Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamı narazıdır, hamı ağıllıdır, hamı müdrikdir, hamı danlayır


Cəlil Cavanşir yazır


Müşahidələrimdən belə qənaətə gəlmişəm ki, son vaxtlar hamı deyinir, vurnuxur, hamı narahatdır, hamı yorğundur və ən dəhşətlisi, hamı qəzəblidir. Şübhəsiz ki, istisnalar var və hərdən sakit, səbirli, şən-şux, bəxtiyar adamlarla da rastlaşıram. Səd əfsus ki, xoşbəxt adamlar, öz həyatını yaşayan insanlar bu cəmiyyətdə yad, özgə, qərib kimi görünür. Yad da, mənə elə gəlir, bilmirəm. İnsanlarımızın bu qədər əndişəli halı mənə də təsir edir və nəticədə mən də istəmədən narahat və nigaran adamlar cərgəsinə qoşuluram. Kütlə, qaragüruh ruhumuzu sıxıb, bütün enerjimizi canımızdan çıxarmağı bacarır. Dəyişmək istədiyin insanlara bənzəyib, onların cərgəsinə qoşulursan.

Kütlə uğursuzluqlarının, məmnuniyyətsizliklərinin qisasını ətrafdakı insanlardan almağa, bir sözlə öz nigaranlıq və narahatlıqlarına ətrafdakı insanları da şərik etməyə çalışır. Bəzən heç bir səbəbsiz səni aid olmadığın söhbətlərin mərkəzinə çəkməyə çalışır, buna nail olmayanda isə daha da qəzəblənib, əndazədən çıxırlar. Bəzən heç bir səbəbsiz səni həvəslə  söyüb-danlayır, bəzən linç edir, bəzən dolayır, bəzən gözdən salmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu, elə bir dərd, elə bir bəladır ki, yazmaqla, danışmaqla bitməz. Elə adamlar var ki, onlar, sadəcə, kin qusmağa, qəsəb püskürməyə "kodlaşdırılıb". Bu adamların əlinə girəvə düşdümü, vay halına!

Əvvəllər marketdən çıxanda hansısa bir ağsaqqalın qəfildən qoluna girib səni azı yarım saat danlaması, həyatın çətinliklərindən, kommunal xərclərin bahalaşmasından, liftlərin işləməməsindən, yolların qazılmasından, qlobal istiləşmədən danışması mənə qəribə görünürdü. İndi belə hadisələr o qədər intensivləşib ki, küçədə, marketdə, dayanacaqda kimsə yaxınlaşıb irad bildirməyəndə, həyatı "başa salmayanda", "düzgün yol göstərməyəndə" narahat oluram.

Bütün bunlar azmış kimi, son vaxtlar oxucularımdan da danlaq eşitməyə başlamışam. "Oxucularım" bir balaca yekə çıxdı, "hərdən mənim də yazılarımı oxuyan gözəl insanlar" desəm, daha düzgün olar.  Az qala hər gün, bu gözəl insanların danlağı ilə üz-üzəyəm. Bu danlaqları, yazılan mesajları oxuyanda dilim-ağzım quruyur, heyrətdən gözlərim böyüyür:

"Düşüncələrinizdə dərinlik yoxdur...", "Çox qəmli yazılar yazırsınız...", "Siz niyə kədərli paylaşımlar edirsiniz?", "Sizin sentimentallığınız məni bezdirir", "Niyə idman edib, pəhriz saxlayıb arıqlamırsınız?", "Evdə bilirlər şeir yazdığınızı?", "Soyuducudan su götürüb içməyin!!!", "Gecə yatanda dişlərinizi yuyun!"

Gün ərzində bu qədər danlaq, "öyüd-nəsihət" həddindən artıq çoxdur. Təsəvvür edirsiniz, hamı sizə dərs keçir, yol göstərir, öyüd-nəsihət verir. Sadəcə, dəhşətdir! Sanki, yaxınlar, qohumlar, doğmalar, küçədəki ağsaqqal, metrodakı işvəli xanım, avtobusda yer vermədiyim üçün məni əməlli-başlı təhqir edən "xala" və hətta oxucular pozitiv enerji ötürməyəcəklərinə dair and içiblər.

Hamı giley, hamı narazılıq püskürür. Hamı narahat və nigaran, hamı neqativ enerji ilə yüklənmiş vəziyyətdədir.

Özümə söz verirəm ki, daha heç bir mesaja, heç bir şərhə, heç bir danlağa əsəbiləşməyəcəm, ruhdan düşməyəcəm. Məsələn, hər oxucuya illərdir formalaşdırdığım yazı tərzimdən, seçdiyim üslubdan danışıb özümü yormayacam.... Amma olmur.

Hamı narazıdır, hamı ağıllıdır, hamı müdrikdir, hamı danlayır...

Və sən bundan sonra yaşayacağın 5-10 illik ömrü bu narahat, gərgin, qaramat adamlar arasında keçirməyə məhkumsan. Onların dəyişəcəyinə ümid yoxdur, barı özüm dəyişib onlara oxşamayım deyirəm, bu da olmur. Getdikcə narahatlığım artır, metroda çiynimə toxunan gənci döymək, marketdən siqaret alan qadını məzəmmət etmək, əl-ələ gəzən sevgililəri saxlayıb küçənin ortasında abırdan salmaq istəyirəm.

Öz aramızdı, deyingən, əsəbi, müdrik, qəzəbli insanlara oxşadıqca, sanki, yaşamaq bir az asanlaşır.

Və xülasə, cəmiyyət danlaya-danlaya mən başıqapazlını, deyəsən, "adam" edir... (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar