Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai nəqliyyatda “qeyrət“ problemi


Gülşən Şərif yazır


"Mehribanlaşın, elə bil müsəlman deyilsiz..."

Ölkədə nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif addımların atılmasına, körpülərin inşa edilməsinə, xaricdən iritutumlu avtobusların alınmasına baxmayaraq, hələ də Bakı nəqliyyatı problemlərin içində boğulur. Bu problemlər bataqlığında ən əsası isə nəqliyyat vasitələrində yaranan basabasdır. Xüsusi ilə işdən sonra yorğun insanların bir-birini əzərək, əsəb keçirərək mənzil başına yetişməsi bir yana, bəzi sürücülərin mədəniyyətsizlikləri adamı dəli edir. Həmçinin əksər sərnişinlərin sərnişin mədəniyyəti baxımından məlumatsızlığı əsəblərin gərilməsinə gətirib çıxarır. 

Elə insanlar var ki, avtobusdakı ya da metrodakı basabasa özünün seksual aclığını doyuzdurmaq üçün potensial bir meydan kimi baxır. Bu sərnişinlərin,daha doğrusu kişilərin basabasda hansısa qadına toxunmağı onun əsas sərnişin missiyası rolunda olur. Bəziləri də elə hesab edirlər ki, faktiki olaraq zorladıqları qadınlar bundan xoşlanırlar. Bütün basabas da daha çox sürücülərin tamahından yaranır. Hətta sərnişinlərimiz demək olar ki, avtobus sürücülərinin 50 nəfərlik avtobusda 70 nəfərlik sərnişini daşımalarına artıq öyrəşiblər. 

Avtobusdaydım. Allah tərəfi, avtobusda arxa tərəfdə ayaqüstə durmaq üçün boş yerlər varıydı. Lakin buna baxmayaraq bəzi sərnişinlər qapı tərəfə yığışmışdılar. Avtobusa minmək istəyən bir qadın sərnişinlərə bir az arxa tərəfə getmələrini xahiş etdi. Ayaqüstə duranlar içində kişilər çoxluq təşkil etsə də, yerlərindən tərpənmədilər. Bu cür laqeyd reaksiya qadına təsir etdi və o, avtobusda arxa tərəfdə boş yer ola-ola kişilərin qapı ağzına yığışmasına aqressiv yanaşdı. Əsəblə: " A kişilər, niyə bir az arxa tərəfə keçmirsiz? Elə qapı ağzına yığışırsız ki, hansısa qadına toxuna biləsiz. Keçin də arxa tərəfə. Bizdə avtobusa minə bilək", dedi. 

Gözlədiyim reaksiya kişilərdən birinin dillənəcəyi olsa da, veclərinə belə almadılar. Bəzən "susmaq razılıq əlamətidir" deyirlər. Bu sözün həmin mühitə tam aid olduğuna şübhəm olmadı. Məgər bu cür hallarla azmı rastlaşmışıq? Baxışlarıyla qarşısındakı qadını başdan-ayağa süzən, gözünü zilləyib baxanlar saysızdır. Bu əlbəttə ki, sərnişin mədəniyyətsizliyindən və bizim kişilərin seksual doyumsuzluğundan yaranan haldır.

Bir kişinin bir qadını qətlə yetirdiyini, iti alətlərlə zədələdiyini görən bəzi kişilər həmən qeyrət-namus atəşiylə alışıb yanırlar. Qeyrət dərsi keçməyə başlayırlar. Bəs görəsən ictimai yerlərdəki basabaslarda niyə qeyrət-namus məsələsi yada düşmür? Nəyə görə düşünmürlər ki, mən kiminsə qadınına-qızına ilişirəmsə, deməli mənimkilərə də ilişə bilirlər. Gün ərzində bu cür mini və psixoloji təcavüzlərə məruz qalan qadınlarımız, qızlarımız çoxdur. Və səbəb odur ki, insanlar insanlıqdan çox, şəxsi mənfəəti üstün tuturlar. 
Ölkəyə xaricdən gətirilən bahalı, hər cür şəraitli, iritutumlu avtobusların gətirilməsinə baxmayaraq basabasların qarşısını almaq üçün tədbirlərin görülməməsi insanların gündəlik stressini daha da artırır. Əslində problemin qarşısını almaq çox asandır. 

Belə ki, 50 nəfərlik avtobusa elə 50 nəfərin minməyinə icazə verilsə, avtobusların nəqliyyat planında əsaslı dəyişiklik edilsə, sərnişinlər basabaslarla üzləşməzlər. Həll yolu mümkün olan problemin "problem" olaraq saxlanılmasında nə kimi maraq ola bilər? Bunu anlamıram. Və ya ölkəyə gətirilən bu qədər avtobuslar harada istifadəyə verilir ki, basabaslardan qurtulmaq mümkün olmur?!

Nəqliyyat sahəsində ikinci əsas problemlərdən biri də sürücü mədəniyyətsizliyidir. (Bir qədər kobud çıxsada əslində "eşşəklik" daha düzgün ifadə olar). Bu yaxınlarda sosial şəbəkədə xarici ölkədə yaşayan dostlarımdan biri şahidi olduğu bir mövzu barədə fikirlərini yazmışdı. Belə ki, avtobusa 3 yaşlı qadın minir. Bu 3 qadın ``orda oturmayaq, burda oturaq``  deyə-deyə limuzin avtobusun lap sonuna kimi gedib çıxırlar. Axırda bir yerdə qərar tutub, əyləşirlər. Qadınlar avtobusa minəndən sürücü arxaya boylanıb onlara baxırmış. Azərbaycanlı dostum öz-özünə fikirləşib ki, bu sürücü niyə boylanıb onlara baxır? Sən demə, sürücü onların oturmasını gözləyirmiş ki, avtobusu işə salsın. Dostumun bu məsələyə yanaşmasını olduqca haqlı bildim. O yazmışdı, "Heyif deyil, bizim avtobus sürücüləri?! Adamın bir ayağı hələ avtobusun çölündə qalandan qazı basıb şütüldəyirlər. İçəridə ayaq üstə dayananlar da bir-birinə girib mehribanlaşır"

Sürücülərin sərnişinlərlə sərt rəftar etməsi, dayanacaqda gördükləri hər sərnişinə "20 qəpik" kimi baxmaları, avtobusda yer olmasa da belə sərnişinlərə bağıraraq "mehribanlaşın, elə bil müsəlman deyilsiz. Hamı evinə getmək istəyir də...", demələri bizim kişilərin adına utancverici haldır. Bununla yanaşı, sürücülərin içində əli siqaretli, yuxulu, etikasız olanları, əsəbləşəndə söyüşü adi söz kimi işlətməkləri də kifayət qədər yaşanan hallardır. Hətta bizim "avtoş" sürücülərimizin varlığı da bir başqa problemdir. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Öpüşməyin əxlaq faciəsi – Kiçik xuliqanlıq

Sevgiyə görə yox, pula görə yaşamaq lazımdır

Beynəlxalq Bank, duz daşıyan dəvə və Azərbaycan xalqı...

Miçiqandakı ərəbləri cəhalətin pəncəsindən xilas etmək gərəkir…

Ən çox oxunanalar