Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki şəhər, iki terakt, iki reaksiya

Bir daha sübut olundu ki, şərqlilərlə müqayisədə qərblilərin canı daha əzizdir, şirindir, toxunulmazdır


Bu acı gerçəklik Pakistanda, Lahorda, çoxu qadın və uşaq olan terakt qurbanlarının sayı açıqlananda və dünya ictimaiyyətinin buna reaksiyası bəlli olanda təsdiqləndi. 

Məlum oldu ki, dünya birliyi bu qədər amansız, qəddar terror aktına görə heç də sarsılmayıb və o boyda teraktı adi bir hadisə kimi qəbul edir. 

Bundan əvvəl eyni durum Ankarada yaşanmışdı, Qızılay meydanında törədilən teraktda 37 nəfər həlak olanda dünya birliyi çox da həyəcanlanmamışdı.

Ancaq Brüsseldə törədilən terror aktlarına görə bütün Avropa əndişələndi, düz bir həftə bu, qoca qitənin bir nömrəli müzakirə mövzsusu oldu.

Ondan bir il əvvəl Parisdə baş verən dəhşətli teraktlar zamanı da elə olmuşdu, hətta Avropa ölkələrinin liderləri bir araya gəlmiş, qol-qola girib həmrəylik nümayiş etdirmişdilər.

Amma Lahora gedən olmadı və olmayacaq. Uzağı, dünya ölkələrinin rəhbərlərindən başsağlığı mesajları gələcək. O da liderlərin hansısa köməkçisinin hazırladığı trafaret bir şey.

Beynəlxalq media qurumları belə öz xəbər bülletenlərində Lahordakı terrora ən çoxu yarım dəqiqə vaxt, yarım sütun yer ayırdılar. Onlar hələ də Brüssel terrorundan danışır, çəkir, yazırlar.   

Niyə belədir? Bu qədər də ayrı-seçkilik olarmı? 

Dərinliyə varsaq, xırdalayıb incələsək, bu davranışın səbəbləri çoxdur. 

Əlbəttə, burada müsəlman-xristian söhbəti də var. Dünyanın hər yerində xristianlar müsəlmanlardan üstün sayılır, üstün tutulur. 

Üzdə demirlər, deməzlər, amma əsas düşüncə budur ki, müsəlmanlar onsuz da sürətlə artırlar, terrorda, müharibədə qırılıb azalmalarının ziyanı yoxdur. 

İkincisi, Qərb dünyası Şərq aləmindən gələn terror xəbərlərinə vərdiş eləyib. Məgər son bir ildə təkcə İraqda baş verən terror aktlarının dəqiq statistikasını iraqlıların özləri bilirmi? 

Əmin ola bilərsiniz ki, bilmirlər. Bunu yalnız belə təxmin etmək olar, ilin günlərinin sayını götürürsən, hər gün bir, bəzi günlər iki terakt törədildiyini, az-az hallarda teraktsız günlər olduğunu nəzərə alırsan və bilirsən ki, bir ildə İraqda təxminən 400-ə yaxın terror aktı olub. 

Avropa ictimaiyyəti bütün qan-qada dolu statistikanı necə yadda saxlasın, hansına görə başsağlığı versin? 

Bir ara Pakistanda hər cümə günü terror aktı törədilirdi. Özü də məsciddə, camedə. Möminlər “bismillah” deyib namaza başlayanda, fanatik dinçilər “Allahu əkbər” deyə partladıcı qurğunu işə salırdılar: 30 ölü, 45 yaralı, 35 ölü, 60 yaralı və s.

Pakistanda ibadət evlərində törədilən terror aktları növbəlilik əsasında həyata keçirilirdi: bir dəfə şiələr sünni camesini partladırdı, növbəti dəfə sünnilər şiə məscidini. 

Sonra Suriyada vətəndaş və məzhəb müharibəsi başladı, döyüşən qüvvələr öz militanlarını Suriyaya transfer etdilər və Pakistanda terror müharibəsi xeyli səngidi. Artıq cümə günləri Pakistandan “məsciddə partlayış törədilib” xəbərləri gəlmirdi. 

Ancaq 30 ildən artıqdır bu ölkənin, eləcə də Əfqanıstanın, regionun başının bəlası olan bir terrorçu qüvvə var: Taliban. Onun terrorçu qüvvə olaraq təşkilatlanmasında Qərb dünyasının böyük rolu olub. 

Taliban dollar xərcləyərək böyüyüb əjdaha olub. Nə qədər ki, SSRİ-yə qarşı döyüşürdü, “yaxşı terroçu”ydu, sovet qoşunları Əfqanıstandan çıxandan sonra Taliban nankor yetimlər kimi silahını onu saxlayanların üstünə çevirdi, “pis terrorçu” oldu. 

Əfqanıstanda 7 il hakimiyyətdə olmuş Taliban ölkə xalqını daş dövrünə, quldarlıq quruluşuna qaytararaq bütün dünyaya nə cür bir siyasi qüvvə olduğunu göstərib. Lahordakı partlayışdan sonra artıq hər kəsə aydın oldu ki, bu terror təşkilatı üçün müqəddəs heç nə yoxdur və o, qarşısındakıların qoca, uşaq, qadın olmasına baxmayacaq. 

Bəli, şərqdə dini fanatizm yüz minlərlə insanın beynini çulğayıb və onları sağlam düşüncədən məhrum edib. İslahları mümkün görünmür. Əslində isə onlar da özləri kimi olmayanların islah olunacağına inanmırlar və bütün bəşəriyyəti terrorla islah etmək, ya qırıb qurtarmaq, ya da silah gücünə, ölüm qorxusuyla köləyə çevirmək istəyirlər. 

Qərb dünyası bu həqiqətləri bilir, qorxur, şərq ölkələrini dini fanatizmin qaynağı sayır. Bu, özünümüdafiə instinktidir. Artıq vəziyyət elə bir şəkil alıb ki, qərblilər müsəlman ölkələrinin hansının terrora dəstək verdiyini, hansının vermədiyini ayırd edə bilmirlər. 

Bir də Avropa artıq belə bir qənaətə gəlməkdədir ki, Yaxın Şərq, Asiya hələ demokratiyadan çox-çox uzaqdır, onlara demokratiya sırımağın, insan haqlarına dair dərs keçməyin mənası yoxdur, layiq olduqları kimi də yaşamalıdırlar – qan-qada, səfalət, mərhumiyyət içində. 

Xalid KAZIMLI(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar