Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnnovativ Şəfibəyçilik - Elman Fəttahdan ittihamlara cavab


Son günlər Müsavat Partiyası daxilində qurultayla və başqan seçkiləri ilə bağlı kəskin müzakirələr, qarşılıqlı ittihamlar səngimək bilmir


PİA.AZ Arqument.Az-a istinadən bu müzakirələr fonunda Müsavat Partiyasının başqan müavini Elman Fəttahın "İnnovativ Şəfibəyçilik" yazısını təqdim edir: 

İNNOVATİV ŞƏFİBƏYÇİLİK

M.Ə.Rəsulzadə: "”Şəfibəyçilik” yalnız bir şəxsə aid deyildir, bu, milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalardır..." 

M. Ə. Rəsulzadə təəssüflə bildirirdi: "Yetər ki, biz - bizə düşmən olmayalım; yetər ki, hürriyyət və istiqlal eşqi ilə yanan biz məfkurəçilər xeyir ilə şəri ayırd edəlim". (Nəsiman Yaqublunun “Müsavat  Partiyasının Tarixi” kitabından)

Ayırd edək...

O vaxt müsavatçılardan Mustafa Vəkilli, Mirzə Bala Məmmədzadə, Əli Azərtəkin, Əhməd Cəfəroğlu, Hilal Münşin,  Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə “Şəfibəyçilərin” yalanlarına etiraz yazıları yazırdılar...

İndi  də biz  yazmalı oluruq...

“Müsavat” tarixini yaxşı mütaliə edən müsavatçıların kədərlə xatırladıqları bir dövr var: mühacirətdəki Müsavatda 1925-ci ildən başlayan və uzun illər davam edən, Rəsulzadəyə haqsız hücumlardan, yalan və iftiralardan ibarət “Şəfibəyçilik” dövrü.

Təssüflər olsun ki, Müsavat Partiyası indi də həmin tarixin bənzər hadisələrini təkrar yaşayır. Açığı, hadisələr və davranışlar bu qədər üst-üstdə düşməsəydi, bu yazını yazmazdım. Gəlin, bir neçə misalda tarixi paralelliyə nəzər salaq:

• O vaxt Şəfi bəy Rüstəmbəyli Rəsulzadəyə xitabən "Yıxılan bütlər", Nağı bəy Şeyxzamanlı isə “Biz və Onlar” kitabını yazdı və Rəsulzadəyə qarşı olmazın ittihamlar yağdırdılar. 

• İndi “İnnovativ” şəfibəyçilər:  “biz və onlar” ritorikası ilə müsahibələr verir, çıxışlar edir, məqalələr yazır, "biz və onlar" tərzində status yazırlar və ya “yazdırırlar”. 

• O vaxt Şəfi bəy Rüstəmbəyli yazdıgı əsərlərində Rəsulzadəni “Müsavat”ın maliyyəsini mənimsəməkdə ittiham edirdi. 

• İndi “İnnovativ” şəfibəyçilərin buna bənzər ittihamı “Müsavat”dan dolananlar”dır.

• O vaxt – 1933-cü ildə M.Ə.Rəsulzadə Avropada səfərdə oldugu vaxt Şəfi bəy Rüstəmbəyli və bir neçə tərəfdarı  toplantı keçirərək toplantıda “Rəsulzadəni tanımamaq” fikirləri səsləndirirlər və Parisdə çap olunan “Kafkaz” məcmuəsinə “Müsavat Partiyasının rəsmi təbliği” adında məktub göndərirlər: “Müsavat Partiyasının mühüm bir yığıncağı keçirilib və müxtəlif yerlərdən gələn nümayəndələr(!) mühüm qərar qəbul etmişlər. Qərarda göstərilir ki, partiyanın əksəriyyəti Rəsulzadəni qəbul etmir və artıq Rəsulzadə “Müsavat”ın rəhbəri kimi tanınmır, onun yerinə başqası təyin edilir”.

• İndi “Müsavat”ın əvvəlki və yeni başqanları - İsa Qəmbər və Arif Hacılı Avropada səfərdə olduğu vaxt, 2014-cü ilin 6 oktyabrında toplantı keçirən İnnovativ Şəfibəyçilər  “Başqanı tanımırıq” bəyanatları səsləndirdilər.  

• O vaxt Şəfi bəy Rüstəmbəyli Rəsulzadəyə qarşı “Stalinə işləmək” ittihamı ilə yazılar yazır, çıxışlar edirdi. Sonra məlum oldu ki, özü Moskva ilə əlaqəlidir. Türkiyə hökumətindən gizli şəkildə çap edilib Bakıya göndərilən “Milli Vərəqə”lər 1929-cu ildə məhz Şəfi bəyin “fəaliyyəti” sayəsində müsadirə olunmuşdu: “9 ildən bəri qızıl ruslara qarşı xaricdə Azərbaycan davası müdafiə olunmaqdadır. Hər kəsin uzaqdan yaxından əlaqədar oldugu bu fəaliyyətin səmərəsi olaraq ortada yalnız istiqlal davasının tarixi vərəqə və vəsiqələri toplanmışdı. Bunların əllərə verilməsinin təşəbbüsçüsü sizlərlə bərabər çalışanlardan Şəfi bəydir. Müsavatçılar belə qənaətdə idi ki, Bu xəyanət yalnız Müsavat Partiyasına deyil, eləcə də, vətən və millət  əleyhinə hərəkətdir” .(Sadiq bəy: “Paydos Əfəndilər” məqaləsi).

• İndi İnnovativ Şəfibəyçilər gözümüzün qarşısında  İsa Qəmbərin ünvanına gah əsassız və yalan ittihamlar səsləndirir, gah da İsa Qəmbərin güvəndiyi şəxsləri hakimiyyətə işləməkdə ittiham edir.

• O vaxt, 1934-cü ildə Şəfi bəy Rüstəmbəyli Azərbaycan millətçilərinin sənədlərini SSRİ-də yaşayan qardaşına ötürməkdə günahlandırılaraq Partiyadan xaric edildi. Buna cavab olaraq Ş.Rüstəmbəyli Azərbaycan Milli Mərkəzinin və “Müsavat”ın lideri M.Ə. Rəsulzadənin ünvanına təhqir xarakterli məktub göndərdi. Eyni zamanda, Ş. Rüstəmbəyli 1934-cü ildə "Yıxılan bütlər", yenə həmin ildə N. Şeyxzamanlı "Biz və onlar" kitablarını nəşr etdirərək, Partiya liderinə böhtan xarakterli ittihamlar irəli sürdülər. 

Bu ittihamlara qarşı M.Ə.Rəsulzadə 1934-cü ildə "Şəfibəyçilik" kitabını yazaraq, şəfibəyçiliyi "Milli Azərbaycan hərəkatına qarşı atılan şübhəli intriqalar" kimi qiymətləndirdi”.

Şəfi bəyin bu hərəkətlərindəki əsas məqsədi Rəsulzadəni Türkiyədən qovdurmağa nail olub, lider olmaq idi. Şəfi bəyin bütün hikkəsinin kökündə liderlik ehtirası dururdu.

• İndi də “İnnovativ” Şəfibəyçilər bu “liderlik” hikkəsinin təsiri ilə “Müsavat “ tarixinin ən mühüm hadisəsinin, alternativ və bərabər imkanlara əsaslanan demokratik seçkisinə “pozuntu”, “ədalətsizlik” iddiaları ilə kölgə salır, partiyaiçi fikir müxtəlifliyini  intriqa mərhələsinə keçirməyə cəhd edir, Partiya tarixində “qruplaşmanı” ilk dəfə rəsmiləşdirməklə  “parçalanma”, “bölünmə” görüntüsü yaratmağa çalışırlar.

Baş verənlər eynilə Şəfibəyçilik ehtirasıdır: iddiaları ilə imkanları arasındakı uçurumu zir-zibillə dolduranlar, özlərini bitirdikləri kimi, bu “zibilliyin” üfunəti ilə siyasi atmosferi də çirkləndirirlər.

Bəri başdan onu da qeyd edim ki, “Şəfibəyçilik bənzətməsi ilə mənim müsavatçılığıma ləkə salmayın” deyib, kimsə “mən “Müsavat” üçün bunu etmişəm, onu etmişəm” şəklində keçmiş fəaliyyətini özünə qalxan etməsin. 

Şəfi bəy də əvvəllər çox əqidəli və nüfuzlu müsavatçı olub. Şəfi bəy Rüstəmbəyli  hələ tələbə vaxtından, çox gənc yaşlarından, Kiyevdə hüquq təhsili alarkən “Müsavat”a üzv yazılıb. Əqidəli müsavatçı olub. 1917-ci ilin aprelində Bakıda çağırılan “Ümumrusiya müsəlmanları qurultayında”  Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən biri idi. 27 aprel istilasında isə hönkür-hönkür ağlayıb. İstiladan sonra da uzun müddət mücadiləsinə davam edib. İki gün sonra Tiflisdə “Müqavimət hərakatı” yaradıb. Müsavatın xarici bürosunda rəhbərlərdən biri olub.

Bu qısa xatırlatmanı ona görə yazdım ki, belə bir əqidəli müsavatçı keçmişi belə, mühacirət dövründə Şəfi bəyi Rəsulzadəyə, onun milli Mücadiləsinə və “Müsavat” mübarizəsinə qarşı  inanılmaz iftiralar, böhtanlar yağdırmaqdan, “Müsavat”ı parçalama ehtirasından çəkindirməyə kifayət etmədi. Və kimsə keçmişdəki xidmətlərini, “mən “Müsavat”a illərlə xidmət etmişəm” həqiqətini gözümüzə soxub  “innovativ” pozuculuq fəaliyyətini öz keçmişinin arxasında gizlətməsin. Şəfibəyçilik, məhz mübariz keçmişi olan, daha əvvəlki kimi  davam edə bilməyən müsavatçıların yoluxduğu xəstəlikdir. Şəfibəyçilik, bir növ natamamlıq kompleksinin özünü ifadə formulasıdır. “Şəfibəyçilik”də yuxarıda sadaladığımız tarixi paraleller təsadüfi hal kimi baş verə bilməz. Bunun bir izahı olmalıdır. Bu izahı tarix verəcək. Çox uzun çəkməyəcək. İndi tarixi aydınlanmalar da “innovativ texnologiyalar” kimi sürətlə gedir. Bu mənada Şəfibəyçiliyin tarixdən dərs götürmək adına hər bir müsavatçı üçün ən aydın nümunə olduğu qənaətindəyəm.

Məsələn, Rəsulzadəyə qarşı yazdığı iftiraları ifşa olduqdan sonra özünü təmizə çıxarmaq üçün Şəfi bəy deyirdi: “Dağıdıcı, pozucu idimsə, M.Emin bəy 1930-31 sənələrində Avropaya gedərkən Firqə Divanı Rəyasətini niyə mənə tapşırırdı?”.

Necə ki, indi deyənlər var: “Belə idisə, niyə filankəs(lər) uzun illər İsa Qəmbərin “sağ əli” idi?”.  

Rəsulzadə Şəfi bəyin bu sualına məntiqli cavab verir ki, o zaman Şəfi bəyin “Milli Övraq” məsələsi ifşa olunmamışdı...  

Şəfi bəyin liderlik hikkəsindən doğan pozuculuq fəaliyyətini anlayan müsavatçılar, Sadiq bəy başda olmaqla, demək olar, bütün dostları  ona qarşı çıxırdılar. Miralay İsrafil bəy həmin zamanlarda  Rəsulzadəyə  ünvanladığı məktubunda  Şəfi bəyin məlum fəaliyyətini pozuculuq kimi qiymətləndirib və məktubda aşağıdakı sətirlər yer alıb: “...hələ son çıxışı ilə gərək firqənin, gərək milli təşkilatın və  gərək rəisin (Rəsulzadənin) etibarını düşürməyə yönəlik hərəkət və pozuculuğundan dolayı...”

Liderlik ehtirasının əsirinə çevrilmiş Şəfi bəyin bu antimüsavat fəaliyyətini anlayan müsavatçılar onu tamamən tərk edir. Sonda tək qalan Şəfi bəy günahını başqasının üstünə atmaq üçün deyirdi:  “Müstafa bəylə Xəlil bəy yanıma gəldilər, Emin bəydən ayrılalım təklifində bulundular, fəqət mən razı olmadım...”

İnnovativ Şəfibəyçilərin də “uğuru” bundan artıq olmayacaq. Yaxın zamanda görəcəksiniz ki, bu pozuculuq fəaliyyətlərini bir-birinin üstünə atacaqlar.  Azərbaycan tarixində hələ heç kəs “Müsavat”a yönəlik düşmənçiliyi ilə fəxr edə bilməyib.

Elman Fəttah

Müsavat Partiyasının Divan üzvü, Başqan müavini.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar