Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnsanların mərhəmət hissini sümürən dələduzlar

Xalid KAZIMLI yazır


Tez-tez deyirlər: heç kəs kefindən dilənmir. Bu sözlərdə həqiqət var. Psixoloji baxımdan dilənçilik dünyanın ən ağır işidir.

Ancaq insan ki, o psixoloji həddi aşdı, ləyaqət hissini sıfırladı, onun üçün başqalarına əl açmaq texniki iş halına gəlir. Siqaret çəkmək, bir stəkan su içmək kimi.

Nə qədər mübarizə aparılsa da, şəhərimizdə dilənçilər gündən-günə çoxalır. Şəhərin hansı küçəsində tıxac varsa, avtomobillər sürünə-sürünə hərəkət edirsə, həmin küçə tez bir zamanda dilənçilərlə dolur. Bunlar “trass dilənçiləri”dir.

Heç kəs deməsin ki, iş yoxdur, ehtiyacdan dilənirlər.  Elə deyil. İşsizlikdən dilənənlər az, nadirən olar. Gerçəkdən çörəyə, qəndə, ətə möhtac olan minlərlə insan var ki, dilənmirlər, başqalarına əl açmırlar, ət yemirlər, amma qürurlarını da kimsəyə endirmirlər.

Yollarda, küçələrdə, məhəllələrdə gördüyümüz dilənçilər isə əsasən parazitlərdir. Bunlarınkı odur ki, işləməsinlər, özlərini əziyyətə salmasınlar, səhər saat 6-dan evindən çıxıb çörək dalınca gedən zəhmətkeşin qarşısını kəsib pul istəsinlər. 

Sentyabrın 30-da saat 20 radələrində “Gənclik” metrostansiyasının çıxışında, qızıl mağazalarının önündə gördüyüm bir mənzərə ölkəmizdə küçə dilənçiliyinin artıq dələduzluq səviyyəsində qədər irəlilədiyini və yeni qılaf qazandığını göstərdi.

Onlar üç nəfər idilər: 35-40 yaşında normal geyimli dolubədənli qadın, 22-25 yaşında yaxşı geyimli, gözəgəlimli qız, 10-12 yaşında səliqəli geyimdə oğlan. Qətiyyən dilənçiyə oxşamırdılar. 5 metrliyimdə idilər. Əgər onların yol keçən insanlara nəsə dediklərini və nəsə aldıqlarını görməsəydim, onları da özüm kimi birini gözlədiklərini zənn edəcəkdim. 

Nəzərimi cəlb etdikdən sonra fikir verdim ki, qız yol keçən 25-50 yaş arasında olan kişilərə ədəb-ərkanla belə deyir: “Bir dəqiqə olarmı?” Məlahətli qadın səsi kişiləri durdurur. Qız davam edir: “Salam əleyküm. Bağışlayın, narahat edirəm. Biz kaşelokumuzu itirmişik. Evə getmək üçün pul lazımdır”. Və avtomatik olaraq əl cibə gedir.

Təxminən 10-15 dəqiqə onları izlədim, hər 10 nəfərdən 9-u onlara pul verdi və heç kəs onlara qəpik vermədi. Hamısı ən azı bir manat verdi. 5 manat verən də oldu. Axı onlar dilənçi deyillər, pul kisələrini itiriblər, utana-utana yolpulu istəyirlər. İnsanlıq halıdır, kömək etmək lazımdır.

Hiss etdim ki, bir tələbə cibindəki son manatını çıxarıb onlara verdi və metroya getdi. Yolda qalmış bir ailəyə kömək etdiyi üçün vicdanı rahatlamış şəkildə ötüb gedənlərdən heç biri dönüb arxasına baxmırdı, görmürdü ki, bu “binəsib ailə” artıq  10 dəqiqənin içində evə nəinki avtobusla, hətta Gəncəyə taksi ilə getməyə bəs edəcək qədər pul toplayıblar və insanlara “bir dəqiqə olarmı” deyə müraciət etməkdə davam edirlər.

Arada onlara 60-65 yaşlarında ağsaçlı bir kişi  yanaşdı. Yaxın adamları idi, ərkyana söhbət etdilər. Kişi 3-5 metr aralanıb prosesi müşahidə etməyə başladı. “Xanımlar” isə yol keçən insanları sağmaqdaydı.

Bu arada təsdiq olunur ki, insanlarımız rəhmdildirlər. Yolda qalan, köməyə ehtiyac olan tanımadıqları şəxsə belə kömək etməyə hazırdırlar. Yetər ki, onlar qarşılarındakının peşəkar dilənçi və ya dələduz olduqlarını bilməsinlər. Adamın köməyə möhtac olduğuna inandılarsa, yardım edəcəklər.

Burada bir amil də rol oynayır. Məlahətli səsi, ədəbli danışığı, xoş siması olan gənc qızın onlara kömək üçün müraciət etməsi kişilərin zəif damarına düşür. Məhz bu faktor vadar edirdi ki, gənclər pul istəyənlərə qəpik verməsinlər, ən azı bir manat versinlər. Qızdan ayıbdır axı, yolda qalıb, dilənçi deyil ki, qəpik-quruş verək. 

Bu fırıldağı kim fikirləşibsə, usta adamdır, əsl psixoloqdur. Hər şeyi nəzərə alıb. Yarım saatın içində bir metronun çıxışında 50 manata qədər pul yığa bilirlərsə, demək, “uğurlu layihə”yə start verib. Şəhərdə metrostansiyalar da çoxdur, insanların gur olduğu başqa yerlər də. Hərəsində yarım saat “işləmək” kifayətdir.

Böyük dələduzların, maxinatorların, korrupsionerlərin tüğyan etdiyi ölkədə bir də bu cür dələduzlar insanları soyur, ən pisi əsl köməyə ehtiyacı olan qürurlu, utancaq adamların haqqına girirlər. Onlar bizim inamımızı sarsıdır, mərhəmət hissimiz öldürürlər. Nəticədə gözəgəlimli qız və şişman qadının evə 300-500 manat arası pul apardığı gecə bir ailə başçısı xroniki kasıbçılıq üzündən intihar edir. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar