Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadi komanda 2018 seçkilərinə beləmi hazırlaşır?


İqtisadi komanda 2018 seçkilərinə beləmi hazırlaşır? - Natiq Əmirov niyə susur?


Bu gün Azərbaycanın istənilən vətəndaşından “Ölkənin ümummilli problemləri hansılardı” sualına cavab istənilsə, heç şübhəsiz, torpaqlarımızın erməni işğalında olması ilə yanaşı məmləkət insanının banklarla ölüm-dirim mücadiləsi verməkdə olduğu da bəlli olar.

Erməni işğalının yaranması və bu günədək davam etmə səbəbi hər kəsə bəllidir və ötən gün Cəbrayılın Cocuq Mərcanlı kəndində çıxış edən Ali Baş Komandan İlham Əliyevin “Gün gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq” bəyanatı bir daha dövlət və millət olaraq bu işğalla barışmayacağımızı ortaya qoydu. Amma ikinci “işğal”la – vətəndaşın rahatlığının, sağlamlığının, mal-mülkünün banklar tərəfindən yağmalanması ilə deyəsən vətəndaşlar barışmaq niyyətindədirlər. Əks halda tüğyan edən bu xaosdan bir çıxış yolları aranar, bu problemi həll etmək üçün ölkə başçısı tərəfindən görəvləndirilən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) anti-böhran tədbirləri həyata keçirərək, heç olmasa yaranmış gərginliyi qismən də olsa səngidərdi.

Əksinə, bu qurumun iş başına keçməsindən sonra ölkənin bank sistemi sözün həqiqi mənasında nehrə kimi çalxalandırıldı. Bu azmış kimi iki ölümcül devalvasiyanın sarsıdıcı zərbəsindən özünə gəlməyən cəmiyyət, bu dəfə də manatın məzənnəsinin sabitləşməsinə primitiv üsulla nəzarət edilməsi yolu seçilərək, nağdlaşdırmaların maksimum məhdudlaşdırılması haqqında yöndəmsiz qərarla, ölkədəki sahibkarlıq mühitini darmadağın etdi. İş o yerə çatdı ki, deputatlar təkliflər paketi ilə parlamentə təşrif buyurmuş qurumun sədri Rüfət Aslanlıya qarşı az qala üsyan edərək, bu cür davranışların ölkəni uçuruma apara biləcəyini dilə gətirdilər. Maraqlıdır ki, spiker Oqtay Əsədov da deputatlara üstüörtülü də olsa, haqq qazandıraraq MBNP-nin az qala hüquq-mühafizə orqanına çevrilməsi üçün intəhasız səlahiyyətlər əldə etmək niyyətini əngəllədi.



Amma bir neçə gün öncə bəlli oldu ki, qurumun rəhbəri Rüfət Aslanlı 5 nəfərlik heyətlə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşərək, ictimaiyyətə açıqlanmayan hansısa razılaşma əldə edilməsi üçün müzakirələr aparıblar. Moderator.az-ın ictimailəşdirdiyi bu informasiya qarşı tərəfdən nə təsdiq, nə təkzib edildi. Buradan belə nəticə çıxarmaq da olar ki, susmaq razılıq əlamətidir, deməlibelə bir görüş baş tutub. Bu görüşdə isə nələrin müzakirə olunduğunu ehtimal etmək heç də çətin deyil və bunun üçün nə iqtisadçı olmağa gərək var, nə bank mütəxəssisi.

Yeri gəlmişkən, Milli Məclisin ötən iclaslarının birində deputat Zahid Oruc da bank qapılarında zillət çəkən milyonlarla vətəndaşın ürəyindən xəbər verən bir açıqlama ilə çıxış edərək, Konstitusiya Məhkəməsinin məsələyə yenidən baxması üçün parlamentin təkliflə çıxış etməli olduğunu bildirdi. Millət vəkili açıq şəkildə MBNP ilə məhkəmələr arasındakı gizli razılaşmaya eyham vuraraq, 100 minlərlə vətəndaşın çarəsiz duruma salındığından intihara sürükləndiyini ortaya qoydu.

Oxşar sualla çıxış etsək, Konstitusiya Məhkəməsinin hörmətli sədri Fərhad Abdullayevdən soruşmaq olardı ki, məgər qanun biliciləri qəbul etdikləri həmin qərarla ölkədə humanitar fəlakətə səbəb olduqlarını hesablamadılarmı? Həmin qərardan sonra yüzlərlə insanın canına qəsd edəcəyini, on minlərlə borclunun ağır xəstəliklərə mübtəla olacağını heçmi nəzərə almadılar? Görəsən, Konstitusiya Məhkəməsinin sədrinin Rüfət Aslanlı-Ramiz Rzayev müzakirələrindən xəbəri varmı, müzakirə predmetinin nədən ibarət olduğu barədə heç olmasa sonradan məlumatlandırılıbmı? Yoxsa bu müzakirələr separat və konfidensial xarakter daşıyıb?

Yaxud, qanunların icrasına nəzarət funksiyasını həyata keçirən hörmətli baş prokuror Zakir Qaralov vətəndaşın onurğa sütununu qıran belə bir qərarın qəbul olunmasına niyə vaxtında etiraz etmədi? Axı hörmətli baş prokuror bankların vətəndaşın başına nələr gətirdiyini, MBNP-nin isə vəziyyəti daha da qəlizləşdirdiyini digər hüquq-mühafizə orqanı rəhbərlərindən daha müfəssəl bilirdi. Bəs niyə müdaxilə edərək vəziyyətin bu cür eybəcər şəkil almasına mane olmadı?

Tutaq ki, məhkəmələrin ucdantutma bankların xeyirinə qətnamələr çıxarmasının səbəbləri, aşağı-yuxarı, məmləkət insanına məlumdur. Bu məsələdə yüksək instansiya məhkəmələrində müavin və ya kollegiya sədri olanların övladlarının MBNP rəhbərliyində təmsil olunması faktının nə dərəcədə rolu olduğunu mübahisələndirməyə gərək yoxdur. Bu azmış kimi, Ali Məhkəmə sədri Ramiz Rzayev də bank sektoruna yad adam sayılmaz. Xatırlatmaqda fayda var ki, Cahangir Hacıyevin dönəmində hörmətli Ramiz müəllimin oğlu Beynəlxalq Bankın Lüksemburq filialına rəhbərlik edib.



Diqqətçəkən bir məqam da prezident İlham Əliyevin böyük etimad göstərərək özünə iqtisadi islahatlar üzrə köməkçi təyin etdiyi Natiq Əmirovun az qala Dağlıq Qarabağ münaqişəsi qədər hər kəsə dəxli olan, sözün həqiqi mənasında “Qordi düyünü”nə çevrilmiş bank-vətəndaş qarşıdurmasına müdaxilə etməməsi, yaxud da edə bilməməsidir. Axı ölkədə kifayət qədər sanballı iqtiadçı mütəxəssis kimi tanınan Natiq Əmirov bank sistemindəki xaosu normal məcraya yönəltmək, sahibkarlıq mühitinin sağlamlaşdırılması üçün hansı təxirəsalınmaz addımların atılmalı olduğunu hamıdan, ən azından MBNP rəhbərliyindəki şəxslərdən yaxşı bilir. Elə isə niyə Prezident İlham Əliyevi operativ şəkildə məlumatlandıraraq, iqtisadiyyatımıza bumeranq effekti verən səriştəsiz qərarların qəbulunu əngəlləməyə çaılşmadı? Kim bilir, bəlkə də çalışdı, amma ola bilsin real situasiya cəmiyyətin bildiklərindən fərqləndiyindən, o da istədiyi hər şeyi dövlət başçısına çatdırmaqda çətinlik çəkib. Amma istənilən halda iqtisadiyyatımızı qızdırma xəstəliyi kimi titrədən bu bəladan kəsərli çıxış yollarının aranmamasının baiskarlarının kimliyi nə zamansa saf-çürük edilsə, o zaman Natiq Əmirovun da adı xatırlanacaq.

Odur ki, məhz Natiq Əmirov keçdiyi yoldan, bacarıq və peşəkarlığından çıxış edərək, ölkə başçısına mövcud durumdan çıxış yollarının nədən ibarət olduğunu çatdırmağa, kimlərin bu prosesi ləngitdiyini açıq şəkildə bildirməyə borcludur. Məhz Natiq Əmirov bu gün bank sisteminin reanimasiyada olduğunu, vəziyyəti düzəltmək üçün görəvləndirilmiş şəxslərin “reanimasiya”dakı bu xəstəni “palata”ya köçürmək əvəzinə komaya saldığını təfsilatıyla Prezident İlham Əliyevə çatdırmalıdır. Bu, onun dövlət başçısına sədaqəti və millət qarşısında vicdanlı məmur borcudur. O, unutmamalıdır ki, Prezident İlham Əliyev hər zaman vətəndaşın yanında olub, “dövlət xalq üçün çalışmalıdır” tezisini qabardaraq, başda özü olmaqla, bütün komandasının xalqın xidmətçisi olduğunu bildirib. Onun bu vətənpərvər çağırışına adekvat cavab vermək lazım. Bu, Natiq Əmirovun bir il sonra keçiriləcək prezident seçkilərində İlham Əliyevin cəmiyyətin bütün sferaları tərəfindən birmənalı dəstəklənməsi üçün tarixin ona verdiyi fürsəti qaçırmaması kimi yozulacaq.

O, tezliklə bank sistemindəki vəziyyəti kardinal şəkildə dəyişməklə, əslində ona həvalə edilmiş missiyanı uğurla yerinə yetirərək, adını ömürlük millətin yaddaşına yazdıra bilər. Əks halda onun tarixdə necə xatırlana biləcəyini yazmağa gərək duymuruq… (Moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar