 
- Buyur.
 
- Mənnən rusca danışma.
 
- Bıy, neyçün?
 
- Sən rusca çox təmiz danışırsan, Şərqi, mən özümü yaxşı hiss eləmirəm.
 
Şərqi duruxdu.
 
- Başa düşmədim.
 
- Demək istəyirəm ki, sən rusca danışanda mən özümü məhdud adam kimi hiss eləyirəm.
 
- Vzdor!.. Bəyəm sən dili pis bilirsən?
 
- Çox pis! Günün tələbilə yanaşsaq, demək olar ki, heç bilmirəm.
 
Şərqi əlini onun saçlarına toxundurdu.
 
- Bednenkiy! İstəyirsən sənin müəllimin olum?
 
- Qırxında zurnaçılıq öyrənən gorunda çalar, Şərqi. – O, Şərqinin bu xalq məsəlini başa düşdüyünə şübhə etdi. Fikrini başqa tərzdə demək istədi. Ancaq Şərqi başa düşdü.
 
- Sənin ki, qırx yaşın yoxdur?
 
- Var, Şərqi.
 
- Elə şey olmaz!
 
- Hələ biraz da artıqdır.
 
- İnanmıram. Başında bir dənə də ağ tük yoxdur.
 
- Yaxşı baxmamısan.
 
- Bu, sənin başın, bu da mənim gözlərim.
 
- Görə bilməzsən.
 
- Niyə?
 
- Çünki hava qaralıb.
 
- Hava?.. – Şərqi dümağ qu quşu boğazını uzadıb təəccüblə ətrafına baxdı və birdən qəhqəhə çəkdi. – Biz gələndə saat neçə idi? – Cavab gözləmədən yenə qəhqəhə çəkdi.
 
Murada görə o, elə-belə xoşbəxtlikdən gülürdü. Əllərini Muradın sinəsinə dirəyib yuxarıya doğru dartılmış başını arxaya atıb cingiltili səslə aramsız gülürdü.
 
Murad bu çay kimi çağlayan gülüşün səbəbi barədə yalnız bir az düşündü... Tünd mavi göydə iri-iri seyrək ulduzlar parıldayırdı. Üzərini nazik qaranlıq layı örtmüş hamar qumluq, üfüqün ağ fonunda cərgə-cərgə düzülmüş balıqçı talvarları, uzaq, kələ-kötür sahil qayaları – hər şey sükutda idi. Təkcə Şərqi gülürdü. Üzünü ulduzlara tutub, öz gözəlliyi ilə, xoşbəxtliyi ilə sanki dünyaya meydan oxuyurdu.
 
Onun qulaqlarının ucunda xırda sırğaları hardansa düşən görünməz ziyaları əks edib işıldayırdı. Dənizin rütubətindən nəmlənmiş yanaqları da, sifətinə nisbətən bir az ətli görünən alt dodağı da işıldayırdı. Açıq sarı, dalğalı saçları, gülməkdən titrəyən çılpaq çiyinlərinin üstündə gəzirdi. Murad bu aşağıya doğru meyilli zərif çiyinləri xəyalən əllərinin altında hiss etdi. Qəfil güclü hiss dalğasından gözləri torlandı. O, hansı bir möcüzə iləsə göydən yerə enmiş gözəllik ilahəsini bağrına basmağa, oxşamağa, əzizləməyə tələsdi. Lakin Şərqi onun qolları arasından sivrilib yox oldu.
 
Murad nəfəsini dərdi, başını qaldıranda faraların işığı üzünə vurdu. Maşının qapısı yumşaq çıqqıltı ilə örtüldü, toranlıqda incə, ağımtıl bir siluet fırlandı, sonra gur işıq seli içərisində qu quşu peyda oldu.
 
O, tuflilərini Muradın böyründə, xalçanın yanında qoyub getmişdi. Ayaqlarının altında xışıldayan balıqqulaqlarının üstüncə yeriyə bilmirdi. Qollarını yana açıb, əyilə-əyilə, çökə-çökə gəlirdi.
 
Birdən o, işıq selinin lap ortasına düşdü, çətirvari çit don yoxa çıxdı. Murad cizgiləri bütün aydınlığı ilə görünən qadın bədəninə ehtiraslı baxışı ilə onların hələ heç bir şeydən ləkələnməmiş münasibətləri arasında bir ziddiyət duyub başını aşağı saldı.
 
- İşığı niyə yandırdın?
 
- Necə niyə? Sənin saçına baxacam... Oy!.. – Şərqi bir ayağının üstündə o yan- bu yana əyildi. Murad parketdən və asfaltdan kənarda yəqin ki, çox az olmuş, bəlkə də heç olmamış bu zərif məxluqun barmağının ucuna daş toxunduğuna dözmədi, bir sıçrayışla atılıb onu hop götürdü, gətirib ehtiyatla xalçanın üstünə düşürdü.
 
Üz-üzə, yanakı oturdular. İndi Şərqi çox diqqətlə onun saçlarına baxırdı. Murad isə elə bil hələ də Şərqini qucağında tutmuşdu, sol əlində onun belinin sümüksüzlüyünü, sağ əlində onun bədəninin hərarətini hiss edirdi. Bir... iki... üç... – deyə Şərqi fasilələrlə pıçıldayırdı və için-için gülürdü.
 
Axırda yenə qəhqəhə çəkdi. Dabanlarının üstündə oturub əllərini dizlərinə çırpdı. – Düz səkkiz dənə ağ tük! – Süni təəssüflə boynunu bükdü. – İtak, ya vıxoju zamuj za starika!
 
Murad dikəldi, onun gözlərinin içinə baxdı.
 
- Mən qulaqlarıma inanmıram, Şərqi!
 
- Niyə?.. Neyçün?.. – deyə Şərqi elə bil qeyri- şüuru soruşdu.
 
"Yəqin, dilinə təsadüfən gəldi”, - deyə Murad fikirləşdi. Lakin o dəqiqə də Şərqinin sevinclə dolu zil səsini eşitdi:
 
- Ya vıxoju zamuj! – Şərqi ləpədöyəndə qollarını geniş açıb, üzü dənizə doğru qışqırırdı: - Ya vıxoju zamuj!..
 
Murad yüyürüb onun çiyinlərini qucaqladı. Burada ilk dəfə Şərqi Muradın istəyinə mane olmadı. Daha doğrusu, o özü qollarını Muradın boynuna doladı. Sonra başını endirib yanağını onun sinəsinə söykədi.
 
Onlar dənizi də, qumu da, axşamdan maraqla tamaşa etdikləri heybətli sahil qayalarını da unutdular.
 
Xeyli keçəndən sonra Şərqi yenə için-için güldü və nədənsə diksinmiş kimi birdən başını qaldırdı.
 
- Oy!..
 
- Nə oldu?
 
- Maşın bizə baxır!
 
Seyrək duman arxasında maşın odlu gözlərini geniş açıb doğrudan da onlara baxırdı. Uşaq kimi əl-ələ tutub yüyürüşdülər. Murad işığı söndürdü. Ətrafa zülmət çökdü. Dəniz də, qum da, qayalıqlar da, balıqçı talvarları da, onlarla birlikdə Şərqi də qaranlıqda yox oldu. Murad nə isə anlaşılmaz və qəribə narahatlıq keçirdi. Ona elə gəldi ki, beş gün bundan əvvəl təsadüfən tanış olduqları kimi, indi də təsadüfən ayrılmışlar. Şərqisiz dünya zülmətə batdı.
 
Lakin qaranlıq seyrəlməyə başladı. Murad Şərqinin gözlərini, sonra ortası işıldayan alt dodağını, daha sonra isə bütün sifətini gördü. Şərqinin sifətində həmişəki adi oynaqlıqdan əsər-əlamət qalmamışdı.
 
O, ciddi, dərin hissiyatlı bir mehribanlıqla və nəvazişlə Muradın pəhləvan cüssəli qamətinə tamaşa edirdi. Murad başa düşdü ki, onlar ayrılmaq üçün tapışmayıblar. O, dərindən nəfəs aldı, dönüb dənizə baxdı. Uzaqda dənizin sinəsi qabardı. Yaxında axşamdan birinci dəfə ləpələrin şırıltısı ilə birgə Muradın pıçıltısı eşidildi:
 
- Şərqi, mən çimmək istəyirəm!
 
- Nə?.. Dəniz soyuqdur. Çimmək olmaz! – deyə Şərqi etiraz etmək istədi. Lakin etiraz əvəzində birdən uşaq kimi sevindi. – Dayan! Məni də gözlə!..
 
Qayalığın yanında zəif işıqlı, köhnə bir motoroller çatıltı-patıltı ilə dayanıb susdu. Rezin çəkməli, plaşlı və papaqlı balıq ovu azarlısı şeylərini götürüb qayanın üstünə çıxanda heyrətindən donub qaldı.
 
Payızın orta ayında buz kimi soyuq dənizdə iki nəfər çimirdi. Onlar bir-birinin üzünə su çırpır, sonsuz mavi genişlikdə şaqraq qəhqəhə ilə gülüşürdülər.
 
Qoca balıqçı özünü suda təsəvvür etdi, canından üşütmə keçdi.
 
- Brrr!..

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar