Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbslərin teleologiyası...


Teleologiyada əmələ səbəblərinə görə yox, nəticələrinə görə qiymət verilir


Yəni bu vaxt mahiyyəti üzə çıxarmaq üçün formal səbəbə səbəb-məqsəd də əlavə olunur. Əsas sual isə bu cür formalaşdırılır: “Məqsəd nə idi və hansı nəticələr əldə edildi?”

Son həftənin həbsləri, iş adamlarının və səlahiyyət sahiblərinin istintaqa çağırılması və məhkəmə önünə çıxarılması üçün formal səbəblər hamıya aydındır: büdcə talanı, qaytarılmayan kreditlər, vəzifə mövqeyindən sui-istifadələr...

Formal nəticələr də sirr deyil: məhkəmə və cəza (olsun ki, bəzi kredit borclularının ödəmələrdən sonra sərbəst buraxılması).

Ancaq bu formallıqlardan heç də az əhəmiyyətli olmayan, cəmiyyətin sonrakı inkişaf ssenarisi üçün isə arxi-vacib olan məhz teleoloji izahdır: nəticə nə olacaq? Reallıq dəyişəcəkmi? Talanlara son qoyulacaqmı? Əvəzlənənlərin yerinə keçənlər özlərini normal aparacaqmı?

Vacib suallardır. Xüsusən də sonuncusu - çünki məmləkətdə “norma” anlayışı artıq onillərdir təhrif olunub, patoloji sosial xarakter formalaşıb, onun dayağı rolunda isə məhz Oruellin antiutopiyasında olduğu kimi anlayışların tərsinə çevrilməsi dayanır.

Bizdə zorakılıq və yalan mənfi və qınağa tuş gələn davranış forması yox, aşağı aparan liftlə yuxarıya dırmanmaq taktikasına çevrilib. Yəni normada patologiya sayılan xüsusiyyətlər indi arzuolunan və təqdirəlayiqdir. Və karyeralar da bu xüsusiyyətlərin üzərində qurulur.

Əgər indi cəzalandırılanların yerinə gələnlər də onların yolunu tutacaqsa, deməli, söhbət təmizlənmələrdən yox, əvəzlənmələrdən gedir. Rəqəmlərin yerini dəyişdikdə isə cəm dəyişmir. Nəticədə istər siyasi, istərsə də iqtisadi və mədəni elitanın rolunu anti-elita oynamaqda davam edəcək.

Bu pessimist ssenarinin növbəti dəfə təkrarlanacağı ehtimalını artıran presedentlər nə qədər desəniz var - Əli İnsanovdan sonra səhiyyə, Misir Mərdanovdan sonra təhsil heç bir dəyişikliyə məruz qalmadı. İndi də eyni dərəcədə mənfi imicə malik iş adamlarının məhbəsə yola salınması həmin ssenarinin analojisisi olmayacaq ki?!

Üstəlik, söhbət yuxarıda sadaladığımız formal səbəblər əsasında həbslərdən gedirsə, istənilən orta statistik azərbaycanlı öz empirik bilikləri ilə həbs olunanların siyahısına yeni-yeni onlarla həbs olunmayanların adlarını əlavə edə bilər. Ancaq həmin adamlara gözün üstə qaşın var deyən yoxdur.

Yəni elə təəssürat yaranır ki, həbslər yalnız günahkarlıq prinsipi ilə aparılmır, əks halda xüsusilə mənfi imic sahibi olan daha nə qədər personaj indi içəridə olmalı idi. Yəni təmizləmə işlərinin seçici xarakter daşıması artıq nəticənin cəmiyyət üçün əhəmiyyətini də sual altına salır.

Sanki o kəslər cəzalandırılır ki, öz sadəlövhlükləri, yaxud məhdud intellektləri sayəsində əvvəlcədən özlərini sığortalamaq üçün gərəkli olan hər şeyi etməyiblər.

Deyək ki, deputat mandatı almağa çalışmayıblar (ya da ola bilsin ki, ala bilməyiblər), lap yuxarı eşelondakılarla qohumluq əlaqəsinə girməyiblər, ya da sadəcə “gözləri ayaqlarının altını görməyib”. Onların tanınma arealı da dar olub, obıvatellərə onların əksəriyyətinin adı son hadisələrə qədər heç nə demirdi. Bir sözlə, təmizləmə prosesi ikinci və üçüncü eşelonları əhatə edir...

O da sirr deyil ki, ittiham olunduqları günahları onlar bir günün içində törətməyib, indiki statuslarına illər boyu yol gəliblər və bu yolu heç də avtonom, heç kəsə güvənmədən keçməyiblər. Ancaq bu, məsələnin mahiyyətini dəyişmir. İstənilən halda həbs olunanların ittiham olunduqları maddələr havadan götürülməyib və əsaslı olmağı obıvateldə şübhə doğurmur.

Ancaq bu təmizləmə prosesinin effektiv olacağına şübhələr nə qədər desəniz var. Çünki şəksizdir - bu iş adamları mutant deyillər, onlar “uçan boşqab”la Azərbaycana gətirilməyib, əməllərinin və davranış kodekslərinin isə illər boyu davam edən tarixçəsi var.

Və əgər qaydalar saxlanmaqla yalnız personajların vurulması baş verirsə, nəticənin xoşagəlməzliyi sosium üçün olduqca peşmanedici, cəmiyyətin inkişaf perspektivləri üçün isə geci-tezi qorxulu olacaq. Çünki anomiyanı leqallaşdıracaq.

Sosiologiyaya Emil Dürkgeymin gətirdiyi anomiya anlayışı ilə cəmiyyətin elə bir vəziyyətini xarakterizə edirlər ki, bu vaxt toplum mövcud dəyərlərə və məqsədlərə inanmır, cəmiyyətdə normal və əxlaqi davranışın çərçivələri itirilir.

Yəni toplum anlayır ki, yuxarıdan aparılan dəyişikliklər formal xarakter daşımaqla nəticə etibarilə heç nəyi dəyişmir və hər şey əvvəlki formada davam etdirilir. Rüşvətxorlar türməyə daşınır, ancaq rüşvət qalır. Vəzifədən sui-istifadə edən harın məmur cəzalandırılır, ancaq hidranın kəsilmiş bir başı yeni ikisi ilə əvəzlənir.

Bu fikir qırıqlığı, əsassız ümidlərin növbəti dəfə çiliklənməsi istənilən idarəçiliyə və istənilən qanuna inamsızlıq və formallıq kimi baxmaq inamı təlqin edir.

Anomiya istənilən cəmiyyətə dağıdıcı təsir edir, sosial xarakteri dəyişdirir və topluma ambisiyalarını ödəmək üçün istənilən vasitənin məqbulluğu kimi qorxulu inam təlqin edir. Yəni qanunlar işləmir, əxlaqi qadağalar yoxdur, cəza əyləc deyil, ictimai qınaq isə formalaşmayıb. Anomiya vəziyyəti üçün sosial məhdudiyyətlərin yoxluğu xarakterikdir. Əgər cəza mexanizmi teleololoji olaraq heç nəyi dəyişmirsə, deməli, mədəni, əxlaqi əyləcləri kənara atmaq lazımdır.

Özünün “İntihar” əsərində Dürkgeym anomiyanın geci-tezi ictimai qarışıqlıqlara və bədbəxtliklərə aparıb çıxardığını yazırdı. Yaxud o, anomiya vəziyyətində olan cəmiyyətlərlərdə intiharların sayının və ailə institutunun böhranı səbəbində boşanmaların çoxaldığını qeyd edirdi. Yəni insan həyatı da, cəmiyyətin sütunu olan ailənin də devalvasiyası baş verir. Mədəni anomiya cəmiyyətdə cinayətkarlığın artımına, asosial davranışın adiləşməsinə, dəyər və normaların əhəmiyyətinin isə azalmasına aparıb çıxarır. Habelə cinayət - norma kimi qavranılır. Məqsədə çatmaq üçün bütün vasitələr məqbul sayılır.

Burada gələcəyi qaranlıq edən başqa bir səbəb də var - resentiment. Vaxtilə Nitsşe ilə Maks Şelerin mübahisələrindən yaranmış bu terminlə aşağıların, zəiflərin, uduzmuşların və aldadılmışların bədxahlığı və qisascıllığı nəzərdə tutulur.

Yəni yuxarı dırmana bilmiş mənfi personajlar kimi ola bilməyən aşağılar bu personajları hətta onlarda olmayan mənfi xüsusiyyətlərdə də qınayaraq onları demonlaşdırırlar. Burada həsəd və paxıllığın rolu böyükdür, ancaq uduzmuş fərd bunu boynuna almır, əksinə, hansısa varlı məmura baxaraq nümayişkaranə deyinir: “İstəsəm mən də onun kimi varlı ola bilərəm, ancaq mənim əxlaqım buna yol vermir”.

Əslində isə yalan deyir və bununla o məmur kimi ola bilmədiyinə görə bəhanələr uydurmaqla yanaşı həm də həmin məmuru başdan ayağa qaralayaraq şər təcəssüməsi edir. Halbuki resentimentə mübtəla olmuş aşağılar istənilən an yuxarıdakı məmurla yerlərini dəyişməyə və onlar kimi olmağa hazır və razıdırlar. Yəni qurbanlıq cəllad olmaq istəyir.

Resentiment müalicəsiz bədxassəli şiş kimidir - mütləq simptomları aşkara çıxacaq. Nə qədər ki, cəmiyyətdə yuxarılar hər dəfə islahatlara əfəl ümid bəsləyən aşağıların bu ümidini çilik-çilik edirlər, aşağılar da resentimenti içlərində gizlətməyə çalışaraq dözümlülük və səbr nümayiş etdirməyə çalışsalar da bir gün hansısa heç də taleyüklü görünməyən konflikt bu qəzəbi dağıdıcı şəkildə aşkara çıxaracaq (təsadüfi deyil ki, son illər gördüyümüz “rəng inqilabları”nda da başlanğıc mexanizm və siqnal kimi hansısa ilk baxışda qlobal görünməyən hadisə çıxış edir). Yəni resentimetə mübtəla olmuş toplum üçün onun hədəf seçdiyi zümrədə heç bir yaxşı cəhət yoxdur, odur ki, ona qarşı amansız olmaq olar.

Və bu, cavab amansızlığıdır - əvvəl yuxarıdakılar öz yarımçıq və görüntü islahatları ilə aşağılarda ədalətə və uğura olan  istənilən ümidi dəfn edərək onlarda anomiya və resentiment formalaşdırır, sonra isə aşağılar içlərində bəslədikləri bu qəzəbi bir gün yuxarıların üzərinə tökürlər.

Keyfiyyət dəyişikliyi ilə nəticələnməyən istənilən islahat görüntüsü resentimentin qidalandırıcısıdır. Bu, o haldır ki, islahatların təhrifi onların yoxluğundan daha ziyanlıdır. Baxmayaraq ki, zahirən bu cür görünmür...

Məmməd SÜLEYMANOV(virtualaz.org)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar