Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk dəfə qız öpdüyüm gün


Nitşe “Mən yaşamağı bacarmayanları sevirəm” deyirdi. Yaşamağı bacarmayanlar bədbəxt adamlardır, onlar bütün ömürləri boyu nigarançılıq içində yaşayırlar, həyatın dadını çıxara bilmirlər, məhrumiyyətlər ömürlərinin sonunadək onları qarabaqara izləyir


Onlar həmişə gələcəklə bağlı xəyallarq qururlar və bu xəyallar özləri də bilmədən onların həyatını yeyib tükədir.
 
Atamın bir qumarbaz dostu vardı, adı Əbdülrzaydı. Arıq, uzun adamdı, ailəsi dağılmışdı, qoca anasıyla yaşayırdı. Mənə araq içməyi o, öyrətmişdi. On beş yaşım vardı, bir dəfə məhəllədə məni görüb yanına çağırdı, cibindən bir rus üçlüyü çıxarıb dedi, get mənə bir “qırmızıpapaq” araqdan al gətir. Arağı mağazadan alıb gətirdim, dedi gedək bizə, sən yaxşı oğlansan. İlk dəfə onda dilimə araq dəydi. O vaxtdan Əbdülrzayla dostluğumuz başladı. Mən yatdığım otağın pəncərəsi küçəyə baxırdı. Bir dəfə gecə yarıdan keçmiş səsə ayıldım, kimsə yavaşca pəncərəni tıqqıldadırdı, başımı çıxaran kimi Əbdülrzanın uzunsov silueti pıçıldadı:
 
-Geyin çıx çölə, səninlə işim var.
 
Geyinib küçəyə çıxdım. Əbdülrza əlində iri bir torba qapımızın ağzında dayanmışdı. Gedək bizə, - dedi, - bu pulları saymaqda mənə kömək elə, sənə də pul verərəm, bazlığa gedərsən.
 
Səssizcə arxasınca düşüb onların həyətinə girdik, pilləkanla evin zirzəmisinə düşdük. Əbdülrza lampanı yandırdı və torbanın ağzını çevirdi. Əllilik, yüzlük əskinaslar xəzəl kimiydi. Mən ömrümdə ilk dəfəydi ki, bu qədər pul görürdüm.
 
-Buları qərdeşün udub, - dedi və gülümsədi.
 
Çöməlib pulları saymağa başladıq. İndi dəqiq xatırlamıram, hardasa on minə yaxın pul idi. Amma orası dəqiq yadımdadır ki, cibimə iki şax yüzlük basdı. Üstündə Leninin əski olan bu yüzlükləri on gün cibimdə gəzdirdim. Bir gün Əbdülrza soruşdu ki, pulları neylədin? Dedim, cibimdədi. Gülüb dedi ki, həə, sən pulu xərcləməyi bacarmırsan? Qız istəyirsən? Dedim, hə. Dedi, hazırlaş, axşam gedirik. Həmin gün ilk dəfə dodağım qız dodağına toxundu...
 
Əbdülrzanı çox istəyirdim. Mənə deyirdi ki, kişi kimi yaşamaq lazımdır, kişi heç vaxt yalan danışmaz, kişi “suka”lıq eləməz, kişinin ağzı bütöv olar. Mən ondan çox şeyi öyrəndim. Çoxlu kitablar oxuyurdum, əlimdə kitab görəndə deyirdi ala, az oxu, başın xarab olar. Onda Əbdülrzaya acığım tuturdu. Düşünürdüm ki, özü oxumayıb, avaradı, mənə də lağ edir. Amma bir gün çox qəribə bir əhvalat baş verdi. Həmişə olduğu kimi pəncərəni tıqqıldatdı, çıxdım, dedi gedək. Dedi, sənə “podarkam” var. Məni maraq bürüdü, fikirləşdim ki, görəsən mənə nə hədiyyə edəcək. Evə keçdik, Əbdülrza balıncının altından bir kitab çıxartdı və mənə verdi. Bu, Voyniçin “Ovod” əsəriydi. Dedi, bunu oxumusan? Təbii ki, oxumamışdım. Dedi, get oxu, biləcəksən həyat nədir. Dünyanın qəribə işləri olur. Heç vaxt ağlıma gəlməzdi ki, onun kimi avara adam kitab oxuyar. Özü də “Ovod”u!
 
Voyniçin kitabını bir dəfə kirayə qaldığım evdə unutmuşdum, bütün evi ələk-vələk elədim, tapa bilmədim. Keçən il yenə başqa evə köçəsi oldum, kitabları daşıyanda qəfildən həmin kitab rastıma çıxdı. Necə sevindiyimi sözlə ifadə etməkdə acizəm. Bu kitab doğrudan da mənim üçün bir həyat dərsi oldu.
 
Əbdülrza heç vaxt heç yerdə işləmədi. Həmişə xəyallarla yaşayırdı. Deyirdi bir gün əlimə yaxşı pul gələcək, bütün həyatım dəyişəcək. Sənə də bir maşın alıb bağışlayacağam. Mən də ağız dolusu “inşallah” deyirdim. Onun xəyalları heç vaxt gerçəkləşmədi. İkinci ailə həyatı da uğursuzluqla nəticələndi və Əbdülrza həyatdan birdəfəlik əlini üzdü. Deyəsən daha taleyilə barışmışdı. Evdə şam düzəldib satırdı. Mənə də iki şam bağışlamışdı. Uzun qış gecələrində oturub dərdləşirdik, az sözlə də bir-birimizi başa düşürdük. Bəzən saatlarla susurduq və qəfildən Əbdülrza deyirdi: Görəcəksən, o gün mütləq gələcək, qərdeşün gör nələr eliycey...
 
O, yaşamağı bacarmayan adamlardan idi. Amma bu məğlubiyyət onun iradəsini zərrə qədər də sarsıda bilməmişdi. Arzuları həyata keçmədi, xəyalları puç oldu, heç nə dəyişmədi. Ovodun atasına dediyi sözləri xatırlayırsınız?
 
“Mən həmişə sizi sevmişəm, həmişə! Hətta siz məni öldürəndə də sevmişəm! Yoxsa məni yenidən öldürmək istəyirsiniz?” Adamlar öz biganəliyi, etinasızlığı ilə onu öldürürdü, amma o, adamlara inanırdı, onları sevirdi...
 
Bir sənəd lazım idi, o sənəddən ötrü kəndə getməli oldum. Uşaqlıq dostum Səbirxanla rastlaşdıq, ordan-burdan söhbətləşdik və Səbirxanın səsi qəfildən quru budaq kimi şaqqıldadı:
 
-Əbdülrza da öldü!... 

Kənan HACI


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Mənə bütün zərbələr söz adamlarından dəyir”

Ən çox oxunanalar