Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev nekroloq imzaladı



"Vaqif Səmədoğlu xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib"


Prezident İlham Əliyev başda olmaqla dövlət rəsmiləri və yazıçılar xalq şairi Vaqif Səmədoğlunun vəfatı ilə əlaqdar nekroloq imzalayıb.

PİA.AZ ans press-ə istinadən xəbər verir ki, nekroloqda deyilir: 

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 2015-ci il yanvarın 28-də ömrünün 76-cı ilində vəfat etmişdir. 

Vaqif Səmədoğlu 1939-cu il iyun ayının 5-də Bakı şəhərində anadan olmuşdur. O, 1956-cı ildə Bülbül adına musiqi məktəbini bitirərək Azərbaycan Dövlət Konservatoriyasında fortepiano ixtisası üzrə ali təhsil almış, sonralar Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Vaqif Səmədoğlu 1968–1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında incəsənət şöbəsinin müdiri, 1973–1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenarist, 1978–1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982–1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ədəbi hissə müdiri vəzifələrində çalışmış, 1992–1994-cü illərdə isə Azərbaycan Yazıçılar Birliyinin müstəqil “Oğuz eli” qəzetinin baş redaktoru işləmişdir.

Vaqif Səmədoğlu 2000–2010-cu illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Həmin dövrdə o, Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olmuşdur.

Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermişdir. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəngarəng mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində saxlayırdı.

Ədəbi tənqidin həmişə fikir poeziyası kimi yüksək dəyərləndirdiyi Vaqif Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə, mənalı yaşamağa çağırması və düşünməyə sövq etməsi sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şerin də imkanlarından istifadə edərək, müasir insanın psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur. Səməd Vurğunun ədəbi varisi olaraq doğma dilin tükənməz imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir.

Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdir.

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu eyni zamanda ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.

Vaqif Səmədoğlunun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.

Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır".

Mərhumun cənazəsi vidalaşmaq üçün 2015-ci il yanvarın 29-da saat 12.00-dan 14.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında (Füzuli meydanı, 1) qoyulacaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar