Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heykəllər, ağaclar, evlər və... müqəvvalar


Tarixə və mədəniyyətə açılan bu savaş heykəllərlə başladı, ağaclarla davam etdi, indi də növbə evlərə çatdı


Heykəllər uçurulanda ətrafı “hurrey” çığlıqları bürümüşdü. Bəs necə? - keçmişin qara rənglərini yuyurdular. Heç kəsin də vəcinə deyildi ki, o heykəllərin hər biri real tarix olmaqdan əlavə, həm də mədəniyyət abidəsidir. Sevinənlərin paradoksal məntiqini əldə rəhbər tutası olsaq, onda gərək siyasi və ya ideoloji məzmun daşıyan heç bir heykəl ucaldılmasın, axı siyasi-ideoloji sevgilər müvəqqətidir. Oskar Uayldın sərrast kəlməsindəki kimi: “Dəbin ardınca qaçmayın. Dəblər tez dəbdən düşür”.

Qədimi ağaclar qurban gedəndə, ümumiyyətlə, biganəlik və susqunluq oldu. İnsan həyatının ucuzlaşdığı dövrlərdə bu nə ağac zövqüdür? Uşaqlıq illərimdə üzərinə Mədəniyyət Nazirliyi tərəfindən qorunan mədəni abidə lövhəsi vurulmuş 850 yaşlı çinar Zaqatalada elə həmin nazirliyin sükutu fonunda da yoxluğa qarışanda bir tikə çörəyin Şekspirdən çox-çox əhəmiyyətli olduğu məmləkətdə heç kəs təəccüblənmədi.

Evlər isə bir qədər başqa məsələdir. Evlərdə yaşayırlar, onlar daşınmaz əmlakdır və şəxsi mülkiyyətdir. Heykəl də, ağac da heç kimindir. Ancaq evlər - yox. İnsanlar evə son sığınacaq və qürur yeri kimi baxıblar, evləri ilə öyünüblər və onu itirilməsi hipotetik mümkün olan, ancaq itirilməməli atribut sayıblar. Yarımçıq tikili belə bu cür atributdur. O ki ola tarixi bina, mədəniyyət abidəsi...

Ancaq baş verənlər mövcud cəmiyyətin daxili məntiqinə tamamilə uyğundur. Heykəllərdən başlayan yol tarixi binalara dirənməliydi. Nə olmalıydısa, o da oldu. Mədəniyyət abidəsi olan heykəldən mədəniyyət abidəsi olan evə yollanan buldozerin trayektoriyası da, qət edəcəyi vaxt məsafəsi də proqnozlaşdırılan idi.

İndi baş verənlər isə illərlə əvvəl start götürmüş şəhər seqreqasiyası konsepsiyasının növbəti, daha bir epizodudur. “Ağ şəhər” və “Qara şəhər”. Hər sinfə özününkü.

Onu da unutmayaq ki, hər şey qanunla legitimləşib. Hələ illər əvvəl parlament vətəndaşın mənzil və torpağının onun əlindən dövlət mənafeyi üçün alınmasını qanuniləşdirmədimi? O vaxt deputatlardan heç kəs əleyinə çıxmadı. Müxalifətçilər həmçinin.

Baş verənlər simptomatikdir və iqtisadi maraqların əsas tutulduğu quruluşda tarixə, mədəni dəyərlərə apellyasiya yersiz sayılmağa başlayır. Baxın, Mədəniyyət və Turizm Nazirliyi “Sovetski”də söküləcək tarixi binaların siyahını açıqlayır. İnanmaq çətindir ki, dünyanın hansısa başqa yerində tarixi abidələrin məhvinə Mədəniyyət Nazirliyi nəinki biganə qalsın, hətta bu işə “züy tutsun”. Sonrası isə avtomatlaşıb - dərhal Nazirlər Kabineti “Sovetski”dəki həmin obyektləri “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”ndan çıxardığını elan edir. Hər şey qanunidir, başa düşürsünüzmü? Formallıqlara riayət olunub.

***

2001-ci ilin yazında taliblər Bamian əyalətində Buddanın 53 və 58 metr hündürlüyü olan 2 heykəlini partladanda arqumentləri bu cürdü - Biz islam dövlətiyik və bütpərəstlik bizə yaddır.

Bakıda “Totalitar rejimin simvolu” olan heykəlləri bir-bir götürəndə də hakimiyyət Nazirlər Kabinetinin mətbuat katibinin dili ilə demişdi: “Azərbaycan müstəqil dövlətdir. Bizim saxtalaşdırılmış Sovet tarixindən imtina haqqımız var”.



Taliblərin etdiklərinə vandallıq adı verildi. Azərbaycanda etdiklərini “Milli maraqlara uyğun siyasət” adlandırırlar.

Heykəllərlə mübarizədə əslində heç bir “Milli maraq” yoxdu. Heç ideoloji çalar da yoxdu. SSRİ dönəminin dadını çıxaran bürokratiyanın o vaxt bir maraqları vardı, indi başqa.

Keçmişlə mübarizə ən əfəl və zərərli özünütəsdiq metodlarındandır. Vandallıq isə harada baş verməsindən asılı olmayaraq - insan davranışının dağıdıcı formalarından biridir. Sözün mənşəyi 455-ci ilə gedib çıxır. Romanı zəbt edən vandal tayfaları “Əbədi şəhər”in antik və xristian abidələrini dağıtmışdılar (O dinlər onlara yaddı. Deməli, “düz ediblər”).

Tarix Böyük Fransa İnqilabı illərində təkrarlananda - növbəti dəfə köhnə dövrün incəsənət abidələri dağıdılanda abbat Qrequar xüsusi məruzə ilə Baş Ştatlarda çıxış edərək ilk dəfə “vandalizm” sözünü işlətdi. Və tarix bu sözü qəbul etdi.

Bu söz ədəbi dilə incəsənət əsərlərinin və arxitektura abidələrinin dağıdılması anlamında daxil oldu. Qısası, vandalizm - maddi və mədəni dəyərlərin SƏBƏBSİZ məhvidir.

İllər əvvəl Əzizbəyov və Caparidzenin heykəllərinin götürülməsinin hansı adekvat izahı ola bilərdi ki? Bu barədə icraçılar susur. Halbuki o abidələrin məhz incəsənət əsəri və tarixi abidə olmasını çətin ki kimsə dansın. Əzizbəyovun heykəlinə görə heykəltaraş Tokay Məmmədov SSRİ Dövlət mükafatı almışdı. Bu mükafatı almaq isə, razılaşaq ki, Azərbaycanda oxuyanın xalq artisti, yaxud yazanın prezident təqaüdçüsü olmağından tamam fərqli bir dəyərləndirmədir.



O heykəllərin dağıdılması həm tarixin, həm də tarixi abidələrin məhvi idi. Guya ki, onların yoxluğu ilə köhnə tarixmi yox oldu, ya yenisimi yazıldı? Uduzan yalnız mədəniyyət oldu.

Heykəllərin aqibətini istər siyasi, istər mənəvi-mədəni dəyərlər sarıdan əsaslandırmaq olmur. Eks-kommunistlər ömürlük kommunistlərlə savaşır. Məntiq faktlara qarşıdır...

Ancaq bir dəfə mədəniyyətə meydan oxudunsa, növbəti dəfələrdə miqyası da, dozanı da asanlıqla artıra və heç bir müqavimətlə qarşılaşmaya bilərsən. Əzizbəyovun heykəlinin ardınca Abbas Mirzə Şərifzadənin evi gələcək. 850 yaşlı çinarı kəsəndən sonra 130 yaşlı hamamı dağıtmağa nə var ki?!

Və əgər heykəllərin məhvini siyasətə, ideologiyaya bağlayıb hansısa məntiqə cəhd etmək olurdusa, “Sovetski”dəki tarixi abidə sayılan 21 yaşayış evinin məhvində artıq heç bir məntiqi izaha sadəcə ehtiyac qalmayacaq.

Başlanğıcda bilmək olardı ki, Yol gedib haraya dirənəcək. Rey Bredberinin hekayəsində qədimdə əzilən bir kəpənək bütün dünyanın gələcəyini dəyişir. Elə bizdə də bu, lokal miqyasda təkrarlanır - nə vaxtsa uçuruluş bir mədəniyyət abidəsi - heykəl mədəniyyət abidəsi olan binaların məhvinin yolunu təmizləyəcəkdi. Sadəcə, metamorfozu əvvəldən görə bilmək lazımdı. Niyə inanırdınız ki, mədəniyyət abidəsi heykəldirsə - dağıtmaq olar, binadırsa - dağıtmayacaqlar? Əfəl ümiddir.

Rəqəmlər də sıfırdan başlayır...

Məmməd Süleymanov(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar