Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həmsədr ölkənin yeni prezidenti Qarabağa sülh gətirəcək, yoxsa...


Azərbaycanın siyasi ekspertləri Fransadakı prezident seçkilərinin ilkin turu və perspektivdən danışdılar; ermənilər seçki favoriti Emmanuel Makronla əlaqə üçün hərəkətə keçdi; Adil Əliyev: “Biz də bu istiqamətdə fəal olmalıyıq...”


Fransada ötən bazar keçirilən prezident seçkilərinin ilkin turu qalibi aşkar etmədiyi üçün son nəticəni mayın 7-dəki növbəti tur müəyyənləşdirəcək. Ancaq indiki halda mərkəzçi “İrəli Fransa” partiyasının lideri Emmanuel Makron 23,11 faiz səslə 1-ci, sağ radikalların lideri Marin Le Pen isə 23.08 faizlə ikinciliyi qazanıb və iki həftə sonrakı yarışa vəsiqə əldə ediblər.

Seçkiqabağı açıqlamalardan və ilk turun nəticələrinin təhlilindən də göründüyü kimi, Makron və Le Pen bir-biri ilə ciddi şəkildə ziddiyyətli mövqe sahibi olan rəqiblərdir. Onlar Avropa Birliyindən tutmuş Rusiyaya münasibətə, Fransanın gələcəyi ilə bağlı düşüncələrə qədər tam fərqli baxışlara malikdirlər. Bu fərqlilik Qarabağ məsələsinin həlli ilə bağlı mövqelərdə də özünü büruzə verir. Düzdür, Fransa dövləti həmsədrlik prinsiplərinə uyğun gəlməyən mövqeləri ilə vaxtaşırı etirazlara səbəb olub. Elə sonuncu dəfə hazırkı prezident Fransua Olland Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququndan” istifadəsini məqbul saymaqla Bakının sərt etirazına səbəb olmuşdu. Prezidentliyə namizədlərdən bir neçəsi Fransadakı erməni seçiciləri, həmçinin digər təsirləri nəzərə alıb ermənipərəst mövqelər sərgiləmişdi. Xüsusilə də iki iddiaçıdan biri, Marin Le Pen münaqişənin nizamlanması üçün “Dağlıq Qarabağın Ermənistana birləşdirilməli olduğunu” iddia etmişdi.

Milli Məclisin üzvü Adil Əliyev “Yeni Müsavat”a bildirdi ki, Fransadakı hakimiyyət dəyişikliyinin nə Qarabağ məsələsinin həllinə, nə Azərbaycanla bağlı münasibətlərə hər hansı mənfi təsirini gözləmir: “Düzdür, ən azı iki ermənipərəst namizəd sıradan çıxdı. Le Penin şansı elə də yüksək deyil. Real namizəd isə iqtisadçı olduğundan Azərbaycanla Fransa arasında iqtisadi əlaqələrin genişlənməsinə daha çox diqqət yetirəcəyini düşünürəm. Qarabağla bağlı sərsəm bəyanatlar verənlər isə bu prosesdə uduzdu. Yeni hökumət bizim xeyrimizə hər hansı işlər görməsə də - bunu gözləmirik də - əleyhimizə hansısa bəyanatlarla çıxış etməməsi kifayətdir. Azərbaycan və Fransa parlamentləri arasında əlaqələrin gücləndirilməsi, iqtisadi məsələlərlə bağlı sənədlərin imzalanması, fikrimcə, gələcək əlaqələrə müsbət təsir edəcək”.

Deputat ermənilərin artıq ən şanslı namizədlə - Makronla əlaqələr qurmaq üçün hərəkətə keçdiyini vurğuladı: “Biz də bu istiqamətdə fəal olmalıyıq. Düzdür, bir sıra işlər görülüb. Ancaq həmsədrlərdən biri olan ölkə ilə dayanmadan işləməliyik”. A.Əliyev öz tərəfindən də addımlar atdığını bildirdi: “Şəxsən mən Fransanın Azərbaycandakı səfiri ilə görüşmüşəm. Azərbaycan və Fransa idmançılarının birgə iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş kinkboksinq yarışının keçirilməsi təşəbbüsü ilə çıxış etmişəm”.

Düzdür, Fransua Fiyon 19 faiz səs toplamaqla seçkilərdə məğlubiyyətini etiraf edib. Ancaq həmin ermənipərəst namizəd çıxışında respublikaçı dəyərləri qorumaq adına, sağ radikalları ölkəni bölməmək naminə mərkəzçi rəqibinə səs verməyə çağırıb. Deməli, Makron prezident olacağı təqdirdə, onun ətrafında yenə də ermənipərəstlər olacaq.

Unutmayaq ki, Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir və bu ölkədə siyasətçilər seçkilər zamanı erməni elektoratının səsini qazana bilmək üçün “soyqırım” məsələsində bir-biriləri ilə yarışırlar. Uzun illər boyu saxta iddiaların qəbul etdirilməsi istiqamətində qəbul olunan qərarlar Ankara ilə Paris arasında soyuq münasibətlərə səbəb olub. Üstəlik, Fransa rəhbərliyi ölkəsinin Ermənistanla “bacı” olduğunu deməklə işğalçının yanında olduğunu etiraf edib. Düzdür, adətən prezident seçkilərindəki təbliğat kampaniyasındakı siyasətlə seçkilərdən sonrakı dövlət siyasəti bir-birindən fərqlənir. Amma söhbət ermənilərin təsirlərinin inkar olunmadığı Fransadan gedirsə, mübahisə üçün yer var.

Artıq hakim partyadan da reaksiya var. YAP üzvü, deputat Aydın Mirzəzadə mətbuata deyib ki, Fransada prezident seçilən şəxs mütləq Azərbaycan faktorunu nəzərə almalıdır: “Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir. Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar”. Politoloq Qabil Hüseynli isə A24.Az-a açıqlamasında bildirib ki, Fransa prezidentliyinə namizədlər arasında Makron ən ideal namizəddir. O ki qaldı Qarabağ məsələsində tutulan mövqeyə, ekspertə görə, fransızlar həmişə ermənipərəst mövqe tutublar: “Amma hər bir halda Makron hamı üçün daha uğurlu namizəddir”.

Politoloq Elçin Mirzəbəyli də qəzetimizə bildirdi ki, seçkilərdən sonra Fransanın Qarabağ siyasəti dəyişməyəcək: “Seçkinin ikinci mərhələsində Emmanuel Makronun qalib gəlmə ehtimalı daha çoxdur. ”En Marche" (“İrəli”) Hərəkatı sosial-liberal siyasi partiyadır. Yəni sol cəbhəni təmsil edir. “En Marche”nin ideoloji prioritetləri - mərkəzçilik, xristian-demokratiya, liberalizm seçki marafonundan kənarda qalan Fransua Fiyon və Jan-Lyuk Melanşonun təmsil etdiyi siyasi partiyalarla üst-üstə düşür. Jan-Lyuk Melanşon da seçkidə sol cəbhəni təmsil edirdi. Bu baxımdan, onun və seçki marafonundan kənarda qalan digər sol qüvvələrin səslərinin ikinci turda Makrona veriləcəyi ehtimalı çoxdur. Fransua Filyonun partiyası - respublikaçılar sağ-mərkəzçi cəbhəni təmsil etsələr də, onların da ideoloji baxışları Emmanuel Makronun “En Marche” Hərəkatının prinsiplərindən bir o qədər də fərqlənmir: mərkəzçilik, xristian-demokratiya... Makron, Filyon və Melamşonun təmsil etdiyi siyasi qüvvələrin üst-üstə düşən prioritetləri həm də Avropa İttifaqına münasibətlə bağlıdır. Bu baxımdan, Fransua Fiyonun tərəfdarlarının da ikinci turda Emmanuel Makrona səs verəcəkləri şübhə doğurmur".

E.Mirzəbəyli zənn edir ki, bu baxımdan, seçkilərin ikinci turunda Makronun qalib gəlmək ehtimalı daha çoxdur: “Şübhəsiz ki, Emmanuel Makronun ikinci turda qələbəsi həm Aİ ölkələrinin, həm də Azərbaycanın maraqlarına daha uyğundur - baxmayaraq ki, digər namizədlər kimi Emmanuel Makron da seçkilərdə ermənilərin səsini almaq üçün bəzi fikirlər səsləndirib. Lakin bu fikirlər Marin Le Penin bəyanatları qədər radikal deyil. Makron keçmiş sərmayəçi-bankirdir. 2014-2016-cı illərdə Fransanın İqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Onun tərcümeyi-halında nəzərə çarpan ən maraqlı məqam karyerasının önəmli hissəsinin ”Rothschild & Cie" bankından başlamasıdır. Makron bu bankda fəaliyyətə başladıqdan cəmi iki il sonra bankın idarəedici tərəfdaşı olub. Onu “Rotşildlərin bankiri” də adlandırırlar. Ola bilsin ki, Emmanuel Makron prezident seçiləcəyi təqdirdə yürütdüyü siyasətdə bu amil də müəyyən rol oynasın. Bu barədə öncədən fikir söyləmək çox çətindir. Lakin onun da Fransanın iqtisadi maraqlarından çıxış edəcəyi şübhə doğurmur. Bu isə iqtisadi potensialı Ermənistanı dəfələrlə üstələyən Azərbaycan üçün daha əlverişlidir".

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da namizədlərdən Makronu fərqləndirdi: “Kreml və onun təbliğatını aparan rusiyalı politoloqlar Fransada Fiyonun və ya Le Penin prezident seçilməsini istəyirdilər. Çünki hər ikisi Rusiya ilə sıx tərəfdaşlıqdan danışır və Krımı Rusiyanın ərazisi sayırlar. Ancaq Kremlin planları reallaşmayacaq. Emmanuel Makron birinci yerdədir və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq. Çünki ikinci tura keçməyən namizədlərin az qala tamamı seçicilərini Makrona səs verməyə çağırdılar. Makron Rusiya ilə sərt dialoqun davamının tərəfdarıdır. Len Pen və Fiyon seçkiqabağı çıxışlarında ermənipərəst açıqlamaları ilə də yadda qaldılar, Dağlıq Qarabağı Ermənistana ”birləşdirdilər". Makrondan oxşar açıqlama eşitmədik. Buna baxmayaraq, Fransadakı erməni lobbisinin, sağlı-sollu fransalı siyasətçilərin Ermənistana olan sevgilərini də unutmaq lazım deyil".

Ekspertə görə, Ermənistan müstəqillik qazandıqdan bu yana Fransa prezidentləri Ermənistana sevgilərini müxtəlif formalarda ifadə ediblər: “Prezidentlər Şak Şirak, Nikola Sarkozi və Fransua Olland hər fürsətdə ermənilərə olan sevgilərini və dəstəklərini ifadə etməyə çalışıblar. Bu ondan irəli gəlir ki, erməni lobbisi hər ölkədə fəal seçici olmağa çalışır. Elə ölkələr var ki, orada türklər ermənilər qədərdir, ancaq yenə də prezident və deputat seçilmək istəyən şəxs birinci növbədə erməni lobbisinin təmsilçiləri ilə görüşmək istəyir. Çünki bilir ki, seçkidə onların səslərinə arxayın ola bilər, bir şərtlə ki, ”erməni soyqrımının" tanınması istiqamətində, Türkiyə və Azərbaycan əleyhinə addımlar atmağı vəd etsin. Bu deyilənlər Fransaya da aiddir. Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makron seçkiqabağı çıxışlarında hələ ki ermənilərə heç nə vəd etməyib. Fransadakı erməni lobbisinin əsas namizədləri keçmiş baş nazir Fiyon və milliyətçi Len Pen idi. Ancaq Makron hər ikisini geri qoydu və böyük ehtimalla ikinci turda Le Pen üzərində qələbə çalacaq. Bunu erməni lobbisi də anlayır və mən istisna etmirəm ki, Le Pendən əlini üzən erməni lobbisi artıq Makrona yol axtarır, onunla görüşəcəklərini istisna etmirəm".

E.Şahinoğlu qeyd etdi ki, bunun qarşılığında Makronun erməni lobbisinə nə vəd edəcəyi üzərində baş sındırmağa dəyməz: “Makronu ələ almağa çalışacaqlar. Doğrudur, Emmanuel Makron keçmiş iqtisadiyyat naziridir, hesabla prezident seçilərsə, Azərbaycanla əməkdaşlıqda iqtisadi səmərəlilik prinsipini arxa plana atmamalıdır. Ancaq Makronun bu məntiqdən çıxış edəcəyini söyləmək çətindir. Bizim üçün önəmli olan onun Qarabağ münaqişəsinin həllində ermənipərəst mövqe sərgiləməməsidir. Aydındır ki, Paris münaqişənin ədalətli həllini sürətləndirməyəcək, buna mane olan iki amil var. Birinci amil Fransadakı erməni lobbisidirsə, ikinci amil Kremldir. Rusiya hakimiyyəti təxminən son 6-7 ildir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik danışıqlar prosesini inhisara alıb və bu amil digər iki həmsədri - Fransa və ABŞ-ı narahat etmir. Ona görə də konfliktin həllində Makrona ümid bəsləməyə dəyməz. Əslində bizim Parisin münaqişənin həlli ilə bağlı xüsusi fəallığına ehtiyacımız yoxdur, yetər ki, Azərbaycana qarşı mövqe sərgilməsinlər”.

Seçki təbliğatı dönəmində Fransadakı erməni diasporunun namizədlərin ermənipərəst mövqelərinin qarşılığında hiyləgər mövqe tutması da diqqət çəkdi. Ən azı, iki namizədin erməni qiyafəsində ortaya çıxmasının qarşılığında Fransa erməniləri namizədlərdən heç birinə “stavka” etmədilər, görünür bunun onlara “baha” başa gələcəyini təxmin edirmişlər. Bu günsə onlar ermənilərdən daha çox məsafədə uzaqda dayanmış Makrona “xod” tapmağa çalışırlar. Amma Makron özü necə davranacaq, bunu yaxın aylarda biləcəyik.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar