Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hakimiyyətdə ciddi kadr dəyişiklikləri gözlənilir?



“Hakimiyyət strukturları ciddi kadr böhranı ilə üzləşib...”; Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin kadr problemi ilə bağlı çıxışının şok pərdəarxası; “yuxarıda yenidənqurmanın aparılması məsələsi gündəmdədir...”

 
Azərbaycan Respublikası Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ötən həftə kadr potensialı ilə bağlı çıxışı ölkədə mövcud olan daha bir problemin hakimiyyət olimpindən açıq etirafı kimi dəyərləndirilir.

Administrasiya rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın Elmi Şurasının iclasında etdiyi çıxışı zamanı bütün sahələrdə, o cümlədən PA-da peşəkar kadrlara ehtiyacın olduğunu bəyan edib.

Cənab Mehdiyev bildirib ki, bu gün həm PA, həm də nazirliklər və yerli hakimiyyət strukturları ciddi kadr böhranı ilə üzləşib. Sitat: “Biz hamımız müasir idarəetmənin incəliklərinə bələd olan hazırlıqlı kadrlara ehtiyac duyuruq və etiraf etməliyik ki, yüksək tələblərə uyğun kadr tapmaqda çətinlik çəkirik. Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni administrasiya rəhbəri kimi heç cür qane etmir”. 

Hakimiyyətin əsas aparıcı simalarından olan şəxs kimi administrasiya başçısının dedikləri əslində acı mənzərənin yüksək səviyyədə etirafı kimi dəyərləndirilir. Doğrudur, peşəkar kadr ehtiyacından əvvəllər də danışılıb. Elə cənab Mehdiyev administrasiyada çalışmaq üçün savadlı və təcrübəli hüquqşünaslara tələbat duyulduğunu əvvəllər də söyləyib. Lakin budəfəki çıxışda tənqidi notların daha geniş sahələri əhatə etməsi uzaqgedən nəticələr çıxarmağa imkan verir. 

İstənilən normal hakimiyyət ölkədə kadr bankının yaradılmasında, peşəkar kadr yetişdirilməsində maraqlı olur. Hətta 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunan dövrdə ölkədə cəmi 45 ali təhsilli mütəxəssis var idi. Elə bu səbəbdən də Cümhuriyyətin ilk illərində xaricə təhsil almaq üçün 100 tələbə göndərilmişdi. 
Azərbaycan ikinci dəfə müstəqilliyini elan edəndən sonra da xaricdə təhsil məsələsi önəm kəsb edib. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafının mühüm amilinə çevrilməsini təmin etmək məqsədi ilə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” prezidentin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli sərəncamı var. Həmin sərəncama uyğun olaraq hazırlanmış “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda istedadlı gənclərin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulur. 

“Siyasi şərhçi: “Məmurlara mesaj verilir ki, biz sizdən narazıyıq; ilk növbədə vurğulandı ki, sabah Prezident Administrasiyasında başlayacaqsa, hansısa nazirlik də öz narazılığını bildirə bilməz..."

Təhsil Nazirliyi isə proqram çərçivəsində xaricdə təhsil alanların statistikasını açıqlayarkən məlum oldu ki, 2007-ci ildən bəri xaricdə 1825 nəfər azərbaycanlı gənc təhsil alıb. Ancaq hətta hakimiyyət təmsilçiləri də etiraf edir ki, əksər hallarda yüksək savad qazanan gənclərimiz ya ölkəyə qayıtmaqdan vaz keçir, ya da qayıdandan sonra burada özəl sektorda işləməyə meyl edirlər. Bu da son nəticədə ixtisaslı kadrların bankının yaradılmasına əngəl törədir. Halbuki Nazirlər Kabinetinin qərarı ilə “Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı Əsasnamə” də təsdiq edilib. Ölkə daxilində kadrların yetişdirilməsi üçün də münbit şərait var. Elə cənab Mehdiyevin 15 illik yubileyində çıxış etdiyi Dövlət İdarəçilik Akademiyasında “Dövlət qulluğu və kadr siyasəti” kafedrası var ki, ölkədə yeganədir. Ancaq hətta belə vəziyyətdə dövlət rəsmisi kadr çatışmazlığından şikayətlənirsə, demək, vəziyyət ciddidir.

Bəzi müşahidəçilər administrasiya rəhbərinin kadr qıtlığı ilə bağlı dediklərini “iqtidar düşərgəsi üçün qorxunc anons” sayır. “Baki-xəbər” qəzeti də son sayında “Azərbaycan irimiqyaslı kadr dəyişiklikləri ərəfəsində, ya...” sərlövhəli manşet yazısı verməklə diqqəti mövzuya cəlb etməyə çalışıb. Öz növbəsində siyasi ekspertlər R.Mehdiyevin kadr bazasındakı problemlərlə bağlı etirafında daha çox islahat gözləntisi anonsunun olduğu qənaətindədirlər.  

Politoloq Zəfər Quliyevin fikrincə, administrasiya rəhbərinin çıxışı çox acı həqiqət olsa da, olduqca düzgün etirafdır: “Yüksək vəzifəli, hakimiyyətin aparıcı bir şəxsi tərəfindən bu cür etirafların dilə gətirilməsi ilə nadir hallarda rastlaşırıq. Dəfələrlə şəxsən mən, Azərbaycanda bir çox ictimai nümayəndələr yeni kadrların lazımlılığı haqqında, bir çox kadrların müasir tələblərə cavab verməməsi, yaxud hakimiyyətdəki bir sıra kadrların köhnə sovet stereotipləri düşüncəsinə malik olması barədə yazmışıq. Ramiz Mehdiyev əslində özü də etiraf etdi ki, köhnə sovet stereotiplərindən, marksizm-leninizm ideologiyasından əl çəkə bilmirlər. Ona görə mən bu etirafı gecikmiş də olsa, düzgün sayıram, acı həqiqət ortaya qoyuldu”.

Z.Quliyeva görə, bu tezisləri kadr islahatlarının anonsu kimi qəbul etmək olar: “Lakin kadr islahatları deyilən bir islahata gedilsə, düşünmürəm ki, qapılar açılacaq və cəmiyyətin bütün təbəqələrinə, o cümlədən müxalifət düşərgəsindəki kadrlara bərabər şəkildə ehtiyac olunduğu elan ediləcək. Nəzərə almalıyıq ki, bu etirafı Ramiz Mehdiyev Prezident Yanında İdarəetmə Akademiyasındakı görüş vaxtı səsləndirib və əsasən bu akademiyaya iradını bildirib. Sovet dövründə Bakı Ali Partiya Məktəbi kimi fəaliyyət göstərən bu ünvan Mərkəzi Komitəni və Kommunist Partiyasını kadrlarla təmin edirdi. Ona görə də Ramiz Mehdiyev, məncə, ilk növbədə bu tələbi akademiyanın qarşısında qoyur və ilk növbədə onlardan gözləyir ki, bura gələn tələbələr yüksək ballarla ali məktəbə qəbul olur, lakin sonradan onlar bir elə nəzərə çarpmırlar”.

“Turan” agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, administrasiya rəhbərinin fikirləri 2015-ci ildə kadr dəyişikliyinə gediləcəyinin anonsu sayılmalıdır: “Düzdür, hökumətin dəyişməsi daha çox parlament seçkilərindən sonra gözləniləndir. Amma ola bilsin, gələn ilin əvvəlindən müəyyən addımlar atılsın. Bu, faktdır ki, hakimiyyət cəmiyyətdə radikallığın artmasından çox narahatdır. Digər tərəfdən, radikallığın qarşısının alınması üçün zəruri işlərin görülmədiyi və demək olar ki, bu tipli problemlə mübarizə aparmaq üçün dövlət strukturlarının hazır olmadığı göstərilir. Bu da kadr məsələsi ilə bağlıdır. 

Çünki məsələnin hansısa güc tətbiq etməklə, zor yolu ilə həlli mümkün deyil. Problemin dərin səbəbləri var. Cəmiyyətdəki sosial-iqtisadi gərginlik, azadlıqların, insan haqlarının pozulması və s. gətirib bu duruma çıxarır. Hakimiyyət artıq açıq şəkildə bildirir ki, vəziyyəti başa düşürlər, bu vəziyyətdən narazıdırlar və çıxış yolları axtarırlar. Amma çıxış yollarını tapmaq üçün kadr qıtlığı var. Ona görə də cəmiyyətə üz tuturlar ki, kim nə bacarırsa, buyurun, gəlin”. 

Bununla belə, M.Əliyev reallıqda müxalif düşərgənin iqtidara özünün kadrlarını təqdim etməyin perspektivini görmür: “Mövcud sistemə hər hansı çox gözəl təhsili, dünyagörüşü olan kadrı qoysanız, o sistem onu əzəcək. Çünki bu sistemin daxili qaydaları, hakim-məmur subardinasiyası var. Ona görə də kim o çərçivədən çıxacaqsa, sistemin təkərləri altında qalıb əziləcək. Odur ki, köklü şəkildə sistemin özü dəyişməlidir və ona uyğun olaraq kadrlar təyin olunmalıdır. Yəni siyasi kurs, siyasət demokratik dövlətin qurulması, azad iqtisadiyyat və s. kimi problemlərin həllinə yönəlməli, ortaya siyasi iradə qoyulmalıdır. Bunsuz kadrlar da heç nə edə bilməyəcək”.

Ekspert hesab edir ki, hakimiyyət vəziyyətdən narahat olduğunu ilk növbədə məmurlara çatdırır: “Məmurlara mesaj verilir ki, biz sizdən narazıyıq. Ona da işarə verildi ki, hansısa kadr dəyişiklikləri gözləmək olar. Birinci növbədə vurğulandı ki, Prezident Administrasiyasının özündə problemlər var. Deməli, sabah islahatlar Prezident Administrasiyasında başlayacaqsa, hər hansı nazirlikdə bu, baş verəcəksə, heç kəs bununla bağlı öz narazılığını bildirə bilməz. Bütövlükdə dəyişikliklər sistemli xarakter daşımalıdır”. 

M.Əliyev bir məqama da diqqət çəkdi: “Amma bu, müsbət haldır ki, müxalifətin, opponentlərin illərdir dediklərini hakimiyyət özü açıq şəkildə deyir. Hakimiyyətin Qərblə sövdələşməsi bundan ibarətdir ki, bizə təzyiq olmasın, qarşımıza tələblər qoyulmasın, biz özümüz yuxarıdan hər şey edəcəyik. Bu, onu göstərir ki, yuxarıda yenidənqurmanın aparılması məsələsi gündəmdədir. Təkamül yolunu son 3 ildə dəfələrlə təklif edirdilər, məncə, artıq buna gedilir. Avropa Birliyi ilə müzakirə olunan və imzalanma ərəfəsində olan Strateji Modernləşmə Proqramında da kadr məsələsi var”. 

****

Əlavə edək ki, son vaxtlar hakimiyyətin ölkədə ciddi islahatlara başlayacağı barədə proqnozlar eşidilməyə başlayıb. Hesab olunur ki, məhbuslarla bağlı İşçi Qrupunun fəaliyyətinin bərpası, QHT təmsilçiləri ilə intensiv görüşlər, növbəti əfv fərmanının gözlənilməsi 2015-ci ildə ölkənin ictimai-siyasi həyatını tam fərqli biçimdə görəcəyimizdən xəbər verir. Bura cənab Mehdiyevin son anonsunu da əlavə etsək, gələn ilin kifayət qədər maraqlı keçəcəyini söyləmək mümkündür. Gözləyək...(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar