Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həsən Əliyevin 600 minlik bazarlığında hansı icra başçıları iştirak edib?


Hakim Həsən Əliyevə 600 min manat rüşvət verən şəxs təfərrüatları açıqladı


Virtualaz.org saytının 11 sentyabr tarixli sayında rayonların birinə icra başçısı təyin olunmaq üçün məhkəmə hakiminə 600 min manat rüşvət vermiş şəxs ərtafındakı qalmaqaldan bəhs edən yazı dərc edilmişdir.

Məqalədə Binəqədi Rayon Məhkəməsinə 7 il sədrlik etmiş, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin iştirakı ilə baş verən cinayət əməllərindən bəhs olunurdu.

Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Buna görə Ramazan Səlimovdan 1 milyon dollar istəyib. Həsən Əliyev 2011 və 2012-ci illərdə Ramazan Səlimovdan üst-üstə 600 min manat pul alıb.

Ramazan Səlimov isə xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.

Cinayət işinin içində Həsən Əliyevin obyektlərinin siyahısı da var. Həsən Əliyevin 8-ci mikrorayonda, əsl adı “Palma” olan, lakin üstündə “Beşbulaq” yazılmış restoranı, Ziya Bünyadov prospekti, 11b ünvanında (Ayna Sultanovanın heykəlinin yaxınlığı) yerləşən “Lüks” gözəllik salonu, 6-cı mikrorayonda 8 sot torpaq sahəsi, Nabranda 30 sot torpaq sahəsi, Nəsimi Rayon İcra Hakimiyyətinin binası ilə üzbəüzdə parfümeriya mağazası, Pirşağıda üçmərtəbəli bağ evi, metronun “İçərişəhər” stansiyasının yaxınlığında yeni tikilmiş binada üçotaqlı mənzili və başqa əmlakı olub.

Həsən Əliyev istintaqa ifadəsində bildirib ki, R.Səlimovdan birinci dəfə aldığı 300 min manatı “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova olan borcunu qapatmaq üçün Səlimovdan borc kimi istəyib. Həsən Əliyevin İsfəndiyar Axundova 200 min dollar borcu olub.

Zərərçəkmiş Ramazan Səlimov isə virtualaz.org saytına açıqlamasında bu işin təfərrüatlarını açıqlayıb. O bildirib ki, ilk günlər polisə şikayət etmək niyyəti olmayıb, əksinə, hər şeyi sülh yolu ilə həll etmək istəyib. Amma keçmiş hakimin pulu qaytarmaqdan israrla imtina etməsi onu bu addımı atmağa vadar edib: “İş üzrə təqsirləndirilən şəxs olan Elman Məmmədov (cinayət işində onun adı H.Əliyevlə R.Səlimov arasında vasitəçi kimi keçir-red.) mənə heç bir maddi ziyan vurmayıb. Digər təqsirləndirilən Taleh Süleymanovu isə ümumiyyətlə tanımıram. Mənə ziyan vuran şəxs Həsən Əliyevdir. İstintaq bu işi ümumiləşdirdi, vaxt uddular. İstintaqın gedişi zamanı Həsən qaldı qıraqda, Elmanın üstünə düşdülər, sonra isə Talehi tutdular. Bu müddətdə isə Həsən Əliyev özünün, qohumlarının adına olan əmlakın bir hissəsini satdı. Taleh Elmanın qohumudur. Guya Talehin vasitəsilə və Nərimanov Rayon Prokurorluğunda müstəntiq işləyən Cavid Quliyevin (Nərimanov rayon prokurorunun müavini idi, tutduğu vəzifədən bu günlərdə azad edilib-red.) əli ilə mənim işimi ört-basdır edəcəkdilər, hara şikayət etsəm də xeyri olmayacaqdı.

Cavid Quliyev də bu pulu kiməsə ötürməli imiş. Amma Cavid izahatında göstərib ki, pulu zərərçəkmişə vermək üçün alıb. Bir sözlə, Həsən Əliyev istəyib ki, bu işi 100 min manata bağlasın. Amma son nəticədə qazdığı quyuya özü düşüb.

Polis bölməsində mənə dedilər ki, sənin pulun hissə-hissə qaytarılacaq. Məqsədim pulumu sakitcə, dava-şavasız almaq idi. Həsən Əliyev mənə SMS yazmışdı ki, restoranım, barım, kafem var, evlərim var, satıb pulunu qaytaracam. Amma adıçəkilən obyektlərdən heç biri onun öz adına deyildi. Təklif etdik ki, obyektlərdən birini vəkalətnamə ilə mənə versin. Amma sonra başladı pulu ödəməyə. Fikirləşdim ki, borcu 3-4 aya bağlayar. Həmin ərəfədə Həsən Əliyev vəkil Kamandar Nəsibovun evini banka girov qoyub, bankdan 490 min manat kredit götürüb. Amma mənim pulumu qaytarmadı. Üç dəfə pulu hissə-hissə qaytarandan sonra fikirləşiblər ki, bu qədər pulu Ramazana qaytarmaqdansa Cavidə 100 min manat verək, işi yoluna qoysun. Elman da həmin pulu aparıb Cavidə verib”.

R.Səlimov hər dəfə pulunu geri istədikdə Həsən Əliyev ona bir az da səbr etməyi məsləhət görüb: “Deyirdi ki, bir az gözlə, böyük dəyişikliklər olacaq. Hər dəfə cürbəcür bəhanələr gətirirdi. Gah dedi pul elə adamdadır ki, onun adını çəkmək olmaz. Dedim 3 ildir gözləyirəm, banka qoysaydım, 120 min manat qazancım olardı. Bir dəfə dedi ki, mart ayında yeniliklər olacaq, gözlə. Mən o adamın adını demişəm prokurorluqda. Amma belə məsləhət oldu ki, o adamın adı hallanmasın”.

Ramazan Səlimov axırıncı dəfə iyul ayında Elmanla görüşəndə sonuncu ona “Həsən deyir ki, hara istəyir, əli hara çatırsa şikayət eləsin, hələ qaytardığım 250 mini də ondan alacağam” deyib. R.Səlimov deyir ki, Elman Məmmədovun yanında Həsən Əliyevə bir neçə dəfə zəng vurub. Amma H.Əliyev bu zənglərinə cavab verməyib. 16-cı polis bölməsinin rəisi ona bildirib ki, Həsən sənə pul qaytarmayacaq, iş prokurorluğa göndərilib.

Sözügedən cinayət işi sonradan MTN-də və Baş Prokurorluqda araşdırılıb. İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb.

R.Səlimov deyir ki, ötən ilin iyul ayında onu MTN-ə çağırıb 4 saata yaxın dindiriblər. Elman adlı şəxsi tanıyıb-tanımadığını, onunla nə əlaqəsinin olduğunu soruşublar: “Ötən ilin avqust ayında mənə bir nəfər zəng vurub MTN-dən olduğunu, adının İlqar olduğunu deyib nazirliyə çağırdı. Ertəsi gün getdim. Həmin şəxslə görüşdüm. Elman adlı şəxsi adamı tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, mən Həsən Əliyevi də tanıyıram. Məni MTN-də 4 saat sorğu-suala tutdular. Sonra başa düşdüm ki, Həsən MTN-ə Elmandan şikayət edib. Məni də elə buna görə çağırıblar.

Həmin gün axşam yenidən mənə zəng gəldi. Zəng vuran şəxs baş prokurorun I müavini Rüstəm Usubov idi. Təcili prokurorluğa gəlməyimi tapşırdı. Ertəsi gün - 18 avqustda Rüstəm Usubovun qəbuluna getdim. Məni orada Mehdi Mirzəyev adlı şəxs qarşıladı. Hər şeyi olduğu kimi danışdım, Rüstəm müəllim də mənə əvvəldən-axıra kimi diqqətlə qulaq asdı. Dedi ki, bu iş dərindən araşdırılacaq, sizə dəymiş maddi ziyan ödəniləcək, əlinizdəki faktların hamısını müstəntiqə təqdim edin”.

İş materiallarından belə aydın olur ki, 2012-ci ilin sentyabrında Həsən Əliyev Ramazan Səlimova yaxın vaxtlarda Bakı şəhərində yeni rayon yaranacağını və onun da həmin rayona icra başçısı göndəriləcəyi xəbərini və vədini verib: “Doğrudan da həmin ilin noyabrında mətbuatda Bakı şəhərində Pirallahı rayonunun yaradılacağı barədə yazılar dərc olundu. Bu xəbər məni ümidləndirdi. Bu xəbərlər yayılan ərəfədə Həsən Əliyev mənə zəng eləyib pulun qalanını da istədi. Dedim ki, 300 min vermişəm, 300 min manat da indi verəcəm, amma qalan 200 mini sərəncamdan sonra verəcəm. Həsən əvvəlcə etiraz elədi, sonra razılaşdı. Amma Həsənə dedim ki, bu pulu notarial qaydada müqavilə bağlamaqla verəcəm. 2012-ci il, dekabrın 5-də borc müqaviləsi bağlayıb daha 300 min manatı ona verdim”.

Bu işdə ən maraqlı məqamlardan biri də icra başçısı olmaq istəyən Ramazan Səlimova verilən təlimatlarla, onun görüşdüyü şəxslərlə bağlıdır. İstintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimova deyib ki, icra başçısı təyin olunmağın qiyməti regiondan, rayonun böyük-kiçikliyindən asılı olaraq 1 milyon dollardan 5 milyon dollara qədərdir.

R.Səlimovun dediyinə görə, sonra vəziyyət dəyişib. H.Əliyev onu icra başçısı təyin etdirtə bilmədiyindən başqa vəzifələr təklif eləməyə başlayıb. Həsən Əliyev bu məqsədlə Ramazan Səlimovu öz “Range Rover”i ilə Siyəzənə apararaq bu rayonun icra başçısı Arif Qasımovla da görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun RİH başçsının birinci müavini postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək. İki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb.

Bundan başqa, Həsən Əliyev onu “Azəriqaz”ın sədr müavini Ziyad Cəlilov, Respublika Rayonlarası Su-Kanal İdarəsinin rəisi, Bakı Su-Kanal İdarəsinin rəisi Habil Quliyev və digər vəzifəli şəxslərlə görüşdürüb.

Ramazan Səlimovun ifadəsindən belə anlaşılır ki, o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Qobustan, Tərtər və Mingəçevirin icra başçıları ilə də görüşüb: “Həsən müəllimin maşını ilə əvvəlcə Siyəzən rayonuna getdik, sonra başqa rayonlara. Bir neçə şəxslərlə görüşdük, amma sonradan alınmadı. Həsən müəllim özü onlarla danışmışdı, məndən nəsə soruşanda demişdim ki, o işlərə Həsən müəllim baxır”.

R.Səlimovun virtualaz.org saytına dediklərindən: “İlkin izahatımda göstərdiklərimin 50 faizi ittihamda yoxdur. Mənə hüquqlarımı başa salmayıblar. Cinayət işinin sənədlərini verməyiblər. Bir vaxt xəbər tutmuşam ki, məhkəməyə çağırırlar. Zərərçəkmiş şəxs kimi tanınsam da özümü zərərçəkmiş kimi hiss etməmişəm. İstintaq idarəsinə 60-70 dəfə çağırılmışam. İttiham aktında təsdiqini tapan faktlar - SMS-lər, telefon zəngləri, getdiyimiz müəssisələr var. Əgər bu faktlardan biri düz gəlməsəydi, inanın ki, məni də məsuliyyətə cəlb edərdilər. Hətta müstəntiq Ramin Qurbanov məni hədələdi ki, bu işdə ən böyük cinayəti sən eləmisən. Bu barədə Rüstəm Usubova yazılı müraciət etdim. Əgər tələbim olmasaydı, bəlkə də martın 13-də zərərçəkmiş haqda qərar da verməzdilər”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Həsən Əliyev ilk dəfə istintaq idarəsinə onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə 11 fevral, 2014-cü il tarixli prezidentsərəncamından sonra gəlib:“Martda bizi üzləşdirdilər. Həsən dedi ki, mən Ramazan Səlimov adlı şəxslə nə görüşmüşəm, nə də ondan pul almışam. Dedi ki, cəmisi bircə dəfə görüşmüşük. Dedim istintaq hamısını yoluna qoyacaq, kim yalan danışırsa, məsuliyyətə cəlb olunacaq. İttiham aktında hər şey sübut olunub, pulu qaytarmalıdır, vəssalam. Çalışacam ki, Həsən həbs olunsun, yoxsa mənə dəymiş ziyanı qaytarmayacaq. Həbsini istəmirdim. Amma görürəm ki, mənə dəymiş ziyanı qaytarmayacaq. Binəqədi parkında bütün obyektlər onundur - kafelər, attraksionlar. Hakim işləyəndə o parkı özəlləşdirib. Binəqədi şosesində tikinti mağazaları var. Başqalarının adına olsa da hamı bilir ki, Həsən Əliyevindir. Onun Xudatda, Nabranda nələri yoxdur ki... Hamı da bilir. Bəs mənə dəymiş ziyanı niyə qaytarmır? İstintaq vaxtı satdığı əmlakın dəyəri 1 milyon manatı da keçib. Niyə qaytarmır mənim pulumu? Elə bilir ki, onun bu hala düşməsinin günahkarı mənəm. Başına gələn hadisələrin səbəbkarı özüdür, amma günahı məndə görür. Bəlkə də pulu elə bir adama verib ki, ala bilmir. O, özü də harasa hakim getmək istəyirdi. Bəlkə mənim verdiyim pulu kiməsə ötürüb ki, öz işini görsün?! Amma bunun mənə heç bir aidiyyəti yoxdur. Mən sənədlə verdiyim pulu istəyirəm. Sənədsiz verdiyimin isə heç adını da çəkmirəm. Yəqin ki, ədalət qalib gələcək. İstintaqdan kənar sözlərimi ona deməyə vaxtım olacaq”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar